27 Aprel 2024

Şənbə, 08:32

İRAQDA ALOVU KİM KÖRÜKLƏYİR?

İraqlılar “dövlət və dövlətsizlik arasında” seçim edə biləcəkmi?

Müəllif:

15.10.2019

İraq yenə qarışıb. Ölkənin iri şəhərlərini, o cümlədən şimaldakı kürd administrasiyası ərazisində kütləvi etirazlar davam edir. Oktyabrın 1-dən etibarən Bağdad, Bəsrə, Nasiriyyə, Amara, Samava, Hillə, eləcə də Kərkük, Tikrit, Diyala şəhərlərində baş verən etirazlarda ölü sayının 104 nəfəri keçdiyi, 6 mindən çox insan isə xəsarət aldığı bildirilir.

 

İraqlıları özündən çıxaran general

Hər şey sentyabrın sonlarında baş nazir Adil Əbdülmehdinin Terrorla Mübarizə üzrə Xüsusi Təyinatlı Qüvvələrin komandanı general Əbdülvahab əs-Saidini vəzifəsindən azad edərək Müdafiə Nazirliyində başqa işə təyin etməsindən sonra başladı. Ancaq Saidi tək deyildi, onun rəhbərlik etdiyi hərbi hissədə bir sıra komandirlər işdən azad edilmişdi.

Baş nazirin bu qərarı ilə bağlı rəsmi açıqlama yayılmasa da, generalın işdən çıxarılması ilk etirazlara səbəb olub. Çünki general ilk gündə əmrə tabe olmaqdan imtina edib. Doğrudur, daha sonra Saadi ilə anlaşma əldə olunub və o yeni postuna getməyə razılıq verib. Ancaq artıq gec idi.

İraqda etirazların başlaması üçün Saadinin işdən çıxarılması əsas səbəbə çevrilmişdi. Məsələ ondadır ki, əs-Saadi 5 il əvvəl İŞİD-ə qarşı mübarizədə əsas qəhrəmanlardan biri olub. Terrorla Mübarizə Qüvvələrinin xüsusi təyinatlıları əsas əməliyyatları, o cümlədən 2017-ci ildə Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatını həyata keçirib və bu zaman ölkədə nüfuz qazanıb.

Yeri gəlmişkən, Terrorla Mübarizə üzrə Xüsusi Təyinatlı Qüvvələri İraqda ABŞ ordusu tərəfindən təşkil olunub və bu qüvvələrə amerikalı təlimatçılar hərbi təlim keçib. Baş komandan da daxil olmaqla bu təşkilatda yüksək rütbəli komandirlər ABŞ ordusu ilə yaxın əlaqələrə malikdir. Ümumiyyətlə, 2003-cü ildən sonra bu ölkədə ordu quruculuğunda ABŞ-ın ciddi rolu olub. Bu səbəbdən də iraqlı komandirlərin bir çoxunun ABŞ ordusu ilə əlaqələri var. Bu ilin iyulunda İraq ordusu komandirlərindən birinin ABŞ kəşfiyyatı təmsilçisi ilə danışdığı iddia olunan səs yazısı yayılmışdı. Həmin səs yazısında Ənbar vilayətində xidmət edən iraqlı komandir “Həşd-Şabi” qüvvələrinin yerləşdiyi məntəqələr barədə CİA agentinə məlumat ötürürdü.

Məhz bu məlumat yayıldıqdan sonra ordu içərisində ABŞ-la yaxın komandirlərin təmizlənməsi prosesi başlayıb. Əbdülvəhhab əs-Saidinin tutduğu vəzifədən azad edilməsi isə “kasanı daşıran son damla” olub. Amma bir qədər “geriyə boylananda” əslində tərəflərin bu hadisəni gözlədiyi anlaşılır. Məsələn, hələ avqustun sonlarında “Həşd-Şabi” qüvvələrinə daxil olan “Əsaib əl-Haqq” (İrana yaxın ) qruplaşmasının lideri Qeys əl-Xəzali yerli “İraqiyyə” telekanalına verdiyi müsahibədə deyir ki, İraq hökumətinin ölkədə ABŞ-ın siyasətinə qarşı olduğu üçün oktyabr ayında öncə sosial şəbəkələrində, daha sonra küçələrdə hökumət əleyhinə etiraz aksiyaları başlayacaq.

Əlbəttə, bu, peyğəmbərlik deyildi, faktiki olaraq hakimiyyətdə olan qüvvələr İraqın ABŞ-İran toqquşmasının növbəti cəbhəsi olacağını bilirdilər. Bunu bir neçə ay əvvəl ABŞ-ın İraqdakı səfirliyinin rəsmi səhifəsindən İran dini liderinin sərvətləri barədə paylaşımı və mayda körfəzdə gərginlik yarananda ABŞ səfirliyinə atılan raketlər də xəbərləyirdi.

