28 Aprel 2024

Bazar, 10:07

ÇARƏSİZLİK ƏLAMƏTLƏRİ

Ermənistanda «məxməri inqilab»ın yeni mərhələsi elan olunub

Müəllif:

01.06.2019

Nikol Paşinyan hökuməti Ermənistanda «məxməri inqilab»ın ikinci mərhələsinin başlandığını bəyan edib. Bu anons daxili siyasi gərginlikdə növbəti dalğanın başlandığının təsdiqidir. Səbəb isə Ermənistanın əvvəlki kriminal rejiminin əsas fiqurlarından biri, «Qarabağ klanı»nın başçısı, eks-prezident Robert Koçaryanın həbsdən azad olunmasıdır.

 

Rədd olsun məhkəmələr!

Ermənistanı yeni vətəndaş qarşıdurmasının astanasına İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsinin eks-prezident Robert Koçaryanla bağlı hökmü dəyişməsi sürükləyib. Məhkəmə 2008-ci il martın 1-də kütləvi etiraz aksiyasının zorakılıqla yatırılmasında təqsirləndirilən Koçaryanı azadlığa buraxıb. Qərar qondarma «DQR»in keçmiş və hazırkı «rəhbər»ləri Bako Saakyanla Arkadi Qukasyanın şəxsi zaminliyilə qəbul olunub. Onlar bu məqsədlə girov olaraq, 1 milyon dram (2 min dollar) ödəyiblər.

Məhkəmənin hökmündən az sonra baş nazir Nikol Paşinyan ölkədə «inqilabın ikinci və əsas mərhələsi»nin başlandığını bəyan edib. O, bu işdə «ümumxalq dəstəyi»nə arxalandığını da söyləyib. «Məxməri inqilab»ın lideri Ermənistan vətəndaşlarını «istisnasız olaraq bütün məhkəmə binalarının giriş-çıxışını bağlamağa» çağırıb. Paşinyanın tərəfdarları bu müraciətdən az sonra küçələrə axışaraq, tapşırığa əməl etməyə başlayıb. Onlar xüsusilə Konstitusiya məhkəməsi və Ümumi Yurisdiksiya Məhkəməsi binalarının qarşısına toplaşıb, oraya giriş-çıxışı bağlayıblar.

Lakin «məxməri inqilabçılar»ın bu əməli ölkədə heç də hər kəsin ürəyincə olmayıb. Bir çox qurumun, o cümlədən Vəkillər Palatası, Obmudsman Aparatı, Ali Məhkəmə Şurasının bəyanatlarında baş nazirin qanunsuz əməllərindən narahatlıq ifadə olunub. Ali Məhkəmə Şurasının rəhbəri Qaqik Arutunyan istefa belə, verib. O, məhkəmə hakimiyyətinə qarşı başladılmış etiraz dalğasından sonra vəzifədə qalmağın məqsədəuyğun olmadığını bildirib.

Lakin etirazların başlamasından cəmi bir neçə saat sonra Paşinyan tərəfdarlarını geri çağırıb. O, deyib ki, «aksiyanın məqsədi xalqın, həqiqətən, azad məhkəmə sistemi arzuladığını, həmçinin bu məsələdə Ermənistan hökumətilə xalqın həmrəy olduğunu nümayiş etdirmək idi».

Bununla yanaşı, N.Paşinyan xalqa müraciətində «məhkəmə sisteminə cərrahi müdaxilə» niyyətində israrlı olduğunu bildirib. Onun sözlərinə görə, insanlar «daim xalqa qarşı hökmlər hazırlayan, qəbul edən məhkəmələri keçmiş korrupsiyalaşmış hakimiyyətin qalığı sayır».

