26 Aprel 2024

Cümə, 15:07

ŞƏBƏKƏLƏRİN YARIŞI

5G şəbəkəsinin tətbiqində liderlik: ABŞ Çinə bütün vasitələrlə mane olur

Müəllif:

01.03.2020

İlin əvvəlindən dünyanı bürümüş xəbər axını – İran-ABŞ münasibətlərindəki gərginlik, Suriyadan gələn həyəcanlı xəbərlər, «Brexit»in, nəhayət, baş tutması, Donald Trampın Yaxın Şərqlə bağlı qalmaqallı sülh planı və s. – fonunda Vaşinqtonla Çinin 5G şəbəkəsinin tətbiqində liderlik savaşı praktik olaraq, diqqətdən kənarda qalıb. Hərçənd, mövcud beynəlxalq geosiyasi qüvvələr nisbətini dərindən anlamaq üçün yeni nəsil mobil şəbəkələr uğrunda «savaş»ı da izləmək çox vacibdir. Hər halda, burada «stavka» həddindən artıq yüksəkdir – söhbət yaxın gələcəkdə texnoloji üstünlüyün kimin tərəfində olacağından gedir. Bu isə, əlbəttə ki, qlobal iqtisadi və siyasi liderlik deməkdir.

«Cisco»nun yeni illik hesabatına görə, 2023-cü ildə dünya əhalisinin 66%-nin internetə çıxışı olacaq, mobil qurğuların 10%-dən çoxu isə 5G-ni dəstəkləyəcək. 5G şəbəkəsinin rəsmən tətbiqinə başlanıldığı ilk ölkələr Cənubi Koreya ilə ABŞ-dır (2019-cu ilin aprelindən). Bu ilin sonunadək 5G üzrə ilk xidmətlərin Avropanın, təxminən, 140 şəhərində təklif olunacağı gözlənilir. Ən önəmlisi isə, 5G şəbəkəsinin tətbiqi ilə internetin sürəti 4G ilə müqayisədə 10-100 dəfə artacaq. Beləliklə, insanların qarşısında tamamilə yeni imkanlar açılacaq. Məsələn, «əşyalar interneti» adlandırılan konsepsiya reallığa çevriləcək. Söhbət bütün elektrik qurğularının internetə qoşulmasından gedir – onlar insan müdaxiləsi olmadan belə, məlumat ötürə, qarşılıqlı əlaqəyə girə biləcək. Bu, yalnız «ağıllı ev» deyil, həm də şəhər infrastrukturuna, nəqliyyata, mənzil-kommunal təsərrüfatı sistemlərinə, səhiyyəyə, təhsilə, təhlükəsizlik, maliyyə və istehsala tamamilə yeni yanaşma deməkdir. Yəni elektrik enerjisi XX əsr üçün nə idisə, 5G XXI əsr üçün həmin şey olacaq. Başqa sözlə, bəşəriyyətin bütün sahələrində fəaliyyətinin əsasını o təşkil edəcək, qlobal iqtisadiyyat daha da rəqəmsallaşacaq. Odur ki, yeni kommunikasiya şəbəkəsinin istismarı kimin əlində olacaqsa, yerdə qalanlara öz şərtlərini o diktə edəcək.

 

5G-nin iqtisadi gələcəyi

Hazırda 5G-nin tətbiqi üçün ən müasir və əlçatan qurğuları Çinin iki telekommunikasiya nəhəngi – «Huawei» ilə «ZTE» təqdim edir. Beləliklə, Birləşmiş Ştatlar tarixdə ilk dəfə innovasiyalar və texnologiyalar sahəsində liderlikdən məhrum ola bilər. Bu mümkün məğlubiyyətə ABŞ son dərəcə ciddi yanaşır. Ölkənin baş prokuroru Uilyam P.Barr bildirib ki, Çinin sözügedən sahədə hökmranlığına imkan vermək sadəcə, «monumental təhlükə» ilə qarşı-qarşıya qalmaq demək olmayacaq: «Yəni Çin bundan sadəcə, monitorinq və müşahidə üçün istifadə etməyəcək. «Stavka» daha yüksəkdir – söhbət iqtisadiyyatımızın gələcəyindən gedir».

«Hesablamalar göstərir ki, 5G bazasına əsaslanan internet sənayesi 2025-ci ilə 23 milyard dollarlıq yeni iqtisadi imkanlar aça bilər. Çin 5G üzərində təkbaşına hökmranlıq quracaqsa, yeni texnologiyaların verəcəyi saysız-hesabsız imkanlar da onun əlində olacaq. Çin nə qədər böyük 5G tədarükçüsü olacaqsa, bu infrastruktura əsaslanan bütün texnologiyalar da bu ölkədə cəmlənəcək», - deyə Barr məruzəsində bildirir.

