19 Dekabr 2024

Cümə axşamı, 20:10

ESTAFET QƏBUL EDİLİB

Azərbaycan şahmatının yeni ulduzu Aydın Süleymanlının “R+”a müsahibəsi

Müəllif:

01.05.2020

Azərbaycanda şahmat haqqına ilk məlumatlar IX əsrə aiddir. Orta Asiyada həmin dövr üçün gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndələridir. 30-cu illərdə Səlimxanov, 50-ci illərdə bacarığını ortaya qoyan Xəlilbəyli kimi zəka sahiblərini də qeyd etmək yerinə düşər. Ölkəmizdə ötən əsrin 70-ci illərindən başlayaraq şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilməyə başlayıb. Bunun nəticəsi olaraq 60-a yaxın Uşaq-Gənclər Şahmat Məktəbi tikilib istifadəyə verilib.

Ümummilli Lider Heydər Əliyevin şahmata olan diqqəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də davam etdirilib. Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramını qəbul edən ilk ölkə kimi tarixə düşdü. Müstəqillik illərində Azərbaycan müasir dünya şahmatına Aynur Sofiyeva, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Zeynəb və Türkan Məmmədyarovalar və sair idmançılar qazandırıb. Son illər idman ictimaiyyəti şahmatçılar arasında yeni adların olmadığında şikayətlənirdi. Hətta bəzi məşqçilər Azərbaycan yığmasının gələcəyilə bağlı nikbin fikir söyləməkdə çətinlik çəkirdi.

“R+” Azərbaycan şahmatının yeni ulduzu, son illər qazandığı nəticələrlə tarix yazan Aydın Süleymanlıdan danışmaq istəyir. Aydın Süleymanlı dünya şahmat tarixində 2500 reytinq xalından aşağı olan, 14 yaşında “Aeroflot” beynəlxalq turnirində qələbə qazanan yeganə şahmatçıdır. Turnir ərzində möhtəşəm oyun sərgiləyən Süleymanlı (bütün oyunlarda rəqiblərin reytinqi 2600+ olub) növbəti uğura nail olub. Ötən il Aydın Hindistanda təşkil edilən 14 yaşlılar arasında dünya birinciliyinin qalibi adını qazanıb. Eyni zamanda yeniyetmə şahmatçımız 16 yaşlılardan ibarət yığmanın heyətində Ümumdünya Şahmat Olimpiadasının qızıl medalına layiq görülüb.  

Bu yaxınlarda 15 yaşı tamam olan Aydın Süleymanlı səylə çalışmağı davam etdirməli və gələcəkdə Azərbaycanın əsas yığmasının heyətinə yüksəlməlidir. “R+” şahmatçıyla görüşərək gələcək planlarından danışıb.

- Karyeranızda növbəti qələbə münasibətilə sizi təbrik edirik. “Aeroflot 2002” turniri barədə danışmağınızı istərdik...

- Yarış yaxşı idi, həm də çətin alındı. Yaşca özümdən böyüklərlə əvvəllər də eyni yarışda birgə çıxış etmişdim. Amma bu, indiyədək çıxış etdiyim ən güclü yarışlardan biri idi. “Aeroflot” turniri festival kimi keçirilir. Yaş və reytinqə görə iştirakçılar A, B, C turnirlərinə bölünür. 14 yaşım olduğu üçün təşkilatçılar əsas turnirdə iştirakıma icazə vermirdi. Azərbaycan Şahmat Federasiyası rəsmi məktubla müraciət etdikdən sonra iştirakım mümkün oldu.

 “Aeroflot” turnirində ən güclülər arasında iştirak etmək həm də böyük məsuliyyətdir. Qələbə qazanacağımı proqnozlaşdırmırdım. Sadəcə ardıcıl qələbələrdən sonra yüksək yerlər uğrunda mübarizəyə qoşuldum.

- Daha çox hansı görüş sizin üçün çətin keçdi?

