Müəllif: Salatın MİRZƏYEVA
Təəccüblənməyin. Kanadada yaşayan ukraynalı Polina Desyatniçenko - tarzəndir. Azərbaycan mədəniyyətinə aşiqdir. Polina etno-musiqişünasdır. Rusiyada anadan olsa da, 10 yaşından bəri Kanadada yaşayır. Onun Azərbaycan muğamı ilə ilk tanışlığı Torontoda baş verib. İlk dəfə muğamı bu şəhərdə eşidib və heyran olub. Onda Polina etno-kafedraya müraciət edərək bildirib ki, milli Azərbaycan musiqisi üzrə iş mövzusu seçəcək. Kafedra rəhbərliyi bu qərara anlayışla yanaşıb və bunun üçün hər cür şərait yaradıb. Bu gün tarzən Polina həyatını muğam olmadan təsəvvür edə bilmir. Bu örnək misalda musiqinin sərhədləri necə sildiyini görmək olur. Polina Kanadada olarkən Azərbaycan üçün darıxır. Biz Azərbaycanda ola-ola onun Azərbaycan muğamını tarda ifa etməsindən ləzzət alırıq, onun mədəniyyətimizin özəlliklərini və "dadını" bu qədər dərindən bilməsinə heyran qalırıq. Əgər o, ukraynalı olmasaydı, rahatca onun azərbaycanlı olduğunu söyləyə bilərdik. Ancaq insan ürəyi ilə düşünürsə, milliyyətin nə önəmi var?
- İndi biz koronavirusla bağlı çox çətin bir zamanı yaşayırıq. Musiqi həmişə qeyri-müəyyənlik və melanxoliya halını ötürməyə kömək edib...
- Dünyanın bir çox yerində səsləndirilən məşhur Azərbaycan deyimi var: "Musiqi ruhun qidasıdır". Xüsusilə, daxili narahatlıq və ya stres anlarında musiqinin ruha bir iksir kimi təsir etdiyini hiss edirsən - sakitləşdirir və bütün mənfi təsirləri aradan qaldırır. Musiqi hətta insanları birləşdirə biləcək böyük bir gücdür. Sadə bir örnək verim - artıq ümumbəşəri sayılmağa başlayan mahnılar var. Axı, onlar bütün dünya insanlarının dodaqlarındadır. Bu mahnıları oxumağa və ya dinləməyə başlayanda birliyimizi hiss edirik. Bu gün hamımız bir-birimizdən təcrid olunmuşuq, yaxın insanları minlərlə kilometr ayırır, yalnız musiqi bir-birimizin yanında olduğumuzu və heç bir şeyin bizi ayıra bilmədiyini hiss etməyə kömək edir. Etiraf edin ki, hər birimizin bizi başqa insanlara, yaxud heç fərq etmədən sevimli və əziz yerlərə, şəhərlərə, hadisələrə bağlayan və ya onlarla bağlı olan mahnılar var. Biz həmin mahnını eşidən kimi dərhal çevrədəki gerçəklikdən uzaqlaşırıq və həmin günə, həmin şəxsin yanına və ya həmin yerə keçirik... Mən indi Kanadada yaşayıram və Azərbaycan üçün, həqiqətən, darıxıram. Ancaq mənim muğamım var, qulaq asanda məsafələri və okeanları keçərək arzularımın ünvanına səyahət etmək imkanı əldə edirəm...
- Siz muğamla 17 yaşınızda Kanadada tanış olmusunuz. 2013-cü ildə Bakıya gəlmisiniz. Belə çıxır ki, Azərbaycana tara görə aşiq olmusunuz?
