28 Aprel 2024

Bazar, 21:05

SANKSİYA KƏNDİRBAZLIĞI

ABŞ ilə Çin ticarət savaşında dərinə gedir

Müəllif:

01.06.2019

Vaşinqtonla Pekin arasında münasibətlər Çinin yaradıldığı 1949-cu ildən sonra ilk dəfə 40 il əvvəl – 1979-cu ildə normallaşmışdı. Bu, Çin lideri Den Syaopinin sayəsində mümkün olmuşdu. O, ABŞ-ı «mədəni inqilab» nəticəsində illərlə təcrid durumda, ədavət içərisində olmuş ölkəsində iqtisadi islahatların aparılmasına yardım edə biləcək yeganə dövlət sayırdı.

Ötən dövr ərzində iki ölkə arasında qarşılıqlı ticarət və investisiyaların həcmi sürətli templərlə artıb, iki iqtisadiyyat bir-birinə dərindən inteqrasiya edib. Hazırda Çin Amerikanın bir çox şirkəti üçün vacib ixrac bazarıdır – yüksək texnologiya məhsulları istehsalçılarından tutmuş, paxlalı bitkilər yetişdirən fermerlərədək.

Lakin iki nəhəng iqtisadiyyat arasında 2018-ci ildə yenidən gərginləşmiş qarşılıqlı münasibət artıq «ticarət müharibəsi» formatına keçib.

 

«Çin istehsalı»

2017-ci ildə ABŞ ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 710,4 milyard dollar olub. Amerikadan 187,5 milyard dollarlıq mal idxal edən, eyni zamanda Birləşmiş Ştatlara 522,9 milyard dollarlıq ixracata sahib Çin Vaşinqtonun Meksika və Kanadadan sonra üçüncü xarici ticarət tərəfdaşıdır. 1,1 trilyon dollardan çox dəyərə malik ABŞ xəzinə istiqrazlarına sahib olan Çin artıq ABŞ üçün ən nəhəng xarici kreditora çevrilib.

Bir çox Amerika şirkəti Çin iqtisadiyyatının ona aid seqmentində hökmranlıq edir. Məsələn, KFC Çin bazarının 40, «General Motors» 12,8, «Boeing», «Coca-Cola/Sprite», «Procter & Gamble» və «Apple» 50%-dən çoxunu ələ keçirib. Ölkənin əməliyyat sistemləri bazarının 99,3%-i isə «Microsoft»a məxsusdur.

Çin şirkətləri də öz növbəsində, ABŞ bazarında fəaldır. Proqnozlara əsasən, 2020-ci ilə bu ölkədə Çin investisiyasının həcmi 200 milyard dollara çata bilər. Bu, 400 minədək yeni iş yerinin açılacağı deməkdir.

Doğrudur, iki ölkə arasında 40 illik əməkdaşlığın ideal keçdiyini söyləmək olmaz. Lakin sıx qarşılıqlı səmərəli iqtisadi əlaqələr hər zaman siyasi və hərbi qarşıdurmalardan qaçılmasına imkan verib. Bundan başqa, 2009-cu ilədək ABŞ Çini özünə qeyri-bərabər, lakin dünyanı nüfuz dairələrinə bölə biləcəyi layiqli tərəfdaş sayıb. Həmin il Amerika Pekinə «2 lider klubu» (G2) yaradılmasını belə, təklif etmiş, lakin Çin təkliflə razılaşmamışdı.

Məhz bundan bir müddət sonra Pekin-Vaşinqton münasibətləri dəyişməyə başlayıb. 2012-ci ildə elan olunmuş «ABŞ-ın milli müdafiə strategiyası»ndan Çin artıq tərəfdaş deyil, potensial düşmən kimi göstərilirdi. Sənəddə onun ABŞ iqtisadiyyatına və təhlükəsizliyinə ciddi təsir imkanlarının olduğu vurğulanıb.

Beləliklə, Birləşmiş Ştatlar Çinin ticari və iqtisadi siyasəti, o cümlədən texnologiyaların məcburi yeridilməsi və ABŞ-ın kommersiya sirlərinin oğurlanması təcrübəsindən narazılığını daha sərt ifadə etməyə başlayır. Vaşinqton Çinin dövlət müəssisələrinin subsidiyalaşdırılmasına məhdudiyyətlərin tətbiqini, həmçinin Amerika şirkətlərinin Çin bazarlarına çıxışının sadələşdirilməsini də tələb edir.

