27 Aprel 2024

Şənbə, 08:54

TRAMPLA BAYDENİN «KARTDAN EV»İ

yaxud, niyə ABŞ-dakı seçki mübarizəsindən ən çox uduzan Ukrayna prezidenti oldu?

Müəllif:

15.10.2019

ABŞ-ın Nümayəndələr Palatasında çoxluğa malik Demokratlar Partiyasının təmsilçiləri sentyabrın 24-də prezident Donald Trampla bağlı impiçment proseduruna formal olaraq start verdiklərini bəyan ediblər. Spiker Nensi Pelosinin sözlərinə görə, yekun səsvermə artıq noyabrın sonlarında keçirilə bilər. Güman ki, ABŞ Senatı (impiçmentin qüvvəyə minməsi üçün buradakı qanunvericilərin ən azı üçdə ikisinin dəstəyi lazımdır) prezidenti günahkar saymayacaq. Lakin Amerikanın daxili siyasətində son illər yaşanmış sürprizləri nəzərə alsaq, hər şey mümkündür.

Bütün bunların fonunda nə qədər qəribə səslənsə də, ən pis vəziyyətdə qalmış şəxs Ağ Evin sahibi yox, Ukrayna prezidenti Vladimir Zelenskidir. O, özü də istəmədən, Amerikada artıq «Ukrgeyt» adlandırılan siyasi qalmaqalın düz mərkəzinə düşüb.

 

Faydalı impiçment

Trampla bağlı impiçment hazırlığına səbəb onun Zelenski ilə iyulun 25-də apardığı telefon danışığıdır. Liderlərin söhbəti Amerika xüsusi xidmət orqanlarındakı anonim mənbə sayəsində üzə çıxıb (oktyabrın əvvəlində ikinci anonim mənbə də peyda olub). Demokratlar bu haqda məlumatları ayrı-ayrı dövlət məmurlarından aldıqlarını deyirlər.

İki prezident arasındakı söhbətə əsaslanan demokratlar deyir ki, Tramp öz siyasi maraqları naminə Zelenskiyə təzyiq göstərib. Konkret desək, o, ABŞ-ın sabiq vitse-prezidenti Co Baydenin oğlu Hanter Baydenlə bağlı istintaqın başlanmasını istəyib. Məsələ ondadır ki, oğul Bayden 2014-2019-cu illərdə Ukraynanın ən nəhəng özəl qaz şirkəti olan «Burisma Group»un Direktorlar Şurasında yer alıb. Sonralar həmin şirkətə qarşı ciddi ittihamlar irəli sürülüb: vergidən yayınma, çirkli pulların yuyulması və dövlət vəsaitinin mənimsənilməsi.

Məsələnin maraqlı tərəfi Co Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkisində demokratların namizədi olmaq niyyətidir. Beləliklə, məntiqə görə Hanter rəqibin sıradan çıxarılması üçün ən düzgün və qısa yoldur.

Amma məsələ çox qəlizdir. Çünki qalmaqala cəlb olunmuş yüksək rütbəli siyasətçi və diplomatların sayı həddindən artıqdır. Məsələn, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə sabiq xüsusi nümayəndəsi Kurt Volker, dövlət katibi Mayk Pompeo, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Mari Yovanoviç, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Bill Teylor, ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondland və s. Vəzifələrini bu yaxınlarda itirmiş bəzi şəxsləri də «öz sözünü deyə bilər». Məsələn, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Con Bolton, Milli Təhlükəsizlik Şurasında Avropa və Rusiya üzrə direktor olmuş Fiona Hill, Milli Kəşfiyyatın sabiq rəhbəri Den Kouts və s.

