27 Aprel 2024

Şənbə, 00:26

MARAQLARIN SAVAŞI

Amerika-Türkiyə münasibətlərindəki görünməmiş gərginlik beynəlxalq siyasətə necə təsir göstərəcək?

Müəllif:

15.11.2019

Türkiyə prezidentinin Vaşinqtona səfərinin baş tutub-tutmayacağı, demək olar ki, son anadək sual altına idi. Birləşmiş Ştatların dövlət başçısı Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə, üz-üzə danışmağa dəvət etsə də, sonuncunun dəvəti rədd etməsi üçün kifayət qədər arqumentləri vardı. Onlardan ən ciddisi isə əlbəttə ki, ABŞ Konqresinin Nümayəndələr palatasının elə bu günlərdə qəbul etdiyi və Ankaranın maraqlarına tam zidd olan 2 qətnamə idi. Qətnamələrdən birincisi Türkiyənin maliyyə sisteminə yeni sanksiyaların tətbiqini nəzərdə tuturdusa, ikinci sənəd «Osmanlı imperiyasında erməni soyqırımı»nın tanınması ilə bağlı idi.

 

Qısqanc Amerika

Konqresmenlərin qəbul etdiyi bu sənədlər, şübhəsiz ki, Türkiyənin ilk növbədə Yaxın Şərqdə yürütdüyü müstəqil siyasətə görə özünəməxsus cəzalandırılmasıdır. Hər halda, Suriyanın parçalanması planının daha çox Ankaranın səylərilə pozulduğu ortadadır. Parçalanma planı Suriyanın şimalında kürd dövlətinin yaradılmasını da nəzərdə tuturdu ki, bu da Türkiyənin təhlükəsizliyinə, ərazi bütövlüyünə təhdid idi.

Birləşmiş Ştatları daha da hiddətləndirən isə Ankaranın uğurlu «Suriya siyasəti»nin Rusiya və İranla sıx əməkdaşlıq halında reallaşdırılmasıdır. Türkiyə ilə yanaşı, bu iki dövlət də «Astana formatı» çərçivəsində Suriya münaqişəsinin siyasi yolla həllinin qarantı kimi çıxış edirlər.

Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı memorandumun imzalanması isə deyəsən, amerikalı strateqləri lap özündən çıxarıb. Əslində, bu sənəd Qərbin, ilk növbədə, ABŞ-ın vahid Suriyanın məhv olacağına, regionda marionet kürd dövlətinin yaradılacağına (o, ABŞ-ın maraqlarının təminilə məşğul olmalı idi) ümidinin üzərindən birdəfəlik xətt çəkib.

Vaşinqton strateqlərinin bu planının gerçəkləşməsi regional fövqəldövlət olan Türkiyəni ciddi şəkildə zəiflətməli, Rusiya ilə İranı isə praktik olaraq, Yaxın Şərqin nüfuzlu oyunçuları statusundan məhrum etməli idi.

Məlum olduğu kimi, Türkiyə əvvəllər Vaşinqtondan hərtərəfli dəstək alan kürd terror birləşmələrini elə ABŞ-la razılıq əsasında zərərsizləşdirməyə çalışırdı. Lakin amerikalılar bu məsələdə üzərlərinə götürdükləri öhdəliklərə heç cür əməl etmək istəmirdi. Məhz bu üzdən sonda Ankara problemin öhdəsindən təkbaşına gəlməyə qərar verdi. Bu məqsədlə o, kürd terrorçularının neytrallaşdırılmasına, suriyalı qaçqınların vətənə dönməsinə hesablanmış «Sülh budağı» hərbi əməliyyatına başladı. Bunun ardınca Türkiyə Rusiya ilə də müvafiq razılığa gəldi və bu, həm Ankaranın hərbi əməliyyatları dayandırmasına, həm də kürd silahlı birləşmələrinin sərhəddən çəkilməsinə, Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasına imkan verdi.

Beləliklə, Moskva ilə Ankara Suriya münaqişəsinin həllinin taktiki aspektlərinə fərqli yanaşmalarına rəğmən, nəinki razılığa gəlmək, həm də razılaşmanı reallaşdırmaq nümunəsi göstərdilər. Bu iki dövlətin birgə səyləri əslində, vahid Suriya dövlətinin suverenliyinin və ərazi bütövlüyünün bərpasının qarantıdır. Bu isə Qərbin Yaxın Şərqdə ilk növbədə, ABŞ və onun regional müttəfiqlərinin maraqlarına uyğun yenidənqurma planlarına tam ziddir.

