2 May 2024

Cümə axşamı, 09:11

TERRORLA SÜLH?

«Taliban» hərəkatı ilə ABŞ arasındakı razılaşma illərdir bitmək bilməyən şiddətli münaqişənin həllinə yol açacaqmı?

Müəllif:

15.03.2020

Qışın son günlərində dünya çoxdan gözlədiyi xəbəri, nəhayət, alıb – fevralın 29-da terrorçu «Taliban» hərəkatının təmsilçilərilə ABŞ nümayəndələri Qətərlə sülh sazişi imzalayıb. Bu, Əfqanıstanda uzun illərdir davam edən şiddətli silahlı münaqişənin həllinə yol açmalıdır. Sənədi ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ilə hərəkat liderinin müavini, onun Qətərdəki siyasi ofisinin rəhbəri, molla Abdullah Qəni Baradar (molla Baradar Axund kimi də tanınır) imzalayıblar.

 

Elə həmin taliblər

Bəli, söhbət həmin taliblərdən, Əfqanıstanın fundamental islam siyasəti hərəkatından – «Əfqanıstan İslam Əmirliyi» təşkilatından gedir. BMT TŞ bu qurumu terror təşkilatı kimi tanıyır. Bu, «aktivində» saysız-hesabsız terror aktının olduğu həmin taliblərdir. Amerika və müttəfiqləri onlara qarşı əks-terror əməliyyatlarına məşhur 11 sentyabr hadisəsindən sonra başlayıb. Bu, dünyanın bir nömrəli terrorçusu sayılan Üsəma ben Ladenə sığınacaq vermiş, şəriət qaydalarını pozduğuna görə qadınları öldürən, şikəst edən, erkən nikahı adi hala çevirmiş, məsələn, Babyan Budda heykəlləri kimi məşhur mədəni dəyərləri məhv edən həmin taliblərdir.

Bəs, sülh sazişinin imzalanması nə anlama gəlir? ABŞ 20 il sonra, nəhayət, anlayıb ki, müxtəlif məlumatlara görə Əfqanıstanın, təxminən, yarısına nəzarət edən talibləri məhv etmək iqtidarında deyil? Yoxsa yaraqlılar amerikalılarla bacarmayacaqlarını anlayıblar?

Əksər müşahidəçinin fikrincə, sazişin məğzi kifayət qədər dumanlıdır və ümumilikdə, söhbət bunlardan gedir: birincisi, ABŞ və müttəfiqləri 14 ay müddətində Əfqanıstandan qoşunlarını, o cümlədən, özəl mühafizə şirkətlərini, məsləhətçilərini, dəstək xidməti əməkdaşlarını və s. çıxaracaqlarını vəd ediblər. Sənədin qüvvəyə mindiyi gündən 140 gün sonra Əfqanıstanda maksimum 8,6 min ABŞ hərbçisi qalmalıdır (açıq mənbələrə görə, Əfqanıstanda, təxminən, 13 min Amerika hərbçisi var).

Razılaşmaya əsasən, müttəfiq dövlətlərin hər birinin kontingenti proporsional qaydada azaldılacaq, NATO hərbçiləri isə 5 hərbi bazanı tərk edəcək.

İkincisi, taliblər Əfqanıstan ərazisinin ABŞ-ın təhlükəsizliyinə təhdid sayılan beynəlxalq terror qruplaşmaları üçün meydan olmayacağına söz verir. Beləliklə, tərəflər Əfqanıstanda zorakılıq səviyyəsini aşağı salmağı planlayır.

Üçüncüsü, Əfqanıstandaxili danışıqlara başlanılır və bu müzakirələrdə ölkənin cələcək siyasi yol xəritəsi də müzakirə edilir. Deyilənə görə, Əfqanıstanda yeni qurulacaq hökumətdə taliblərin də təmsil olunması nəzərdə tutulur.

Dördüncüsü, qarşılıqlı etimadın gücləndirilməsi üçün əsirlər dəyişdirilir: Əfqanıstan həbsxanalarında saxlanılan 5 min insanın taliblərin əsir saxladığı min nəfərlə dəyişdirilməsi gündəmdədir.

