26 Aprel 2024

Cümə, 20:04

TİCARƏT İTTİFAQI

Azərbaycan Mərkəzi Bankı biznesin səsini eşidib və xarici valyuta ilə əməliyyatlarda valyuta rejimini sadələşdirib

Müəllif:

01.03.2020

İqtisadi nəzəriyyəyə görə, məhz ticarət sektoru iqtisadiyyatın inkişafında əsas katalizator rolunu oynayır, sərmayə və texnologiya cəlbini stimullaşdırmaqla, yeni iş yerlərinin açılmasına və istehsal potensialının genişlənməsinə səbəb olur. Ancaq bir sıra ölkələr, o cümlədən Azərbaycan daxili ticarətin yetərincə inkişaf etməsinə və xarici ticarət əlaqələrinin olmasına baxmayaraq, bu cür üstünlüklərdən tam yararlana bilmir. Bunun önəmli səbəblərindən biri də ölkənin dünya bazarlarından uzaq olması ilə yanaşı, həm də ticarət sektorunda rəqabət qabiliyyətini zəiflədən və xərcləri artıran bir sıra normativ-metodik tədbirlərin mövcud olmasıdır. Məhz bu problemlərin aradan qaldırılması üçün Azərbaycan Mərkəzi Bankı (AMB) bu il fevralın 20-də xarici ticarət əməliyyatlarında valyuta rejiminin liberallaşdırılmasına qərar verdi.

 

Günahsız cərimələnənlər

Bu dəyişikliklərin mahiyyəti nədir? Bundan sonra gömrük bəyannaməsi, yaxud mal və xidmətlərin idxalını təsdiqləyən digər sənədlər banka 2 il ərzində təqdim edilməlidir. İndiyə qədər bu müddət 270 gün idi. İdxal olunan malların və xidmətlərin dəyəri 10 min dollar ekvivalentindən artıq olmadıqda, valyuta nəzarəti orqanını məlumatlandırma tələbi də aradan qaldırılıb.

Məlumdur ki, ölkəyə böyük iri partiya mal və ya müəyyən xidmətlər gətirmək üçün bir sahibkar tərəfdaş bank vasitəsilə əvvəlcədən avans ödənişi etməlidir. Eyni zamanda bank bu əməliyyatı hər hansı bir şəkildə sənədləşdirməlidir ki, bunun üçün gələcəkdə iş adamına satınalmanın gerçəkdən baş tutduğunu göstərən gömrük bəyannaməsi və digər sənədləri təqdim etməyə borcludur. Bunlar təqdim edilmədikdə, bank məhkəməyə verir və sahibkardan cərimə tutulur. Mərkəzi Bankın yeni qərarında məhz bu "gələcək"dən də söhbət gedir.

Məsələ bundadır k ki, bu müddət üçün ayrılmış 270 gün idxalçıların lazımi sənədləri əldə etmələri üçün yetmirdi. Ancaq etiraf etmək lazımdır ki, əvvəlcədən ödəniş yolu ilə xaricdən malların çatdırılma müddəti ümumilikdə 180 günlə məhdudlaşırdı. Bu da sahibkarlar üçün idxal əməliyyatlarının aparılmasında ciddi çətinliklər yaradırdı. İş adamlarının çoxsaylı müraciətləri və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təklifi ilə bu müddət 270 günə uzadıldı da, amma bu da kifayət etmədi. ASK-nın məlumatına görə, bunun nəticəsində, qaydaların pozulması ilə bağlı 12 min məhkəmə işi başlayıb və onlardan 6 mini hələ də məhkəmələrdə baxılmaqdadır. AMB sədrinin müavini Alim Quliyev də bildirdi ki, 2019-cu ildə banklar valyuta rejimi ilə bağlı tənzimləyiciyə 13 minə yaxın müraciət ünvanlayıblar. Bunlardan 8 mini məhkəməyə göndərilib, 5 mininə görə inzibati cəza tətbiq edilib.

Qeyd edək ki, əksər hallarda iş adamları sənəd təqdiminin gecikdirilməsində günahkar olmurlar. "Olur ki, qışda yollar buz üzündən bağlanır və ya mal göndərən sifarişi vaxtında yerinə yetirməyə macal tapmır, ya da indi koronavirus səbəbiylə malların göndərilməsində ciddi gecikmələr var. Mallar ölkəyə çatmayınca gömrük bəyannamə verməyəcək. Onda iş adamı ikiqat zərər çəkir – çünki malı gecikdiyinə görə biznesi zərər çəkir və əlavə olaraq, cərimə də ödəməlidir", - deyə iqtisadçı Vüqar Bayramov bildirib.

Digər bir məqam, idxal olunan malların və xidmətlərin dəyəri 10 min dollar ekvivalentindən artıq olmadıqda, valyuta nəzarəti orqanına bildirmək tələbinin aradan qaldırılmasıdır. Buna qədər, bu vəziyyətdə sahibkarlar bir hesabat verməli idilər. Nəzərə alsaq ki, Azərbaycan qanunvericiliyinə əsasən heç bir sənəd olmadan ölkədən 10000 dollara qədər nağd pul çıxarmaq mümkündür, niyə bu təcrübə idxal olunan mal və xidmətlərə tətbiq edilməməlidir? Axı, çoxsaylı hesabatlar, bəyannamələr sahibkarların əlindən işlərinin inkişafına həsr edə biləcəkləri zaman və vəsaitləri alır.