2015-ci ildə elan olunmuş və ÇXR-in müasir texnologiyalar sahəsində dünya liderinə çevrilməsini nəzərdə tutan «2025-ci ilədək Çin istehsalı», həmçinin «Bir kəmər-bir yol» (Yeni İpək yolu) təşəbbüs isə Qərbi əməlli-başlı narahat edir. Üstəlik, bütün bunlar Çinin hərbi qüdrətinin kəskin artması fonunda baş verir. O, eyni zamanda Tayvan boğazı və Cənubi Çin dənizində hərbi-dəniz və hava qüvvələrini gücləndirir.

Odur ki, Donald Trampın Çinlə iqtisadi və digər münasibətlərə köklü şəkildə yenidən baxılacağına dair verdiyi seçkiqabağı vəd, əslində, gözlənilməz sayıla bilməzdi. Onun sələflərini bu mənada cəsarətsizlikdə təqsirləndirməsi də tamamilə məntiqli görünür.

 

Əbəs gözləntilər

ABŞ-ın yeni prezidenti ilə Çin sədri Si Cinpin arasında 2017-ci ildə baş tutmuş görüşdən sonra belə bir təsəvvür yaranmışdı ki, iki lider iqtisadi-ticari əməkdaşlıqla bağlı ortaq məxrəcə gələ bilib. Hər halda, Ağ Evin yaydığı press-relizdə deyilirdi ki, onlar «fikir ayrılıqlarının qarşılıqlı hörmət əsasında həlli»nə dair razılığa gəliblər.

Lakin 2018-ci ilin martında Tramp «Çinin iqtisadi aqressiyası ilə mübarizə haqqında» memorandum imzalayır və bununla da, Çindən gələn əvvəlcə 3 milyard, sonra isə 16 və 50 milyard dollar dəyərində mallara 25%-lik əlavə rüsumun tətbiqinə başlanır. Pekindən buna dərhal paritet şərtlərlə cavab gəlir. Sentyabrda isə ABŞ birbən-birə 200 milyard dollar dəyərində Çin mallarına 10%-lik rüsumun tətbiqinə başlayır. Üstəlik, o, 2018-ci ilin yanvarından tariflərin 25%-dək artırılacağını bəyan edir. Çin buna 60 milyard dollarlıq rüsum artımı ilə cavab verir.

Dekabrda «G20» sammiti çərçivəsində baş tutmuş görüşdən sonra tərəflər arasında müvəqqəti barışıq əldə olundu. Tərəflər «texnologiyaların məcburi yeridilməsi, intellektual mülkiyyətin qorunması, qeyri-tarif maneələri, kibermüdaxilələr, xidmətlər və kənd təsərrüfatına aid sahələrdə struktur dəyişikliklərinə dair təcili danışıqlara başlanılması» haqqında razılığa gəldi, Tramp isə öz növbəsində, danışıqlar dövründə tariflərin qaldırılmayacağını bildirdi.

Trampın dəfələrlə hədələrini həyata keçirməyə də cəhd etdiyi bir neçə ay ərzində aparılan ağır danışıqların sonunda Çin «görünməmiş» güzəştlərə razı oldu. O, üzərinə intellektual mülkiyyətin müdafiəsini təmin etmək öhdəliyi götürdü, bunun o cümlədən Çinin patent qanunvericiliyinə dəyişikliklər yolu ilə həyata keçiriləcəyini bəyan etdi. Bundan başqa, Pekin texnologiyaların məcburi yeridilməsinin qadağan ediləcəyini, daxili bazarın daha açıq olacağını, dövlət subsidiyalarının ixtisar olunacağını və digər struktur islahatlarına başlanılacağını da bildirdi.

Pekin ABŞ-dan idxal sahəsində, məsələn 40% təşkil edən avtomobil idxalı ilə bağlı tariflərə yenidən baxmağa hazır olduğunu da bəyan etdi. Bununla yanaşı, Çin yuanın dəyərinin kəskin şəkildə azalmasına yol verməmək niyyətində olmadığını açıqladı.

