26 Aprel 2024

Cümə, 18:06

İŞĞAL ALTINDA «SƏSVERMƏ»

İşğalçı Ermənistanın Dağlıq Qarabağda təşkil etdiyi növbəti «seçki» də nəticə vermədi

Müəllif:

01.05.2020

«Dağlıq Qarabağda prezident və parlament seçkiləri» adlı növbəti şou tam fiaskoya uğrayıb. Bununla da, Ermənistan bütün dünyanın Azərbaycanın ayrılmaz hissəsi saydığı Dağlıq Qarabağda yaratdığı qanunsuz rejimi beynəlxalq-hüquqi baxımdan legitimləşdirmək cəhdlərinin mənasız və perspektivsizliyinə bir daha əmin olub.

Bundan başqa, bu «seçkilər» hazırkı Ermənistan dövlətinin cinayətkar xislətini də bir daha ortaya qoyub. İrəvan ekspansionist iddialarını reallaşdırmaq xətrinə Qarabağda yaşayan həmvətənlərinin fiziki saxlamlığını belə, riskə atmağa hazır olduğunu nümayiş etdirib.

 

Həyasız «seçkilər»

Dağlıq Qarabağdakı işğalçı erməni rejimi Azərbaycanın bu bölgəsində yaşayan erməniləri koronavirus pandemiyasının yayıldığı bir vaxtda seçkiyə «sürüməkdən» çəkinməyib. Bu addımın iyrəncliyi və həyasızlığını ikiqat artıran məqam isə qanunsuz siyasi rejimə rəhbərliyin «seçilməsi» üçün iki tura ehtiyacın olması idi. İkinci tur isə aprelin 14-də – artıq 6 nəfərin rəsmən koronavirusa yoluxduğu təsdiqləndikdən sonra keçirilib. Belə bir şəraitdə karantin rejiminin qüvvədə olduğu kəndlərdə belə, «seçki məntəqələri» açılmışdı.

Erməni təcavüzkarları Azərbaycanın işğal olunmuş ərazilərində mütəmadi şəkildə belə «seçki» təşkil etməklə, guya oradakı «yüksək səviyyəli demokratiya»nı nümayiş etdirməyə çalışır. Lakin əvvəlki illərdə işğalçı rejimin hesabına bu gözəl yerləri gəzmək, eyni zamanda, «seçkinin gedişini izləmək» istəyən marginal siyasətçilər tapılırdısa, pandemiyanın tüğyan etdiyi bu ildə şou «beynəlxalq müşahidəçilər» olmadan keçib.

Ermənistan bir daha göstərib ki, Azərbaycan ərazilərinin işğalına və orada cinayətkar siyasətin yürüdülməsinə görə məsuliyyəti məhz o daşıyır. Dağlıq Qarabağdakı qanunsuz rejimin rəhbəri Bako Saakyan etiraf edib ki, pandemiya şəraitində «DQR»də «seçkilər»in keçirilməsi Ermənistanın ali rəhbərliyilə razılaşdırılıb. Bununla da onlar Qarabağ ermənilərinin həyat və sağlamlığına heç bir əhəmiyyət vermədiklərini ortaya qoyublar. Halbuki, Ermənistanın özündə Konstitusiya Məhkəməsinin hazırkı tərkibinin işdən kənarlaşdırılması üçün keçirilməli olan referendum məhz karantin üzündən təxirə salınıb.

İstənilən halda, Qarabağdakı erməni şousunun «qalibi» Araik Arutunyan həyasızcasına bəyan edib ki, bölgədə «iradənin ortaya qoyulması legitimliyin sübutudur». Yeri gəlmişkən, o, bunu «ikinci tur»a keçmiş digər namizədin «seçki»də iştirakdan imtina etməsinə rəğmən deyib.

Əslində apriori qeyri-legitim seçkinin «qalibi» hansı legitimlikdən danışa bilər?!

 

Dünya pisləsə də, hərəkətə keçmir

Ermənistanın işğal etdiyi və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi sayılan torpaqlarda qeyri-qanuni «seçkilər» keçirməsi dünya birliyi tərəfindən birmənalı şəkildə pislənib. Bu mənada, ilk növbədə ATƏT-in Minsk qrupunun bəyanatı diqqətəlayiqdir. Minsk qrupunun «seçki»nin ikinci turundan dərhal sonra yaydığı bəyanatda bildirilir ki, Dağlıq Qarabağı nə Minsk qrupunun həmsədrləri, nə də hər hansı digər dövlət müstəqil respublika kimi tanıyır. Beynəlxalq vasitəçilərin yaydığı sənəddə deyilir ki, «seçkilər»in nəticəsi nə Dağlıq Qarabağın yekun statusuna, nə də münaqişənin sülh yolu ilə həllinə dair danışıqların gedişinə hər hansı təsir göstərə bilər.

Bir çox dövlət və nüfuzlu beynəlxalq təşkilat da Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş «seçkilər»in qeyri-legitim olduğunu bəyan edib. Məsələn, NATO-nun bununla bağlı bəyanatında bildirilir ki, Dağlıq Qarabağda təşkil edilmiş «seçkilər» Azərbaycanın bu bölgəsinin yekun hüquqi statusunu, həmçinin davam etməkdə olan danışıqların nəticəsini heç cür müəyyənləşdirə bilməz.

İslam Əməkdaşlıq Təşkilatı isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda «seçkilər»in keçirilməsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, İƏT və ATƏT-in qərarlarına zidd olduğunu xüsusi vurğulayıb. Bəyanatda deyilir ki, bu təşkilatlar Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməli olduğunu dəfələrlə bəyan edib.

Eyni məğzli bəyanatlarla Qoşulmama Hərəkatı, GUAM, Türk Şurası, Türk PA, Avropa Şurası kimi təşkilatlar da çıxış edib.

Avropa İttifaqının hadisəyə münasibətinin üzərində xüsusi dayanmaq lazımdır. Bu «seçkilər»i tanımadığını bəyan edən Aİ bildirib ki, bu, nə Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsinə, nə də davam etməkdə olan danışıqlar prosesinin gedişinə təsir göstərə bilər. Bununla yanaşı, qurum ATƏT-in Minsk qrupunun mövcud status-kvoya son qoyulması cəhdlərini birmənalı dəstəklədiyini də bəyan edib. Bununla, Brüssel Minsk qrupunun vasitəçiliyilə aparılan danışıqlar prosesinin əsas tendensiyalarının qanuniliyini bir daha təsdiq edib. Bu tendensiyalar isə təbii ki, Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı nəticəsində yaranmış vəziyyətin dəyişdirilməsinə yönəlib.

Bütün bunlarla yanaşı, aydındır ki, Ermənistanın əməllərinin pislənməsi kifayət deyil və təcavüzkar vəziyyəti dəyişdirməyə məcbur edilməlidir.

 

Sülh, yoxsa hərb?

«Seçki» şousu bir daha göstərdi ki, beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq birliyin mövqeyinə məhəl qoymayan Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymağı düşünmür. Onun ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə dair hazırladığı plana (planda status-kvonun dəyişməsinin qaçılmazlığı əksini tapıb) münasibəti bunu daha aydın şəkildə göstərir. Bu mənada, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu günlərdə səsləndirdiyi səs-küylü bəyanata reaksiyası maraqlıdır. Söhbət rusiyalı nazirin danışıqlar masası üzərindəki sənədin Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutduğuna dair bəyanatından gedir.

S.Lavrovun sözlərindən məlum olub ki, danışıqlar prosesində müzakirə olunan «Madrid prinsipləri», yaxud «Kazan sənədi», həmçinin 2019-cu ilin aprelində Rusiya, Azərbaycan və Ermənistanın XİN başçılarının ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Moskvada qəbul etdikləri sənəd ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasını, nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılmasını nəzərdə tutur. Üstəlik, bu addımların atılması BMT TŞ-nin Qarabağ nizamnaməsi ilə bağlı qətnamələrinin yerinə yetirilməsi istiqamətində vacib sayılır.

Lavrovun bu bəyanatına cavab olaraq, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan açıq şəkildə bildirib ki, problemin mərhələli həlli İrəvan üçün qəbuledilməzdir. Onun sözlərindən belə çıxıb ki, Lavrovun azad olunmasının vacibliyi haqda danışdığı ərazilər Ermənistan üçün «təhlükəsizlik zonası və müdafiə xətti»dir. Bu üzdən də Ermənistan güzəştə getməyəcək və öz qoşunlarını həmin ərazilərdən çıxarmayacaq.