Vaşinqtonu qıcıqlandıran daha bir məsələ Ankara ilə Moskvanın fəal hərbi əməkdaşlığıdır. Xüsusilə Türkiyənin Rusiyadan «S-400» zenit-raket kompleksləri alması Ağ Evi əməlli-başlı qəzəbləndirib. ABŞ Ərdoğanın bu siyasətindən ciddi şəkildə narazı olduğunu hər imkanda ortaya qoyur. İndi, amerikalılar deyir ki, Türkiyə ilə ikitərəfli münasibətlərin normallaşması yalnız Ankaranın Moskva ilə hərbi-texniki sahədə artıq strateji xarakter almış əməkdaşlığı dayandırması halında mümkündür. ABŞ KİV-nin məlumatına görə, Tramp böhranın aradan qaldırılması üçün Ərdoğana 100 milyard dollarlıq ticarət sazişi də təklif edib. O, bildirib ki, Ankaranın «S-400»lərdən imtina edəcəyi təqdirdə, Türkiyəyə tətbiq olunmuş sanksiyalar ləğv oluna bilər. Lakin Türkiyə prezidenti ABŞ səfəri ərəfəsində Trampın təklifinin onları qane etmədiyinə açıq eyham vurub: «Biz Rusiyadan zenit-raket komplekslərini ona görə almamışıq ki, sonradan onlardan imtina edək».

 

Prinsipsiz «erməni kartı»

ABŞ-ın Türkiyə əleyhinə atdığı addımlar sırasında «erməni soyqırımı»nın tanınmasına dair qətnamənin qəbulu xüsusilə maraqlıdır. Bu, bir daha göstərir ki, Birləşmiş Ştatlar və Qərb «erməni məsələsi»ndən sırf Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir. Odur ki, amerikalı konqresmenlərin davranışlarında tarixi həqiqət, ədalət kimi dəyərlərə əsaslandıqlarını söyləmək mümkün deyil.

Qətnamənin qəbulu prosesində daxili siyasi aspekt özünü kifayət qədər aydın göstərir. Bəli, onu prezident Trampın bəzi partiyadaşları – respublikaçı konqresmenlər də dəstəkləyib, lakin görünən odur ki, qətnamənin qəbulu demokratların əslində Türkiyə ilə münasibətlərin daha da pisləşməsini istəməyən Tramp administrasiyasına qarşı apardıqları kampaniyanın tərkib hissəsidir (hər halda, Ankaraya dəyəri 100 milyard dollar olan sövdələşmənin təklif olunması hazırkı administrasiyanın Türkiyə ilə münasibətləri tam pozmaq istəmədiyini göstərir).

Lakin Konqresin Nümayəndələr palatasında «soyqırım» qətnaməsinin qəbulu faktının özü, üstəlik, onun məhz indi qəbul olunması qətiyyən təsadüf deyil.

Amerika siyasi elitasının bir hissəsi müxtəlif səbəblərdən ermənilərə simpatiya bəsləyir. Onlar Türkiyənin maraqlarına və tarixi həqiqətlərə zidd olaraq, «erməni soyqırımı»nın tanınmasına çoxdan çalışır. Lakin bu addım indi, qətnamənin qəbulunun Vaşinqton-Ankara münasibətlərinə ciddi zərbə vura bilməyəcəyi anda atılıb. Ən azı ona görə ki, hazırda iki ölkə arasında münasibətlər, onsuz da, görünməmiş dərəcədə pisdir. Odur ki, Amerika-Türkiyə münasibətləri belə gərgin olmasaydı, «soyqırımı» qətnaməsi heç bir halda ortaya çıxmayacaqdı. Bu, onun siyasi motivini bir daha ortaya qoyur.

Lakin «soyqırımı»dan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə olunması, onun Qərblə Türkiyə arasında alver obyektinə çevrilməsi, görünür, erməniləri o qədər də narahat etmir. ABŞ-dakı erməni təşkilatlarının, məsələn, Amerika Erməni Assambleyası və Amerika Milli Erməni Komitəsi nümayəndələrinin bu haqda dedikləri də təsadüf deyil. Onlar etiraf edirlər ki, qətnamənin qəbuluna nail olmaq üçün bütün ölkə boyu fəalları «ayağa qaldırıblar», sənədlərin hazırlanmasında iştirak ediblər, «Konqres üzvlərilə sıx işləyiblər» və «sözün əsl mənasında, Kapitolidəki bütün kabinetləri gəziblər». Sonda Ermənistanın baş naziri Nikol Paşinyan qətnamənin qəbulunu alqışlayıb, Ermənistan Xarici İşlər Nazirliyi isə ABŞ Nümayəndələr palatasının üzvlərinə «296 saylı qətnamənin səsə qoyulması zamanı göstərdikləri qətiyyətə görə» dərin minnətdarlığını bildirib.

Bəs, amerikalı qanunvericilərin qəbul etdikləri anti-türk qətnaməsi Ermənistanın özünə nə vəd edir? Aydındır ki, Azərbaycan ərazilərinin işğalını davam etdirən, müasir dünyanın gözü qarşısında hansısa uydurma deyil, azərbaycanlılara qarşı real Xocalı soyqırımını törətmiş Ermənistan hər hansı ölkə, o cümlədən Amerika siyasətçilərinin Türkiyəyə qarşı apardığı oyunlardan heç nə qazanmayacaq. Qondarma soyqırımla bağlı qətnamənin qəbulunun yeganə nəticəsi İrəvanın türk qonşuları ilə münasibətləri qaydaya salmasının daha da çətinləşməsi olacaq. Bu isə Ermənistanı hərtərəfli inkişaf perspektivindən məhrum edir. Üstəlik, Türkiyənin amerikalıların hər hansı aksiyası qarşısında geri çəkilməyəcəyi bəllidir.

 

Yenilməz Ankara

Türkiyənin Vaşinqtonun təzyiqlərinə boyun əyməyəcəyini prezident Rəcəb Tayyib Ərdoğan da təsdiqləyib. O, ABŞ-a səfəri ərəfəsində bildirib ki, «tarixi soyqırımlar, quldarlıq və müstəmləkəçiliklə dolu olan ölkə Türkiyəyə heç bir məsələdə ağıl verə bilməz».

Amerikalı qanunvericilərin qəbul etdikləri qətnamələri Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da tənqid edib. Nahir onları «yanlış», «tarixi və hüquqi əsası olmayan sədələr» adlandırıb. Çavuşoğlu bildirib ki, «layihələri iflasa uğramış qüvvələr köhnəlmiş qətnamələrə müraciət edir. Onlar bu yolla qisas aldıqlarını düşünürlərsə, yanılırlar».

Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə «erməni soyqırımı»nın tanınmasını nəzərdə tutan qətnaməni «tarixin siyasiləşdirilməsinə biabırçı nümunə» adlandırıb. O, deyib ki, ABŞ «əvvəlcə öz tarixinə baxmalı, dəstəklədikləri terrorçu «Kürd Fəhlə Partiyası» ilə ASALA-nın qanlı keçmişinə nəzər yetirməlidir».

Bəs ABŞ-ın ard-arda atdığı anti-türk addımları qarşısında Ankara Vaşinqtonla onsuz da gərgin olan münasibətlərini daha da ağırlaşdıracaq siyasi qərarlar qəbul edəcəkmi? O, dünyanın ən qüdrətli fövqəldövlətilə münasibətlərin tamamilə pozulması yolunu seçəcəkmi? Buna böyük ölçüdə, şübhəsiz ki, Ərdoğanın ABŞ-a səfəri və Donald Trampla danışıqlarından sonra aydınlıq gələcək. Hələlik yalnız bir şey söyləmək mümkündür: ABŞ Türkiyəyə qarşı siyasətini sərtləşdirməkdə davam edərsə, Amerikanın bu ölkənin ərazisindəki (İncirlik) hərbi bazasının gələcək taleyi sual altına düşəcək. Bu isə Türkiyənin NATO üzvü kimi mövqeyinə ciddi zərbə ola bilər. Üstəlik, Türkiyə XİN-i Vaşinqtonun Ankaraya qarşı sanksiya siyasətini «alyansın ruhuna uyğun olmayan» davranış kimi qiymətləndirib.

Türkiyə ən azı hələlik NATO çərçivəsində ABŞ ilə müttəfiq münasibətlərindən imtina etmir. Türkiyə prezidentinin bu qədər əsaslara rəğmən, ABŞ-a yollanmaq, amerikalı həmkarı ilə danışıqlar aparmaq qərarı verməsi də bunu göstərir.



MƏSLƏHƏT GÖR:

299