30 Aprel 2024

Çərşənbə axşamı, 06:44

QIZILIN «QIZIL ƏSRİ»

Əlvan metallar getdikcə daha çox ən əlverişli sərmayə aləti kimi özünü təsdiq edir

Müəllif:

01.12.2019

Bu il ərzində dünya bazarlarında qızılın qiyməti unsiya üçün ilin əvvəli ilə müqayisədə 15% və ya 189,6 dollar artaraq 1470,9 dollar/unsiya təşkil edib. Bundan əlavə, mütəxəssislərin fikrincə, bu heç də son hədd deyil – artım meyli yaxın gələcəkdə də davam edəcək. Düzdür, Amerika investisiya bankı «Citigroup Inc.» ilin sonuna qədər qızıl qiymətləri ilə bağlı proqnozu 5,7%-ə qədər, yəni 1755$-dan $1485-ə endirib və bank mütəxəssisləri artıq orta müddət üçün qiymətin, demək olar ki, rekord səviyyəyə çatacağını proqnozlaşdırırlar. Belə bir proqnoz qlobal böhran risklərinin artmasına, eləcə də bir çox ölkələrin mərkəzi banklarının bu qiymətli metala tələbinin artmasına əsaslanır

Qlobal maliyyə şirkəti «Merrill Lynch International» da qızılın qiymətinin 2 min dollaradək artacağını gözləyir. Bunun fonunda bu qiymətli metala yatırımlar da artır.

 

Qoruyucu aktiv

Qeyd etmək lazımdır ki, bir çox digər strateji mallar kimi dünya bazarlarında qızılın qiyməti də geosiyasi amillərdən çox asılıdır. 2019-cu ildə ABŞ və Çin arasında gedən "ticarət müharibəsi" haqqında xəbərlər fonunda onun dəyəri çox titrəyirdi. Belə ki, ölkələr arasında müəyyən bir yaxınlaşma və "döyüş" əhvalının zəifləməsindən dərhal sonra noyabrın sonlarında qızılın qiyməti düşməyə başladı. Ekspertlər bu meylin qısamüddətli olduğuna inanırlar, çünki "barışıq" olduqca qeyri-sabit görünür.

Ancaq bir qədər azalmanı blə nəzərə alan analitiklər başa çatmaqda olan ilin 2010-cu ildən bu yana qızıl ixracatçıları üçün ən yaxşı olduğunu qeyd edirlər. Ən yüksək göstərici sentyabrın 4-də əldə edilib və 1560.4 dollar/unsiya təşkil edib – bu sərmayəçilərin sərbəst kapitalı qızıla yatırmağa davam etməsi üçün yetərincə güclü stimuldur. Statistikaya görə, sarı əlvan metala sərmayələrin indiki səviyyəsi sonuncu dəfə 2012-ci ildə qeydə alınıb.

Dünya Qızıl Şurasının məlumatına görə, 2019-cu ilin birinci yarısında mərkəzi banklar tərəfindən xalis qızıl satınalmaları 247,3 ton təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur.

Ümumi fonda mərkəzi bankların ehtiyatlarını xüsusilə fəal şəkildə artıran 10 ölkə fərqlənir. Bu qiymətli metalın ən böyük artımı Rusiyada müşahidə olub (75 tondan çox olub), Çin (60 tondan çox) və Türkiyə (təxminən, 50 ton) də fərqlənib. Qazaxıstan və Özbəkistan ikisi birlikdə 20 ton qızıl aldılar. Qalan qızıllar Hindistan, Ekvador, Qətər, Kolumbiya və Qırğızıstan tərəfindən əldə edilib.

Analitiklərin fikrincə, mərkəzi bankların siyasəti özəl sərmayəçilərə göstərməlidir ki, inflyasiyaya meyilli və zamanla alıcılıq qabiliyyətini itirən kağız valyutalardan fərqli olaraq, qızılın uzunmüddətli perspektivdə əmanətlərin qorunmasında mühüm rol oynayır.