- Əslində, Azərbaycan musiqisi ilə tanışlığım daha əvvəl baş verib (gülümsəyir). Məsələ bundadır ki, Torontoda keçmiş fortepiano müəllimim Maya Cəfərova - azərbaycanlıdır və o, mənə Vaqif Mustafazadə, Qara Qarayev, Adil Bəbirov və başqaları kimi böyük bəstəkarların incilərini çalmağı öyrətdi. Mən bu kompozisiyalara heyran oldum və Torontoda Azərbaycan diasporunun - Azərbaycanın Şimali Amerikadakı ən böyük diasporalarından birinin tədbirlərində iştirak etməyə başladım. Torontoda yaşayan gözəl Azərbaycan musiqiçiləri ilə tanış oldum. Bunların arasında İsmayıl Hacıyevi xüsusilə qeyd etmək istərdim - bir vaxtlar məni öz «İpək Yolu» kamera orkestri ilə çıxış etməyə dəvət etmişdi. Orkestrlə birlikdə çıxış etmək üçün Azərbaycandan bir muğam üçlüyü - Munis Şərifov, Sahib Paşazadə və Güllü Muradova gəlmişdi. Mən pianoda müşayiət edirdim. Bu üçlüyün ifasını eşitdiyim an həyatımı və karyeramı tamamilə dəyişdirən həlledici məqam oldu.
- Hansı daxili halınız sizin muğama təslim olmağınıza səbəb oldu?
- Muğamın musiqi dünyası sanki məni ovsunladı! Axı, bu əsrarəngiz musiqi janrı həm də bir çox duyğuları – sevgi təlatümlərini, xoşbəxtliyi və kədəri, ehtirası və müdrikliyi özündə əks etdirir. Həm də tarın Bax, Motsart və Bethovenin kompozisiyalarını incəliklə çatdırmaq qabiliyyəti məni də heyrətləndirdi. Azərbaycan mədəniyyətinə olan həvəsim doktorluq dissertasiyamın tədqiqat mövzusu olaraq muğamı seçməyimə səbəb oldu və bundan sonra ilk dəfə Azərbaycana gəldim.
- Kanadadan olan ukraynalı qızın Azərbaycan mədəniyyəti, adət və ənənələri mühitinə uyğunlaşma dövrü necə keçdi?
- Mən Azərbaycana etno-musiqi tədqiqatçısı kimi gəlmişdim. Məqsədim doktorluq dissertasiyam üçün məlumat toplamaq idi, yəni bu, çoxdan hazırlaşdığım deməkdir. Yerli əhalinin tarixini, adət-ənənələrini öyrəndim, davranışları və həyat tərzləri haqqında mümkün qədər çox məlumat almağa çalışırdım. Rus dilini bilməyim və Azərbaycan dilini öyrənməyim, özəlliklə də muğamı öyrənməyim, gerçəkdən də mənə mədəni maneələri aşmaqda kömək etdi. Hər dəfə Azərbaycan dilində danışmağa başlayanda və tarı əlimə alanda insanların heyran baxışlarını hiss edirdim. Onlar həmişə mənə kömək etmək istəyirdilər, çox qonaqpərvər və mənimlə mehriban idilər. Mən Azərbaycan xalqının bu keyfiyyətlərini çox yüksək qiymətləndirirəm.
- Demək olar ki, Azərbaycanın bütün guşələrini gəzmisiniz. Sizdə mədəniyyət şok yaradan nəsə oldu, yaxud əvvəlcə qeyri-adi gələn, yaxud da əksinə sizi təəssüratlandıran nə iləsə rastlaşdınız?
- Mən Şəki, Şamaxı, İsmayıllı, Xınalıq, Quba, Qəbələ, Lənkəran, Nardaran, Maştağa, Kürdəxanı, Zirə və Hövsanda olmuşam, dörd il Bakıda yaşamışam. Məni gerçəkdən heyran edən şey güclü ailə ənənələri oldu. İnsanların çoxu üçün ailə dəyərləri prioritetdir. Muğam ustalarının ifalarını izləmək üçün çox sayda Azərbaycan toylarında iştirak etmişəm və Azərbaycan mədəniyyətinin əsasını təşkil edən toy adətlərini görmək çox maraqlı oldu. Azərbaycana ilk gəlişlərimdən birində "pir" adı ilə daha çox tanınan müqəddəs yerləri ziyarət etdim. 2013-cü il idi. Bu yerlərdə çildağ kimi mərasimlər var, yaxud narahatlığı azaltmaq və qorxunu götürmək üçün dəridə bükülmüş kağız yandırırlar. Xalq təbabətində mistika elementlərinin olmasına çox təəccübləndim. Başqa inanclar da var ki, çox qəribə, lakin maraqlıdırlar. Məsələn, kimsə yaxşı şeylər söylədikdə, pis gözdən qorunmaq üçün arxanı qaşımaq kimi.
