2 May 2024

Cümə axşamı, 12:43

«B» PLANI

Neft qiymətlərinin indiki çöküşü Azərbaycan üçün ağrısız keçəcək

Müəllif:

15.03.2020

Dünya daha bir iqtisadi böhran yaşamaqdadır. Bu gün COVID-19 koronavirusunun pandemiyasının özünün, yoxsa onun bütün ölkələrin tədiyyə balanslarında və ÜDM-lərində yaratdığı zərərin daha ağır olduğunu söyləmək çətindir. Neft bazarındakı qiymətlərin düşməsi ümumi mənzərəyə daha bir qaranlıq rəng də qatdı və bu da dərhal bütün neft istehsal edən dövlətlərin sakinlərini çaxnaşmaya saldı.

Azərbaycan belə vəziyyətdə bu iki amilin təzyiqinə məruz qalır, amma narahatlıq doğuran başlıca məsələ, təbii ki, neft bazarlarındakı vəziyyətdir: 2015-ci ildə «qara qızıl»ın qiymətinin kəskin enməsinin Azərbaycan valyutasına təsirləri hələ də yaddaşlardan silinməyib. Bununla belə, hökumət əmin edir ki, 5 il əvvəl yaşanılan dərslər yaxşı öyrənildiyi üçün bu dəfə neft gəlirlərinin kəskin azalması Azərbaycan iqtisadiyyatı üçün ağrısız olacaq.

 

Vəziyyət nəzarət altındadır

Beləliklə, Azərbaycanın maliyyə naziri Samir Şərifovun haqlı olaraq qeyd etdiyi kimi, “neft qiymətləri hər zaman enişə və artıma məruz qalır, bu da daim davam edən bir prosesdir. Bununla belə, yeni bir növ koronavirusun yayılması ilə əlaqədar olaraq neft bazarlarında tamamilə yeni bir vəziyyət yaranıb". Yəni bir tərəfdən irimüəssisə və qurğuların boş dayanması üzündən istehlakın təbii bir azalması var, digər tərəfdən neft dövlətləri koronavirusun mənfi təzyiqinin qarşısını almaq üçün güclərini birləşdirmək əvəzinə, bazarda spekulyativ oyunlara və "əzələ nümayişlərinə" başladılar. Üstəlik, qarşıda bizi neft istehlakının ənənəvi olaraq azaldığı yay mövsümü gözləyir. Bir sözlə, yaranmış mövcud mənzərəsi təbii ki, nikbinlik bəxş etmir. Yeganə təsəlli budur ki, dünyanın demək olar ki, bütün ölkələrinin iqtisadiyyatındakı tənəzzül şəraitində bütün dünya birliyi böhrandan çıxmaq üçün səylə çalışır.

Azərbaycan üçün çox şey xarici amillərin mənfi təsirinin nə qədər davam etməsindən asılı olacaq. Bununla belə, 2015-ci ildə baş vermiş iki devalvasiyanın təcrübəsi unudulmayıb və neftin qiymətinin düşməsi barədə xəbərlərdən bir neçə saat sonra artıq "dollar ovçularının" növbələri valyutadəyişmə məntəqələrinin qarşısında düzülməyə başladı. Bildiyinizkimi, belə vəziyyətdə ajiotaj buna səbəb olan amilin özündən daha pisdir ...

Sevindirici haldır ki, hökumətin reaksiyası çox ümidverici görünür. Əgər 2015-ci ildə müəyyən bir qeyri-müəyyənlik vardısa və baş verənlərə ləng reaksiya verilmişdisə, bu dəfə hökumətin bütün iqtisadi bloku ictimaiyyətlə operativ əlaqə yaratdı, çaxnaşmaya düşməmək üçün səbəb olmadığını ətraflı izah etdi, həm də yaranmış vəziyyətin bizim iqtisadiyyatımıza mənfi təsirlərini gizlətmədən izah etdi.

Qiymətlərin düşməsinin demək olar ki, ertəsi günü Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov açıqlama verərək bildirib ki, neftin bir barelinin 30-35 dollara düşəcəyi hal üçün hökumətin “B” planı var. "Bütün ehtiyat tədbirləri görülüb", - deyə o bildirib.

