26 Aprel 2024

Cümə, 13:10

“KÖLGƏ” GECƏ YARISI YOX OLDU

General Süleymaninin öldürülməsi Amerika-İran qarşıdurmasını son dərəcə gərginləşdirdi

Müəllif:

15.01.2020

Yeni il çox isti başladı. Təkcə ona görə yox ki, Avstraliyada baş vermiş meşə yanğınları çoxsaylı insan itkisinə və heyvan tələfatına, çox böyük ərazilərdə meşə örtüyünün məhvinə gətirib çıxarmışdı.

Yanvarın 3-də Bağdad hava limanının çıxışında vurulan iki “Jeep”in alovu planeti hətta qlobal istiləşmədən də çox təhdid etdi. ABŞ-ın İran ordusunun qələbə simvolu, “kölgə general”, İslam Respublikasının xaricdəki əməliyyatlarına rəhbərlik edən Qasim Süleymanini qətlə yetirməsi Tehran və Vaşinqtonu müharibənin kandarına gətirdi.

Məlumatlara əsasən, İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) xaricdəki əməliyyatlar üzrə ixtisaslaşmış “Qüds” briqadasının komandanı general-leytenant Qasim Süleymani yanvarın 3-ü saat 01 radələrində Suriya aviasiya şirkətinə məxsus təyyarədə Dəməşqdən, bəzi ehtimallara əsasən Liviyadan Bağdada gəlib. Süleymanini Bağdadda yüksək səviyyədə qarşılayıblar, hava limanına generalın yaxın dostu, “Həşd-Şabi” könüllü ordusunun əməliyyat komandanı və ya baş qərargah rəisi Mehdi əl-Muhəndis, eləcə də “Həşd-Şabi”nin mətbuat katibi Məhəmməd Rza Cabiri və daha bir neçə nəfər olub. Qrupda, ümumilikdə, 10 nəfər olub və iki avtomobildə hava limanını tərk edərkən bəzi ehtimallara görə pilotsuz uçan aparatlar (PUA), bəzi iddialara görə isə helikopterlər tərəfindən atəşə tutulub.

Daha ciddi ehtimal budur ki, generallar və yanındakıları PUA-lar izləyib və nöqtə atışı ilə vurublar. Çünki ilk növbədə helikopterlər daha çox diqqət cəlb edir və şübhə yarada bilərdi. ABŞ Müdafiə Nazirliyi rəsmilərinin açıqlamalarından isə belə məlum olur ki, Süleymaninin hərəkəti izlənib və Vaşinqtondan “vur” əmri gəldikdən sonra atəş açılıb. Bu isə daha çox PUA işinə bənzəyir.

 

“Kölgə general”

İran üçün bu hadisənin zərbəsi çox ağır idi. Təkcə ona görə yox ki, öldürülən bir general və “Qüds” briqadası komandiri idi. Məsələ ondadır ki, Süleymani İranın müharibə qəhrəmanı, məğlubedilməz sərkərdə obrazı idi. Haqqında film çəkilmiş, çoxlu sayda proqramlar, təbliğat rolikləri hazırlanmışdı. Q.Süleymani daha əvvəl İraq, Livan, Fələstində fəaliyyət göstərsə də, haqqında o qədər də geniş məlumat yox idi. Ancaq İŞİD-in 2014-cü ildə İraqın ikinci böyük şəhəri Mosulu işğalından sonra bölgədə yaranmış qarışıq situasiyada ilk dəfə Qasim Süleymani kameralar qarşısında görünüb. Həmin gün iraqlı könüllülər iranlı zabitlərlə birlikdə Əmirli qəsəbəsini İŞİD-dən geri alıb. Əməliyyata isə birbaşa Q.Süleymani özü rəhbərlik edib. Bundan sonra İran və dünya mediası Süleymaninin Suriya, İraq ərazisində döyüş əməliyyatları rayonlarında çəkilmiş foto və videolarını tez-tez yaymağa başlayıb. Təbii ki, bu da məqsədli idi. General tezliklə bu ölkələrdə İŞİD-ə qarşı İrana bağlı silahlı qrupların lideri kimi məşhurlaşdı.

