5 May 2024

Bazar, 15:35

AQRAR SIĞORTAYA İKİNCİ NƏFƏS

İslahatların ikinci mərhələsi kənd təsərrüfatında risklərin azaldılmasına yönəldilib

Müəllif:

15.05.2019

Hökumət tərəfindən son illərdə həyata keçirilmiş aqrar proqramlar kənd təsərrüfatı istehsalının texnoloji baxımdan yenidən təchizatına, ixracata yönəlmiş aqroparkların və logistika müəssisələrinin inkişafına yönəldilib. Bu islahatların məqsədi effektiv kənd təsərrüfatı klasterləri yaratmaqla rentabelliyin artırılmasına və istehsal xərclərinin azaldılmasına nail olmaqdır. Bununla belə, bu problemin həlli üçün nisbətən sadə məsələ həll edilməlidir - bu sektorun sərmayəçilər və kreditorlar üçün risk səviyyəsi aşağı salınmalıdır, işlək aqrar sığorta sistemi yaradılmalıdır.

 

Pul var – maraq yoxdur  

2018-ci ildə kənd təsərrüfatı sektorunun inkişaf dinamikasının 4,6% olmasına və bunun ÜDM-in illik göstəricisindən üç dəfə çox olmasına baxmayaraq, sahə hələ də gözlənilən istehsal göstəricilərini nümayiş etdirmir.

"Hesab edirəm ki, indiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür – həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahəsində görülən işlər indi burada məruzədə də səsləndi. Yəni bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da yüksək ola bilər", - deyə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.  

Dövlət başçısı qeyd edib ki, kənd təsərrüfatı yüksək texnologiyalı sahə olmalıdır, burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmləri tətbiq olunmalıdır.

Burada qeyd edək ki, 1997-ci ildən başlayaraq həyata keçirilən aqrar islahatların birinci mərhələsində aqrar sığorta sisteminin yaradılması mümkün olmayıb – bu, əsasən o dövrdə lazımi dövlət vəsaitlərinin olmaması, həmçinin bank və sığorta sektorlarının yetərincə inkişaf etməməsi ilə bağlı olub.

Bu istiqamətdə ilk addım 2002-ci ildə qəbul edilmiş "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun olub. İşlənmiş qaydalar sığorta rüsumunun (sığorta tarifinin) 50%-nin ödənilməsi üçün dövlət büdcəsindən sığorta şirkətlərinin hesabına pul köçürülməsini nəzərdə tuturdu. Beləliklə, dövlət təbii fəlakətlərdən - yanğın, dolu, daşqın, don, quraqlıq və s.-dən sığorta üzrə xərclərin yarısını öz üzərinə götürməyə hazır idi. Bitki və heyvanlar arasında xüsusi təhlükəli zərərvericilərin və yoluxucu xəstəliklərin yayılması halı üçün də eyni imtiyazlı sığorta nəzərdə tutulur. Sığorta halı üzrə ödənişlər bitkiçilikdə məhsulun dəyərinin ən azı 70%-ni, heyvandarlıqda 80%-ə qədərini təşkil edirdi, əmlak, avadanlıq və kənd təsərrüfatı texnikaı üçün isə sığorta halı üzrə ödənişin ölçüsü onların tam bazar dəyərinə bərabər idi. Dövlət büdcəsi hesabına sığorta olunan kənd təsərrüfatı bitkilərinin siyahısına buğda, arpa, qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru və s. daxil edilib.

Azərbaycanda həmin dövrdə kənd təsərrüfatı sığortası üzrə orta tarif ildə, təxminən, 1500 manat (5% / hektar) təşkil edirdi və hektara düşən orta gəlir isə təxminən 25 min manata çatırdı.  