FTB-nin əks-kəşfiyyat şöbəsi direktorunun köməkçisi Con Braun isə, öz növbəsində, seçimi dünyanın öhdəsinə buraxıb: «Dünya müəyyənləşdirməlidir ki, onun məlumatları Çindən keçsin, yoxsa ABŞ-dan. Trampa gəlincə, onun üçün 5G məsələsi Amerikanın qalib gəlməli olduğu yarışdır».

 

Amerikanın sanksiyaları və boşa atılan güllə

Beləliklə, ABŞ bu yarışda qalib gəlmək üçün bütün vasitələrdən istifadə edir. Vaşinqton Çin nəhənglərinin onun və müttəfiqlərinin 5G bazarına girməsini önləmək üçün ən müxtəlif tədbirlər görür. Bu müqavimət, ilk növbədə, «Huawei»in Çin hökumətilə sıx bağlı şəkildə sənaye casusluğu ilə məşğul olması ilə əsaslandırılır. Üstəlik, şirkətin yaradıcısı Çin Kommunist Partiyasının üzvü, hərbi mühəndisdir. Vaxtilə o, Çin Ordusunda informasiya texnologiyaları sahəsində çalışıb. ABŞ-ın bu istiqamətdə atdığı son addımlardan biri Tramp administrasiyasının yeni qaydalar tətbiq etməyə hazırlaşdığı haqda məlumatdır. Yeni qaydalar dünyanın çip istehsalı üzrə nəhənglərindən olan TSMC (Tayvan) kimi şirkətlərin «Huawei Technologies» şirkətinə çip tədarükünü qadağan edə bilər. Deyilənə görə, dəyişikliklərdən sonra çip istehsalında Amerika qurğularından istifadə edən şirkətlər «Huawei»yə məhsul satmaq üçün Birləşmiş Ştatlardan lisenziya almalı olacaq. Xatırladaq ki, hələ 2018-ci ilin dekabrında «Huawei» şirkətinin yaradıcısının qızı, qurumun maliyyə direktoru Men Vançjou Kanadada həbs olunmuşdu. O zaman Vançjou təmsil etdiyi şirkətin İranla bağlı sanksiyaları pozduğu şübhəsinə görə saxlanılmışdı.

Ötən ilin mayında isə ABŞ-ın Ticarət Nazirliyi «Huawei» şirkətini «qara siyahı»ya salıb. Bu, onun Amerika istehsalçılarından texnologiya və komponent almasını mümkünsüz edib.

Bütün bunlarla yanaşı, Vaşinqton Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya kimi yaxın müttəfiqlərini də belə davranmağa çağırır.

Ən maraqlısı, bu məqamda ortaya çıxır. ABŞ-ın ən yaxın tərəfdaşı olan London Vaşinqtonun bununla bağlı xahiş və xəbərdarlıqlarını açıq şəkildə rədd edib. Britaniyalılar bəyan ediblər ki, birincisi, «Huawei»i öz 5G şəbəkələrinin inkişafı prosesinə buraxacaqlar. London bunu bu sahədə qlobal rəqiblərin («Nokia» və «Ericsson») azlığı ilə əsaslandırıb. İkincisi, Çin şirkəti milli şəbəkənin təhlükəsizliklə bağlı həssas hissələrinə buraxılmayacaq. Böyük Britaniyada bu qənaətdədirlər ki, 5G-nin tətbiqilə bağlı proses plana uyğun gedəcəksə, «Çinin telekommunikasiya nəhənginin milli təhlükəsizliyə yaratdığı potensial təhdid 126 milyard funt sterlinqlik (164 milyard dollar) nəzərdə tutulan iqtisadi artımla əngəllənib». Yerli KİV-in məlumatına görə, Boris Conson bu qərarını Donald Trampa telefon söhbəti zamanı çatdırıb və bunu eşidən ABŞ prezidenti qəzəbindən dəstəyi tullayıb. Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo isə hesab edir ki, London «Huawei» ölkəsinin 5G şəbəkəsinə buraxmaqla, Britaniyanın suverenliyini təhlükə altına salacaq.

Məsələyə ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi də toxunub. Bu yaxınlarda keçirilmiş Münhen Təhlükəsizlik Konfransına qatılmış spiker bildirib ki, «Huawei»ə məxsus telekommunikasiya qurğularından istifadə sərbəst informasiya yayılması imkanlarını məhdudlaşdıra bilər. ABŞ rəsmiləri onu da bildirir ki, britaniyalıların bu addımı kəşfiyyat məlumatlarının mübadiləsi üzrə alyans («Five Eyes») çərçivəsində əməkdaşlığa da öz təsirini göstərə bilər. Məsələn, Ağ Ev aparatının rəhbəri Mik Malvani bildirib ki, Londonun bu qərarı ABŞ ilə Britaniya arasında kəşfiyyat məlumatları mübadiləsinə «birbaşa və ciddi» təsir göstərəcək.

