3 May 2024

Cümə, 17:04

KİMİNLƏ VƏ KİMƏ QARŞI?

Moldova müstəqillik illərinin ən ciddi siyasi böhranı ilə üz-üzə qalıb

Müəllif:

15.06.2019

Postsovet məkanının ən yoxsul dövlətlərindən olan Moldovada müstəqillik illərinin ən ciddi siyasi böhranı yaşanır. O, Kişinyovun Rusiya ilə Qərb arasında var-gəl etməsindən yaranmış geosiyasi amil də daxil olmaqla, müxtəlif səbəblərlə bağlıdır. Amma ekspertlərin diqqət çəkdiyi əsas məqam bu «savaş»ın oliqarxlara qarşı yönəlmiş tərəfidir. Görünən odur ki, Moldova ictimaiyyətinin və siyasi elitasının əhəmiyyətli hissəsi ayrı-ayrı qüvvələrin özbaşınalığına son qoyulması istəyində həmrəydir. Çünki Moldova əhalisinin ağır sosial-iqtisadi durumunun əsas səbəblərindən biri məhz budur. 

 

«Oliqarxların ələ keçirdiyi dövlət»

Moldovada yaşanmaqda olan böhranın əsası 2019-cu il fevralın 24-də keçirilmiş parlament seçkisilə qoyulub. Seçki nəticəsində ölkənin 101 yerlik ali qanunverici orqanına əsasən 3 siyasi qüvvənin nümayəndələri düşüb – ölkənin ən nəhəng oliqarxı Vladimir Plaxotnyukun rəhbərlik etdiyi hakim Moldova Demokrat Partiyası (MDP), faktiki olaraq ölkə prezidenti İqor Dodonun başçılıq etdiyi (qeyri-rəsmi) Moldova Respublikası Sosialist Partiyası (MRSP) və ACUM («İndi») bloku.

Son iki siyasi qüvvə hökumətin formalaşdırılmasına imkan verən çoxluğa sahibdirlər və seçkidən az sonra onlar koalisiyanın yaradılması haqda danışıqlara başlayıb. Lakin bu taktiki ittifaq əvvəldən paradoksal görünürdü. Çünki rusiyapərəst MRSP ilə qərbpərəst ACUM-un geosiyasi hədəfləri tam fərqlidir. Sonuncunun liderləri Dünya Bankının Vaşinqtondakı icraçı direktorunun sabiq məsləhətçisi, Moldovanın sabiq təhsil naziri, «Fəaliyyət və həmrəylik» partiyasının rəhbəri Mayya Sandu ilə tanınmış vəkil, «Ləyaqət və həqiqət platforması» partiyasının rəhbəri Andrey Nestasedir.

Lakin indiki mərhələdə «Plaxotnyuk rejiminin aradan qaldırılması» istəyi onları birləşdirmişdi. Plaxotnyukun siyasi bazası isə Rusiya ilə Qərb arasında balansın qurulmasına tərəfdar olan, lakin əslində oliqarx liderin maraqlarına xidmət göstərməkdə təqsirləndirilən MDP-dir.

Yeri gəlmişkən, Mayya Sandunun ACUM ilə MDP arasında mümkün koalisiya haqda fikirləri də maraqlıdır: «Demokrat Partiyası mafiozlardan ibarət olmasaydı, koalisiya mümkün ola bilərdi… Bizim oğrularla, hakimiyyəti zəbt etmiş insanlarla danışacağımız heç nə yoxdur. Plaxotnyuk olmasaydı, danışıqlara gedərdik».

Başqa sözlə, qərbpərəst blok prezident Dodonun rusiyapərəst partiyası ilə koalisiyaya girməyi az qala kölgə hökuməti saydığı, həm rusiyapərəst, həm də qərbpərəst görünməyə çalışan siyasi qüvvə ilə birləşməkdən daha üstün tutub.

Lakin MRSP ilə ACUM arasında danışıqlar heç də asan alınmayıb. Hətta prosesin Konstitusiya ilə nəzərdə tutulmuş 3 ay müddətində başa çatdırıla bilməyəcəyi təhlükəsi belə, yaranmışdı. Bu halda ölkədə hökuməti formalaşdırmağa qadir olmayan parlament buraxılmalı idi. Lakin mayın sonunda bu iki qüvvədən ibarət yeni Nazirlər Kabineti, nəhayət, elan olunub. Buna qlobal mərkəzlərin xoş məramının da təsir etdiyi istisna deyil. Hər halda, sözügedən koalisiyanın yaradılmasına eyni vaxtda həm Rusiya baş nazirinin müavini Dmitri Kozak (Kişinyova səfəri zamanı), həm də ABŞ Dövlət Departamentinin Şərqi Avropa üzrə səlahiyyətli nümayəndəsi Bredli Fredenlə Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq üzrə komissarı Yohannes Xan dəstək vermişdilər. Demək, Plaxotnyuk həm Rusiya, həm də Qərb tərəfindən «qırmızı kart» görmüşdü…

Yəqin istər Kremldə, istərsə də Avro-Atlantik mərkəzdə bu qənaətə gəliblər ki, Moldovanın nəhəng oliqarxları prinsipsiz siyasətçi olduqlarından, sırf öz maraqlarından çıxış edirlər. Bu isə əlbəttə ki, onların geostrateji seçimlərinə də təsirni göstərir.