 

Şübhə üçün 4 səbəb

İlk baxışdan sülhün nə olduğunu çoxdan unutmuş ölkə üçün bu, pis başlanğıc deyil. Lakin razılaşmanı diqqətlə nəzərdən keçirdikdə orada problemli məsələlərin çox olduğu aydın görünür. Onlardan birincisi və ən böyüyü sənədi birinci şəxslərin, yəni «Taliban» lideri Hibatullah Axundzadə ilə ABŞ prezidenti Donald Trampın imzalamamasıdır. İmzalanma mərasimində ABŞ-ın dövlət katibi Mayk Pompeo iştirak etsə də, sazişə heç o da imza atmayıb. Jurnalistlərin bu haqda sualını cavablandıran Tramp «Taliban» liderilə telefon söhbətlərinin olduğunu və söhbətin «çox yaxşı keçdiyini» bildirib. Lakin bu etirafdan bir neçə gün əvvəl ABŞ mətbuatı yazırdı ki, Tramp telefonda məhz Abdullah Qəni Baradarla danışıb. Qərb mətbuatı və qərbpərəst KİV yazır ki, bunun güman ki, müəyyən və əvvəlcədən planlaşdırılmış mənası var. Əslində, Abdullah Qəni Baradar heç Axundzadənin müavini də deyil (müavin Siracuddin Hakkanidir). O, sadəcə, hərəkatın nüfuzlu şəxslərindən biridir. Məlum olan odur ki, puştun olan Baradar «Taliban»ın yaradıcısı molla Məhəmməd Ömərin yaxın silahdaşı, bəzi məlumatlara görə isə qohumudur. Abdullah Qəni Baradar 2010-cu il fevralın 8-də Pakistan kəşfiyyatı tərəfindən əsir götürülmüş, sonradan ABH-ın xahişi ilə sərbəst buraxılmışdı. Guya amerikalılar onu lazım gələcəyi təqdirdə nüfuzlu tərəf müqabili kimi istifadə etmək məqsədilə qoruyub. Görünür, həmin vaxt indi yetişib.

Yeri gəlmişkən, sülh sazişini Siracuddin Hakkani (o, həm də atası Cəlaluddin Hakkani tərəfindən yaradılmış «Hakkanilər şəbəkəsi»nin lideri sayılır) də dəstəkləyib. Bununla yanaşı, «The New York Times» nəşrində onun haqqında çoxları üçün son dərəcə gözlənilməz olan məqalə dərc edilib. «Biz, «Taliban» nə istəyirik?» başlıqlı məqalədə Hakkani terrorçu kimi deyil, az qala, konstruktiv, sülhməramlı siyasi xadim kimi təqdim olunur. Məqalədə davamlı olaraq «suverenlik», «sabitlik», «beynəlxalq konvensiyalar», «dialoq» kimi sözlərdən istifadə olunur.

«Baş talibançı»nın sülhsevər tonuna baxmayaraq, daha bir kifayət qədər həssas məqam sülh rejiminə məhz necə əməl olunacağıdır. Amerikalılar gedəcəksə, Əfqanıstanda qan axıdılmayacağına kim zəmanət verəcək? Bu məsələ ilə bağlı fikirlər də çox və ziddiyyətlidir. Birincisi, amerikalılar bir anda getmir və onların ümumiyyətlə getməyəcəyi istisna deyil. ABŞ-ın Əfqanıstanda hansısa məhdud kontingent saxlaması, yaxud hansısa başqa variant düşünüb tapması mümkündür. Yeri gəlmişkən, hadisələrin məhz bu ssenari üzrə inkişaf edəcəyi artıq özünü göstərir. «Taliban»la ABŞ arasında sülh sazişinin imzalanmasından cəmi bir neçə saat sonra amerikalılar yaraqlıların mövqelərinə aviazərbələr endirib. Buna səbəb «yaraqlıların Əfqanıstan hökumət qüvvələrinin Nari Sarac və Hilmənd rayonlarındakı nəzarət-buraxılış məntəqələrinə aktiv hücumu» olub.

Bundan başqa, ABŞ hərbçilərinin sayına nəzarət edəcək hər hansı struktur yoxdur və bunu yalnız amerikalılarn özləri edə bilər. Odur ki, Vaşinqton Əfqanıstandan çıxdıqlarını bəyan edərsə, Kabilin, taliblərin və ümumilikdə dünya ictimaiyyətinin buna inanmaqdan başqa yolu qalmır. Eyni şey taliblərə də aiddir – onların öhdəliklərə nə dərəcədə uyduğuna da nəzarət edə biləcək qurum mövcud deyil.

Bütün bunların fonunda ən qarışıq və ağrılı məsələ Əfqanıstandaxili danışıqlardır. «Əfqanıstan İslam Əmirliyi» taliblər tərəfindən elan olunmuş tanınmamış dövlətdir və əvvəllər - 1996-2001-ci illərdə o, praktik olaraq bütün Əfqanıstana nəzarət edib. 2004-cü ildən isə Vəziristan regionu («Vəziristan İslam Dövləti») onun nəzarətindədir. Onlar hələ də özlərini legitim sayır və Əfqanıstan İslam Respublikasını tanımır. Üstəlik, rəsmi hökumətdə o qədər fərqli qüvvələr birləşib ki, onların arasındakı ziddiyyətləri sadalamaqla bitirmək mümkün deyil. Söhbət bir-birilə davamlı düşmənçilik edən müxtəlif klanlardan və xalqlardan gedir. Odur ki, Əfqanıstan İslam Respublikası tərəfdən danışıqlarda təmsil olunacaq nüfuzlu qüvvənin hansı olacağını söyləmək çətindir. İlk baxışdan düşünmək olar ki, bu şəxs prezident Əşrəf Qənidir. Kolumbiya Universitetini bitirmiş Qəninin ABŞ-da və Dünya Bankında iş təcrübəsi var. «Fixing Failed States» (2008) kitabının müəllifi olan Qəni Britaniyanın «Prospect» nəşrinin versiyasına görə, dünyanın ən yaxşı 100 mütəfəkkiri sırasında yer alır. Lakin Əfqanıstanda onun nüfuzu Qərb dünyasında olduğu qədər deyil. Üstəlik, ölkədə keçirilmiş və yekun nəticəsi xeyli gec elan olunmuş son prezident seçkisindən sonra ölkənin rəsmi hökumətin nəzarətində olan hissəsində faktiki, ikihakimiyyətlilik yaranıb. Qəninin əsas rəqibi, formal olaraq hökumətə başçılıq edən Abdullah martın əvvəlində özünü dövlət başçısı elan edərək, and içib. Bundan bir qədər əvvəl isə o, «inklüziv hökumət»in yaradıldığını elan etmişdi.

Bunun fonunda daha təhlükəli vəziyyət məhbuslarla bağlıdır. Ölkə prezidentinin mətbuat katibi Sedik Sedikkinin sözlərinə görə, Kabil 5 min məhbusun azad olunacağına heç bir zəmanət verməyib. Halbuki, məsələ Qəni ilə Şərqin ən yaxşı ənənələrinə uyğun razılaşdırılıb.

 

Təslimçilik, yoxsa yenidənqurma?

Bir yandan həqiqətən düşünmək olar ki, amerikalı hərbçilər «Taliban»la saziş imzalamaqla, əslində təslim olub, bununla da taliblərin məhv edilməsi istiqamətində 18 ildir aparılan əməliyyatların iflasa uğradığını boynuna alıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin məsələyə məhz bu cür yanaşması heç də təsadüf deyil. O, «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb ki, «Əfqanıstan, Suriya, İraq və ya Yəmənin əsas problemi ABŞ-dır». Birləşmiş Ştatların özündə də bənzər fikirlər eşidilir. Məsələn, respublikaçı senator, Trampın tərəfdarı Lindsi Qrem taliblərlə razılığa gedilməsindən əndişəsini açıq şəkildə ifadə edərək bildirib ki, bu saziş «radikal islamın mövqelərini tam bərpa etməsinə yol aça bilər».

Bəs, əslində, vəziyyət necədir? ABŞ həqiqətən zəiflik göstərir, yoxsa bu, yaxşı işlənmiş plan çərçivəsində gedilən uzaqgörən gedişdir?