Bütün bunlarla yanaşı, önəmi sadalananlardan heç də az olmayan daha bir məsələ – kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqda belə, razılığa gəlindi.

Lakin bir «əmma» qalmaqda idi! Çin razılaşmanın qüvvəyə minməsilə bütün rüsumların dərhal ləğvini tələb edirdi. Tramp isə yeni tariflərin hələ «uzun müddət» qüvvədə qalacağını deyir, bunu razılaşmaya əməl olunmasının qarantı kimi qiymətləndirirdi.

Bu, danışıqların yenidən dalana dirənməsinə səbəb oldu və bir ay sonra Çin… bütün razılaşmaları ləğv etdi. ABŞ prezidenti isə buna cavab olaraq, dərhal Çindən 200 milyard dollar dəyərində idxala görə tarifləri 25% artırdı, üstəlik, bu tendensiyanın davam edəcəyilə bağlı hədələr səsləndirdi.

 

Prezident üçün risk

Uoll-strit iqtisadçılarının fikrincə, hazırkı tarif artımı yaxın perspektivdə Pekinə təsir rıçaqı ola bilər. Amma onun ağır ticarət savaşına yol açması da mümkündür və bu, ABŞ iqtisadiyyatına mütləq mənfi təsir göstərəcək. Lakin Tramp və məsləhətçiləri yeni tariflərin Çin iqtisadiyyatına daha böyük zərbə olacağına əmindirlər. Onlar hesab edir ki, bu, sonda Pekini danışıqlar masası arxasına qayıtmağa məcbur edəcək.

Amma istənilən halda, Çinlə iqtisadi münasibətlərin gərginləşməsi ABŞ-ın artan iqtisadiyyatını, fond bazarının böyüməsini durmadan öz uğuru kimi təqdim edən prezidenti üçün böyük riskdir.

Beynəlxalq Valyuta Fondunda isə hesab edirlər ki, bu savaş Çin və ABŞ ilə yanaşı, bütünlükdə dünya iqtisadiyyatına zərbə olacaq. Qurum artıq ABŞ ÜDM-in 0,6% azalacağını da proqnozlaşdırır. «Moody's», Çinlə razılaşmanın əldə olunmayacağı təqdirdə, 2020-ci ilin sonuna Birləşmiş Ştatlarda tənəzzül gözləyir. Daha bədbin proqnozlarda tənəzzülün bu ilin sonunda başlayacağı bildirilir.

Amerikanın sənaye şirkətləri rəhbərləri arasında apreldə aparılmış sorğuya qatılanların 67%-i bildirib ki, yeni rüsumlar xərcləri artırıb. Rəyi soruşulanların 50%-i bu üzdən qiymətləri artırmaq məcburiyyətində qaldığını, nəticədə, satışın 42% azaldığını etiraf edib. Sorğuya qatılanların yalnız 1%-i ticarət savaşından qazandığını deyib.

Aparılmış araşdırmalar göstərir ki, yeni 25%-lik rüsumun tətbiqi ABŞ-da 934 min insanı iş yerindən məhrum edəcək, orta hesabla, 4 nəfərdən ibarət ailənin ildə 767 dollar itirməsilə nəticələnəcək. Vəd olunduğu kimi, yerdə qalan 325 milyard dollarlıq idxala da 25%-lik rüsum tətbiq olunarsa, bu, ümumilikdə 2,1 milyon iş yerinin bağlanmasına, orta hesabla, ailələrin ildə 2 min dollardan artıq pul itirməsinə səbəb olacaq.

 

Çin necə cavab verəcək?

2019-cu il üçün ÇİN ÜDM-in artım proqnozunda da geriləmə var – 6,4%-dən 6,2%-ə. Lakin ticarət savaşının daha da qızışacağı təqdirdə, bu 6%-dən də aşağı düşə bilər.

Bu ilin yanvarında ölkədə sənayenin həcmi son 17 ilin ən aşağı həddinə düşərək, illik cəmi 5,3% təşkil edib. Bundan ən çox əziyyət çəkən avtomobil istehsalçıları olub. Onların gəliri 42% azalıb. Elektronika istehsalçıları 21,6% geriləyib. Gəlirlərin bu cür azalması, əlbəttə ki, ümumi həcmi 30 trilyon dolları ötən borcun ödənilməsini çətinləşdirir. Bununla yanaşı, ölkədə işsizlik 5,3%-dək artıb.