Bəs, «erməni inqilabının lideri»nin mövcud məhkəmə sisteminə hücumu əslində nə ilə bağlıdır? Cavab sadədir: məhkəmə hakimiyyətin 1 ildir ölkəyə rəhbərlik edən Paşinyan hökumətinə tabe olmayan yeganə qanadıdır. Bu 1 ildə yeni hökumət yerlərdə hakimiyyəti, ilk növbədə, İrəvanın Ağsaqqallar Şurasına nəzarəti ələ alıb, ötən ilin dekabrında keçirilmiş parlament seçkisindən sonra qanunverici orqanda çoxluğa yiyələnib, hakimlərdən «məxməri inqilab»ın məqsədləri üçün istifadə isə hələ mümkün olmayıb. Bu üzdən də, Paşinyan nəinki əvvəlki hakimiyyət sistemini dağıtmağa, həm də buna küçə təzyiqlərilə nail olmağa çalışır. Bu mənada Paşinyan tərəfdarlarının növbədənkənar parlament seçkisinin keçirilməsilə nəticələnmiş küçə fəallığını yada salmaq yerinə düşər. Məhz həmin seçki nəticəsində baş naziri dəstəkləyən «Mənim addımım» bloku ali qanunverici orqanda çoxluğu ələ alıb. Bu mənada, Paşinyan «Koçaryan məsələsi»ndən məhkəmə sistemində transformasiyalara nail olmaq üçün yararlanmağa çalışır. İlk dəfə İrəvanda ötən ilin avqustunda Paşinyanın baş nazir postunu tutmasının 100-cü günü münasibətilə təşkil olunmuş mitinqdə gündəmə gətirilmiş «keçid mühakimə üsulu» ideyasının yenidən yada düşməsi də buradan qaynaqlanır. Baş nazirin ətrafının «telefon mühakiməsi»lə, korrupsiyaya bulaşmış hakimlərlə, cəzasızlıqla müharibəyə başlanacağı» haqda hədələri də eyni məqsədə qulluq edir. Üstəlik, onlar müvafiq qanunun olmamasına rəğmən, hakimlərin tutduqları vəzifəyə uyğun gəlib-gəlmədiyinin yoxlanacağını belə bildirirlər.

«Məxməri inqilab» hökumətinin belə radikallıq nümayiş etdirməsi təsadüf deyil. Paşinyan Koçaryan və Sarqsyanın prezident olduğu illərdə, yəni «Qarabağ klanı»nın 20 illik hakimiyyəti dövründə formalaşmış məhkəmə sistemini özünün əsas rəqibi sayır. Görünür, o, qanunun aliliyinin təmini üçün… qanunlara məhəl qoyulmamasında eyib görmür. Əslində bu, Ermənistan üçün adi haldır. Koçaryanla Sarqsyan özlərindən sonra hakimiyyətin heç bir qanun-qayda ilə hesablaşmadığı düzən qoyublar. Sadəcə, İrəvan məhkəməsinin Koçaryanı «HQR»in indiki və sabiq «rəhbər»lərinin istəyi və girovu müqabilində azad olunması Paşinyanda «əks-inqilabçılar»ın real təhlükə olduğu fikrini yaradıb. Sonuncular üçün ocaq rolunu isə Azərbaycanın artıq 30 ildir Koçaryanların, Sarqsyanların, Saakyanların zülmü altında olan işğal olunmuş ərazisi – Dağlıq Qarabağ oynayır.

 

Paşinyana qarşı qəsd?

Ermənistanın baş naziri xalqa müraciətində faktiki olaraq, «Qarabağ klanı» tərəfindən qəsdlə qarşı-qarşıya qaldığını deyib. «Belə qəsdlərin qarşısının alınması üçün ən sərt tədbirlərə əl atılacağını» deyən Paşinyan Ermənistan qoşunları tərəfindən işğal olunmuş Dağlıq Qarabağın əhalisinə də müraciət edib. Baş nazir bu sakinləri onlardan «yalnız öz qrup maraqlarının təmini, əvvəllər törətdikləri cinayətlərə görə məsuliyyətdən qaçmaq məqsədilə istifadə etməyə çalışan» qüvvələri dəstəkləməməyə çağırıb.

Ən maraqlısı Paşinyanın növbəti fikridir. Onun sözlərinə görə, həmin qüvvələrin məqsədi Azərbaycanla yeni müharibəyə, «bəzi ərazilərin təhsil verilməsinə» nail olmaq, bütün bunlara görə məsuliyyəti hazırkı hakimiyyətin üzərinə yıxmaqdır.