Ancaq "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanunla nəzərdə tutulan üstünlüklər, reallıqda, kənd təsərrüfatı sığortasının effektiv sisteminin formalaşdırılması üçün əsas yaratmadı. Belə ki, Azərbaycan Hesablama Palatasının bu yaxınlarda təqdim etdiyi hesabatda bildirilir ki, dövlət büdcəsi tərəfindən kənd təsərrüfatı əmlakının sığortası üzrə sığorta rüsumlarının 50 faizini ödəmək üçün ayrılmış vəsaitlərin böyük hissəsi toxunulmamış qalır. Hesablama Palatası tərəfindən təqdim olunan məlumatlara görə, 2012-ci ildə bu xərclər üçün büdcədə 750 min manat ayrılıb, onlardan isə yalnız 35,1 min manat və ya nəzərdə tutulmuş 4,7%-i istifadə edilib.  

"2013-2015-ci illərdə 3 milyon manat ayrılıb və orta hesabla, 2 faizdən bir az istifadə edilib. 2016-2017-ci illərdə büdcədə nəzərdə tutulmuş vəsaitlər heç istifadə olunmayıb", - deyə hesabatda bildirilir.  

Ötən il vəziyyət bir qədər yaxşı olub: sığorta şirkətləri kənd təsərrüfatı sığortası üzrə xidmətləri minimum səviyyədə təqdim etmişlər, amma fermerlərin özləri çox vaxt onlara maraq göstərməmişlər. O cümlədən, 2018-ci ildə Azərbaycanın sığorta şirkətləri kənd təsərrüfatı sığortası üzrə 2,7 milyon manat sığorta rüsumu yığıblar, sığorta halları üzrə ödənişləri isə 755 min manat təşkil edib. Özü də bu sahədə yığım və ödənişlərin böyük hissəsi kənd təsərrüfatı heyvanlarının sığortasının payına düşüb. Bitkiçilik isə, əvvəlki illərdə olduğu kimi, yüksək riski və zərərliliyi üzündən əsasən sığorta bazarının iştirakçılarının diqqətindən kənarda qalıb.  

 

Zərərli sahə  

Sığorta şirkətlərinin kənd təsərrüfatı sektorunda zəif fəaliyyətinin bir çox səbəbləri var və burada Azərbaycan banklarının bu sektora marağın olmaması da mühüm rol oynayır. Dünya təcrübəsi göstərir ki, kənd təsərrüfatı sektorunda sığorta məhsuluna tələbat bank kreditləşməsi ilə sıx bağlıdır, çünki banklar, bir qayda olaraq, əkinləri və ya mal-qaranı sığorta etdirməyən fermerlərə kredit vermirlər.

Ancaq Azərbaycanda belə bir (bank - sığortaçı) əlaqəsinin fəallığı yetərincə azdır. Bu, daha çox obyektiv bir amil - bank kreditləri üzrə illik faiz dərəcəsinin 25-30%-dən artıq olması ilə bağlıdır ki, kreditləri Azərbaycan fermerləri üçün əlçatmaz edir. Eləcə də, aqrar sənaye müəssisələrinə uzunmüddətli kreditlərin verilməsi üzrə bank proqramlarının cüzi olması da rol oynayır.

Buna görə də təəccüblü deyil ki, 2018-ci ildə Azərbaycanda kommersiya banklarının və qeyri-bank kredit təşkilatlarının kredit portfelinin 10,7% artaraq 13 mlrd. manata çatmasına baxmayaraq, borcların yalnız 3,6%-i kənd təsərrüfatının və emalın payına düşüb. Əslində, son illərdə Sahibkarlığın İnkişafı Fondu (keçmiş Sahibkarlığa Kömək Milli Fondu) fermer təsərrüfatlarının əsas donoru olaraq qalıb ki, onun da resursları aydın səbəblərdən məhduddur.

Öz növbəsində, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, ölkənin bank sektorunun kənd təsərrüfatının maliyyələşdirilməsində aşağı fəallıq göstərməsi risklərin səviyyəsinin yüksək olması ilə bağlıdır ki, bu da aqrar sığorta sahəsində bir sıra həll edilməmiş məsələlərin olması ilə bağlıdır. Qanunvericilik bazasının təkmil olmaması və inzibati mexanizmlərin, xüsusilə də fermer-sığorta şirkəti - Maliyyə Nazirliyi əlaqələrinin çevik olmaması bütün riskləri əhatə etməyə imkan vermir, həmçinin təkrar sığorta üzrə məhdudiyyətlər yaradır.