Bundan əlavə, elə həmin gün hökumət Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə geniş iclas keçirib və iclasda gələcək fəaliyyət üçün dəqiq hədəflər müəyyən edilib.

Baş nazir bildirib ki, “bu gün iqtisadiyyatımız 2014-cü ildə başlamış böhranla müqayisədə daha sabitdir. Dünyadakı mənfi meyillərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ÜDM artımı 2,8%, inflyasiya 2,8% təşkil edib."

İqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı güclü maliyyə immunitetinə və istənilən xarici şoklara qarşı “təhlükəsizlik yastığı”na malikdir. Strateji valyuta ehtiyatlarının həcmi ÜDM-dən böyükdür, xarici dövlət borcundan 6 dəfə artıqdır. Ehtiyatlar mal və xidmətlərin üç illik fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni strateji valyuta ehtiyatları dövriyyədəki bütün manat kütləsindən 5 dəfə, nağd manat kütləsindən 9 dəfə çoxdur.  

"Bu, valyuta bazarında balansın təmin edilməsi və makroiqtisadi sabitliyin qorunması üçün fundamental şərtdir", - deyə M.Cabbarov bildirib.

 

Büdcə dayanıqlıdır  

Eyni zamanda, hökumətin bütün üzvləri etiraf edirlər ki, hazırda (10 martda) dünya bazarlarında neftin qiyməti bir barel üçün Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulan qiymətdən (bir barel üçün 55 dollardan) 18 dollar ucuz olmasına görə, bu təsirsiz ötüşə bilməyən iqtisadi göstəricilər. Neftin bir bareli üçün 1 dollar dəyişmə artıq Azərbaycanın tədiyyə balansının cari hesabına ildə, təxminən, 250 milyon dollar təsir göstərir.

Birmənalı şəkildə dövlət büdcəsi gəlirləri də mütləq azalacaq. Samir Şərifovun sözlərinə görə, büdcə gəlirlərinin əsas mənbəyi vergi daxilolmaları, SOCAR-ınvə neft hasilatının pay bölgüsü sazişlərinə əsasən fəaliyyət göstərən şirkətlərdən vergi ödənişləridir. SOCAR-ın gəlirlərinin böyük hissəsi daxili bazarda əldə olunan gəlirlər hesabına formalaşır, çünki Dövlət Neft Şirkətinin operator olduğu yataqlardakı neftin böyük hissəsi daxili bazarda emal edilir və satışa yönəldilir. Buna görə, neftin qiymətinin aşağı olması onun gəlirlərinə təsir göstərməyəcək.

Neft hasilatının bölüşdürülməsi sazişləri əsasında fəaliyyət göstərən şirkətlərə gəldikdə, təbii ki, neftin qiymətinin aşağı düşməsi səbəbindən onların bu il üçün 730 milyon manat məbləğində nəzərdə tutulmuş vergi ödəmələri azala bilər.  

“Ancaq burada vəziyyət yetərincə normaldır. Bu gəlirlərin azalması dövlət büdcəsində proqnozlaşdırılan gəlirlərin 1-1,3% -i səviyyəsindədir”,- deyə maliyyə naziri vurğulayıb.

Yəni bütün bunlarla bağlı dövlət büdcəsinin parametrlərinə yenidən baxılacaqmı? Yox, çünki Azərbaycanda məhz bu ildən yeni büdcə qaydası qüvvəyə minib, ona görə büdcə gəlirlərinə neft bazarındakı qiymətlərin dəyişkənliyindən asılı olaraq düzəliş edilməməlidir. Buna necə nail olunur? Bu qaydaya görə, dövlət büdcəsi elə tərtib edilir ki, yüksək neft qiymətləri dövründə strateji ehtiyatlar toplanır ki, qiymətlər müəyyən olunmuş səviyyədən aşağı düşdükdə onları xərcləmək mümkün olsun. Bundan əlavə, istifadə olunan neft gəlirləri ölkənin xalis maliyyə aktivlərinin 30%-indən çox olmamalıdır.