Bununla yanaşı, «erməni inqilabının lideri» və onun hökuməti erməni ictimaiyyətinin 3 il əvvəl baş vermiş aprel döyüşlərində məğlub olduqlarını anladığını gizlədə bilmir. Paşinyanın tərəfdarları «hər şeyin öz adı ilə çağırılmasını» tələb edir. Azərbaycan Ordusunun 800 hektar ərazini azad etməsinə görə «hakimiyyətin məsuliyyət daşıdığı», həmçinin Azərbaycanla yeni müharibə təhlükəsi haqda çağırışları məhz bu kontekstdə qiymətləndirmək lazımdır. Ermənistan parlamentində «ordunun inkişafına mane olmuş, insan və ərazi itkisilə nəticələnmiş korrupsiya hallarının araşdırılması üçün» təftiş komissiyası da yaradılıb.

Bununla yanaşı, Qarabağ məsələsinə istinad Paşinyanın daxili siyasi hədəflərinə çatmaq üçün bu mövzudan istifadə etmək niyyətini də ortaya qoyur. Əslində, faktiki olaraq Azərbaycanın Qarabağ bölgəsinin işğalının girovuna çevrilmiş Ermənistan üçün bu da yenilik deyil. Ölkənin yeni rəhbərliyi bu məsələdə də əvvəlki rəhbərliyin yolu ilə gedir, «Azərbaycan təhlükəsi»ndən öz hakimiyyətinin lazımlığını əsaslandırmaq üçün istifadə edir. Amma bu dəfə Ermənistanda gedən daxili siyasi mübarizənin bütün sirləri üzə çıxıb. Məsələ Ermənistan əhalisinin əksəriyyəti tərəfindən dəstəklənən yeni hakimiyyətlə ətrafına əsasən işğal altındakı Qarabağdan olan siyasətçiləri, «DQR»in separatçı liderlərini toplamış əvvəlki «klan» arasında gedən mübarizədədir. Paşinyanın işğal altındakı Qarabağa bu yaxınlarda etdiyi səfər zamanı bu regionu «əks-inqilab ocağı»na çevirməyə çalışan «revanşçılar»ı sərt tənqid etməsi də təsadüf deyildi.

Baş nazirin «Qarabağ klanı»nın mümkün zərbəsindən ehtiyatlanmasının əsaslı olduğu da istisna deyil. Hər halda, Ermənistan KİV-i «DQR» generalitetinin Ermənistan oliqarxları ilə birlikdə Paşinyan hakimiyyətini devirməyə hazırlaşdığını yazır. «Sövdələşməyə gedən revanşçılar» bu zaman Rusiyanın Ermənistanın hazırkı hakimiyyətinə inamsızlığı ilə manipulyasiya da edir. Onlar deyir ki, «DQR» «Qərbə can atan Ermənistan»dan mümkün qədər uzaq durmalı, bununla da, Moskvanın sərt reaksiyasından sığortalanmalıdır.

Keçmiş rejim nümayəndələrinin müqavimətilə üzləşmiş «məxməri inqilab»ın gələcək taleyilə bağlı təşvişin fonunda Paşinyan hökumətinin siyasi, sosial və iqtisadi məhsuldarlığının çox aşağı olduğu da diqqətdən yayınmır. Baş nazirin reytinqi durmadan azalır və bu, qətiyyən təəccüblü deyil. Çünki bütün gücünü «inqilab»ın qorunub saxlanmasına və güclənməsinə yönəltmiş yeni hakimiyyət böhran içərisində olan ölkənin problemlərinin həllinə vaxt ayırmır. Amma Ermənistanın bəlası tək bunda da deyil. İrəvanın Azərbaycanla müharibə ucbatından üzləşdiyi təcrid onun böhranın aradan qaldırılmasına imkan verəcək resurslara yiyələnməsini əngəlləyir. Odur ki, siyasi düşmənləri, xüsusilə Koçaryan-Sarqsyan dövrünün yırtıcıları tərəfindən getdikcə artan təzyiqlərlə üz-üzə qalmış Paşinyan üçün populizmi artırmaq və «inqilabın yeni mərhələsini» elan etməkdən başqa çıxış yolu qalmır.



MƏSLƏHƏT GÖR:

300