Ümumilikdə, baş verənlərə Trampın mövqeyindən baxdıqda, mənzərə belədir: Ata Bayden ABŞ-ın vitse-prezidenti olduğu 2016-cı ildə Ukrayna hökumətindən ölkənin ovaxtkı baş prokuroru, «Burisma» ilə bağlı işi araşdıran Viktor Şokinin vəzifədən kənarlaşdırılmasını istəyib. O, bu halda Ukraynaya kredit verilməsi prosesinin davam etdiriləcəyini söyləyib və 2018-ci ilin yanvarında Beynəlxalq Münasibətlər Şurasındakı müzakirələrdə bu haqda şəxsən danışıb. Şokinin sözlərinə görə, (məlumatı «Fox News» Trampın şəxsi hüquqşünası, sabiq prokurorla 2019-cu ilin yanvarında şəxsən görüşmüş Rudolf Culianiyə istinadən yayıb) «Burisma» ilə bağlı istintaq məhz hökumətin «ABŞ-dan qorxması üzündən» dayandırılıb. Hələ 2015-ci ilin yayında Amerikanın Ukraynadakı səfiri Ceffri Payet istintaqa «həssas» yanaşmanın vacibliyini deyibmiş. 2016-cı ilin martında isə Şokin guya Viktor Yanukoviçin dövründən qalmış korrupsiyanın öhdəsindən gələ bilmədiyi üçün istefaya göndərilib.

Vəziyyətə Baydenin prizmasından yanaşsaq, əsas arqument Hanter Baydenin «Burisma» işinə aidiyyətinin olduğunu sübut edən birbaşa məlumat və dəlilin yoxluğudur. Bunu Şokini əvəzləmiş Yuri Lutsenko da təsdiqləyir. Lutsenko Rudolf Culianinin onu Baydenlə bağlı istintaqa başlaması üçün az qala təqib etdiyini, Trampla Zelenskinin də bundan danışdıqlarını bildirib.

Ata Bayden öz növbəsində, Şokinin istefaya göndərilməsində israr etdiyini gizlətmir, lakin bunu sırf Kiyevin maraqları naminə etdiyini deyir. Baydenin silahdaşları isə əks-arqument kimi bir sualla çıxış edirlər – ABŞ administrasiyası Trampın Zelenski ilə telefon danışığından, təxminən, 1 həftə əvvəl Kiyevə Konqresin də təsdiqlədiyi 391 milyon dollarlıq hərbi yardımı dondurub və bunun səbəbi açıqlanmayıb. Tramp yardımın dondurulması haqda qərar verərkən nəyə əsaslanıb? Hesab olunur ki, telefon danışığında Tramp bu haqda açıq şəkildə danışmasa da, bu da Ukrayna hökumətinə təzyiq xarakteri daşıyır.

Ağ Evin rəhbəri ukraynalı həmkarından Baydenlə bağlı istintaqa başlanılmasını istədiyini etiraf edir. Lakin ata Bayden kimi, o da bunu Ukraynada korrupsiyanın kökünün kəsilməsini istədiyi üçün etdiyini deyir. Bununla yanaşı, Tramp ABŞ-ın sabiq vitse-prezidentinə qarşı Çində də analoji araşdırmalara başlanılmalı olduğunu düşünür. Söhbət Co Beydenin Pekinə 2013-cü ildə etdiyi səfərdən gedir. Həmin səfər zamanı atasını müşayiət etmiş Hanter orada yerli biznesmenlərlə görüşmüşdü.

Mümkün impiçmentə gəlincə, Tramp onu «əcinnə ovu», «cəfəngiyyat», «dövlət çevrilişi» adlandırır. Prezidentin fikrincə, bu, ABŞ-da vətəndaş müharibəsinə səbəb ola bilər. Tramp bu məlumatı yaymış Adam Şifflə bağlı şəxsi məlumatların toplanacağını deyib, onun «dövlətə xəyanət» ittihamı ilə saxlana biləcəyini belə, istisna etməyib. Qeyd edək ki, Nümayəndələr Palatasının kəşfiyyat işləri komitəsinin rəhbəri olan demokrat Şiff faktiki olaraq, dövlət başçısının vəzifədən kənarlaşdırılmasına yönəlmiş araşdırmalara başçılıq edir. Yeri gəlmişkən, Zelenski Trampla telefon danışığı zamanı təzyiq hiss etmədiyini deyir.

ABŞ tarixində Nümayəndələr Palatası yalnız 2 prezidentlə bağlı impiçment qərarı qəbul edib, lakin bu qərarların heç biri Senatdan keçməyib. İlk belə hal 1868-ci ildə Endrü Consonla bağlı yaşanıb. İmpiçment proseduru ilə üzləşmiş ikinci prezident Bill Klinton olub. Onunla bağlı belə qərar 1998-1999-cu illərdə Monika Levinski məsələsində ədalət mühakiməsinə mane olduğu üçün çıxarılmışdı.

