28 Aprel 2024

Bazar, 18:02

ƏNƏNƏVİ SİSTEM ÇAT VERİR

Qərb siyasətində 2-3 hakim partiyanın hökmranlıq dövrü arxada qalır

Müəllif:

01.06.2019

Avropa Parlamentinə (AP) mayın 23-26-da keçirilmiş seçki Avropa İttifaqının (Aİ) siyasi meydanında tam yeni qüvvələr balansı yaradıb. İki aparıcı fraksiya – «Avropa Xalq Partiyası» (mühafizəkar və xristian-demokrat partiyaları) ilə «Sosialistlər və Demokratlar Alyansı» ənənəvi hakim çoxluğu əldən verib (onlar ümumilikdə, təxminən, 43% səs toplayıb). Beləliklə, AP-nin oriyentasiyasında ciddi dəyişiklik baş verməsə də, sağ-mərkəzçilərlə sol-mərkəzçilər son 40 ildə ilk dəfə parlamentə nəzarəti əldən verib. Əvəzində, liberallar, millətçi-avroskeptik-populistlər və «yaşıllar» mövqelərini xeyli yaxşılaşdırıb.

Xatırladaq ki, AP-yə seçki partiya siyahıları üzrə keçirilir. Lakin parlamentdə partiyalar yox, ideoloji əlamətlərinə görə formalaşdırılan fraksiyalar əyləşir.

Son seçkinin nəticəsinə bir sıra amillər təsir göstərib. Bir tərəfdən, son dövlərdə hər yanda populistlərlə millətçilərin tərəfdarları artıb, digər yandan birləşmiş Avropa tərəfdarlarının ənənəvi partiyalardan narazılığı kifayət qədər çoxalıb. Bu isə liberallarla «yaşıllar»a xeyli əlavə səs qazandırıb.

Nümunə kimi Almaniyanı göstərmək olar. Orada ekopartiyalar, «Almaniya üçün alternativ»dən olan qatı sağçı populistlər, həqiqətən, yaxşı nəticə göstərərək (onlar üçün) 4-cü yeri tutublar (2014-cü ildəki 7,1%-lik nəticəni 10,8%-dək artırıblar). Sosial-demokratların nəticəsi isə zəif olub. Onların ən iri partiyası olan XDİ belə, mövqeyini itirib.

Bənzər hal Fransada da yaşanıb. Orada Marin Le Penin «Milli birlik» partiyası cüzi fərqlə qalib gəlib. İkinci yeri Makronun «İrəli, respublika!» partiyası tutub.

Böyük Britaniyada liderlik Azadlıq Partiyasının sabiq lideri Naycela Faracın «Brexit» partiyasına qismət olub, İtaliyada baş nazirin müavini Matteo Salvininin «Liqa» partiyası 30%-dən çox səs qazanıb.

Bu nəticə populistləri, əlbəttə ki, ruhlandırıb. Məsələn, Salvini artıq «Avropada yeni intibah dövrü»nün gəldiyini bəyan edib. «Bu, Avropanın dəyişdiyini göstərir. Demək, Avropa elitanın, korporasiyaların, nüfuzlu güclərin köləsi olmaqdan yorulub. Bugünkü səsvermə göstərir ki, Avropada qaydalar dəyişir…», - deyə «Avropa xalqlar və millətlər alyansı»na da başçılıq edən Salvini qeyd edib. Yeri gəlmişkən, bu alyans özündə Avropanın bir sıra millətçi partiyalarını biləşdirir.

Salvininin nikbinliyi, əlbəttə ki, əsassız deyil. Amma o, populizmə də bir qədər çox yer verib. Çünki «Avropa xalqlar və millətlər alyansı»nın qarşısına qoyduğu hədəfə çatacağı inandırıcı görünmür.

Bundan başqa, liberallar bir qrupda birləşə bilirlərsə, «qeyri-sistem partiyaları» çox pərakəndədir. Bir sıra məsələlərdə onların mövqeləri tam ziddiyyət təşkil edir. Məsələn, Salvini Aralıq dənizilə İtaliyaya üz tutan miqrantların Aİ-nin bütün ölkələrinə paylanmasını təklif edirsə, Mərkəzi və Şərqi Avropadan olan millətçiləri buna qəti etiraz edir. Bundan başqa, britaniyalı avroskeptiklər, güman ki, AP-da çox qalmayacaq. Hər halda, Böyük Britaniya Aİ-ni hələ bu il martın 29-da tərk etməli idi. Bu proses sadəcə, Britaniya parlamentinin Brüssellə razılaşmanı ratifikasiya etməməsi üzündən ləngiyir. İndi «boşanma» oktyabrın 31-də baş tutmalıdır.

Avropanın siyasi dairələri isə əslində, faciəvi və qorxunc bir şeyin baş vermədiyini düşünür. Halbuki yaşananlar onlar üçün siqnal olmalıdır. İndi sağ-mərkəzçilərlə sol-mərkəzçilər liberallarla koalisiyaya getməli olacaq. Dayanıqlı çoxluğa nail olunmasının yolu məhz budur. Ümid edək ki, onlarda bunun üçün lazım olan siyasi iradə tapılacaq.

Aİ liderləri isə Avropa İttifaqı Şurası çərçivəsində Avropa Komissiyasının rəhbəri postuna namizədi müəyyənləşdirməli və AP-nin səsverməsinə təqdim etməlidir. Hazırda bu posta əsas namizəd sağ-mərkəzçi «Avropa Xalq Partiyası»nın rəhbəri, bavariyalı siyasətçi Manfred Veber sayılır. Veberin özü isə keçirdiyi mətbuat konfransında partiyasının avroskeptiklə və populistlərlə əməkdaşlıq etməyəcəyini bildirib.

İstənilən halda, AP-nin yeni və kifayət qədər rəngarəng tərkibi razılığa gəlmək bacarığı nümayiş etdirmək məcburiyyətindədir. Onlar xüsusilə büdcə tənzimlənməsi, miqrasiya siyasəti, artmaqda olan qeyri-bərabərlik, gəlirlərin durğunluğu kimi həssas məsələlərdə razılığa gəlməlidirlər. Bundan başqa, avropalılar, nəhayət, ortaya əsas tərəfdaşlar olan ABŞ, Rusiya və Çinlə münasibətlərdə aydın strategiya qoymalıdırlar. Bu mənada, Almaniyada artıq 14 ildir hakimiyyətdə olan Angela Merkelin «Süddeutsche Zeitung» qəzetinə elə Avropa Parlamentinə seçki ərəfəsində verdiyi müsahibə kifayət qədər nümunəvidir. «Onlar (Çin, Rusiya və ABŞ) bizi təkrar-təkrar ümumi mövqe tapmağa vadar edir», - deyə kansler bildirib. O, Avropanı qruplaşmağa, «iqtisadi imkanlarla müqayisə oluna biləcək siyasi güc toplamağa» çağırıb. Merkel hesab edir ki, bu, fövqəldövlətlərdən asılı olmamaq üçün vacibdir.

Kansler Avropanın ABŞ prezidenti Donald Trampın qərarına rəğmən, İranla nüvə razılaşmasından imtina etmədiyini misal göstərib. O, əmindir ki, Aİ daxili münaqişələri bir kənara qoymalı, effektiv xarici siyasət yürütməlidir.

Hazırda Aİ-nin ən nüfuzlu, ən görkəmli siyasətçisi sayılan Merkelin bu fikirləri göstərir ki, Avropanın elitası bu güclü təməli yenidən ayaqları altında görmək istəyir. Bunun fonunda «Avrobarometr»in 2019-cu ilin yazında Aİ-nin 14 ölkəsində apardığı sorğunun nəticəsi sarsıdıcı görünür. Avropa Beynəlxalq Münasibətlər Şurası (ECFR) yazır ki, sorğuda iştirak etmiş insanların üçdə ikisi əvvəlkitək, ölkələrinin Aİ-yə üzvlüyünü qəti şəkildə dəstəkləyir. Bu, 1983-cü ildən bu yana qeydə alınmış ən yüksək göstəricidir. Onlar avropalı eyniliyini, vahid bazarın və valyutanın üstünlüklərini yüksək qiymətləndirir, xanım Merkel kimi, təkbaşına qlobal oyunçu ola bilməyəcəklərini yaxşı anlayırlar. Lakin digər yandan, onların əksəriyyəti Aİ-nin yaxın 10-20 ildə dağılacağını da düşünür. Rəyi soruşulanların 28%-i isə (əksəriyyəti gənclər olmaqla) Aİ üzvləri arasında müharibənin mümkünlüyünü belə istisna etmir. Üstəlik, bu mövqe istər qatı sağçılar, istərsə də qatı solçular arasında üstünlük təşkil edir. Bəs, görəsən, belə paradoksal əhval haradan qaynaqlanır və onu necə aradan qaldırmaq olar?