- Bir çox tar ustasından dərs almısınız. İki məktəbi xüsusi qeyd etmək lazımdır - Vamiq Məmmədəliyevi və Elxan Mansurovu. Bu məktəblərin sizin üçün fərqi nədir və özünüz üçün kəşf etdiyiniz ən qiymətli şey nədir?
- Mənim bəxtim çox gətirdi ki, musiqi sənətini Azərbaycanın ən görkəmli tar ustalarından - Ramiz Quliyev, Aslan Məhərrəmov, Elxan Mansurov, Valeh Rəhimov, Vamiq Məmmədəliyev və Elxan Müzəffərovdan öyrəndim. İlk müəllimim isə Təbrizdən olan tarzən, Ramiz Quliyevin keçmiş tələbəsi Məhəmməd Amanollahi olub. O, Toronto yaxınlığında yaşayır və Azərbaycana gəlməzdən öncə bir neçə ay ondan dərs aldım. Bu gün əsas müəllimlərim Elxan Mansurov və Vamiq Məmmədəliyevdir. Vamiq Məmmədəliyev məktəbi tarzənlər Əhməd Bakıxanov və Hacı Məmmədovun ifa tərzlərini özündə birləşdirir ki, həm də sürət baxımından daha virtuozdur. Bu üslub bu gün çox populyarlıq qazanıb. Vamiq müəllimlə dərslərdən sonra mənim ifa texnikam xeyli yaxşılaşdı. Mənə muğamın çox maraqlı və nadir hissələrini öyrətdi. Çalğının Mansurov məktəbi isə bənzərsizdir. Elxan Mansurov Bəhram Mansurovun əsas varisidir. Ustadın çalğı tərzi böyük texnika və mizrabın «pərvanə mizrab», ya da «əlif mizrab» kimi müxtəlif ştrixlərini bacarmaq sənətkarlığı tələb edir. Burada başlıca şey sürət deyil, mizrabla çalğının ifadəli olmasıdır. Bu üslub qəzəl oxunmasına çox yaxındır və əruz vəzni ölçülərinə riayət etməyi tələb edir. Mən Elxan müəllimdən öyrəndiyim repertuardan bir disk yazdırmışam. Disk "Təfəkkür səyahəti" adlanır və onu veb saytımda (https://polinadessi.com) dinləmək mümkündür.
- Ustad Vamiq Məmmədəliyev çıxışlarının birində qeyd edib ki, musiqiçilər klassik üsluba uyğun olmalıdırlar və musiqini "düzgün formada" gələcək nəsillərə çatdırmalıdırlar. Siz də klassik ifa tərzinə də üstünlük verirsiniz. Klassikləri dəyişdirmədən onu çağdaş dinləyici üçün necə maraqlı etmək olar?
- Muğam improvizasiya tələb edən musiqi sənətidir. Cəsarətlə çeviklikdən danışa bilərsiniz, o çevklikdən ki, ifanın müəyyən, o cümlədən çağdaş auditoriyaya uyğunlaşdırılması üçün işlədilməsi yolveriləndir. Ancaq maraqlı və heç də sadə olmayan eydirməni, yəni improvizasiyanı yalnız güclü klassik təməli olan ifaçılar gerçəkləşdirə bilir. Muğam ifa edən musiqiçilərin klassik formaya yiyələnməsi üçün bir qayda olaraq 5-15 il tələb olunur. Yalnız bundan sonra onlar öz "barmaq"larını əlavə etməklə bu formaya hər hansı bir dəyişiklik edə bilərlər ki, bu da tarzənlərin öz ifa tərzinin yaranması deməkdir. Yalnız klassik formanı dərindən bilən və musiqini ötürmək üçün yetərincə həyat təcrübəsinə sahib olan muğam ifaçısı improvizasiya edə bilər ki, bu da istənilən dinləyicinin, klassik musiqi xiridarının və ya çağdaş axın tərəfdarlarının ürəyini titrədər.
- Fikrinizcə, indi kim savadlı şəkildə improvizasiya edə bilir?