İranın ərəb dünyasına “açılan qapısı” olan İraq hələ ABŞ və müttəfiqlərinin bu ölkəyə girməsinin ilk illərindən İranla ABŞ arasında rəqabət meydanı idi. İki ölkə arasında tarixi bağlar, İraq əhalinin çoxluğunun şiə olması, bir sıra kürd və şiə siyasi hərəkatlarının Səddam Hüseyn dövründə İrana sığınması Tehranın bu ölkədə təsir dairəsi yaratmasında xüsusi rol oynayıb. Və son olaraq İŞİD İraqın 1/3-ni işğal etdiyi 2014-cü ildə Vaşinqtondan əvvəl Tehran silah və təlimatçılarını İraqa göndərdi. İraqın könüllü ordusu “Həşd-Şabi” yarandıqda isə artıq bu əlaqələr xeyli möhkəmlənmişdi.

Və buna görə də İraqda ABŞ və İranın toqquşması nə zamansa olmalıydı. Çünki 2018-ci ildə ABŞ İranla “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında imzalanmış müqavilədən çıxanda Tehran qarşısında iki əsas şərtindən biri Yaxın Şərqdə silahlı qruplara dəstəyi dayandırması idi. İranın isə Yaxın Şərqdə Livandan sonra ən böyük müttəfiq gücü İraqdadır. İraq həm coğrafi olaraq İranın şərqə qapısı, Suriya, Livan və Fələstinə quru yolu, həm də hər il milyonlarla iranlının ziyarət etdiyi 12 şiə imamından 6-nın dəfn olunduğu müqəddəs ziyarətgahların yerləşdiyi torpaqdır.

 

Amerikalıların yazdığı İraq konstitusiyası

İraqın hazırkı konstitusiyası ABŞ-ın bu ölkəyə müdaxiləsindən iki il sonra, 2005-ci ildə hazırlanıb. İraq federal dövlətinin prezidenti kürd siyasətçi, parlament sədri sünni siyasətçi, baş nazir isə şiə siyasətçilər arasında seçilir. Bu, 1943-cü ildə Fransanın Livanda tətbiq etdiyi hakimiyyət bölgüsü sisteminin oxşarıdır. Livanda prezident çoxluğu təmsil edən mauruni xristianlardan, baş nazir sünni, məclis sədri isə şiələrdən seçilir.

Ancaq ölkə əhalisinin çoxluğu şiə olmasına və parlamentdə şiə partiyalarının daha çox səs almasına baxmayaraq bir qayda olaraq İraqda hökumət qurulması aylarla uzanır. Çünki 328 yerlik İraq parlamentində son seçkilərdə ən çox səs qazanan Müqtəda əs-Sədrin İraq kommunistləri ilə ittifaqı idi: Cəmisi 54 mandat. Uzun illər diktatura rejimində, ardınca isə xaos və müharibə yaşamış ölkədə normal siyasi sistem qurmaq elə də asan deyil. Demokratiya zaman alır. Bu qədər qarışıq, müxtəlif ölkələrin maraqlarının cövlan elədiyi (Dünyanın neft-qaz ehtiyatlarına görə İraq ilk “beşlikdə” yer alır – K.R.) sabit demokratiya qurmaq çətin məsələdir. Hələ bütün bunlara etnik separatizm (şimalda kürd muxtariyyəti), dini-məzhəbi bölgü, hələ də çox güclü olan qəbilə-tayfa münasibətlərini əlavə edəndə İraqda mənzərə daha aydın görünür.

 

İraqlılar nə istəyir

Bütün bu qarışıqlıq, böyük güclərin toqquşmasının ortasında qalan iraqlılar var. Hazırda 40 milyona yaxın əhalisi olan İraq 150 milyard barel neft ehtiyatı ilə dünyanın 4-cü neft ölkəsi və 3,744 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada dördüncü ölkəsidir. Və İraq həm də Küveyt və Səudiyyə Ərəbistanından sonda neftin ən az xərclə istehsal olunduğu 3-cü ölkədir.

Hazırda İraq orta hesabla gündə 5 milyon barel neft satmaqla dünyada ən çox neft satan ölkələr sırasında 4-cüdür. Lakin münbit torpaqları, ildə milyonlarla – yalnız Ərəbin ziyarəti zamanı ölkəyə bir neçə milyon xarici zəvvar gəlir – zəvvarın səyahət etməsinə, eləcə də gündəlik 5 milyon barel neft satmasına rəğmən ölkədə sosial-iqtisadi vəziyyət heç də yaxşı deyil.

Doğrudur, son 5 ildə İraqın gəlirlərinin mühüm bir hissəsi İŞİD-lə müharibəyə xərclənib. Lakin bununla belə rəsmi sənədlərə əsasən ölkəyə gələn gəlirlərin böyük bir qismi “oğurlanır”. Əhali arasında işsizlik var, dövlət müharibə nəticəsində dağılmış yaşayış məntəqələrini təmir edə bilmir, işsizlik, yoxsulluq qalır.

Üstəlik, ölkədə hələ də içməli su və elektrik enerjisi qıtlığı var. Ötən il yayda ölkənin cənubunda Bəsrə şəhərində su və elektrik enerjisi çatışmazlığına etiraz edən xalq küçələrə çıxmışdı.

İndi də şüarlar, təxmnən, eynidir. İnsanlar işsizlik, yoxsulluq, dövlət xidmətlərinin çalışmamasına, ölkəni bürümüş korrupsiyaya etiraz edir. Və eyni zamanda bütün bu etiraz şüarları içərisində İran da var. Etirazçılar İran bayrağı yandırır, dini liderin rəsmlərini cırır, İranın İraqdan çıxıb getməsini tələb edir.

Maraqlıdır ki, etirazlarda məzhəb əsaslı deyil. İlk mitinqlər şiə bölgələrində başlayıb, parlament çoxluğunun lideri, şiə din xadimi Müqtəda əs-Sədr hökuməti istefa verməyə çağırıb. Eyni zamanda o, BMT nəzarəti altında növbədənkənar seçkilər keçirməyi təklif edib.

Nüfuzlu ruhani, Ayətullah Əli Sistani hökumətə çağırış edərək etirazçıların səsini dinləməsini istəyib. Din xadimi hökuməti sosial xidmətləri düzəltməsi, yeni iş yerləri açması, korrupsiya ilə mübarizə və günahkarları cəzalandırmağa çağırıb.

Lakin maraqlıdır ki, həftə sonu İraq təhlükəsizlik qüvvələri Nəcəfdə Ayətullah Sistaniyə sui-qəsd hazırlayan qrupu ələ keçirib. Anlaşılan odur ki, İraqda suyu daha da bulandırmaq istəyənlər də var.

 

Hökumətin sosial xilas paketi

İraq nazirlər kabineti etirazçıların sosial tələblərini yerinə yetirmək üçün 17 maddədən ibarət qərar qəbul edib. Hökumətin təklifləri sırasında 100 min yoxsul vətəndaş üçün mənzillərin inşası, 150 min işsizə 3 ay müddətində aylıq 175 min İraq dinarı (təxminən 150 dollar) yardım edilməsi, Bağdadın ticarət rayonlarında 60 milyard İraq dinarı dəyərində 45 min iş yeri olan ticarət mərkəzlərinin tikilməsi, 150 min gənc üçün 3 aylıq iş kursları və kursu uğurla bitirənlərə iş yerlərinin açılması var. Müdafiə Nazirliyi isə 18-25 yaş arası gənclər üçün könüllü hərbi xidmət imkanı yaradacaq. Etiraz aksiyaları zamanı ölən əhali və hökumət qüvvələri mənsubları “şəhid” statusu alacaq və ailələri bu hüquqdan faydalanacaq. Yaralanan etirazçıların müalicə xərcləri və ehtiyaclarını hökumət qarşılayacaq. Eyni zamanda hökumət kabinə dəyişikliyi və korrupsiya ilə mübarizə söz verib.

 

Yekun əvəzi

İraqda etirazların şiddətli günlərində baş nazir Adil Əbdülmehdi demişdi ki, iraqlılar dövlət və dövlətsizlik arasında seçim etməlidir. Baş nazir haqlıdır, əgər bu etirazlar bu şəkildə davam etsə tezliklə İraqı növbəti xaos və müharibə bürüyə bilər. Yeni formalaşmaqda olan İraq dövləti isə bunu qaldıra bilməz. Nəzərə almaq lazımdır ki, İraq adlı ölkə son min ildə, Abbasilərdən sonra əyalət olub. 1921-ci ildə isə Osmanlı İmperiyasının Bağdad, Bəsrə və Mosul əyalətlərini birləşdirən ingilislər yeni İraq krallığı yaratdılar və Hicaz kralı Hüseynin oğlu Faysalı kral elan etdilər. Amma İraqda nə 1958-ci ilə qədərki monarxiya, nə də ondan sonrakı avtoritarizm kölgəsindəki respublika sabitlik və rifah gətirmədi. Dünya mədəniyyətinin beşiyi indi var olmaq mübarizəsi aparır. Böyük güclərin nüfuz mübarizəsi, zəngin enerji resursları, həddən artıq mühüm coğrafi nöqtədə yerləşməsi əslində üstünlük, dividend gətirmək əvəzinə İraq xalqının başına bəla olub. “Neftdən qan qoxusu gəlir” ifadəsinin İraqda yaranması təsadüf deyil, illərin acılarının nəticəsidir. Amma durum çarəsiz də deyil. İraqlılar açarın nə ərəb qardaşları, nə iranlı məzhəbdaşları, nə də okeanın o tayından gələnlər olmadığını anlayıb, çarəni özlərində axtaran qədər İraq hələ bu burulğanda bulanacaq.



MƏSLƏHƏT GÖR:

288