3 May 2024

Cümə, 16:19

SAĞ QALMAQ ÜÇÜN DƏYİŞMƏK LAZIMDIR

COVID-19 koronavirus pandemiyası dünya iqtisadiyyatının qarşısına yeni vəzifələr qoyub

Müəllif:

01.04.2020

«Fırtına bitəcək, bəşəriyyət sağ qalacaq, çoxunuz yaşayacaqsınız, lakin artıq biz başqa dünyada yaşayacağıq», - deyə tarixi bestsellerlər müəllifi Yuval Noy Xariri COVID-19 koronavirus pandemiyası haqda danışarkən bildirib. O, hesab edir ki, bizi Yerdə həyatın yarandığı andan bu yana ən böyük inqilab gözləyir. Bəşəriyyət iki seçim etməlidir – totalitar təqib və vətəndaşların hüquqlarının, imkanlarının genişləndirilməsi arasında, həmçinin milli prinsiplərlə təcrid və qlobal həmrəylik arasında.

«Doğrudur, biz artıq planetin, eyni zamanda həyatın qorunub saxlanması üçün həyat fəlsəfəmizi, istehlak və istehsalı, əyləncə vasitələrini dəyişməli olduğumuzu anlamışıq. Lakin koronavirus bu prosesi nəzərəçarpacaq dərəcədə sürətləndirəcək və bəlkə də bəşəriyyətin hələ də öz iradəsilə nail ola bilmədiklərini gerçəyə çevirəcək», - deyə dünyanın baş trend-xanteri Li Edelkort da təxminən eyni fikirləri səsləndirib.

Ümumiyyətlə, bəşəriyyət üçün heç də asan keçməyən indiki dövrdə gələcəkdən xəbər verənlərə tələbat xeyli artıb. Lakin hələlik o, tələbata görə həkimlərə, tibb bacılarına uduzur. İndi, insanlarda gələcəyə ümidi məhz sonuncuların bəzi hallarda öz həyatları bahasına nümayiş etdirdikləri qəhrəmanlıq qoruyub saxlayır.

 

Sərhədlərə kilid

Yeni koronavirusun sürətlə yayılması beynəlxalq iqtisadiyyat və maliyyə bazarları üçün də ən ciddi təhlükələrdən birinə çevrilib. Hər yanda iqtisadi fəaliyyətin qəflətən dayanması 2007-2008-ci illərdəkilə müqayisədə daha ciddi maliyyə böhranına yol açıb. Çünki o, eyni vaxtda ev təsərrüfatına da təsir göstərib, sahibkarlığa da, maliyyə qurumları və bazarlarına da – əvvəlcə Çində, sonra isə bütün dünyada. 2008-ci ildəki təşvişə son qoyulmasının yeganə yolu əmanətçilər və kreditorları vəsaitlərinin təhlükəsizlikdə olduğuna inandırmaq idi, bunun üçün isə hökumətin banklara dəstək verməyə məcbur edilməsi kifayət edirdi. Bugünkü böhran isə ümumi səhiyyənin faciəsidir. Səyahət laynerlərini, hotel və fabrikləri geri qaytarmağın yeganə yolu isə virusun yayılmasının qarşısının alınmasıdır.

Buna isə sən demə, heç kəs qadir deyil. Cəmi 3 ay əvvəl COVID-19-un mövcudluğundan heç kəsin xəbəri yox idi. Bu gün o, demək olar ki, bütün ölkələri bürüyüb və artıq təxminən 1 milyon insana yoluxub. Üstəlik, bu, yalnız bizə məlum olan rəqəmdir və təəssüf ki, son deyil.

Epidemiya müasir cəmiyyəti o dərəcədə məhv edib ki, bu gün yaşayan insanların əksəriyyəti bunu heç zaman görməyib. Rifah halının yüksəkliyilə tanınan İtaliya ilə İspaniyada vəziyyət humanitar fəlakətə doğru gedir – xəstəxanalarda boş yer yoxdur, tibbi preparatlar və personal çatışmır. Həkimlər hamını xilas edə bilmədiklərindən kimin yaşamalı, kimin ölməli olduğuna qərar verir. Yoluxanların sayına görə ilk yerdə olan ABŞ-da adambaşına düşən xəstəxana koykası İtaliyadakından da azdır. Belə bir vəziyyətdə iqtisadiyyatı daha az inkişaf etmiş ölkələrdə nələrin baş verə biləcəyini təsəvvür etmək belə, qorxuludur.