Digər tərəfdən bitkiçiilk məhsullarının sığortalanmasının zərərliliyinin yüksək olması, nəticə etibarilə sığorta şirkətlərinin bu sahəyə marağının kiçik olmasına, eləcə də sığorta polisi üçün tariflərin yüksək saxlanmasına məcburi zəruriyyətə səbəb olur. Vəziyyət həm də ona görə mürəkkəbləşir ki, Azərbaycan riskli əkinçilik zonasında yerləşir. Quraqlıq və suvarma üçün suyun çatışmaması, şoranlaşma və torpaq eroziyası, periodik daşqınlar və sel axınları – bunlar yerli fermerlərin, demək olar ki, hər il qarşılaşdığı problemlərin heç də tam siyahısı deyil və bunlar həm də sığorta şirkətləri, həm də banklar üçün həddən artıq risk yaradır.

Buna görə də təəccüblü deyil ki, 2016-cı ildə yalnız 5 şirkət aqrar sığorta sahəsində işləyib və onların zərərliliyi 136% təşkil edib. 2017-ci ildə şirkətlərin sayı 4-ə, zərərlilik isə 96%-dək azalıb.

Son bir neçə ildə bu məsələ ilə bağlı tədqiqat aparan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ekspertlərinin fikrincə, kənd təsərrüfatına yararlı torpaqlarının, təxminən, 3/4-ü kiçik fermerlər tərəfindən istifadə olunur, onların hər birinin, orta hesabla, 2 hektar torpaq sahəsi var. Onların əlində girov üçün məqbul torpaq və başqa əmlakları olmadığı üçün bank sektoru üçün maraq kəsb etmirlər. Öz növbəsində, cüzi bazar dövriyyəsi və gəlirlərin az olması kiçik fermerlər üçün nisbətən bahalı sığorta məhsullarını əlçatmaz edir.  

Əslində, bu sahədə çoxdan qapalı dairə qurulub: banklar fermerlər üçün əlverişli olan aşağı faizli kredit məhsulları təklif edə bilmirlər, bu da nəticədə aqrar sahədə sığortaçıların fəaliyyətini az tələb olunan edir.

 

Yeni qanun  

Yaranmış vəziyyətdən çıxış yolu "Aqrar sığorta haqqında" yeni qanunun qəbul edilməsi olmalıdır: sənədin işlənməsi Kənd Təsərrüfatı Nazirliyi və Maliyyə Bazarları üzrə Nəzarət Palatası tərəfindən IFC mütəxəssislərinin dəstəyi ilə gerçəkləşdirilib. Bu məqsədlə ABŞ, İspaniya, İsrail və Kanadanın aqrar sığorta mexanizmləri üzrə beynəlxalq təcrübə tədqiq edilib, nümunə kimi isə Türkiyənin TARSİM adı verilmiş aqrar sığorta modeli gözdən keçirilib. Bu modelə görə, dövlət bütün fermerlərə və təsərrüfatlara sığorta ödənişləri şəklində müəyyən dəstək verir, qalan əhatəni isə fermerlər özləri təmin edirlər.  

Sənədin layihəsinə görə, dövlət aqrar sığorta predmetlərini və risklərini müəyyənləşdirir, aqrar sığorta sisteminə nəzarət edir, həmçinin bu sistemin inkişafı üçün tədbirlər görür.

Aqrar sığorta predmetləri sırasına kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsul, kənd təsərrüfatı heyvanları (iri və xırdabuynuzlu mal-qara), ev quşları, arı ailələri, həmçinin dovşanlar, gölməçə heyvanları və bu məqsədlə yetişdirilən digər heyvanlar aiddir. Sənədin layihəsinin son müzakirələri zamanı Azərbaycan Hesablama Palatası sığortasına dövlət dəstəyi verilən bitkilərin siyahısına pambıq, tütün, çay, düyü və tut ağacları kimi bitkilərin də daxil edilməsi barədə təklif verib.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları təbii fəlakətlərə, o cümlədən yanğına, qəzalara, yoluxucu xəstəliklərə və zəhərlənmələrə, vəhşi heyvanların hücumuna və xüsusi təhlükəli zərərvericilərin yayılmasına, həmçinin üçüncü şəxslərin fəaliyyətinə qarşı sığortalanırlar.

