27 Aprel 2024

Şənbə, 08:58

SAĞ QALMAQ STRATEGİYASI

Bu yay turizm sektoru yalnız daxili turizmə yönəlməklə öz itkilərini minimuma endirə bilər

Müəllif:

15.05.2020

Koronavirus pandemiyasının səbəb olduğu qlobal təlatüm dünya turizminə indiyə kimi görünməmiş səviyyədə zərbə vurdu. Bu gün inkişaf etmiş istirahət sektoruna malik əksər ölkələr yay mövsümünün sonuna qədər öz sərhədlərini xaricilərin girməsi üçün açmağı planlaşdırmırlar. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) məlumatına görə, 2020-ci il sahə üçün böyük dərəcədə itirilmiş hesab edilə bilər və ən yumşaq ssenariyə görə, ilin sonuna qədər səyahətlərin sayı 58% azalacaq. Bununla birlikdə, karantin məhdudiyyətləri yumşaldıqca, xarici qonaqların gəlişinə alternativ kimi yerlə turizmə ümid bağlamaq ola bilər. Məhz bu seçim Azərbaycan üçün optimal hesab olunur.

 

İtirilmiş mövsüm

UNWTO-nun məlumatına görə, COVID-19 pandemiyasının başlamasından bəri dünya ölkələrinin, təxminən, 96%-i turist səfərlərinə müəyyən məhdudiyyətlər tətbiq ediblər, o cümlədən pandemiyanın yayılmasının qarşısını almaq üçün onu tamamilə qadağan edənlər də olub. Xarici turistlər üçün girişin asanlaşdırılması və daha açıq ölkələr trendeninin olduğu son illərdən fərqli olaraq bu gün 209 ölkə səyahət məhdudiyyəti tətbiq edir. Üstəlik, onlardan 44-ü ən çətin epidemioloji vəziyyətdə olan ölkələrin - Çin, İtaliya, Cənubi Koreya, İran və s. vətəndaşları üçün sərhədlərini tamamilə bağlayıb. Pandemiya başlayandan sonra Afrika, Asiya, Sakit okean və Yaxın Şərqdəki bütün ölkələr səyahət məhdudiyyətləri tətbiq etdi. Avropada sərhədlərini bağlayan ölkələrin payı 93%-ə, Amerikada isə 92%-ə çatır.

Karantin məhdudiyyətlərinin dünya üzrə istirahət sektoru üçün nəticəsi 2020-ci ilin birinci rübündə xarici qonaqların sayının 22% azalması olub.əÖzü də, bu azalmanın yarıdan çoxu mart ayına təsadüf edir, onda bir çox ölkələr giriş qaydalarını sərtləşdirdilər və beynəlxalq uçuşları tamamilə dayandırdılar. Bu, birinci rübdə 7 milyon beynəlxalq gəlişin və təxminən, 80 milyard dollarlıq turizm qazancının itirilməsinə səbəb oldu.

Bu il beynəlxalq turizmin bərpası üçün üç ssenarini nəzərdən keçirən UNWTO ekspertləri düşünür ki, ilin nəticələrinə görə itkilər dəfələrlə çox ola bilər. Ən yumşaq variantda - iyul ayının əvvəlində səyahət məhdudiyyətlərinin aradan qaldırılması halında beynəlxalq turist gəlişlərinin 58%əazalması mümkün görülür. Karantin məhdudiyyətlərinin sentyabrdan etibarən zəiflədilməsi zamanı isə azalma 70% olacaq, ancaq qadağalar ilin sonuna qədərədavam edərsə, 2020-ci il üçün ümumi səfər sayı 78% azalacaq ki, bu da 1,1 milyard beynəlxalq turist gəlişi qədər azalmadır.

Ən pis ssenariyə görə xarici turizmin gəlirləri 1,2 trilyon dollar azalacaq. Sahə 100-120 milyon iş yerinin itirilməsi ilə üzləşə bilər ki, bu da turizmin iqtisadiyyatın aparıcı sektoru olduğu dövlətlər yetərincə təhlükəlidir.

“Hakimiyyətlər, səyahətlərə məhdudiyyətlərini tətbiq etməklə, səhiyyəni ön plana çəkirlər. Ancaq turizmin dayandırılması iş yerlərinin azalmasına səbəb olur və əldə olunan dayanıqlı iqtisadi artım yox ola bilər. Buna görə də biz hökumətləri səyahət məhdudiyyətlərini daima yenidən nəzərdən keçirməyə, səyahət təhlükəsiz olduqda onları ləğv etməyə və yüngülləşdirməyə çağırırıq", - deyə UNWTO baş katibi Zurab Pololikaşvili bildirib.