Virusun yayılma sürətini necəsə azaltmaq üçün dövlətlər bir-birinin ardınca xarici sərhədlərini bağlayır, müəssisələrin, təşkilatların, nəqliyyatın fəaliyyətini qadağan edir, vətəndaşların hərəkətini maksimum məhdudlaşdırmağa çalışır. Hesab olunur ki, belə tədbirlər virusla mübarizədə işə yaraya bilər. Amma iqtisadiyyat üçün onlar əsl fəlakət deməkdir.

 

Qorxulu proqnozlar

Gələcəkdən xəbər verməyə çalışan futuristlərdən fərqli olaraq, iqtisadçılar fikirlərinə sərbəstlik verə bilmir. Onların proqnozları dəqiq riyazi hesablamalara, sınanmış alqoritmlərə, keçmişdə yaşamış bənzər vəziyyətlərin təcrübəsinə əsaslanmalıdır. İndiki dövrdə isə məhz bu amillərlə bağlı heç də hər şey qaydasında deyil. Beynəlxalq iqtisadi vəziyyət elə sürətlə pisləşir ki, ən nüfuzlu təşkilatlar belə, makroproqnozları demək olar, hər həftə yeniləyir.

Məsələn, Beynəlxalq Maliyyə İnstitutu (IIF) hələ martın əvvəlində 2020-ci illə bağlı qlobal artım proqnozunu 2,6%-dən 1,6%-ə salıb. Bu, ilin ilk rübündə Çində işgüzar fəaliyyətin sərt karantin tədbirləri üzündən kəskin şəkildə azalması ilə bağlıdır. Növbəti kvartallarda vəziyyətin düzələcəyinə ümid edən IIF bu ölkədə orta illik inkişaf proqnozunu 5,9%-dən təxminən 4,0%-dək azaldıb. ABŞ-la bağlı proqnoz da dəyişib – 2,0%-dən 1,3%-ə.

Lakin çox keçmədən vəziyyət kəskin şəkildə dəyişib. İlin ilk 3 ayında iqtisadiyyatı ən azı 1/3 qədər geriləmiş Çinin ilkin şoku dünyanın qalan hissəsi üçün daha böyük şoka çevrilib.

Bununla yanaşı, OPEK ilə aparılan qiymət savaşı da beynəlxalq kredit bazarında stressi artırıb. Bütün bunların nəticəsində artıq hər kəsə aydındır ki, ilin ilk yarısının yekununda ABŞ, Avrozona və Yaponiya iqtisadiyyatı resessiya yaşayacaq (müvafiq olaraq, -0,4%, -2,8% və -5%). Çinin illik inkişafının isə 3,5%-dək azalacağı gözlənilir.

Çində tələbin azalması bir çox Afrika ölkəsi üçün də fəlakətlə nəticələnəcək. Çünki onların əsas ixracatçısı məhz ÇXR-dir. Ticarətin azalması, turizmin geriləməsi, sərhədlərin bağlanması Latın Amerikasının böyük iqtisadiyyatlarını da resessiyaya sürükləyəcək.

Nəticədə, IIF cəmi 2 həftə sonra qlobal artım proqnozunu bu dəfə 0,4%-dək azaldıb. Üstəlik, bərpa prosesinin son dərəcə ləng gedə biləcəyi bildirilir.

«Credit Suisse», «Goldman Sachs», «Bank of America», «Morgan Stanley» və digər maliyyə qurumlarının iqtisadçıları beynəlxalq iqtisadiyyatın nə zaman özünə gəlməyə başlayacağı ilə bağlı fərqli proqnozlar verir. Ən nikbin proqnozlara görə, bu, ilin ikinci rübündə, bədbin proqnozlara görə isə bu ilin sonu, gələn ilin əvvəlində baş verəcək.

 

«G20» sammiti və maraqlar

Pandemiya bu və ya digər formada dünyanın bütün ölkələrinə təsir etsə də, ötən həftəyədək bu qlobal bəla ilə mübarizədə dünyanın səfərbər olduğunu göstərən əlamət yox idi. Dövlətlər səhiyyə sahəsində və pul-kredit siyasətində bəzən bir-birinə zidd, bəzən isə hətta bir-birinə ziyan gətirəcək addımlar atırdı. Məsələn, AFR rəhbərliyi Donald Trampın koronavirusa qarşı peyvəndə «eksklüziv çıxış» əldə etmək niyyətilə Almaniyanın «CureVac» bioəczaçılıq şirkətini ələ almağa çalışdığını öyrəndikdə şoka düşmüşdü.