Bu yerdə Əfqanıstanla bağlı məsləhətləşmələr üçün hələ 2017-ci ildə yaradılmış «Moskva formatı» yada düşür. O, Əfqanıstan, Hindistan, İran, Çin, Pakistan və Rusiyanın iştirakı ilə yaradılıb. 2018-ci ilin noyabrında Moskvada Əfqanıstan (Rusiyaya ölkə prezidenti Əşrəf Qəninin tapşırığı ilə yollanmış Əfqanıstan Ali Sülh Şurasının nümayəndələri), Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Rusiya, ABŞ, Tacikistan və Özbəkistanın XİN başçılarının müavinləri, həmçinin xüsusi nümayəndələr və müşahidəçilərin iştirakı ilə qapalı görüş keçirilib. Görüş taliblərlə Əfqanıstan hökuməti arasında birbaşa danışıqlara başlanılması üçün şərtlərin müəyyənləşdirilməsi məqsədilə təşkil olunmuşdu.

2019-cu ilin mayında Əfqanıstan probleminin sülh yolu ilə həllinə həsr olunmuş danışıqların növbəti raundu «Taliban» və Rusiya rəsmilərinin, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilib. O zaman «Taliban»ın 14 nəfərdən ibarət nümayəndə heyətinə elə həmin molla Baradar Axund başçılıq edirdi. Başqa sözlə, Əfqanıstan probleminin həlli prosesinə Rusiya başçılıq etməyə çalışsa da, Amerika işi sanki öz əlinə alıb.

Sadə məntiqə əsaslansaq, etiraf etmək lazımdır ki, «Taliban» Rusiya üçün daha ciddi təhlükədir, nəinki ABŞ üçün. Taliblərin Əfqanıstan ərazisinin ABŞ-ın təhlükəsizliyinə təhdid sayılan beynəlxalq terror təşkilatları üçün meydana çevrilməyəcəyi haqda vədi də daha çox rusların ürəyincə olmalıdır. Çünki taliblər bilavasitə Rusiya sərhədlərinə yaxın yerləşir. Mərkəzi Asiyadan Rusiyaya ildə nə qədər miqrantın üz tutduğunu nəzərə alsaq, rusların narahatlığı əbəs deyil. Yeri gəlmişkən, KTMT Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov ötən ilin sentyabrında açıq şəkildə bildirmişdi ki, Mərkəzi Asiya regionuna ən çox təhlükə Əfqanıstandakı terror qruplaşmalarından gəlir.

Bu kontekstdə ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu yaxınlarda, taliblərlə razılaşmanın imzalanmasından günlər əvvəl Qazaxıstan və Özbəkistana səfər etdiyini də xatırlatmaq yerinə düşər. ABŞ bu ölkələrə çoxdan idi bu qədər yüksək səviyyəli nümayəndə göndərmirdi. Səfər zamanı Pompeo bildirmişdi ki, ölkəsi Mərkəzi Asiya ilə bağlı yeni strategiya hazırlayır və onun əsasını Vaşinqtonun region ölkələrinə alternativ təqdim etmək niyyəti təşkil edir.

Məlum olduğu kimi, Mərkəzi Asiya ölkələrilə Çin çoxdan və kifayət qədər fəal şəkildə maraqlanır. Üstəlik, onlar İrana yaxın yerləşir, Rusiya ilə isə tarixi, mədəni və iqtisadi əlaqələrə malikdirlər. Demək, ABŞ-ın bu məsələdə kimlərlə rəqabətə girməyi düşündüyü aydındır.

Beləliklə, Vaşinqtonun Əfqanıstanda öz resurslarını yenidən təşkil etmək qərarına gəlməsi təəccüblü deyil. Hər halda, buna ciddi səbəb var – bu ölkədə hərbi mövcudluq amerikalılara külli miqdarda vəsait hesabına başa gəlir, üstəlik, onun beynəlxalq imicinə heç də müsbət təsir göstərmir. Beləliklə, taliblərlə saziş həqiqətən işlək olacaqmı, Amerika qoşunları Əfqanıstandan çıxacaqmı? Saziş həqiqətən Əfqanıstan vətəndaşlarına sülh gətirəcək, yoxsa bu da fövqəldövlətlər arasındakı rəqabətin növbəti səhifəsidir? Bu suallar cavabını yaxın gələcəkdə tapacaq.



MƏSLƏHƏT GÖR:

278