Lakin, görünür, bu çağırışlar hələ ki, dünyanın COVID-19 virusunun yayılması ilə bağlı gələcək inkişafları gözləyən əksər ölkələrində dəstək tapmayıb. Ən son məlumatlara görə, dünya turizminin aparıcı habları - İtaliya, İspaniya, Fransa, Almaniya və Avropa ölkələrinin əhəmiyyətli hissəsi sərhədlərini yay mövsümündə xarici turistlər üçün açmağı planlaşdırmırlar. Halbuki bəzi ölkələr öz vətəndaşlarının və qonşu bölgələrin sakinlərinin daxili istirahəti üçün yüngülləşmələrə yol verirlər. Xüsusilə, Köhnə Dünyanın bir sıra dövlətləri - Avstriya, Yunanıstan, Kipr, Portuqaliya və s. xarici qonaqları iyul ayının əvvəlindən qəbul etməyə hazır olduqlarını bəyan ediblər, lakin söhbət əsasən "koronavirus ilə uğurla mübarizə aparan Avropa ölkələrinin" turistlərinin "sağlamlıq pasportu" əsasında qəbul edilməsindən gedir. Bu cür perspektivlər "sağlamlıq və təhlükəsizlik" üzrə ümumi Avropa protokolunun qəbulu ilə bağlıdır ki, Avropa Birliyində onun işlənməsinə başlamağı yalnız indi-indi planlaşdırırlar.əÖzü də, Avropa ölkələrinin tətil mövsümünün əvvəlinə qədər belə bir nəzarət mexanizminin yaradılması üzrə anlaşıb-anlaşmayacağı hələ bilinmir.

Hələ ki, Avropa Birliyi koronavirus pandemiyasından sonra qitənin turizm sahəsinin bərpası üçün 375 milyard avro ayırmağa hazırlaşır ki, bu da dolayısı ilə yay mövsümünün turizm agentlikləri üçün itirilmiş saymağı daha məntiqli göstərir. Şimali və Cənubi Amerikanın, Cənub-Şərqi Asiya ölkələrinin ekspertləri eyni dərəcədə pessimistdirlər - əksəriyyəti kütləvi turizmin yalnız cari ilin sonuna və ya 2021-ci ilin əvvəlinə bərpa olunacağını gözləyirlər.

Dünyanın bölgələri arasında ekspertlərin ən nikbin baxdığı perspektivlər, təxminən, 2020-ci ilin yayının ortalarına qədər Yaxın Şərqdə və Şimali Afrikada sahənin bərpa olmasıdır. Xüsusilə Misir 15 may tarixindən etibarən kurort bölgələrindəki hotellərin fəaliyyətini bərpa edib, lakin ilk mərhələdə onlar yalnız daxili turizm üçün işləyəcək, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün sanitariya tələblərinə və tövsiyələrinə ciddi əməl edəcəklər.

Öz növbəsində, Türkiyə daha da irəli getməyi və 12 iyun tarixindən başlayaraq xarici turistlər üçün ölkəyə girişi açmağı, mərhələli şəkildə beynəlxalq reysləri bərpa etməyi planlaşdırır. Ancaq may ayının ilk yarısına olan məlumata

görə Türkiyədə 130 mindən çox COVID-19 yoluxmasının qeydə alındığını nəzərə alsaq, yalnız koronavirusun olmaması haqqında sertifikatları olan hotellər açılacaq və turistlər üçün bir sıra məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, qonaqları yerləşdirəndə temperaturu ölçüləcək və onlara maskalar veriləcək, yemək zallarında insanların sayı məhdud olacaq, «İsveç masası» olmayacaq, qəhvə maşınları və başqa içki avtomatları müvəqqəti olaraq yoxa çıxacaq. İstirahət zonalarında konsertlər və kütləvi mədəni tədbirlər keçirilməyəcək, çimərliklərdə şezlonqların sayı iki dəfə azaldılacaq, SPA mərkəzləri və idman salonları bu mövsüm tamamilə bağlanacaq. Bu gün bu qədər məhdudiyyətdən sonra tətilin cəlbediciliyi ilə fərziyyələr uydurmaq çətindir. Yoluxma dinamikasında artımları nəzərə alan türk ekspertləri hotellərdə dolma səviyyəsinin ən yaxşı halda 60%-i keçməyəcəyini düşünürlər.

Postsovet məkanında iyulun 1-dən etibarən beynəlxalq turizm üçün sərhədlərin açılmasına hazırlıq getdiyi barədə yalnız Gürcüstan bildirib.