Az qala impiçmentlə bitəcək ən qalmaqallı hadisə isə 1974-cü ildə Utorgeyt işində yaşanıb. O zaman prezident Riçard Nikson məsələ senata çıxarılmadan istefa vermişdi.

Trampla bağlı məsələ isə tam fərqlidir. Bənzər halla üzləşmiş Conson, Klinton və Nikson təkrar prezident seçilmək uğrunda mübarizə aparmırdılar. Tramp isə artıq seçki qərargahını formalaşdırıb. ABŞ Konstitusiyası ona impiçment prosedurunun müsbət sonluqla bitəcəyi təqdirdə, belə, 2020-ci ildə keçiriləcək seçkiyə qatılmaq hüququ verir.

Bu arada respublikaçılar əmindir ki, demokratların bu təşəbbüsü Trampın populyarlığını daha da artıracaq. Hər halda, seçki fonduna ianə axını artıq xeyli artıb. Tramp özü isə bildirib ki, «heç kəs rezümesində impiçment olmasını istəməz», amma «o, Kevini spiker edəcək». Burada söhbət Senatdakı respublikaçı azlığın lideri Kevin Makkartidən gedir – Tramp bunu deməklə respublikaçıların Nümayəndələr Palatasında çoxluq əldə edəcəyinə işarə vurur. Üstəlik, əsas «kozır» – artan iqtisadi göstəricilər – də Trampın əlindədir.

 

Təhlükəli realiti-şou

Bütün bunların fonunda impiçment tarixçəsindən ən çox zərərçəkmiş Tramp və ya Bayden deyil, Zelenski görünür. Ukrayna prezidenti ən azı tərəflərdən hansının yanında olacağı ilə bağlı qərar qəbul etməlidir. Bir tərəfdə hələ 1 ildən artıq səlahiyyət müddəti qalmış və təkrar prezident seçilmək şansları kifayət qədər yüksək olan Tramp, digər yanda uğur qazanmaq şansı az olmayan Bayden və ümumilikdə, demokratlar. Bütün bunlar isə ölkənin cənub-şərqindəki münaqişənin həllinə yönəlmiş yeni addımlarla eyni vaxta təsadüf edir və bu Zelenski üçün həqiqətən möcüzəvi təsadüfdür. Söhbət «Ştaynmayer formulu»ndan gedir. İlk dəfə 2016-cı ildə Almaniyanın ozamankı xarici işlər naziri Frank-Valter Ştaynmayer tərəfindən təklif olunmuş formul özündə Donbas üzrə Minsk razılaşmasının reallaşdırılması mexanizmini əks etdirir. Sənəd Ukraynanın şərqində beynəlxalq müşahidəçilərin iştirakı yerli seçkinin keçirilməsini nəzərdə tutur. Əgər ATƏT seçkinin şəffaf, ədalətli keçdiyinə, xalqın iradəsini əks etdirdiyinə qərar verərsə, Donbasa xüsusi status veriləcək. Amma formulun reallaşdırılması ilə bağlı konkretliyə gəldikdə, tərəflərin bu məsələdə mövqeyi üst-üstə düşmür. Sərhədlərə nəzarətin kimə və nə vaxt verilməli olduğu xüsusi ziddiyyətli məqamdır.

Avropa İttifaqı ilə ABŞ Donbasla bağlı danışıqların «ölü nöqtə»dən tərpənməsini məmnunluqla qarşılayıb. Lakin «Ştaynmayer resepti» Ukraynanın özünü artıq ikinci dəfə iki düşərgəyə bölüb – ölkədə «Təslimçiliyə yox!» şüarı ilə etirazlar başlayıb. Əsas narahatlıq ondadır ki, seçkinin qanunvericiliyə uyğun keçirilib-keçirilmədiyinə dair qərarı Ukrayna deyil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu verəcək və Donbasa «xüsusi status»un verilməsi presedentə çevrilərək, siyasi separatizmə yol aça bilər.