Kənd təsərrüfatı sığortası üzrə rüsum iki hissəyə bölünəcək və bunun bir hissəsini sığorta olunan şəxs ödəyəcək, qalan hissəsi isə dövlət büdcəsi vəsaitləri hesabına ödəniləcək. Belə ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu yaxınlarda keçirilən iclasında ekspert Zahid Abbasov bildirib ki, "Aqrar sığorta haqqında" yeni qanunun əsas üstünlüyü ondadır ki, dövlət kənd təsərrüfatı sahəsində mövcud risklərin önəmli bir hissəsini öz üzərinə götürür. Bundan əlavə, aqrar sığorta üzrə dövlət agentliyi sığortalanan müqavilələr bağlamayacaq, sadəcə vasitəçi idarəetmə strukturu yaradacaq. Onun vasitəsilə sığorta prosesi həyata keçiriləcək, birbaşa aqrar sığorta sistemi idarə olunacaq, həmçinin Vahid elektron informasiya sistemi çərçivəsində yaradılmış fermerlərin məlumat bazası idarə olunacaq. Bu, regionun hidrometeoroloji vəziyyətinə dair məlumat bazalarını və torpaqların meliorasiya vəziyyətini də əhatə edəcək.  

Gözlənilir ki, idarəetmə strukturu həyatın sığortası istisna olmaqla, digər sığorta fəaliyyətləri üçün lisenziyası olan hüquqi şəxslər tərəfindən yaradılacaq.

Çox güman ki, bu qurum sığorta daxili əsasında yaradılacaq və tərkibinə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin daxil olduğu fond şəklində fəaliyyət göstərəcək. Bundan əlavə, tezliklə konkret sığorta qaydaları üzərində iş başlayacaq, bu, xüsusilə tariflər, onların hesablanması metodları, sığorta rüsumları, risklərin təhlili üsulları, sığorta şirkətlərinə ödənilən komisyon haqları və digər mexanizmləri əhatə edəcək.  

Yeni modelə görə, sığorta hadisəsi baş verən zaman fermer vasitəçi sığorta strukturuna müraciət edəcək, o da öz növbəsində fondu məlumatlandıracaq. Bundan sonra müstəqil ekspert təyin ediləcək, o, hadisəni araşdıracaq və Aqrar Sığorta Fonduna hesabat verəcək, müsbət qərar verdikdən sonra sığorta halı üzrə ödəniş birbaşa fermerin bank hesabına köçürüləcək. Yəni bu modeldə sığorta şirkətlərinə əsasən agent rolu verilib: onlar bağlanan müqavilələrdən yalnız faiz alırlar, buna görə onların riskləri minimaldır.

Eyni zamanda qanun layihəsinin müzakirəsi zamanı aqrar sığorta mexanizmlərinin digər variantları də nəzərdən keçirilib. İstənilən halda, ilk vaxtlarda dövlət sığorta mexanizminin dotasiyalı hissəsinin əsas donoru rolunu qoruyacaq.  

"Başlanğıc mərhələdə, kənd təsərrüfatı sığortasının subsidiyalaşması üçün 8,5 mln. manat, ikinci ildə isə 10 mln. manat, sonrakı illərdə isə 12,5-13 mln. manat məbləğində pul tələb olunacaq", - deyə bu yaxınlarda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.  

Bu məbləğ, təxminən, 10 il sonra azalacaq, onda aqrar sığorta mexanizmi tam gücü ilə işləyəcək və özünü maliyyələşdirməyə keçəcək.



MƏSLƏHƏT GÖR:

303