Burada qeyd edək ki, 2020-ci ilin ilk aylarında Azərbaycan neftinin orta qiyməti bir barel üçün 60 dolları keçmişdi, yəni "büdcə" səviyyəsindən yüksək olmuşdu ki, bu da vergi və gömrük gəlirləri və mənfəətini artırmağa imkan verib. Beləliklə, yanvar ayında dövlət büdcəsinin gəlirləri 1,8 milyard, xərcləri isə 1,4 milyard manat təşkil etdi və müvafiq olaraq 400 milyon manat profisit əldə edildi. Neft qiymətlərinin artması Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarını da artırmağa imkan verdi.

Digər tərəfdən büdcənin formalaşdırılmasında mühüm rolu ARDNF-dən transfertlər oynayır - fondun öz gəlirləri azalsa belə, bu il bu işi tam həyata keçirmək üçün yetərincə vəsaiti var. Bu il Dövlət Neft Fondundan büdcəyə köçürmələrin həcmi fondun ehtiyatının yalnız 15%-ni təşkil edir: "ARDNF-in gələcək gəlirləri nəzərə alınmadan belə 7 il ərzində bu köçürməni həyata keçirmək imkanımız var", - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya  Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

Eyni zamanda, ARDNF-in özü də açıqlama verib ki, birbaşa neft satışından əldə olunan gəlirlərin azalmasından asılı olmayaraq fond öz vəsaitlərini idarə etməkdən də qazanc əldə edəcək, çünki onları yalnız minimal risk göstəriciləri olan aktivlərə yerləşdirir. "Bundan əlavə, ARDNF-in aktivlərinin 12%-i qızıldan ibarətdir ki, bu da qeyri-müəyyənlik dövründə sığorta rolunu oynayır", - deyə fonddan bildirilib.

Bir sözlə, hazırkı dövlət büdcəsi qısamüddətli xarici şoklardan sığortalanıb və ona elə bir ciddi təsir olmayacaq. Bundan əlavə, Samir Şərifovun dediyi kimi, xərclərin optimallaşdırılması üzərində işlər davam edir. "Dünyada koronavirus epidemiyasının olması ilə bağlı ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin və bəzi ezamiyyətlərin azaldılması gözlənilir. Bu qənaət də səmərəli istifadə olunacaq", - deyə maliyyə naziri bildirib.

Nəticə: hökumətdən əmin edirlər ki, bir barel neftin satış qiymətinin 40 dollardan aşağı qalacağı təqdirdə, dövlət büdcəsi gəlirləri proqnoza nisbətən cəmi 1,6% azala bilər ki, bunun 1,3%-i neft-qaz sektorundan gəlirlərin payına, 0,3%-i isə qeyri-neft sektorunun payına düşəcək.

 

Qeyri-neft sektoru zərər görür

Bununla yanaşı, bu gün xarici amillər üzündən təkcə Azərbaycanın neft sektoru zərər çəkməklə qalmır. Koronavirus üzündən karantin tətbiqi, sərhədlərin bağlanması və s. təkcə turizm və xidmət sektorunu ciddi şəkildə sarsıtmaqla qalmayıb, eyni zamanda bir çox istehsal müəssisələrinin işinə təsir etdi, ticarət sektoruna zərər vurub və s. Əlbəttə ki, bu geniş miqyaslı bir problemdir və bütün bunlar bu gün dünyanın, demək olar ki, bütün ölkələrində müşahidə olunur. Bununla bağlı hökumətlər təcili olaraq kiçik və orta sahibkarlığı iflasdan xilas etmək üçün addımlar atır, əsas faiz dərəcələrini aşağı salır, biznes kreditləri üzrə ödəniş müddətlərini uzadır, vergi yükünü azaldır və s.

Çox güman ki, Azərbaycanda da adekvat tədbirlər görüləcək. Nazir Mikayıl Cabbarov hökumətin iclasında bildirib ki, iqtisadi artım dinamikasını qorumaq üçün kiçik və orta sahibkarlığı stimullaşdırmaq üzrə təkliflər hazırlanaraq hökumətə təqdim ediləcək. Eyni zamanda, haqsız rəqabət ilə mübarizə və vergi intizamı üzrə tədbirlər gücləndiriləcək.