Göründüyü kimi, Amerika Londona bütün eyham və xəbərdarlıqları tam açıq və konkret şəkildə edir. Bu isə öz-özlüyündə, kifayət qədər qeyri-adi haldır. Müttəfiqlər arasında belə «çəkişmə»lər, adətən, gizli aparılır. Xüsusilə nəzərə alsaq ki, kəşfiyyatda işin çoxu məhz kommunikasiya və müşahidə üzərində qurulur.

 

Qazanc, yoxsa milli təhlükəsizlik?

Digər tərəfdən maraqlıdır ki, ABŞ-ın daxilində belə, «Huawei»ə münasibət heç də birmənalı deyil. Məsələn, Çinin 5G şəbəkəsində hökmranlığının ABŞ iqtisadiyyatına və milli təhlükəsizliyinə təhdid olduğunu deyən baş prokuror Uilyam P.Barr, eyni zamanda bildirir ki, kəşfiyyat orqanları bu haqda məlumatı çoxdan versə də, Tramp deyilənlərə vaxtında məhəl qoymayıb. Bir çox ABŞ KİV-i yazır ki, Donald Tramp administrasiyasında «Huawei» və «ZTE» ilə bağlı bir-birinə zidd mövqelər var. Onlar xaricdə Amerika komponentlərindən istifadənin qadağan olunması ilə bağlı konkret nümunələr gətirir. Bu zaman Trampın «ZTE» şirkətinə tətbiq olunmuş sərt sanksiyaları 2018-ci ildə ləğv etdiyi də xatırlanır. Halbuki şirkət İran və Şimali Koreya ilə bağlı məhdudiyyətlərə əməl etmirdi.

Bəlkə də, məsələ elə 5G ətrafındakı qarşıdurmada milli təhlükəsizlik məsələlərinin maliyyə maraqları ilə toqquşmasındadır. Məsələn, Barr «Huawei» ilə rəqabət aparılması üçün ABŞ-ın «Nokia», «Ericsson» kimi şirkətlərə investisiya yatırmasını təklif edib. Onun fikrincə, bunu həmin şirkətlərin nəzarət səhm paketlərini Amerikanın alması, yaxud bu işə ABŞ-ın özəl şirkətlərinin, həmçinin qarışıq şirkətlərin cəlbilə nail olmaq mümkündür. Amma bu, «Huawei»in Çin hökumətilə sıx əlaqələrdə ittiham olunmasından nə ilə fərqlənəcək? Hər halda, bir müddət sonra ABŞ baş prokurorun ideyasını rədd edib. Ağ Evin iqtisadi məsələlər üzrə baş məsləhətçisi Larri Kudlou isə ölkəsinin «Nokia» və «Ericsson» ilə sıx əməkdaşlıq etdiyini, lakin hökumətin bu şirkətləri almaq niyyətində olmadığını bildirib. Fakt isə faktlığında qalır. Tramp administrasiyasının «Huawei»ə ziddiyyətli yanaşması Londonun yanaşması ilə eyni məntiqə söykənir. O, deyir ki, «Çinin telekommunikasiya nəhənginin milli təhlükəsizliyə yaratdığı təhdid nəzərdə tutulan iqtisadi artımla əngəllənib».

Çin rəhbərliyi ABŞ-ın texnologiyalar sahəsində hökmranlığına son qoymaq niyyətinlə «Çin istehsalı-2025» planını hələ 2015-ci ildə işə salıb. Etiraf etmək lazımdır ki, plan kifayət qədər uğurlu alınıb. Hər halda, bu planın icrasına başlanıldıqdan sonra ÇXR «ucuz çoxişlənən mallar» istehsalçısı olmaqdan sürətlə qurtulmaqdadır. Cəmi bir neçə il əvvəl əlində Çin istehsalı olan smartfon tutanlar gülüşlə qarşılanırdısa, bu gün elə həmin «Huawei» smartfonları çoxlarının fəxrlə işlətdiyi qurğudur. Lakin ABŞ-ı narahat edən yalnız bu deyil. Məsələn, bu yaxınlarda məlum olub ki, Amerika administrasiyası Çində yığılan SOMAS təyyarələri üçün «General Electric Co» şirkətinə məxsus aviasiya mühərriklərinin tədarükünü dayandırmaq haqda düşünür. Versiyalardan birinə görə, ABŞ bu yolla SOMAS təyyarələrinin yığımı prosesini ləngidəcəyinə ümid edir. Məsələ ondadır ki, Pekin yerli şirkətin təyyarə satışında «Boeing» və «Airbus» ilə rəqabətə hazır olduğunu bəyan edib. Bu, nümunələrdən yalnız biridir.