 

Biznes alqışlayır

Sahibkarlar AMB sədri Elman Rüstəmovun iş adamları və bank rəhbərləri ilə son görüşü zamanı mövcud vəziyyətdən narazılıqlarını dilə gətirmişdilər. Görüşdən sonra işçi qrupu yaradılıb, onun fəaliyyəti nəticəsində məsələnin müsbət həll olunmasına nail olunub. Beləliklə, "Azərbaycan Respublikası rezidentlərinin, habelə qeyri-rezidentlərin milli və xarici valyuta ilə əməliyyatların aparması qaydaları"na dəyişiklik edilib.

Mərkəzi Bankın bununla bağlı verdiyi açıqlamada qeyd edilir ki, bu qərar son illərdə ölkənin tədiyyə balansının yaxşılaşdırılması, gömrük nəzarətinin və ümumilikdə valyuta nəzarətinin gücləndirilməsinə yönəlmiş islahatların müsbət nəticələri nəzərə alınmaqla verilib.  

“Hazırda tədiyyə balansının cari hesabın profisitinin ÜDM-ə nisbəti iki rəqəmlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülən işlər tədiyyə balansında profisitin yaranmasında həlledici rol oynayıb”,- deyə AMB-nin açıqlamasında bildirilir.

Bundan əlavə, Mərkəzi Bankın məlumatına görə, son illərdə kapital və maliyyə axını göstəriciləri önəmli dərəcədə yaxşılaşıb. Tənzimləyici gözləyir ki, valyuta rejiminin liberallaşdırılması ölkədə biznes mühitinin daha da yaxşılaşdırılmasına kömək edəcək.

Biznes icması bu qərara dərhal reaksiya verib, onu sahibkarların hüquqlarını qorunmasında, özəl sektorda və ticarət əlaqələrini inkişaf etdirilməsində daha bir uğur hesab edib. ASK nümayəndəsi Kristina Məmmədova özəlliklə hesab edir ki, bu problemin müsbət həlli 6 minə yaxın məhkəmə işinin dayandırılması deməkdir.

Xarici iş adamları da Mərkəzi Bankın Azərbaycanda valyuta rejiminin yüngülləşdirilməsi ilə bağlı qərarını alqışlayıblar. Türkiyə-Azərbaycan Sahibkarlar və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyn Böyükfıratın sözlərinə görə, bu addım yerli və xarici iş adamlarına, həm də ümumiyyətlə, ölkənin iş dünyasına və iqtisadiyyatına müsbət təsir göstərəcək. Onun fikrincə, AMB-nin qərarı avadanlıq, xammal və yarımfabrikat gətirilməsini asanlaşdıracaq, bu sahədə mövcud olan problemləri aradan qaldıracaq.  

Bundan əlavə, yeni valyuta rejimi potensial sərmayəçilərə və iş adamlarına yol açacaq, ölkədən xarici valyutanın yalnız təyinatı üzrə çıxarılmasına imkan verəcək. TÜİB rəhbəri hesab edir ki, bu cür addımlar Azərbaycanda iş adamlarının daha da fəallığına səbəb olacaq, iqtisadiyyata dəstəyi gücləndirəcək və ölkəyə investisiya axını artıracaq.

 

Çirkli pulların yuyulmasının daha bir yolu bağlandı  

Yeri gəlmişkən, AMB sədrinin müavini Alim Quliyev valyuta rejiminin liberallaşdırılması qərarını çirkli pulların yuyulmasının qarşısının alınması tədbirləri ilə izah edib.

“Bu gün Azərbaycanın tədiyyə balansı yetərincə profisitlidir. İdxal və valyuta rejimi ilə bağlı ciddi islahatlar aparılıb. Bu gün hər bir vətəndaş asanlıqla ölkədən 10 min dollara qədər çıxara bilər. Buna görə qərar verildi ki, valyuta rejimi bu məbləği üstələyən əməliyyatlara tətbiq olunsun ", - deyə o bildirib.  

Bu da vacibdir ki, 2021-ci ildə Avropa Şurasının ekspert qrupu MONEYVAL Azərbaycanın terrorçuluğun maliyyələşdirilməsinə, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş pul və digər əmlakın leqallaşdırılmasına qarşı apardığı mübarizənin qiymətləndirməsinin 5-ci turu ilə bağlı hesabatı müzakirə etməyi planlaşdırır.

Azərbaycan da öz növbəsində Çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı maliyyə tədbirləri qrupunun (Financial Action Task Force on Money Laundering, FATF) standartlarına uyğunluğunu təmin etmək üçün lazımi addımlar atır. Maliyyə Nəzarəti Xidmətindən bildirilib ki, hökumət sistemli tədbirlər həyata keçirir - qanunvericilik aktları qəbul edilir, yeni layihələr həyata keçirilir, nəzarət gücləndirilir. Yeri gəlmişkən, AMB-nin valyuta rejiminin liberallaşdırılması ilə bağlı son qərarı həmçinin terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və cinayətkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş pul və digər əmlakın leqallaşdırılması ilə mübarizə sahəsində aparılan islahatlara da müsbət qiymət verməyə imkan yaradır.  

Xatırladaq ki, 5 dekabr 2018-ci il tarixində MONEYVAL komitəsinin 57-ci iclası çərçivəsində Azərbaycanın fəaliyyəti bəyənilib. Bildirilib ki, Azərbaycan tərəfi MONEYVAL tərəfindən ona verilən bütün öhdəlikləri uğurla yerinə yetirib.

Avropa Şurasının MONEYVAL Komitəsi hesab edir ki, Azərbaycanın bu işi beynəlxalq səviyyədə mövcud olan standartlara tam uyğundur.

Digər beynəlxalq təşkilatlar da ölkənin bu sahədə həyata keçirdiyi islahatları yüksək qiymətləndirirlər, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsində və institusional potensialın gücləndirilməsində qazanılan uğurları xüsusi vurğulayırlar.


MƏSLƏHƏT GÖR:

259