2 May 2024

Cümə axşamı, 10:26

VENESUELA «MEYDAN»I

Bolivar Respublikasında vəziyyət, güman ki, daha da qarışacaq

Müəllif:

15.05.2019

Venesuelada daxili siyasi qarşıdurma getdikcə Rusiya ilə ABŞ arasındakı növbəti dolayı münaqişəyə çevrilir. Yaşananların ssenarisində başqa ölkələrdə (xüsusilə Suriyada) izlənilən bir çox əlamətlər görünməkdədir. Birincisi, bu, «hökmdarın taleyi»dir: ABŞ və bir sıra Qərb dövlətləri Venesuela parlamentinin sədri Xuan Quaydonu ölkənin qanuni prezidenti kimi tanısalar da, Rusiya, Çin, Türkiyə, Meksika, İndoneziya kimi ölkələr 2018-ci ildə seçilmiş prezident Nikolas Maduronu dəstəkləyir.

İkincisi, ABŞ artıq Venesuelaya hərbi müdaxilə imkanlarını nəzərdən keçirir, Rusiya isə hələlik hər şey inkar etməsinə rəğmən, hərbi məsləhətçilərinin sayını artırır.

Üçüncüsü, region ölkələrinin (Kuba, Kolumbiya), hətta regiona aidiyyəti olmayan dövlətlərin (İran) münaqişəyə cəlbi təhlükəsi var.

Dördüncüyü, nəzərə alsaq ki, mövcud beynəlxalq hüquqa görə üçüncü qüvvənin suveren dövlətin ərazisinə hərbi müdaxiləsi üçün ciddi səbəb olmalıdır, Venesuelada bu səbəb, demək olar ki, hazırdır. Ölkənin milyonlarla vətəndaşı milli valyutanın dəyərdən düşməsi, ərzaq və yanacaq çatışmazlığı, tibbi xidmətin az qala olmaması, elektrik enerjisinin tez-tez kəsilməsi üzündən Venesuelanı tərk edir. Qərb KİV-i bu ölkəni çoxdan müflis dövlət elan edib. Mətbuat yazır ki, Bolivar Respublikası artıq öz əhalisini qorumaq, onun baza hüquqlarını təmin etmək iqtidarında deyil. Bununla yanaşı, artıq təcrübədə dəfələrlə rast gəlindiyi kimi, ölkədəki humanitar böhranı ABŞ-ın sanksiyaları daha da dərinləşdirir.

Maduro özü rəqibi Quaydonu ABŞ-ın oyuncağı adlandırır, Amerikanı Venesuelanın neft və qaz, qızıl və almaz, uran kimi təbii sərvətlərini ələ keçirməyə çalışmaqda təqsirləndirir.

Nəhayət, beşincisi, Avropa İttifaqı, həmçinin Böyük Britaniya proseslərdən kənarda qalmağa üstünlük verir, hərbi güc tətbiqindən çəkinməyə, siyasi dialoq yollarının tapılmasına çağırışlar etməklə kifayətlənir.

 

Nə isə düz getmir

Venesuelada siyasi böhran yanvarda – 2013-cü ildən ölkəyə başçılıq edən Nikolas Maduronun 2018-ci ildə keçirilmiş prezident seçkisində yenidən qalib elan olunması ilə başlayıb. Müxalifətdə yer alan parlament yanvarın 15-də prezident seçkisinin saxtalaşdırıldığını bəyan edib, Maduronu qəsbkar adlandırıb və artıq yanvarın 23-də parlamentin sədri Xuan Quaydo özünü ölkə prezidenti səlahiyyətlərinin icraçısı elan edib. ABŞ, Latın Amerikasının əksər dövləti və Avropa İttifaqı dərhal onu müvəqqəti dövlət başçısı kimi tanıyıb. Bununla da, ölkədə kütləvi etirazlar başlayıb. Amma müxalifət, hələ ki, Maduronun hakimiyyətdən getməsinə nail ola bilmir.

Faktiki olaraq ikihakimiyyətliliyin hökm sürdüyü şəraitdə müxalifət aprelin 30-da daha bir çevriliş cəhdi edib. Həmin gün Quaydo xalqı Maduronun devrilməsini nəzərdə tutan «Azadlıq» əməliyyatını başa çatdırmaq üçün küçələrə çıxmağa çağırıb. Bununla yanaşı, etiraz aksiyasının daha miqyaslı xarakter alması üçün ölkədə kütləvi tətil də elan olunub. Quaydo ordunun onun tərəfindən olduğunu da bəyan edib. Bundan başqa, Quaydodan da qat-qat populyar olan, bəzilərinin isə ümumiyyətlə sitayiş etdiyi müxalifət lideri Leopold Lopes ev dustaqlığından azad olunub və bu, etirazçıları daha da ruhlandırıb.

Qərb KİV-nin yazdığına görə, artıq ortada «Maduronun layqli gedişi»ni nəzərdə tutan, Ali Məhkəmənin Quaydonu müvəqqəti prezident kimi tanıdığını göstərən, il ərzində növbədənkənar seçkinin təşkilini özündə əks etdirən sənəd də var. Lakin prezident postuna əsas namizəd Quaydo deyil, məhz Leopold Lopes sayılır. O, artıq «Twitter» sosial şəbəkəsindəki səhifəsindən həmvətənlərini azadlığı «geri almağa» da səsləyib.

Baş verənləri Vaşinqton gərginlik içərisində izləyir. «Biz sizinləyik!», - deyə ABŞ-ın vitse-prezidenti Mayk Pens «Twitter» səhifəsində yazıb. Üstəlik, o, bu zaman ispan dilində #operacionlibertad («Azadlıq əməliyyatı») «heşteq»indən də istifadə edib.

Karakasdakı La-Karlota aviabazasının qarşısına toplaşmış kütlə aeroportun hasarını dağıtmağa başlayıb. Lakin əməldə Quaydo və Lopesi dəstəkləməyə hazır olan adi venesuelalıların o qədər də çox olmadığı üzə çıxıb. Ölkədə narazılıq son dərəcə böyük olsa da, görünən odur ki, xalqın əksər hissəsi inqilabda iştirak etmək istəmir. Bəlkə də, onlar bəzi ölkələrdə, məsələn, elə Suriyada bu yolun nələrə aparıb çıxardığını nəzərə alır. Müxalifətə dəstək olaraq küçəyə çıxmış hərbçilərə gəlincə, onların da sayı çox olmayıb.

Lopesin ictimaiyyət qarşısında peyda olması kifayət qədər parlaq siqnal kimi qiymətləndirilsə də, Maduronun devrilməsi işində kütləni o da lazımi dərəcədə ruhlandıra bilməyib. Məsələ ondadır ki, Lopesin azad olunması qərarını SEBİN xüsusi xidmət orqanı verib. Deyilənə görə, milli kəşfiyyatın rəhbəri Kristofer Fiqera Maduronun komandasında prezidentin getməsinə tərəfdar olanlardandır. Bəzi məlumatlara görə, müdafiə naziri Vladimir Padrino Lopes, Ali Məhkəmənin sədri Maykel Moreno, prezident mühafizəsinin və hərbi əks-kəşfiyyatın rəhbəri İvan Rafael Ernandes Dala da prezidenti  «satmağa» hazır imişlər. Deyilənə görə, onlar Maduronun başı üzərindən hakimiyyətin ötürülməsi haqda danışıqlar aparıblar və bundan xəbər tutan prezident artıq Kubaya qaçmaq haqda belə düşünürmüş.

Reallıqda vəziyyətin necə olduğu, Maduronun həqiqətən qaçmağa hazırlaşıb-hazırlaşmadığı, əgər hazırlaşırdısa, niyə qaçmadığı və s. dəqiq bəlli deyil. Bir şey aydındır ki, Quaydo ilə Lopesin planı pozulub və hökumət hakimiyyət çevrilişi cəhdinin iflasa uğradığını bəyan edib. Nəticədə, Lopes Çili səfirliyinə sığınıb, daha sonra ailəsilə birlikdə İspaniyanın diplomatik nümayəndəliyinə yerləşib. Viqera Venesuelanı tərk edib, müdafiə naziri Vladimir Lopes isə Maduronun Karakasdakı hərbi akademiyada çıxış etdiyi vaxt artıq prezidentin yanında dayanıb. Deyilənə görə, hazırlanmış planla bağlı Maduronu məhz Vladimir Lopes məlumatlandırıb.

Maykl Morenaya gəlincə, o, mayın 8-də Maduronun qatı tərəfdarı kimi bəyanat verib: «Venesuela Ali Məhkəməsi sanksiya hədələri səsləndirən ABŞ-ın şantajı qarşısında boyun əyməyəcək və ölkədə sülhü pozmağa cəhd edən hər bir şəxs barəsində lazımi qərarları qəbul edəcək».

Beləliklə, görünən odur ki, Quaydo ilə Lopesin real güc və resurslara malik hərbçilərə arxalanmaq istəyi baş tutmayıb. İndi Qərb ekspertləri hər şeyin niyə belə alındığı haqda düşünür. Bu, ümumilikdə onunla izah edilir ki, «dağılmaqda olan Venesuela ordusu artıq xalqa xidmət etmir», hərçənd ordunun ayrı-ayrı nümayəndələri arasında müxalifəti müdafiə edənlər də var. Bundan başqa, Maduroya sadiq hərbçilərə kəşfiyyat və əks-kəşfiyyatda güclü olan kubalıların da yardım etdiyi deyilir. Yeri gəlmişkən, uğursuz dövlət çevrilişi cəhdindən dərhal sonra ölkə başçısı onlarla hərbçini silahlı qüvvələrdən qovub və ya rütbələrini aşağı salıb.

 

Qırmızı xətt

Bütün bunların fonunda bir məqam çox önəmlidir və vəziyyəti tam anlamaq üçün onu bilmək lazımdır: Quaydo özü çevriliş cəhdinin uğursuzluğa düçar olduğunu etiraf edib və ABŞ-dan Venesuelaya müdaxilə təklifinin gələcəyi təqdirdə onu qəbul edəcəyini söyləyib. ABŞ-ın Venesuela böhranının həlli üçün istənilən varianta hazır olduğunu isə ölkə başçısı Donald Tramp şəxsən bəyan edib. Mayın əvvəlində  Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo ölkəsinin Venesuelaya hərbi müdaxilə edə biləcəyini təkrarən dilə gətirib. Amerika rəsmilərinin bu məsələdə nə qədər ciddi olduqlarını ölkənin müdafiə naziri səlahiyyətlərinin icraçısı Patrik Şanaxanın bir qərarı da təsdiqləyib. O, «diqqəti Venesuelaya yönəltməli olduğu üçün» Avropaya nəzərdə tutulmuş səfərini təxirə salıb.

Nəhayət, ən maraqlı məqam: Pompeo CNN telekanalına açıqlamasında ölkəni tərk etməyə hazır olan Maduronu «təyyarənin kandarında» ruslarla kubalıların dayandırdığını bildirib. Amerika tərəfi bununla, faktiki olaraq, Rusiyanın Maduroya dəstəyini ortaya qoyub və onun hakimiyyətdə qalmasının səbəbini göstərib. Kuba və Rusiya təmsilçiləri, əlbəttə ki, bütün bunları qəti şəkildə rədd edir. Lakin bundan az sonra Pompeo Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, Tramp isə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Üstəlik, prezidentlərin söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və görünür, Tramp üçün bu danışıqlar son dərəcə vacib imiş. Əks təqdirdə, Ağ Ev sahibi ölkəsində onu «Putinin mətbuat katibi» adlandıranların tənqidlərini gözə almazdı.

Əksər müşahidəçilərin fikrincə, telefon danışığında əsas mövzu Venesueladakı vəziyyət olub. Tramp Rusiyanın Maduronu harayadək dəstəkləməyə hazır olduğunu anlamağa çalışıb. Müzakirələrdən sonra Donald Tramp rusiyalı həmkarı ilə «çox müsbət danışıqlar apardığını», «Putinin Venesuelanın işinə qarışmaq niyyətində olmadığını, sadəcə, orada vəziyyətin müsbət məcraya yönəlməsi istəyində olduğunu» söyləyib. «Mən də eyni fikirdəyəm», - deyə ABŞ prezidenti qeyd edib.

Lakin problem başqa məsələdədir. Tramp administrasiyasının əksər nümayəndəsi, həmçinin amerikalı politoloqların və müşahidəçilərin əksəriyyəti fərqli fikirdədir. «Putinlə Trampın «vəziyyətin müsbət məcraya yönəlməsi» anlayışlarının fərqli olduğuna şübhə yoxdur», - deyə «The Wall Street Journal» yazır.

Pompeo-Lavrov danışıqlarına gəlincə, Amerika diplomatiyasının rəhbəri prezidentindən fərqli olaraq, bildirib ki, «Moskvanın Maduro rejimini dəstəkləməsi yalnız Venesuelada sabitliyi pozmur, həm də Rusiya-Amerika münasibətlərinə mənfi təsir göstərir». Lavrov isə öz növbəsində, «aqressiv addımların (ABŞ tərəfindən) davam etdirilməsinin ən ağır fəsadlara yol aça biləcəyini» söyləyib.

Daha sonra Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Konsantin Kosaçov ABŞ-ın Venesuelaya istənilən hərbi müdaxiləsinin müstəqil dövlətə qarşı təcavüz kimi qiymətləndiriləcəyini bildirib. Məsələyə Rusiya XİN-in rəsmisi Mariya Zaxarova da münasibət bildirib. O, hesab edir ki, Vaşinqton var gücü ilə «Venesuela ordusunda başıpozuqluq yaratmağa çalışır», bu məqsədlə «saxta mənbələr vasitəsilə informasiya müharibəsi aparır».

Beləliklə, artıq tərəflər «özününküləri» də, «yadları» da, qırmızı xətləri də müəyyənləşdirib. Məsələn, Pompeo Maduro və müttəfiqlərinə Quaydonun həbsinin ciddi fəsadlara yol açacağına dair xəbərdarlıq edib. Moskva isə sanki heç nə olmamış kimi, Maduronu iyunun 6-8-də Sankt-Peterburqda keçiriləcək Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət edir.

 

«Bu, bizim yarımkürəmizdir»

Yaşananların səbəbləri tamamilə başadüşüləndir. Rusiya, Çin, İran və Kuba Venesuela ilə fəal əməkdaşlıq edir. Məsələn, Rusiya ilə Çin Karakasa milyardlarla dollar dəyərində silah satır (avtomatlar, reaktiv qırıcılar, tanklar və raket sistemləri), kreditlər verir. Ümumilikdə Uqo Çavesin dövründən Rusiya Venesuela iqtisadiyyatına 10 milyardlarla dollar investisiya qoyub.

Kubaya gəlincə, minlərlə kubalı bu gün Venesuelada çalışır. Onlar əsasən tibb işçiləridir (Venesuela neftinin əvəzində tibbi xidmət). Yeri gəlmişkən, Qərb KİV-i onların əksəriyyətinin hərbçi olduğunu yazır.

Düz «dizinin dibindəki» bu əməkdaşlıqlar Vaşinqtonu qıcıqlandırmaya bilməz. Bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun bəyanatından da görmək mümkündür: «Bu, bizim yarımkürəmizdir. Buralar Rusiyanın müdaxilə edəcəyi region deyil. Bu, onların səhvi olardı».

Moskva da ABŞ ilə amerikalılara aid yarımkürədə münaqişəyə getməyin risklərini yaxşı anlayır. Odur ki, Kremlin Venesuelada baş verənlərdən Suriya və Ukrayna ilə bağlı danışıqlarda imkanlarını artırmaq, «Şimal axını-2» layihəsində maneələri aradan qaldırmaq üçün istifadə etməyi düşündüyü istisna deyil. Bundan başqa, Rusiyanın Venesuelada hərbi baza yerləşdirmək xülyası belə, Vaşinqtonun Rumıniya, Polşa və Baltikyanı ölkələrə silahlı qüvvələrini göndərmək planına yenidən baxmasına yol aça bilər. Belə bazanın yaradıla biləcəyini Rusiyanın müdafiə naziri Sergey Şoyqu hələ 2014-cü ildə bəyan etmişdi. Ötən ilin dekabrında isə Venesuela ilə Rusiya birgə hərbi təlim belə keçirmişdilər. Bundan başqa, ABŞ-ın Venesuelaya özünün «arxa qapısı» kimi baxdığı da məlumdur. Bu da Rusiyanın Ukraynaya yanaşmanı xatırladır.

Rusiyada ümid edirlər ki, ABŞ Venesuelaya qoşun yeritməyəcək. Üstəlik, Birləşmiş Ştatlarda xüsusilə Tramp ilə Bolton arasında bununla bağlı fikir ayrılıqları var. Amerika KİV-i yazır ki, Tramp münaqişənin çox qızışmasını istəmir, Bolton isə güc tətbiqini vacib sayır. Ağ Evin sahibi, bununla, Respublikaçılar Partiyasının izolyasionist qanadığı qıcıqlandıracağından, həmçinin Latın Amerikası ölkələrinin ona qarşı qalxacağından ehtiyatlanır.  Bundan başqa, vəziyyətin gərginləşməsi ilə Tramp xüsusilə Florida ştatında həlledici sayda olan ispandilli mühafizəkar seçicilərin dəstəyini də itirə bilər.

Beləliklə, Bolivar Respublikasında vəziyyət, güman ki, getdikcə daha da qarışacaq. Rusiya Suriya formatında cavaba hazır olduğunu göstərir. Amma bu, ondan çox böyük xərc tələb edir. ABŞ isə Venesuela «meydan»ından rəqiblərini çıxarmaq üçün nələrə gedə biləcəyini hələ tam açıq göstərmir. Müxtəlif ssenarilərin tətbiqindən ən çox əziyyət çəkən isə Latın Amerikasının sakinləri olacaq.



MƏSLƏHƏT GÖR:

276