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovun sözlərinə görə, indiki vəziyyətlə bağlı digər ölkələrin təcrübəsi öyrənildikdən və dəqiq hesablamalar aparıldıqdan sonra agentlik müəyyən təkliflərlə hökumətə müraciət edəcək. “Dövlət də bu prosesi diqqət mərkəzində saxlayır. Biz yekun dəstək mexanizmləri üzərində işləyirik. Burada vergidən azad olunmaq, subsidiyalarla bağlı məsələlər ola bilər", - deyə o vurğulayıb.

 

Manatın və bankların taleyi  

Burada başqa bir önəmli məsələ manatın taleyi və bank sektorunu nəyin gözləməsidir? Bu gün birmənalı proqnoz vermək mümkün deyil, çünki çox şey dünyadakı bu əlverişsiz vəziyyətin nə qədər davam edəcəyindən asılıdır.

Ancaq yenə də, 2015-ci ildəki vəziyyətdən fərqli olaraq, Mərkəzi Bankın valyuta bazarında yaranmış ajiotaja reaksiyası dərhal - valyuta dəyişdirmə məntəqələrinin qarşısında dollar almaq istəyənlərin növbələri yaranan kimi oldu, AMB bankları lazımi miqdarda xarici valyuta ilə təmin etmək üçün onların satışı üzrə əlavə hərraclar keçirdi.

Bununla yanaşı, AMB rəhbəri E.Rüstəmov baş nazirin “mənfi təsirlərin zərərsizləşdirilməsi üçün hansı imkanlar var” sualını cavablandırarkən bildirib ki, ölkəyə yetərincə nağd valyuta gətirilib və bunun üçün bankların bütün ehtiyacları tam təmin olunub.  

“Bankdaxili konvertasiya, yaxud fiziki və hüquqi şəxslərin əmanətlərinin bankların imkanları daxilində konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur. Buna baxmayaraq, banklarda növbələri müşahidə edirik. Bankların gündəlik iş saatlarının bir saat uzadılması barədə qərar qəbul edildi. Bundan əlavə, Mərkəzi Bank və maliyyə-bank sektoru həm şənbə, həm də bazar günləri normal iş saatlarında fəaliyyət göstərəcək. Buna görə də vətəndaşlarımız bu fürsətlərdən istifadə edərək pullarını valyutadəyişmə məntəqələrində bazar günləri də dəyişdirə bilərlər. Digər tərəfdən, hökumətin göstərişi ilə bayram tətil günləri üçün də iş cədvəli planlaşdırırıq, lazım gələrsə, Mərkəzi Bank və bank sektoru fəaliyyət göstərəcək",- deyə ölkənin baş bankiri yekunlaşdırıb.

Kommersiya bankları da AMB-nin cəld reaksiyasından məmnun olduqlarını bildiriblər. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin sözlərinə görə, “Azərbaycan Mərkəzi Bankı valyuta təchizatçısı olaraq istənilən bankın tələblərini tam ödəyir. Bu gün devalvasiya üçün əsaslı bir səbəb yoxdur. Banklar öz funksiyalarını tam yerinə yetirməyə, mövcud qaydalar çərçivəsində müştərilərə xidmət göstərməyə borcludurlar".

Həmçinin məlum olub ki, ARDNF 2020-ci ilin əvvəlindən etibarən valyuta hərraclarında satışa 1,8 milyard dollar çıxarıb və ilin sonuna qədər daha 5 milyard dollar satmağı planlaşdırır ki, bu da "valyuta bazarında tələbi ödəmək üçün yetərincə böyük təklifdir."

Bununla yanaşı, Vüsal Qasımlının sözlərinə görə, ölkənin kommersiya banklarının balansı müsbət zonadadır, bu da bank sektorunu xarici şoklara daha dayanıqlı edir: “Bir qayda olaraq, belə hallarda dollarlaşmanın artması ehtimalı narahatlıq doğurur. Amma Azərbaycanda, belə də, dollarlaşma yüksək səviyyədədir. Əmanətlərin dollarlaşma səviyyəsi hazırda 55%-dir, baxmayaraq ki, 2015-ci ilin əvvəlində devalvasiyadan öncə bu göstərici 37% idi. Bu, o deməkdir ki, əmanətlərin dollarlaşma potensialı beş il öncə ilə müqayisədə 1,5 dəfə azalıb. Əmanətlərin tam sığortalanması və manat əmanətləri üzrə daha yüksək dərəcənin olması da bazar üçün sakitləşdirici amildir", - deyə İİTKM rəhbəri bildirib.