İraqda “Həşd-Şabi”nin formalaşdırılması, Suriyada hökumət tərəfdən vuruşan “Fatimiyyun” (əsasən Pakistan və Əfqanıstandan olan şiələr), “Əbəlfəzl Abbas” (əsasən iraqlılar) və digər silahlı qrupların təşkilatlandırılması və hərbi əməliyyatlara cəlb olunması prosesinin başında Süleymani dayanırdı. Eyni zamanda Yəməndə faktiki olaraq hakimiyyəti ələ keçirən husi üsyançıların əsas sponsor və dəstəkçisi Süleymani və onun rəhbərlik etdiyi təşkilat idi.

 Amerikalıların özləri Q. Süleymanini “kölgə general” adlandırırdı.

 

Simvollar və jestlər müharibəsi

Təbii olaraq Süleymaninin qətli sonrası İranda intiqam şüarlarının yüksəlməsi ilə müşayiət olundu. Bir mənada Tehran özü də Süleymaninin nəşini İraq və İranda müqəddəs məkanlara aparmaqla, daha sonra paytaxtda 5 milyon insanın iştirak etdiyi vida mərasimi təşkil etməklə xalq arasında qisas hissinin yüksəlməsi və siyasi-ictimai səfərbərliyə nail oldu.

Vaşinqton isə bəyan etdi ki, Süleymani ABŞ-a qarşı yeni əməliyyatlar hazırladığı, bu bölgədə çoxlu sayda amerikalı hərbçinin ölümünə səbəb olduğu üçün qətlə yetirilib. Yeri gəlmişkən, bu hadisədən bir neçə gün əvvəl Bağdaddakı ABŞ səfirliyinə hücum təşkil olunmuşdu.

Tehranın qisas hədələrinə cavab olaraq ABŞ prezidenti 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsi zamanı girov götürülən 52 amerikalını nəzərdə tutaraq İran ərazisində 52 obyektin, o cümlədən dini və tarixi məkanların vurulacağını bəyan etdi. Doğrudur, sonradan müdafiə naziri Mark Esper bu iddianı təkzib elədi, amma iddia dünya mediasına geniş yer tapdı.

İranlılar isə yanvarın 8-də gecə Qasim Süleymaninin avtomobili Bağdad hava limanında vurulduğu saatda ABŞ-ın İraqdakı Ayn əl-Əsəd bazasını raket atəşinə tutdu. Bunun ardınca isə Ərbil hava limanında beynəlxalq koalisiyanın istifadəsində olan hərbi baza vuruldu. Raket atəşi zamanı ali dini lider Əli Xameneyi “Sepah”ın mərkəzinə gedərək atəşi şəxsən izləməklə Vaşinqtona əməliyyatın arxasında birbaşa özünün olduğu mesajını verdi. Bundan başqa, məhz Amerika bazalarının vurulmasından sonra Qasim Süleymaninin vətəni Kirmanda saxlanılan cəsədi torpağa verildi.

 

Balanslı qisas

Yanvarın 9-da mətbuat konfransı keçirən “Sepah” hava qüvvələri komandanı Ayn əl-İsa bazasına 13 raket atdıqlarını, əsas məqsədlərinin hərbçilər deyil, bazanı (Süleymanini qətlə yetirən PUA-ların bu bazadan qalxdığı güman edilir – K.R.) və ordakı texnikanı vurmaq olduğunu bildirib. Bundan əvvəl isə ABŞ prezidenti bazada itki olmadığını, qabaqcadan xəbəralma sistemi vasitəsi ilə iranlıların hücumu barədə məlumat əldə edib hərbçilərin gizləndiyini bildirib. Media isə İraq baş nazirinin iranlılar tərəfindən məlumatlandırıldığı, onun isə öz növbəsində amerikalıları məlumatlandırdığını yazır.