Faktiki olaraq, Lavrovun dedklərini inkar edən Mnatsakanyan onu da deyib ki, 2018-ci ildən, yəni Ermənistanda «məxməri inqilab» hökumətinin qurulmasından bu yana danışıqlar yalnız tərəflərin yanaşması, ayrı-ayrı elementlərin müzakirəsi və qiymətləndirilməsilə məhdudlaşır. Başqa sözlə, Ermənistanın xarici işlər naziri ölkəsinin Azərbaycanın işğal olunmuş rayonlarını boşaltmaq niyyətində olmadığını təsdiqləməklə yanaşı, mərhələli həll variantının müzakirə olunmadığını da bəyan edib.

Mnatsakanyanın bəyanatı, əlbəttə ki, həm də Lavrova meydan oxumaqdır. Bununla o, rusiyalı nazirin sözlərini açıq-aşkar şübhə altına qoyub. Rusiya XİN-in buna cavabı isə özünü çox gözlətməyib. Nazirlik bir daha bəyan edib ki, müzakirə olunan məsələlər arasında «Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılması, həmçinin Dağlıq Qarabağın yekun hüquqi statusunun əhalinin iradəsini ifadə etməsi yolu ilə müəyyənləşdirilməsi də var». Bəyanatda o da bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın mövqeyinin əsasında Rusiya, ABŞ və Fransanın ali rəhbərliyi tərəfindən dəfələrlə vurğulandığı kimi, Helsinki Yekun Aktının əsas prinsipləri, o cümlədən, güc tətbiq edilməməsi, ərazi bütövlüyü və müqəddəratı təyin etmə prisipləri dayanır.

Beləliklə, danışıqlar prosesində status-kvonun mərhələli şəkildə dəyişdirilməsini nəzərdə tutan konkret sənədin müzakirə olunduğuna heç bir şübhə yoxdur. Hər halda, Azərbaycan da öz tərəfindən, «danışıqlar xətrinə danışıqlar» aparmayacağını dəfələrlə bəyan edib.

Bəs, Ermənistanın XİN başçısının bu aşkar faktı gizlətmək cəhdinin arxasında nə dayanır? Təbii ki, ilk növbədə, ağıla daxili siyasi vəziyyət gəlir. Lavrovun erməni tərəfi üçün bu qədər gözlənilməz ifşaedici açıqlaması Mnatsakanyana zərbəni öz üzərinə götürməkdən başqa yol qoymayıb. O, iki ildir Qarabağ probleminin nizamlanması prosesi haqda populist yalanlar danışmaqda olan baş nazirini təmizə çıxarmaq üçün Rusiyanın xarici işlər nazirini demək olar ki, yalançı adlandırıb.

Amma belə «məxməri inqilab» özfəaliyyəti danışıqlar prosesi üçün yaxşı heç nə vəd etmir və onun müsbət perspektivinin üzərindən xətt çəkir. Bu mənada, Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yerinə düşür: «Ermənistan xarici işlər nazirinin sözləri münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun himayəsilə aparılan danışıqlar prosesinin üzərindən xətt çəkir. İrəvanın bu cür destruktiv bəyanatları danışıqlar prosesinə ciddə zərbə vurur və onu pozur. Ermənistan belə bəyanatlarla danışıqlar prosesini tərk etmək istəyirsə, mövqeyini açıq ifadə etməlidir».

Bu, İrəvanın maskasını kənara atmağa, vəziyyətə aydınlıq gətirməyə çağırılmasıdır: Ermənistan rəhbərliyi, baş naziri və XİN başçısı Azərbaycanla münaqişənin dinc şəkildə həllinin yeganə yolu olan işğala son qoyulmasını müzakirə etmirsə, onda nəyi müzakirə edir? Erməni tərəfinin bu suala doğru cavab verməkdən yayınması və Azərbaycan ərazilərinin işğalına son qoymaqdan qəti şəkildə imtinası yalnız bir anlama gəlir – sülh prosesinin iflası!

Odur ki, dünya ermənilərin Azərbaycan torpaqlarında oynadığı qanunsuz «tamaşa»nı seyr etməklə kifayətlənməməlidir. Beynəlxalq birliyin «Dağlıq Qarabağdakı seçkilər»i tanımaması nə qədər hörmətə, tərifəlayiq olsa da, Azərbaycanı təcavüzkarın sadəcə, pislənməsi qane edə bilməz və etməyəcək.



MƏSLƏHƏT GÖR:

303