İstənilən halda, əgər xarici mənfi amillərin təsiri uzanarsa. Azərbaycanın buna cavab vermək üçün yetərincə strateji valyuta ehtiyatı var - mart ayının əvvəlinə onların həcmi 52 milyard dollar təşkil edib. Bununla yanaşı, E.Rüstəmov bildirib ki, hazırda onlardan istifadə məsələsi gündəmdə deyil.

“Cari ehtiyatlarımız yetərincədir. Dövlət Neft Fondunun transfertləri dəyişmir, tam həcmdə qanunla müəyyənləşdirilib. AMB-nin öz ehtiyatları var. Maliyyə Nazirliyinin önəmli valyuta ehtiyatları var. Bütün bu mənbələrdən tam istifadə edəcəyik. Düşünürəm ki, problem gözlədiyimizdən tez bitəcək. Ancaq unutmaq olmaz ki, bizim strateji valyuta ehtiyatlarımız da var”,- deyə E.Rüstəmov vurğulayıb.

 

Ötəri effekt

Və nəhayət, əhali üçün ən önəmli məsələ istehlak bazarında inflyasiyanın artmasıdır. Hökumətdə etiraf edirlər ki, qiymətlərin artması üçün obyektiv amillər var, lakin onlar ötəri xarakterlidirlər. "Koronavirusun yayılması ilə bağlı olaraq müvəqqəti təchizat problemləri yarana bilər. Müxtəlif insanlar bundan yararlana bilərlər. Hökumət bütövlükdə bu məsələni nəzarətdə saxlayacaq. Digər tərəfdən, bu vəziyyətdən sui-istifadə edərək qiymətlərin süni şəkildə artmasına yol verən insanlara, o cümlədən valyuta möhtəkirlərinə qarşı çox ciddi tədbirlər görüləcək ”, - deyə AMB sədri vurğulayıb.

Yeri gəlmişkən, hökumət bu istiqamətdə yetərincə vaxtında və önəmli bir addım atıb - martın 13-dən «Premium Euro-95» və «Super Euro-98» avtomobil benzinlərinin qiymətini endirib. Dolayısı ilə bu, bütün istehlak bazarı üçün xarici amillərə adekvat reaksiya siqnalı rolunu oynamalıdır.

Dünya neft bazarlarında proseslər davam edir. Koronavirus hələ məğlub edilməyib. Buna görə yaxın günlərdə və hətta aylarda iqtisadiyyatımız hələ ki, qlobal mənfiliklərin təzyiqi altında olacaq. Bununla bağlı Nazirlər Kabineti Mərkəzi Banka və Dövlət Neft Fonduna valyuta bazarının sabitliyini təmin etmək üçün tədbirlərin görülməsini davam etdirməyi tapşırıb, Maliyyə Nazirliyinə isə 2020-ci il dövlət büdcəsinin maliyyə sabitliyini möhkəmləndirmək həvalə edilib. Baş nazir Əli Əsədovun sözlərinə görə, dünya iqtisadiyyatında vəziyyət mürəkkəb olaraq qalır. “Ancaq biz gündəlik vəziyyəti nəzarət altında saxlayırıq. Ölkənin dünya iqtisadiyyatında və neft bazarında baş verən proseslərə tab gətirmək üçün yetərincə maliyyə resursları var."

Bununla yanaşı, unutmaq olmaz ki, məhz keçən böhran ölkə iqtisadiyyatının qeyri-neft sektorunda islahatlara və ciddi müsbət dəyişikliklərə güclü təkan verdi. Bəlkə, bu müvəqqəti “şər” bizim üçün bir növ uzunmüddətli “xeyrə ” çevriləcək?


MƏSLƏHƏT GÖR:

245