- III turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə duel çətin idi. Reytinqcə məndən üstün olan Praqnanandhaya qarşı ağ fiqurlarla mübarizə apardım və sonda heç-heçəyə nail oldum.  

- V turda Ermənistan şahmatçısı Hayk Martirosyanla üz-üzə gəldiniz. Bu rəqiblə görüşdə hər hansı prinsipiallıq var idi?

- Deməzdim. Sadəcə, bütün görüşlərimdə əsas məqsədim qələbə qazanmaqdan ibarət idi. Amma ağ fiqurlarla oynadığım bu görüşdə də heç-heçə qeydə alındı. Yarışda favoritlər siyahısında olmasam da getdikcə rəqiblər mənə qarşı çox ciddi hazırlaşmağa başladılar. Bununla belə, qalib olduğum üçün xoşbəxtəm.

- Sonuncu görüşünüz Azərbaycan yığmasının üzvü, Avropa çempionu Rauf Məmmədova qarşı oldu. Qarşılaşma nə dərəcədə çətin alındı?

- Oyundan əvvəl ikimiz də çox həyəcanlı idik. Hansımız udsaydıq, yarışın qalibi olurduq. Heç-heçə təqdirində isə mən birinci olurdum. Raufun belə bir üstünlüyü var idi ki, o, ağ fiqurlarla çıxış edirdi. Başlayan kimi Məmmədov hücum etməyə, mən isə müdafiə olunmağa çalışdım. Yaxşı müdafiə olundum. O, vəziyyətin bərabər olduğunu görüb, heç-heçə təklif elədi. Mən də razılaşdım.

- Bəlkə, Rauf Məmmədov sizi həvəsləndirmək üçün bu addımı atıb?

- Xeyr. Hamı özünün qələbə qazanmasını istəyir. Görüşdən sonra məni qalib olmağım münasibətilə təbrik etdi.  

- Ötən il Hindistanda yeniyetmələrin yarışında dünya çempionu oldunuz. Həmçinin Türkiyədə Ümumdünya Yeniyetmələr Olimpiadasının qalibi adını qazanmısınız. "Aeroflot Open"dəki qələbənizdən sonra demək olarmı ki, bundan sonra sizi böyüklərin yarışında da görəcəyik?

- Bunun üçün çalışacağam. Kişilərin ölkə çempionatında iştirak edəcəm. Bu dəfə turnir dairəvi sistemlə təşkil olunacaq. Karyeramda irəliləmək üçün ölkə çempionatında da özümü göstərməliyəm.

- Hindistanda 14 yaşlılar arasında dünya çempionatında qızıl medal qazanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sizi təbrik etməsini necə qarşıladınız?

- Sevincimi sözlə izah edə bilmirəm. Təsəvvür edin yarışdan sonra çoxlu sayda təbriklər oldu. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki gələcək məsuliyyətimi daha da artırdı. Azərbaycanda şahmatçılara hər zaman qayğı və diqqət olub. Bu təbrik mənim üçün xüsusi hadisədir. Deməli, dövlət başçısı oyunumla maraqlanır və yarışları izləyir. Çalışacam gələcəkdə də mənə olan ümidləri doğruldum. Sizin vasitənizlə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edirəm.

- Şahmatda əsas kumiriniz kimdir?

- Norveçli Maqnus Karlsen və Şəhriyar Məmmədyarov. Karlsenlə hələ üz-üzə gəlməmişəm. Məmmədyarova isə turnirlərin birində uduzmuşam. Hər ikisi dünyanın güclü şahmatçıları sırasındadır.

- Növbəti hədəfləriniz nədən ibarətdir?

- Dünya çempionu olmaq istəyirəm. Amma bu, tezliklə mümkün olmayacaq. Həm zamana ehtiyacım var, həm də daha çox çalışmalıyam.

- Müsahibəyə görə təşəkkür edirəm.

- Çox sağ olun.



MƏSLƏHƏT GÖR:

367