Yeri gəlmişkən, mənbələrindən biri WSJ nəşrinə bildirib ki, «General Electric Co» şirkətinin özü Çinə mühərrik tədarükünün dayandırılmasına qarşıdır. Şirkətdə hesab edirlər ki, qabaqcıl texnologiyaların qarşısının kəsilməsi ABŞ administrasiyası üzvlərinin düşündüyündən çox çətindir. Bu, maliyyə maraqları ilə bağlı artıq qeyd etdiyimiz fikri bir daha təsdiqləyir. Çinin texnologiyalar sahəsində sürətlə irəliləməsi ABŞ-ı, həqiqətən, narahat edir. Lakin bu kontekstdə milli təhlükəsizlik və ya sərbəst informasiya yayımı haqda deyilənlər, sadəcə, məsələnin görünən tərəfidir.

Maraqlıdır ki, 5G ətrafında baş verənlər fonunda diqqəti çəkən əsas dövlətlərdən biri bir tərəfdən Çinlə fəal əməkdaşlıq da edən Rusiyadır. «Huawei» Moskvada 5G şəbəkəsinin sınaq zonası belə, elan edib. Vladimir Putin isə şirkətə dəstəyini ifadə etməklə yanaşı, ABŞ-ın onu «həyasızcasına qlobal bazardan çıxarmağa çalışdığını» bildirib. Bundan başqa, Kreml 2020-ci ili Rusiya-Çin elmi-texniki və innovativ əməkdaşlıq ili elan edib. Prioritetlərdən biri də süni intellektdir.

Digər tərəfdən 5G-yə gəlincə, Rusiyada 6 GHs-dən aşağı diapazon üçün resursların ayrılması qərarı hələ də qəbul edilməyib. 5G şəbəkəsinin işləməsi üçün isə məhz bu tələb olunur. Üstəlik, Rusiya Müdafiə Nazirliyi mobil rabitə operatorlarına 3,4-3,8 GHs diapazonunda tezliyin verilməsindən imtina edib – hərbi peyk şəbəkəsi, xüsusi xidmət orqanları və «Roskosmos» məhz bu tezliklə işləyir. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi 4,4-4,99 GHs tezliyində yeni standartın inkişaf etdirilməsi təklifini irəli sürüb. Lakin ölkədə bu diapazon üçün tələb olunan avadanlıqlar yoxdur və o, təxminən, 5 il sonra mövcud olacaq. Ola bilsin ki, Rusiya bununla Çinə inamsızlığını gizlətməyə çalışır. Burada sənayedə plagiat məsələsi də var. Məsələn, Rusiyanın dövlət müdafiə konqlomeratı olan «Rostex» Çini onun texnologiyalarını oğurlamaqda günahlandırır. Bununla yanaşı, texnoloji uyğunsuzluq da ortadadır – aydındır ki, Çin bu məsələdə Rusiyanı özünə tay tərəfdaş saymayacaq. Lakin Rusiya digər dövlətlərdən fərqli olaraq, istehsalda rəqəmsallaşmaya getməzsə (ən azı, onun üçün son dərəcə əhəmiyyətli olan hasilat və emal sahələrində), rəqiblərinə ciddi şəkildə uduzmağa başlayacaq. Odur ki, Rusiyanın taktikasının (əgər bu, taktikadırsa) nəyə hesablandığını anlamaq çətindir.

Ümumilikdə isə, mənzərə kifayət qədər aydın və maraqlıdır. Yeni, beşinci nəsil şəbəkə səbəb və nəticələri anlamağa imkan verən özünəməxsus markerə çevrilib. Gələcəkdə müttəfiqlər hansı yeni texnologiyalara sahib olduğuna əsasən seçiləcək (yaxud, avtomatik olaraq ona çevriləcək). İndiki halda isə prosesə belə demək mümkünsə, təbiətin özü düzən verir – Çində koronovirusun yayılması ilə. Əksər müşahidəçilər hesab edir ki, bu virus müvəqqəti də olsa, Çinin elmi və texnoloji fövqəldövlət imicinə zərbə vuracaq, ona inamı azaldacaq. ABŞ-a isə hazırda ən çox lazım olan məhz zamandır.



MƏSLƏHƏT GÖR:

269