Amma Almaniyanın özünün də daxili maraqlarını qlobal maraqlardan üstün tutacağını düşünmək yanlış olardı. Berlinin tibbi maska və digər fərdi müdafiə vasitələrinin Avropanın başqa ölkələrinə ixracına məhdudiyyət qoymaq cəhdindən sonra Avropa Komissyası onu məhkəmə ilə hədələmək məcburiyyətində qalıb. Bənzər vəziyyət Fransada baş verib. Çinin İtaliya üçün nəzərdə tutduğu humanitar yükü az qala mənimsəməyə çalışan Çexiya da istisna deyil.

Aİ-nin bu və digər üzvlərinin çirkin əməlləri Avropa Komissiyasının rəhbəri Ursul fon der Lyayeni onları aşkar məzəmmət etməyə vadar edib: «Avropa ölkələrinin sözün əsl mənasında bir olmaları vacibkən, çoxları yalnız özünü düşünməyə başlayıb». O, yalnız vacib tibbi malların ixracına qoyulmuş qadağanı tutmur, həm də sərhədlərin bağlanmasından danışır. Məsələ ondadır ki, bir sıra dövlətlərin sərhədlərini bağlaması xüsusilə Mərkəzi Avropada ərzaq məhsulları və tibbi preparatların daşınmasında ləngimələrə səbəb olur.

Nəhayət, beynəlxalq ÜDM-in 80%-ni özündə cəmləmiş «G20» ölkələrinin liderləri martın 26-da təcili videokonfrans keçiriblər. Konfrans sırf COVID-19 virusu pandemiyası ilə birgə mübarizəyə həsr edilmişdi. Virtual sammitdə həm dünyanın müxtəlif regionlarını təmsil edən dövlət başçıları, həm də Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Əmək Təşkilatının rəhbərləri iştirak ediblər.

Qeyd edilməlidir ki, sammit üçün xarici fon heç də münasib deyildi. Çoxları ABŞ ilə Çin, həmçinin Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı gərginliyin danışıqlarda konsensusa gəlinməsinə mane olacağını düşünürdü. Məsələ ondadır ki, sammitədək ABŞ prezidenti Donald Tramp demək olar ki, hər çıxışıdnda Çini ittiham edirdi. O, deyirdi ki, Pekin ilkin mərhələdə virusun yayılması haqda xəbəri gizlətməklə, xəstəliyin «Uhan virusu» və ya «Çin virusu» adlandırılmasına yol açıb. Virtual toplantıya bir gün qalmış G7 dövlətlərinin xarici işlər nazirlərinin toplantısını məhz bu ittiham pozmuşdu.

Trampın bu ittihamına cavab olaraq, Çin rəsmiləri COVID-19 virusunun onların ölkəsinə amerikalı hərbçilər vasitəsilə gəldiyini bəyan etmişdi. Sammitə bir neçə gün qalmış isə Çinin «China Daily» dövlət qəzeti Trampı Pekinə ksenofob hücumlar etməkdə günahlandırmışdı. Qəzetdə yer almış yazıda bildirilirdi ki, burada məqsəd «diqqəti Trampın koronavirusla mübarizədəki bacarıqsızlığından yayındırmaqdır».

Belə məlumatlar da vardı ki, ABŞ Afrikanın neft şirkətlərinin xətrinə Səudiyyə Ərəbistanınandan neft hasilatını azaltmasını tələb edəcək.

Düzdür, sammit son dərəcə sakit, qarşılıqlı ittihamlar olmadan keçib. Amma toplantıda sıçrayışa səbəb ola biləcək hər hansı qərar da qəbul edilməyib. «G20» liderləri bir-birini əməkdaşlığa çağırıb və üzərlərinə «lazım olan reaksiyanı operativ göstərmək, lazımi addımları atmaq» öhdəliyi götürüb. Onlar hesab edir ki, pandemiyanın sosial və iqtisadi zərbəsini minimuma endirmək üçün bu, vacibdir.

Dünyanın ən nəhəng dövlətlərinin liderləri tədqiqatların maliyyələşdirilməsi, peyvənd və dərmanların hazırlanması, beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi və rəqəmsal texnologiyalardan istifadə kimi istiqamətlərdə birgə çalışmaq öhdəliyi götürüblər.

Bəşəriyyətin seçimini zaman, həm də ən yaxın zaman göstərəcək…



MƏSLƏHƏT GÖR:

273