Daha bir narahatlıq var: hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə, hazırkı prezidentdən və onun əsas himayədarı sayılan oliqarx İqor Kolomoyskidən narazı olan qüvvələr vətənpərvərlik maskası altında revanş almağa çalışa bilər. İndi, Ukrqeyt və «Ştaynmayer formulu»nun imzalanması sayəsində Kiyev dünya birliyinin diqqət mərkəzinə düşüb. İndi amerikalı siyasətçilərdən, avropalı tərəfdaşlardan tutmuş, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlaradək hər kəs bu ölkədə yaşananları daha diqqətlə izləyir. Yeri gəlmişkən, BVF təmsilçiləri sentyabrda Kiyevə səfər etsələr də, oradan əməkdaşlıq proqramı üzrə yeni razılaşma imzalamadan qayıdıblar. Görünür, onlar gözləmə mövqeyinə çəkiliblər – hər kəs yeni prezident Zelenskinin hansı addımları atacağını görmək istəyir. Beləliklə, bir məsələ dəqiqdir: Ukrqeyt nə Moskva ilə çətin danışıqlarda, nə də ümumilikdə beynəlxalq arenada Ukraynanın xeyrinə işləyib. Məsələn, ukraynalılar ən azı Kurt Volkeri itiriblər. Halbuki o, Ukraynanın maraqlarının əsas tərənnümçülərindən biri sayılırdı. Bu, Vaşinqtonda qızışmaqda olani impiçment oyununun əsas nəticələrindən biri sayıla bilər.

Bu arada Amerika KİV-də baş verənlərə mənfi münasibət getdikcə artır. Mətbuat yazır ki, bütün bunlar ABŞ-ın müttəfiq və himayədar imicinə zərbə vurur. İndi xarici tərəfdaşlar amerikalı siyasətçilərlə istər işgüzar, istərsə də özəl ünsiyyət zamanı ehtiyatla davranmağa çalışacaqlar.

Yeri gəlmişkən, Ukrayna prezidenti etiraf edib ki, Ağ Evin onun Trampla telefon danışığının tam stenoqramını açıqlayacağını gözləmirmiş. Zelenski onunla bu məsələ ilə bağlı əlaqə saxlanmadığını da söyləyib.

Doğrudur, demokratlarla respublikaçıların xarici siyasi prioritetləri və stratgiyası fərqlidir. Lakin Amerikanın növbəti prezidenti siyasi kursunu, yaxud müttəfiqlərini kəskin şəkildə dəyişərsə, özündən əvəlki liderin razılaşmalarını ləğv edərsə, Vaşinqtona qarşı ümumi inamsızlığın yaranması qaçılmazdır.

İkincisi, ABŞ-ın daxili siyasəti bu dəfə, deyəsən, həddindən artıq kəskin xarakter alıb. Halbuki, sanki, Amerikada seçkinin fasiləsiz (Senata, Konrqesə seçkilər, aralıq seçkiləri, praymeriz və s.) və kifayət qədər qalmaqallı proses olduğuna hər kəs çoxdan öyrəşmişdi. Bu, sanki, istənilən iştirakçısının hər an oyundan uzaqlaşdırıla biləcəyi, yaxud xoşbəxtlik bileti qazanaraq həyatını dəyişəcəyi «realiti-şou»dur. Bu, güclü kompromatlar, ciddi yoxlanılmış addımlar oyunu, müxtəlif qrupların və sponsorların intriqa oyunlarıdır – kimin pulu çoxdur, kim daha xarizmatik görünür, kim fikrini daha məharətlə söyləyir və kim «amerikan arzusu» obrazına daha uyğun gəlir…

Vəziyyətə partiya emosiyalarını kənara qoyaraq baxdıqda belə çıxır ki, istər Bayden, istərsə də Tramp vəzifənin verdiyi imkanlardan şəxsi hədəflərinə nail olmaq üçün istifadə edib. İndiyədək biz Hollivud filmlərində dəfələrlə belə ssenarilərlə rastlaşmışıq. Elə məşhur «Kartdan ev» serialını xatırlamaq kifayətdir. Odur ki, bu janra əsasən, impiçmentə hazırlıq prosesi getdikcə daha da qızışmalıdır. Burada ən narahatedici məqam sırf amerikan şousu olan bu oyunun, həqiqətən, beynəlxalq miqyas almağa başlamasıdır.



MƏSLƏHƏT GÖR:

309