Hər halda, Moskva Plaxotnyuku ciddi tərəfdaş saymadığını göstərib. Brüssellə Vaşinqtondan gələn siqnallar isə MDP-nin Avropa İttifaqı ilə yaxınlaşmaya dair tez-tez verdiyi bəyanatlara inamın itdiyini göstərib.

Bütün bunlara baxmayaraq, yaşananlar Plaxotnyukun rəqibləri qarşısında geri çəkilmək niyyətində olmadığını göstərir. O, kozır olaraq nəzarətində olan Konstitusiya Məhkəməsinə üz tutub. Nəticədə, iyunun 7-də məhkəmə parlamentin buraxılması haqda qərar çıxarıb. Səbəb kimi deputatların 90 gün ərzində hökuməti formalaşdıra bilmədiyi göstərilir (halbuki, Moldova Konstitusiyasının 85-ci maddəsi bunun üçün konkret say deyil, 3 təqvim ayından bəhs edir). MRSP ilə ACUM da Mayya Sandunun (parlamentin spikeri postuna sosialist Zinaida Qreçaniy seçilib) rəhbərlik etdiyi koalision hökuməti iyunun 8-də, yəni, Konstitusiyanın tanıdığı 3 aylıq müddətin başa çatmasınadək elan edib. Demək, Filipin başçılıq etdiyi əvvəlki hökumətin fəaliyyət müddəti də həmin gün başa çatıb.

Buna baxmayaraq, Konstitusiya Məhkəməsi parlamentin buraxılması haqda hökm çıxarıb, Sandu hökumətini qeyri-legitim elan edib, prezident Dodonun səlahiyyətlərini əlindən alıb (Ali Məhkəmə orqanının qərarına tabe olmaqdan imtina etdiyi üçün) və prezident səlahiyyətlərinin icrasını baş nazir səlahiyyətlərini icra edən Pavl Filipə tapşırıb. Sonuncu, öz növbəsində, növbədənkənar parlament seçkisini elan etmək qərarını ləngitməyib – seçki 2019-cu il sentyabrın 6-na təyin olunub.

Plaxotnyukla MDP təzyiq vasitəsi kimi, Konstitusiya Məhkəməsinin qərarı ilə yanaşı, küçə etirazlarına da başlayıb. Partiyanın tərəfdarları Prezident Administrasiyası və bir sıra nazirliklərin qarşısında nümayişlərə əl atıb. Onlar faktiki olaraq, prezidentin istefası və parlamentin buraxılması tələblərilə bu qurumların fəaliyyətini iflic edib.

Lakin deputatlar Konstitusiya Məhkəməsinə etimadsızlıq elan edib. Onlar Moldovanın «oliqarxların ələ keçirdiyi dövlət» olduğunu bildirən bəyannamə də qəbul ediblər. Sənəddə deyilir: «Moldova Respublikasının parlamenti ölkənin yeni ali qanunverici orqanı kimi, dövlət qurumlarının, o cümlədən ədliyyə orqanlarının ələ keçirildiyini narahatlıqla bəyan edir. Ölkənin bütün vətəndaşları korrupsiyadan, hüquq institutları və məhkəmə orqanlarına oliqarx strukturları tərəfindən total nəzarətdən, vətəndaş hüquqlarının ayaqlar altına atılmasından əziyyət çəkir».

Parlamentin qəbul etdiyi bəyannamənin müəlliflərindən biri, yeni hökumətə daxili işlər naziri postunu əldə etmiş Andrey Nestase (ACUM blokunun həmsədri) isə Moldova Konstitusiya Məhkəməsini ölkə qanunvericiliyinə birbaşa zidd qərar çıxarmaqda təqsirləndirib. O, Konstitusiya Məhkəməsindən Avropa İnsan Haqları məhkəməsinə şikayət belə, edib.

Koalision hökumətin başçısı Mayya Sandu isə deyib: «Parlament və mənim başçılıq etdiyim hökumət qanuni seçilmiş hakimiyyət orqanlarıdır. Onları heç kəs buraxa bilməz… Biz qanunlara, vətəndaşların iradəsinə zidd qərarlara tabe olmayacağıq».

Prezident Dodona gəlincə, o, Filipin parlamentin buraxılması və növbədənkənar seçkinin təyini haqda qərarını ləğv edib. Ən əsası isə prezident tərəfdarlarını küçələrə çağıra biləcəyini bildirib. Yeri gəlmişkən, görünən odur ki, bu, prezidentin yeganə güc resursudur. Çünki indiki və əvvəlki çağırış parlamentin qərbpərəst deputatları vaxtilə rusiyapərəst prezidentin müvafiq səlahiyyətlərdən məhrum olunması üçün əllərindən gələni ediblər. Ayrı-ayrı qanunlar İqor Dodonu güc strukturlarına, o cümlədən Müdafiə Nazirliyinə əmr vermək səlahiyyətindən məhrum edib. Halbuki Konstitusiya dövlətin müstəqilliyinin, ölkədə siyasi sabitliyin qorunması məsuliyyətini məhz prezidentin üzərinə qoyur.

 

Qərblə Şərq arasında

Moldova prezidenti İqor Dodon yeni koalisiyanın qarşısına «dövlət institutlarının oliqarx Vladimir Plaxotnyukdan və onun başçılıq etdiyi MDP-dən xilas edilməsi hədəfini qoyduğunu» təsdiqləyib. «Biz, Moldovanın xarici və daxili siyasətlə bağlı fərqli mövqedə olan vətəndaşları ümumi hədəf üçün birləşə bilərik: Moldova kriminal, diktator rejimindən xilas olmalıdır», - deyə prezident bildirib: «Demokrat Partiyası hakimiyyəti qanunla seçilmiş parlamentdəki çoxluğa və qanuni hökumətə dinc yolla vermək istəmirsə, qarşı tərəfin beynəlxalq birliyə müraciət etməkdən başqa yolu qalmır». Prezident deyib ki, onlar ya dünya birliyini ölkədə hakimiyyətin dinc yolla ötürülməsi prosesində vasitəçiliyə çağırmalı, ya da «Moldova xalqını görünməmiş dərəcədə səfərbər olaraq dinc etirazlara başlamağa» səsləməlidirlər.

Mümkün etiraz aksiyaları haqda xəbərdarlıqlar, təbii ki, böhranın daha da dərinləşə biləcəyini göstərir. Bu halda qan töküləcəyi belə, istisna deyil. Ekspertlər isə məsələnin qanlı vətəndaş qarşıdurmasına gedib çıxmayacağını düşünür. Bu halda böhranın həllində əsas rolu xarici amillər oynaya bilər.

Hər halda, Dodonun «yeni parlament və hökumət qərbli və şərqli tərəfdaşlarımız tərəfindən tanınıb» bəyanatı təsadüf deyil. Bundan başqa, o, partiyasının Konstitusiya Məhkəməsinə xarici təzyiqlərin artmasına çalışacağını da deyib. Aydındır ki, söhbət MRSP-ACUM koalisiyasının legitimliyini tanımış Rusiya, Aİ və ABŞ-dan gedir. Bu mənada, Avropa Şurasının baş katibi Turbyorn Yanqlandın Venesiya Komissiyasına ünvanladığı sorğu da önəmlidir. O, komissiyadan Moldova Konstitusiya Məhkəməsinin son hökmünə, o cümlədən parlamentin buraxılması qərarına münasibət bildirməsini tələb edib. Venesiya Komissiyasının Moldovada yaşananların hüquqi aspektilə bağlı qərarını iyunun 21-də açıqlayacağı gözlənilir.

Bununla yanaşı, xarici mərkəzlərdən Konstitusiya Məhkəməsinin legitim hökumət kimi tanıdığı kabinetin başçısı Pavl Filip də dəstək gözləyir. Onlar xüsusilə ABŞ-ın və şəxsən Birləşmiş Ştatların Kişinyovdakı səfiri Derek Hoqanın mövqeyini dəyişəcəyinə ümidlidirlər. Məsləhətləşmənin aparılması məqsədilə Vaşinqtona çağırılmış diplomat hadisələrin beşinci günü Moldovaya qayıdıb. Bundan sonra o, Moldova prezidenti ilə danışıqlar da aparıb. Lakin bu görüş ərəfəsində Filip hökuməti tərəfindən çox gözlənilməz addım atılıb. O, bir anda Moldovanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüldüyünü elan edib. Bundan başqa, demokratların hökuməti Amerikanın Moldovadakı səfirliyi üçün binanın inşası məqsədilə torpaq satışına dair sənədi imzalayıb. Görünən odur ki, Plaxotnyuk və ətrafı bu qərarların ABŞ-ın Donald Tramp administrasiyasında onlara simpatiya yaradacağına inanır.

Parlament tərəfindən baş nazir seçilmiş Mayya Sandu isə Filipin İsraillə bağlı qərarını «ABŞ-ın təhqir olunması» kimi qiymətləndirib. O, Birləşmiş Ştatların «bu addıma və qərara lazımi qiyməti verəcəyinə» ümidini dilə gətirib. Bununla yanaşı, Sandu MDP-dən bir daha «hakimiyyətin təhvil verilməsini, dövlət qurumlarının qarşısına toplanmış insanların oradan yığışdırılmasını» tələb edib.

Bəs, Plaxotnyukun tərəfdarları bu tələblərlə razılaşacaqmı? Ümumiyyətlə, eyni vaxtda həm Konstitusiya Məhkəməsi tərəfindən buraxılmış parlamentin, həm də yeni koalisiya tərəfindən rədd olunan Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi, iki hökumətinin, prezidentinin və prezident səlahiyyətləri icraçısının olduğu ölkədə siyasi böhrana tezliklə son qoymaq mümkündürmü? Üstəlik, söhbət sosial-iqtisadi inkişafına görə Avropadan, hətta MDB-dən xeyli geri qalmış ölkədən gedir… 



MƏSLƏHƏT GÖR:

266