- Alim Qasımov. Onun erkən səs yazılarına qulaq assanız, onun klassik formaya necə tam əməl etdiyini hiss edə bilərsiniz. Zaman keçdikcə onun bilikləri də dəyişib, onun öz üslubuna qədər yetişib və yalnız bundan sonra o, muğam ifasının tamamilə yeni bir yolu yaradıb. O, bu qədim musiqi janrında tamamilə inqilab edib. İndi o, yaşından, dinindən və mənşəyindən asılı olmayaraq insanları ağladan bir tərzdə oxuyur. Əgər musiqiçinin belə bir klassik təməli yoxdursa, onun ifası muğamı təhrif edir. Müəllimlərim bunu «yamaq» adlandırırlar. Şəksiz ki, çağdaş dinləyicinin xoşuna gəlmək üçün klassik formadan müəyyən hissələri götürə və ona İran, Türkiyə, Hindistan musiqisi əlavə edə bilərsiniz. Bəs, belə musiqinin emosional və fəlsəfi gücü varmı ?! Mən buna şübhə edirəm.
- "Muğam fəlsəfəsi". Dissertasiya başlığından belə görünür ki, sizin üçün musiqinin əsas ideyası önəmlidir. Azərbaycan milli incəsənətinin bu qədim formasının fəlsəfəsi nədir?
- Muğamın fəlsəfəsi insanları həyatın mənası, onların var olmasının təyinatı barədə düşünməyə vadar etməkdir. Düşünürəm ki, muğamın əsas mövzusu sufizmdə öz əksini tapmış sevgi forması - "eşq"dir. Bu gerçəkliyə, kamilliyə aparan yol kimi təfsir edilə bilən sevgidir. "Eşq" sözü "aşeqa" sözündən yaranıb – bu, ətrafındakı hər şeyi udan bir bitkidir. Buna görə də, burada söhbət hər şeyi dəyişən, çətinliklər, məyusluqları aradan qaldırmağa və bunun üçün fədakarlıq göstərmək üçün güc verən ehtiraslı sevgi və istəkdən gedir. Bu, Leyliyə aşiq olan Məcnunun eşqidir, çünki onun simasında Tanrının təcəllisini görür. Bu sevgi təkcə bir insana deyil, Tanrıya, vətənə də ünvanlana bilər... Muğam musiqisi dərindir və "eşq" sözünün mənasını yetərincə aydın şəkildə çatdırır. Muğama qulaq asmaqla o eşqi yaşamaq olar və burada sözlərin olması mütləq deyil. Bax, muğamın fəlsəfəsi bundadır. Eşq həm də muğamda səslənən qəzəl poeziyasının mövzusudur. Mən Vasim Məmmədəliyev (Allah rəhmət eləsin!), Valeh Rəhimov, Hacı Aqil Məlikov, Tərlan Quliyev, İlqar Fəhmi, Lalə Əlizadə kimi görkəmli şəxsiyyətlərlə qəzəl poeziyasının fəlsəfi dünyası haqqında çox söhbət eləmişəm.
- Sizin musiqiniz sükutu və təkliyi, yoxsa zalın səs-küyünü və gurultulu alqışları sevir?
- Qızıl ortanı. Muğamın auditoriyaya ehtiyacı var, çünki dinləyicidən gələn enerji var və o, çıxış zamanı sizi ilhamlandırır. Ancaq bir önəmli nüansı da nəzərə almaq lazımdır: muğam ifasını izləyici ilə yaxın, daha dəqiqi, ruhi və çox gizli bir bağlantı olmadan təsəvvür etmək çətindir. Amma çox böyük auditoriya, ümumiyyətlə, bu effekti verə bilməz.
- Bu sözlər sizin bir ifadəni xatırlatdı - "Muğam dua kimidir", gizli dua...
- Muğam sevginin ifadəsidir. Mənim üçün bu, həyata sevginin ifadəsidir. Bu, fəlsəfi təfəkkür məqamıdır - bizi təmizləyən və şükür edə biləcəyimiz hər şeyi xatırladan düşüncə növüdür. Azərbaycana ilk dəfə gələndə təəccüblənirdim ki, insanlar muğam dinlədikdə və ya sadəcə danışanda ağlaya bilərlər. Düşünürəm ki, səmimi dua zamanı da insanlar eyni hissləri yaşayırlar.
- Öz alətləriniz barədə danışın.