Vəziyyətin bu qədər ciddi xarakter alması ÇXR sədri Si Cinpini etiraflara məcbur edib. O, ölkəsinin çətin dönəmə hazırlaşmalı olduğunu açıq şəkildə dilə gətirib. Cinpin bunu «beynəlxalq durumun getdikcə ağırlaşması» ilə əsaslandırıb.

Bu arada, Çinin cavab tədbirləri seçimi o qədər də geniş deyil. Onun valyuta ehtiyatı 3 trilyon dollardan artıqdır və bunun 1,1 milyardı xəzinə biletlərinə qoyulub. Lakin Pekin, güman ki, onları bir dəfəyə valyuta bazarına buraxmayacaq. Çünki Amerika iqtisadiyyatının kəskin şəkildə çökməsində maraqlı deyil.

Çoxları Pekinin ABŞ-la ticarət savaşında təzyiq rıçaqı kimi, özünün nadir torpaq elementlərinin əsas tədarükçüsü kimi hökmran mövqeyindən istifadəyə çalışacağından ehtiyatlanır. Dünyadakı nadir torpaq elementləri ehtiyatının 37%-i Çindədir. Dünya üzrə nadir torpaq materialları istehsalının 80%-i də ÇXR-in payına düşür. Birləşmiş Ştatlara belə məhsulların 80%-i məhz Çindən gəlir.

Nadir torpaq elementlərindən istehlak mallarının geniş çeşidinin hazırlanmasında istifadə olunur – «iPhone»dan tutmuş, elektromobillərə, hərbi reaktiv mühərriklərə, peyk və lazerlərədək. Bu elementlərdən ciddi asılılığı olan ABŞ onlara rüsum tətbiq etmir. Çin isə artıq «test addımı» atıb. Kaliforniyadakı Mauntin Pass Birləşmiş Ştatlar ərazisində nadir torpaq elementlərinin hasil olunduğu yeganə yerdir. Ölkənin bu sahədə emal gücü yoxdur və bu üzdən, bu mədəndən ildə 50 min ton konsentrat emal üçün Çinə göndərilir. Pekin artıq bu məhsulun idxalına 25%-lik rüsum tətbiq edib.

Əksər iqtisadçının fikrincə, Çin Amerikanın sanksiyaları ilə mübarizədə böyük ehtimalla, ən effektiv varianta əl atacaq. Söhbət yuanın ABŞ dollarına nisbətdə ucuzlaşmasına imkan verməkdən gedir. Bu, nəinki yüksək tariflərin mənfi təsirlərini kompensasiya edəcək, həm də Tramp administrasiyasının Çin bazarında Amerika məhsulları üçün rəqabət şəraiti yaratmaq səylərini nəticəsiz qoyacaq.

 

Hər kəs çalışır

İyunun 28-29-da Yaponiyada «G20» sammiti keçiriləcək. Orada ABŞ və Çin rəhbərlərinin yaranmış vəziyyəti müzakirə edəcəkləri gözlənilir. Vaşinqton ən azı o vaxtadək Çindən yerdə qalan 325 milyard dollarlıq idxala görə rüsumu artırmaq niyyətində deyil. Bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin də təsdiqləyib.

Hər iki administrasiya danışıqlara hazır olduğunu bildirir. Lakin müzakirələrin uğurlu alınması üçün kompromisdən başqa yol yoxdur. Buna isə hər iki tərəf hazır olmalıdır. Əks təqdirdə, «bütünlükdə beynəlxalq ticarət sistemi zərər çəkəcək». Hər halda, UNCTAD-ın beynəlxalq ticarət şöbəsinin rəhbəri Pamela Kok-Hamilton belə düşünür: «Bu halda biz valyuta müharibəsi də görəcəyik, devalvasiya dalğası da, staqfilyasiya və işsizlik də».

Bütün bunlardansa, ilk növbədə, inkişaf etməkdə olan dövlətlər ziyan çəkəcək.



MƏSLƏHƏT GÖR:

263