Qiymətli kağızların gəlirliliyinin mənfi göstəriciləri fonunda mərkəzi bankların ardınca qızılı birjalar və fondlar alır. Yalnız bu ilin avqust ayında onların qızıla sərmayələrinin həcmi 6 milyard dollara çatıb. Nəticədə, onların sərəncamında olan qızılın həcmi 4,7% artaraq, 2733 tona çatıb. İlin əvvəli ilə müqayisədə artım 10,4% olub.

Bununla yanaşı, analitiklər dünyada qeyri-sabit geosiyasi vəziyyəti, eləcə də maliyyə bazarlarındakı meyilləri nəzərə alaraq, hesab edirlər ki, sərmayəçilərin qiymətli metallara tələbi yüksək səviyyədə qalacaq. Məsələ bundadır ki, mərkəzi bankların pul siyasəti faiz dərəcələrini aşağı salmağa və yeni pullar çap etməklə kağız valyutanı getdikcə dəyərsizləşdirməyə meyillidir.

Bundan əlavə, treyderlərin qeyd etdiyi kimi, qızıl hələ də dünya iqtisadiyyatları əsas qoruma aktividir. Bir sıra ölkələrdə gerçəkləşdirilən dollarsızlaşdırma siyasəti də sarı əlvan metala qoyulan investisiyanın artmasının əsas səbəblərindən biridir. Belə ki, Rusiya və Türkiyə də daxil olmaqla bəzi ölkələr dollardan asılılığı azaltmaq üçün dollar ehtiyatlarını qızıla çevirməyə başlayıblar.

Dünya iqtisadiyyatının böyüməsi ilə bağlı elə də ürəkaçan olmayan proqnozlar "qızıllaşma" meylinin davam edəcəyinin lehinə danışır. Müşahidə olunan böhran motivləri və qeyri-sabitlik çoxlarını sərbəst maliyyə toplamaq və saxlamaq üçün “köhnə yaxşı” alət barədə yenidən düşünməyə məcbur edir.

 

Azərbaycan üçün ikiqat effekt 

Bir sözlə, qızıla tələbat artır və Azərbaycanda bu meyli olduqca diqqətlə izləyirlər. Bu ilin 30 sentyabr tarixinə olan vəziyyətə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan qızılın həcmi 100,66 ton (təxminən 3,2 milyon Troya unsiyası) təşkil edib. Fondun investisiya portfelindəki qızılın payı 11,4% təşkil edib ki, yanvarın 1-də bu göstərici cəmi 5,4% olmuşdu.

Fond 2012-ci ilin fevral ayından etibarən qızıla sərmayə qoymağa başlayıb, iki il ərzində hər həftə 25 qızıl külçə (10 min troy unsiyası) toplam 30,18 ton satın alıb. 2018-ci ilin ikinci rübündən etibarən ARDNF qızıl almağı bərpa edib. Xatırladaq ki, onun Azərbaycana çatdırılması Britaniyanın «Brinks Global Service» şirkəti tərəfindən gerçəkləşdirilir.

Məhz bu "qoruyucu aktiv"i satın almaq idxalın həcminin xeyli artmasına səbəb oldu. Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevin sözlərinə görə, bu ilin ilk 10 ayında Azərbaycan idxalının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıq olub, bunun 85%-i Neft Fondu tərəfindən gətirilən qızılla bağlıdır.

Belə ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dəyəri 2,1 milyard dollar olan 50 tona yaxın emal edilmiş qızıl idxal olunub, ötən ilin uyğun dövründə bu göstərici 11,5 ton (459,7 milyon dollar) olub. Beləliklə, 2019-cu ilin 9 ayı ərzində Azərbaycana qızıl idxalı kəmiyyət baxımından 4,3 dəfə, dəyər baxımından isə 4,6 dəfə artıb.

Ölkəyə qızıl əsasən İsveçrə, Kanada, ABŞ, Avstraliya və Braziliyadan gətirilir.

Bundan əlavə, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan sikkə istehsalı üçün 15,8 milyon dollar dəyərində 400,15 kq qızıl idxal edib. İdxalın bütün həcmi İsveçrənin payına düşüb.

Ancaq qeyd etmək lazımdır ki, ARDNF-in "qızıl fondu" Azərbaycanda qiymətli metal ehtiyatlarının saxlanılması üçün yeganə platforma deyil. Bildiyiniz kimi, ölkənin Mərkəzi Bankının da xəzinəsi var ki, orada da çox sayda qızıl külçə saxlanılır.

Bu il üçün bu xətt ilə rezervlər bankına daxilolmaların həcmi barədə dəqiq məlumat yoxdur, lakin məlumdur ki, Mərkəzi Banka Azərbaycanda hasil olunan qızılların saxlanması etibar edilir.

Xatırladaq ki, ölkədə qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. Bu çərçivədə 21 avqust 1997-ci il tarixdə Azərbaycan 6 yatağın işlənilməsi üzrə «Anglo Asian Mining PLC» şirkəti ilə müqavilə bağlayıb: yataqlardan biri Naxçıvanda, ikisi Gədəbəy bölgəsində, üçü isə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Kəlbəcər və Zəngilan rayonlarında yerləşir. Müqavilədə Azərbaycanın payı 51%, «Anglo Asian Mining PLC» şirkətinin payı isə 49% təşkil edir.

Bundan əlavə, qızıl hasilatı Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli Sərəncamı ilə yaradılan «AzerGold» QSC tərəfindən həyata keçirilir. QSC «Qaradağ», «Çovdar», «Göydağ», «Dağkəsəmən», «Kohnəmədən» və «Kürəkçay» hövzələrinin qızıl və dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi ilə məşğuldur.

Bu şirkətlər tərəfindən yayılan məlumatlara görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda qızıl hasilatı 3,1 min kq təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur. Bildirmək gərəkdir ki, ötən il bu göstərici 4,2 min kq təşkil etmişdi ki, bu da 2017-ci illə müqayisədə 31,7% azdır.

Çıxarılan qızıl emal və affinaj (aşqarlardan təmizlənmə) üçün İsveçrəyə təhvil verilir, daha sonra bu külçələr Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət xəzinəsinə qaytarılır və saxlanılmaq üçün Mərkəzi Banka göndərilir. Ötən il, məsələn, Gədəbəy yatağından 400,2 kq qızıl alınıb. Bu, Azərbaycanın bu layihədə iştirakından mənfəət payıdır. Beləliklə, ötən il Azərbaycan hökumətinin Mərkəzi Bank tərəfindən saxlanılan qızıl ehtiyatlarının ümumi həcmi 73,7 min Troya unsiyasına (2,3 tona) çatıb və qızıl ehtiyatlarının bazar dəyəri 91,7 milyon dollar təşkil edib.

Nəzərə almaq lazımdır ki, Azərbaycan qızıl almaqla yanaşı, onu ixrac da edir. «AzerGold» qeyri-neft sektorunda ixrac əməliyyatları həyata keçirən dövlət şirkətlərinin siyahısında birinci yeri tutur. QSC 2017-ci ilin aprel ayında öz məhsullarının ixracına başlayıb və bu ilin 1 noyabr tarixinə qədər 154,5 min unsiya qızıl və 252,8 min unsiya gümüş satıb. İxrac əməliyyatlarının həcmi 350 milyon manatdan çox olub.

«AzerGold»dan verilən məlumata görə, 2020-ci ildə 55 min unsiya qızıl və 99,4 min unsiya gümüşün satılması ilə 75 milyon dollardan çox gəlir gözlənilir. Əgər qiymətlər artmaqda davam edərsə, Azərbaycanın qızıl ixracından qazancının önəmli dərəcədə artacağı və dövlət büdcəsi gəlirlərinin tutarlı bir qaynağına çevriləcəyi göz qabağındadır. Beləliklə, indiki şərtlərlə sarı əlvan metalın qiymətinin artması ölkəmiz üçün ikiqat səmərə verəcək.


MƏSLƏHƏT GÖR:

257