İstənilən halda mahiyyət etibarı ilə hər iki tərəf bu vəziyyətdən məmnun görünür. Çünki gözlənildiyinin əksinə olaraq Donald Tramp İrana qarşı müharibə elan etməyib, əksinə komandasının toplantısından sonra İranla sülh danışıqlarına çağırış edib. Tehrana qarşı sanksiyaların davam edəcəyini deyən Tramp artıq 9 yanvarda İrana qarşı yeni sanksiyalar paketini imzalayıb. Amma eyni zamanda ABŞ hökuməti BMT Təhlükəsizlik Şurasına İranla heç bir ön şərt olmadan danışıqlara başlamağa hazır olduğu ilə bağlı məktub göndərib.

Tehran isə qisas əməliyyatlarının davam edəcəyini bəyan edir. Dini lider 8 yanvar zərbələrini Amerika prezidentinə “şillə” olduğunu, qisasın isə qabaqda olduğunu bildirib. Lakin böyük mənada müharibə ehtimalı ortadan qalxıb. Ən azı yaxın dövrdə.

Hazırda tərəflərin heç biri uzunmüddətli müharibədə maraqlı deyil. İranda anlayırlar ki, onsuz da iqtisadi durumu yaxşı olmayan ölkə üçün ABŞ-la müharibə fəlakətə çevrilər. ABŞ-da isə ictimai rəy İranla müharibəni dəstəkləmir. Müharibə qərarı Trampın onsuz da zədəli olan imicini alt-üst edə bilər. Nəzərə almaq lazımdır ki, bu ilin noyabrında ABŞ-a növbəti prezident seçkiləri keçiriləcək və üstəlik, hazırda prezident Trampa qarşı Konqresdə impiçment prosesi davam edir. Bütün bunlara əlavə olaraq İranla yeni və riskli müharibə Vaşinqton administrasiyası üçün ciddi risk daşıyır. Bu səbəbdən də, ABŞ prezidenti İranla məsələni daha irəli aparmaq istəmədi.

Lakin Tramp İranın Yaxın Şərqdə bir nömrəli “oyunçusunu” neytrallaşdırmaqla müttəfiqləri və düşmənlərinə Amerikanın hələ güclü bir dövlət olduğunu xatırladıb. İran isə İraqdakı ABŞ bazalarını raket atəşinə tutmaqla cəsarətini və ABŞ-la birbaşa toqquşmaya gedəcək güc olduğunu göstərib. Bundan daha artığı isə hər iki tərəf üçün ağır yük ola bilər. Bu səbəbdən də, ən azı yaxın dövrdə hər iki tərəfin sakitləşdiyini, böyük müharibə olmayacağını demək olar. Amma baş verənlər onu göstərir ki, hər iki tərəfin “əli tətikdədir”, yəni böyük savaş hər an baş verə bilər.

 

Qonşuluqda sülh istəyi

İranın ən yaxın qonşularından biri olan Azərbaycan bu ölkə ətrafında baş verənlərə biganə qala bilməzdi. Lakin rəsmi Bakı təhlükəli ABŞ-İran qarşıdurması zamanı da ənənəvi soyuqqanlı və balanslı mövqeyini qoruyub saxlaya bildi.

Yanvarın 4-də Xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Cavad Zəriflə telefon söhbəti zamanı bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırıb. Eyni zamanda nazir Məmmədyarov general Qasim Süleymaninin həlak olması ilə əlaqədar İran rəhbərliyinə və xalqına başsağlığı verib.

Bakı və Tehranı bir-birinə regional layihələr çərçivəsində tərəfdaşlıq, ortaq sərhədlər, dini-mədəni dəyərlər və ən vacibi, İranda yaşayan çoxmilyonluq Azərbaycan icması bağlayır.

ABŞ-la da Azərbaycan müxtəlif sahələrdə, o cümlədən Vaşinqtonun avropalı müttəfiqlərinin enerji təhlükəsizliyinin təminatında qarşılıqlı faydalı əməkdaşlıq edir. Bu və bir sıra digər səbəblərdən Azərbaycan İranla mehriban qonşuluq əlaqələrinə önəm verməklə yanaşı, ABŞ-la tərəfdaşlıq münasibətlərini də qoruyub-saxlayır. Bu zaman rəsmi Bakı bu iki ölkə arasında gedən qarşıdurmanın yaratdığı geosiyasi risklərdən mümkün qədər uzaq durmağa çalışır.



MƏSLƏHƏT GÖR:

300