Əksər müşahidəçilər hesab edirlər ki, əsas səbəb ümumi ideyanın olmamasıdır. Onların fikrincə, birləşmiş Avropanın təməlini təşkil edən demokratiyanın müdafiəsi, qanunun aliliyi və insan haqları, əməkdaşlıq, tolerantlıq və barışıq əvvəlkitək işləmir. Bu amillər yaxşı işləyən zaman avropalılar üçün rəhbərlikdə sosial-demokratların, yoxsa xristian-demokratların olması heç bir önəm daşımırdı. Əvvəllər hesab olunurdu ki, əsas dəyərlər unudulmursa, qorunursa, onlara ehtiyac davam edirsə, əsas mübahisələr isə (onlar hər hansı ciddi dəyişikliyə səbəb olmurdu) vergilər, müavinətlər, aborta münasibət, tibbi sığortanın həcmi və s. kimi məsələlər ətrafında aparılırsa, hansı partiyanın hakim olması, həqiqətən də, önəmsizdir. Aİ-nin əksər üzvlərində uzun illər məhz bu cür hakimiyyət sxemi mövcud olub və o, heç bir problemsiz işləyib. Son dövrlərdə isə bu formul tez-tez problem yaradır. İndi elektorat həddindən artıq rəngarəng xarakter alıb (burada miqrantların da rolu var). Odur ki, bu kütlənin xorunda bir çox çağırışlar, ümidlər eşidilmir və bu, sonda narazılığa çevrilir. Seçicilər məhz bu üzdən mövcud sistemə qarşı gedən siyasətçiləri dəstəkləyir, onilliklərdir rəhbərlikdə yer almış partiyaların meydandan çıxmasına çalışır. Həmin partiyalar isə əvvəlkitək, çoxluğu təmsil etdiyini düşünür. Amma reallıq öz qaydalarını diqtə edir.

Beləliklə, ənənəvi partiya sistemi məhz «köhnə» Avropanın mərkəzində çat verir. Almaniyada səslər əsas partiyalardan «yan keçib», Fransa və İtaliyada qatı sağçılarla populistlər ön plana çıxıb. Britaniyada keçirilmiş səsvermənin nəticəsi də maraqlıdır. Söhbət heç də «Brexit»ədək qalmış bir neçə ayda ölkəni AP-da hansı qüvvələrin təmsil edəcəyində deyil. Məsələ hakim mühafizəkarlarla müxalifətçi leyboristlərin seçicilərindən «yağlı iki» almasındadır. Mühafizəkarlar seçkidə avropapərəst «Yaşıllar partiyası»nı belə, önə buraxaraq, yalnız 5-ci olub.

Yaxşı, yerli seçkilərdə mühafizəkarlarla leyboristlərin üstünlük qazandığı bir vaxtda Avropa seçkisində Naycel Faracın yeni yaratdığı «Brexit» partiyasının uğur qazanması nə ilə əlaqədardır? Qısa desək, hər şey yerli seçki sisteminin («Vestminister» sistemi) xüsusiyyətindən irəli gəlir. Bu sistem qeyri-sistem partiyası olan «yenilər»i elə startdaca «boğur». Nəticədə, milyonlarla seçici faktiki olaraq, parlamentə istədiyi siyasi qüvvəni seçmək hüququndan məhrum olur.

Odur ki, 2019-cu ilin Avropa seçkisinin əsas nəticəsi, bəlkə də, Aİ üzvləri arasında inteqrasiya tərəfdarlarının, yoxsa əleyhdarlarının qələbə qazanmasında deyil. Aydındır ki, inteqrasiya tərəfdarlarının səsi, çəkisi və gücü bir qədər çoxdur və Aİ məhz bu üzdən hələ də sağdır. Məsələ ondadır ki, Qərb siyasətində 2-3 hakim partiyanın hökmranlığı dövrü arxada qalır. Bu mənada AP-nin yeni tərkibi daha dinamik və demokratik sayıla bilər. Yeri gəlmişkən, 2019-cu il seçkisi seçici fəallığı baxımından da rekordla yadda qalıb. Seçkiyə səsvermə hüququ olan insanların 50%-dən çoxu qatılıb və bu, yalnız bir şeyi göstərir – ictimaiyyətdə dəyişikliyə tələbat çoxdur.

Bəs, bunu Avropa layihəsinin qələbəsi saymaq olarmı? Yaxın perspektiv üçün bu, əlbəttə ki, belədir. Uzaq perspektivdə isə hər hey yeni reallığın hansı liderlər tərəfindən (və nə qədər tezliklə) qurulacağından asılı olacaq. Hər halda, Böyük Britaniya bu «qatar»dan ayrılır, Merkel siyasi arenadan, demək olar ki, gedib, Makron ümumiyyətlə «gəlməyib», Aİ-də islahatlar aparacaq, seçiciləri ruhlandıracaq yeni xarizmatik liderlər isə hələ gözə dəymir.



MƏSLƏHƏT GÖR:

290