- Üç tarım var: biri konsert çıxışları üçün, ikisi evdə məşq üçün. Mansurov tərzində olan konsert tarımda simlər xüsusi düzülüb, xüsusi xərək qoyulub və membranında deşik var. Bu özəlliklər Mansurov məktəbinin "sirləri"dir və onlar alətin səsini dəyişdirirlər. Tarda çalmaq bir insanla münasibətləri inkişaf etdirmək kimidir. Əvvəlcə alətə alışmalısınız, gecə-gündüz məşq edərək texnikanı inkişaf etdirməlisiniz və nəticədə, barmaqlarınızda döyənəklər yaranacaq. Ancaq bu sizi qorxutmamalıdır. Siz alətin qayğısına qalmağı, onu təmizləməyi, simləri dəyişdirməyi və s. öyrənməlisiniz. Birlikdə yaşanan bütün çətinliklərdən sonra siz bir bütöv kimi çıxış edə biləcəksiniz! İnanın, əziyyətinə dəyən bir zövqdür. Alətlərimə adlar vermişəm, çünki mənim üçün onlar muğam dünyasının canlı bələdçisidirlər. Konsert tarım Simurqdur - ona ilahi gözəlliyin rəmzi olan əfsanəvi quşun adını vermişəm. Mənim gözəl bir Azərbaycan musiqi alətim – qavalım da var. Gələcək üçün hədəflərimdən biri də onun fantastik ritmlərini ifa etməyi öyrənməkdir.
- İki il əvvəl Polinanın diqqəti Avropada konsertlərə, öz tələbələri ilə dərslərinə və tarı Kanadada məşhurlaşdırmağa yönəlmişdi. Arzularınız gerçəkləşirmi və yeni hədəfləriniz varmı?
- Mən ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Yunanıstanın müxtəlif şəhərlərində olmuşam və oralarda mühazirələr keçmişəm, konfranslarda iştirak etmişəm, muğam haqqında təqdimatlar etmişəm, tar çalmışam. Təəssüf ki, vaxt az olduğuna görə mənim öz tələbələrim yoxdur, amma hər şey hələ qabaqdadır. Hələ özüm muğamı öyrənirəm.
- Sizin uğurlarınız sırasına Harvard Universiteti ilə əməkdaşlıq da daxildir...
- 2017-ci ildə Toronto Universitetində doktorluq dissertasiyası müdafiə etdim və bundan dərhal sonra Harvard Universitetində Azərbaycan muğamı haqqında kitab yazmaq üçün təqaüd aldım. Harvard Universitetində Azərbaycan muğamından mühazirələr oxumuşam, kitabxanalarda və arxivlərdə çox vaxt keçirmişəm. Biz həm də konfrans təşkil edirdik, amma təəssüf ki, mövcud qlobal koronavirus böhranı səbəbindən təxirə salınıb.
- Polina, özünüzü hansı məqamda tapdınız və necə anladınız ki, artıq özünüzü tapmısınız? Özlərini axtaran gənclərə motivasiyanı itirməmək və ilhamı haradan almaq barədə hansı məsləhətləri verərdiniz?
- Öz həyat yolunu tapmağa çalışan gənc insanlara məsləhət görərdim ki, ətrafdakı hər şeylə maraqlansınlar və yeniliklərə açıq olsunlar. Biz bu qədər fərqli mədəniyyəti, həyat tərzi və incəsənəti olan böyük bir dünyada yaşayırıq. Bəşəriyyəti onun bütün müxtəlifliyi ilə tanımaq üçün bir ömür yetməz. Özümü axtararkən həmişə əvvəlcə həyatın özünü tanımağa, bu məsələyə çoxyönlü yanaşmağa və stereotipik düşüncə tərzindən yayınmağa çalışırdım. Təəssüf ki, bu gün gənc insanları gerçəklikdən yayındıran bir çox amillər var. Onlar sadəcə bir anda həyatdakı gerçək həzzi anlamaq fürsətini əldən verərlər. Buna görə özünüzə, daxili dünyanıza və istəklərinizə qarşı ayıq və çox diqqətli olmalısınız. Gənc insanlara əsas tövsiyəm zamanı dəyərləndirmək və qayğısına qalmaqdır, çünki vaxt dayandıra bilmədiyimiz və geri döndərə bilməyəcəyimiz tək amildir.
MƏSLƏHƏT GÖR: