5 May 2024

Bazar, 16:11

DƏRƏCƏLƏR SABİTDİR?

Azərbaycanda kommersiya banklarının kreditlərinə limit tətbiqindən imtina edilib

Müəllif:

15.05.2019

Azərbaycanda problemli kreditlərə görə kompensasiyaların verilməsi prosesi tam başa çatdırılmaq üzrədir və 600 mindən çox borclu üçün ədalət, nəhayət ki, zəfər çalacaq. Ölkə rəhbərliyinin bu misilsiz qərarı digər məsələlərlə yanaşı, həm də bank sektoruna əhalinin inamının artırılmasına və nəticə etibarilə kredit bazarının canlanmasına yönəlib.

Ümumiyyətlə, sonuncu məsələ üçün, daha bir vacib şərtin olması – aşağı faiz dərəcələri son dərəcə vacibdir ki, bunu istehlak kreditləri üçün müraciət edənlərlə yanaşı, iş adamları da arzulayırlar. Lakin Mərkəzi Bankın (AMB) və digər bazar tənzimləyicilərinin bütün səylərinə baxmayaraq, kommersiya kreditlərinin dərəcələri aşağı düşmür.

 

Artım amilləri  

Azərbaycan iqtisadiyyatı devalvasiyadan sonrakı şoku, demək olar ki, tam başa vurub və əvvəlki inkişaf templərinə dönməyi bacarıb. Lakin manatın məzənnəsinin dəyişməsindən ən çox zərər çəkmiş bank sektoru hələ də kredit şərtlərini sadələşdirməyə qərar verə bilmir, halbuki 2018-ci ildən başlayaraq, Mərkəzi Bank uçot dərəcəsini 15%-dən 8,75%-ə endirib.  

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyevin sözlərinə görə, bank aktivlərinin devalvasiyadan öncəki strukturuna nəzər saldıqda qeyd etmək olar ki, aktivlərin 70%-i kreditlərin payına düşüb, bu gün isə bu göstərici 40-43% təşkil edir. "Bu göstərir ki, banklar siyasətlərini dəyişdirməyi qərara alıblar. Əgər əvvəllər qiymətli kağızlara qoyulan investisiyalar 1-2% təşkil edirdisə, bu gün qiymətli kağızlara yatırımlar 20%-i ötür. Ancaq kredit portfeli azaldığına görə, bütövlükdə bankların gəlirləri azalıb", - deyə S.Əliyev bildirib.

Amma bu amil kredit dərəcələrinə necə təsir edib? AMB-nin məlumatına görə, fiziki şəxslər üçün verilən kreditlər üzrə orta faiz dərəcəsi 2018-ci ilin əvvəlindəki 16,31%-dən cari ilin 1 aprel tarixinə 17,04%-ə yüksəlib. Yəni uçot dərəcəsi azaldığı halda faiz dərəcələri artır. Bu necə və niyə baş verir?  

Məsələ bundadır ki, kreditlər üzrə faiz dərəcələrini bir neçə komponent formalaşdırır. İlk növbədə, bu, resursun dəyərindən asılıdır. Burada paradoks yaranır – axı, Mərkəzi Bankın kommersiya banklarına borc verdiyi yenidən maliyyələşdirmə dərəcəsi azalır. Lakin faktiki olaraq, kommersiya bankları tərəfindən AMB-dən alınan kreditlərin xüsusi payı ümumi məbləğdə çox azdır. Buna görə, uçot dərəcəsinin azalması bankların kredit siyasətində önəmli rol oynamır.  

"Mərkəzi Bankın ölkənin banklarında kredit portfeli, təxminən, 400 milyon manat təşkil edir. Bu, ümumi bank aktivlərinin həcmində çox kiçik bir rəqəmdir. Heç bir mərkəzi bank bu cür resurs həcmi ilə bazarda təsir göstərə bilməz. AMB–nin nüfuzu bankların bir-birinə uçot dərəcəsinin dəyişməsi vasitəsi ilə ötürdükləri pulların dəyərinə təsiri ilə məhdudlaşır", - deyə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Kreditlər üzrə faiz dərəcələri daha çox bankların cəlb etdiyi əmanətlərin dərəcələrindən asılıdır və bu gün onlar 14-15%-ə çatır. Daha sonra bankın mənfəəti gəlir ki, tövsiyələrə görə, o, 1-2%-dən çox olmamalıdır. Burada qeyd etmək lazımdır ki, Azərbaycan bazarında bankların çoxu bu tövsiyələri yerinə yetirirlər.

Nəhayət, son illərdə ən önəmli komponentlərdən biri risk payıdır. Bankların Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə uyğun olaraq verməli olduğu borclar üzrə mümkün itkilər üzrə ehtiyatlar məhz indiki yüksək faiz dərəcələrini müəyyənləşdirir.

 

Dərəcələrin məhdudlaşdırılması?  

Kreditlər üzrə faiz dərəcələrinin həddindən yüksək olması hökumət və parlamentdə də narahatlıq yaratdı: Milli Məclisin iclaslarında bir sıra millət vəkilləri bankları ciddi tənqid etdilər və kredit dərəcələrinin azaldılmasını tələb etdilər. Bir neçə mümkün həll təklifi təklif olundu və onlardan biri faiz dərəcələrinə yuxarı hədd qoyulması ilə onların məhdudlaşdırılması idi. Bu fikir 2019-cu ilin əvvəlindən etibarən fəal müzakirə edilir və mart ayının sonundan - aprelin əvvəlindən ictimaiyyətə açıqlanıb.

«Fitch Ratings» beynəlxalq reytinq agentliyinin aprelin əvvəlində Bakıda keçirilmiş illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Risklərin İdarə Edilməsi Departamentinin rəhbəri Aytən Məmmədova qeyd edib ki, tənzimləyici bank kreditləri üzrə faiz dərəcələrini məhdudlaşdırma imkanlarını nəzərdən keçirir.

"Biz bu fikirlə razıyıq ki, bank kreditləri üzrə dərəcələr olduqca yüksəkdir, lakin hazırda qanunvericilik bizə bu məsələdə bankları məhdudlaşdırmağa imkan vermir. Bizim faiz dərəcələrini məhdudlaşdırmaqla bağlı təkliflərimiz var, lakin bu məsələ hələ ki müzakirə mərhələsindədir", - deyə Palata nümayəndəsi bildirib.

Ancaq bu təklif elə konfransın özündə mənfi qəbul edildi. Bir sıra bankların nümayəndələri qeyd etdilər ki, bu, bankların fəaliyyət azadlıqlarının məhdudlaşdırılmasıdır və vurğuladılar ki, bu addım depozitlər üzrə faiz dərəcələrinin kəskin azaldılmasına gətirib çıxaracaq.

Məsələn, Azərbaycan «PASHA Bankı»nın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev bildirib ki, banklar kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına gedə bilərlər, lakin belə olan halda depozit dərəcələri də azalacaq. "Əgər hamı banklara illik 6-7% dərəcəsi ilə pul qoymağa razı olarsa, banklar daha aşağı dərəcələrlə kredit verməyə hazır olacaqlar", - deyə o vurğulayıb.

Beləliklə, bankir bir daha təsdiq etdi ki, kreditlər üçün əsas mənbə depozitlərdir ki, bu da düşünməyə vadar edir: əmanətçilər öz iştahlarını cilovlamağa və daha ucuz kreditlər naminə depozitlər üzrə daha aşağı faiz ödənişləri almağa razıdırmı? Axı, əks halda bu addım əmanətlərin getməsinə və bank sektorunda növbəti problemə səbəb ola bilər.

Bu məsələdə nöqtə may ayının əvvəlində qoyuldu: Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov mətbuat konfransında bildirdi ki, bank kreditləri üzrə faiz dərəcələri yuxarı hədlə məhdudlaşmayacaq. Eyni zamanda E.Rüstəmov qeyd edib ki, məsələ yüksək səviyyədə həll olunub.

"Mərkəzi Bankın bu məsələ ilə bağlı mövqeyi həmişə mənfi olub. Faiz dərəcələrinin yuxarı hədlə məhdudlaşdırılmasına dair qərar ölkədə aparılan islahatların fonunda elə də doğru olmazdı", - deyə AMB rəhbəri bildirib. O qeyd edib ki, indiki mərhələdə bu, əmanətlər üzrə faiz dərəcələrini aşağı salacaq ki, bu da əhalinin gəlirlərini azaldacaq və gələcəkdə kölgə bankçılığının yaranmasına səbəb ola bilər ki, bu da bir sıra yeni problemlər yarada bilər.

Qeyd etmək lazımdır ki, bir sıra ölkələrdə faiz dərəcələrinin məhdudlaşdırılması tətbiq olunur, lakin bunu çox aşağı gəlirli ölkələr tətbiq edirlər. Eyni zamanda bu məhdudiyyət yalnız istehlakçı kreditlərinə şamil edilir, amma bu, iqtisadi siyasət aləti yox, istehlakçıları süni şəkildə yüksəldilən faiz dərəcələrindən qorumaq üçün mübarizə üçün qəbul edilir.

 

Çıxış yolu islahatlardadır

Məsələ bundadır ki, faiz dərəcələrinin məhdudlaşdırılması, onların bazar qanunlarından və qaydalarından kənar şəkildə tənzimlənməsi yetərincə mənfi iqtisadi nəticələrə gətirib çıxara bilər - kölgə bankçılığı yarana bilər və yuxarıda qeyd olunduğu kimi, bank sektorundan vəsaitləri çıxa bilər.

Kreditlər üzrə yüksək faiz dərəcələri ilə necə mübarizə aparmaq olar? Təbii ki, bəzi komponentlərin azalmasına nail olmaq lazımdır. Məsələn, uçot dərəcəsinin daha da azaldılması və devalvasiyadan əvvəlki səviyyəyə qaytarılması faiz dərəcələrinə müəyyən təsir göstərəcək. Digər tərəfdən əmanətlərin müəyyən qədər ucuzlaşdırılmasına getmək olar, lakin burada həddi aşmaq və əhalinin mənfi reaksiyasına səbəb olmaq olmaz, əhali onsuz da bank sektoruna ciddi etibar etmir.  

Depozitlərə təsir üzrə yaxşı alət Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığorta olunan depozitlərin faiz dərəcələri üzrə yuxarı həddin azaldılması ola bilər ki, hazırda bu hədd milli valyutada depozitlər üzrə 15% təşkil edir. Bundan başqa, ekspertlər AMB tərəfindən bank kreditləşməsinin artmasının müsbət təsir verə biləcəyini qeyd edirlər, çünki hətta indiki uçot dərəcəsi ilə belə, bu resurslar əmanətlərdən ucuz başa gəlir.

Banklar öz marjalarını azaltmayacaqlar, ona görə ikinci variant kreditlər üçün rezervlər yaradılmasına yanaşmanın dəyişdirilməsi ola bilər. Qeyd etmək lazımdır ki, tənzimləyici artıq 2020-ci ilə qədər bankların tənzimlənməsi üçün yeni qaydalar qəbul etməyi planlaşdırdığını açıqlayıb.

Bundan başqa, 13 fevraldan etibarən kredit risklərinin idarə olunması üzrə yeni qaydalar qüvvəyə minib ki, Azərbaycan bankları bu sahədə yeni sistem işləməlidirlər. Onlarda həmçinin bankların hazırlamalı olduğu risklərin daxili reytinq sisteminin parametrləri, həmçinin kreditlərin yenidən qurulması prosesi və s. qeyd edilib. Beləliklə, tənzimləyici də bu istiqamətdə fəallıq göstərməyə başlayıb.

Bu problemi həll etmək üçün gərək olan başqa bir element rəqabət olmalıdır - yalnız rəqabət mühitində banklar müştəri bazasını itirməkdən qorxaraq faiz dərəcəsini artırmaq istəməyəcək.

Bütün sadalanmış nüansları nəzərə alaraq, kompromis axtarmaq və faiz dərəcələrini azaltmaq üçün bu məsələdə beynəlxalq təcrübədən yararlanaraq zərərsiz mexanizmlər hazırlamaq lazımdır. Axı, birtərəfli qəbul edilmiş qərarlar müsbət nəticə vermir və bundan əlavə, Azərbaycanın maliyyə sistemində əldə edilən sabitliyə zərbə vurur.


MƏSLƏHƏT GÖR:

265