 

İtkilərin miqyası

Bəs, bu gün Azərbaycanın turizm sektorundakı vəziyyət necədir və müstəqillik əldə edəndən bəri görünməmiş bir geriləmədən zərərin minimuma endirilməsi üçün bu mövsüm hansı tədbirlərin görülməsi planlaşdırılır? Əksər ekspertlər bir məsələ ilə tam razılaşırlar: koronavirus pandemiyası amil nəzərə alınmaqla, bu il nəzərə çarpacaq səviyyədə xarici (incoming) turizmə inanmağa əsas yoxdur. Hətta yay dövründə Azərbaycanda yoluxma hallarının azalacağı ilə bağlı proqnozlar nəzərə alınsa belə, epidemioloji vəziyyət və nəqliyyat əlaqələrinə tətbiq edilən məhdudiyyətlər Yaxın Şərq, Hind-Çin, Avropa ilə beynəlxalq aviasərnişin daşımalarının tez bir zamanda bərpasını qeyri-mümkün edir.

Bu son dərəjə vacib bir amildir, çünki son dörd ildə Azərbaycanda müşahidə olunan turist bumu kütləvi ucuz turizm, viza prosedurlarının sadələşdirilməsi və ucuz avia şirkətlərin – loukosterlərin cəlb edilməsi üzərində qurulub. Bu strategiya sayəsində 2019-cu ildə Azərbaycana 3,17 milyon xarici turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 11,3% çoxdur. Üstəlik, Azərbaycanda xarici turistlərin yalnız bank kartları ilə xərcləri 1.748 milyard dollar təşkil edib.Həmçinin hesablamalar göstərir ki, Rusiya və digər postsovet ölkələrindən gələn turistlərin göstərdikləri xidmətlərə görə nağd pul ödəmələri nəzərə alınarsa, keçən il incoming-seqmentdən ümumi gəlir 2 milyard dolları keçib. Müqayisə üçün - ötən il Azərbaycanın qeyri-neft ixracının ümumi həcmi 1,9 milyard dollar təşkil edib. Belə ki, yetərincə qısa vaxt ərzində turizm və ona bağlı xidmətlər sektoru Azərbaycana xarici valyuta gətirməsinə görə neft və qaz sektorundan sonra ikinci yeri tutub.

Təqdim olunan statistika yerli istirahət sektorundakı itkilərin miqyasını göstərir, çünki əksər ekspertlər hesab edirlər ki, ən yaxşı halda Azərbaycan xarici turistləri yalnız bu ilin sonuna gözləməlidir. Belə ki, Azərbaycan Turizm Bürosunun Turizm Sənayesi və Destinasiyanın İnkişafı Departamentinin müdiri İlkin Cavadovun sözlərinə görə, artıq bir sıra Avropa ölkələri yay mövsümündə xarici turistlər üçün sərhədlərin bağlandığını və yalnız daxili turizmlə kifayətləndiklərini elan ediblər. Qonşu Rusiya, İran, Gürcüstan, Türkiyə, Qazaxıstan və Ukraynadan qonaqlar yalnız ilin sonuna gözlənilə bilər. Buna görə departament müdiri hesab edir ki, planlarda əsas prioritet daxili turizmə əsaslanan fəaliyyət qurmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev də bu yaxınlarda Rusiyanın TASS xəbər agentliyinə verdiyi müsahibədə istirahət sahəsini yerli resurslara yönəltməyin zəruriliyini söyləyib. “Biz turizmə böyük diqqət yetirirdik və yenə belədir. Bu sektor çox perspektivli idi. Son 4 ildə turistlərin sayı hər il 10 faizdən 24 faizə qədər artıb. Müasir turizm infrastrukturu yaradılıb. Lakin əlbəttə, pandemiya bu sektora çox güclü zərbə oldu. İndi biz daxili turizmin stimullaşdırılması barədə düşünürük. Xüsusən ona görə ki, Azərbaycanın milyonlarla vətəndaşı il ərzində, o cümlədən istirahət üçün ölkədən kənara gedir. Onlar sərhədlərin bağlanmasını nəzərə alaraq, yəqin ki, bu il yayda daxili turizmə istiqamətlənəcəklər", - deyəədövlət başçısı vurğulayıb.

Burada qeyd etmək yerinə düşər ki, bu ilin fevral ayında daxili turizmin inkişafı üçün kampaniya həyata keçirən Dövlət Turizm Agentliyi (DTA) müvafiq işlərə başlayıb. Xüsusilə, DTA və Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü ilə sanitariya-gigiyena qaydalarına riayət olunmasını gücləndirmək və turizm sənayesində rəqabət qabiliyyətini artırmaq üçün xüsusi SAHMAN proqramı hazırlanıb. SAHMAN tərəfindən nəzərdə tutulmuş qaydaların tətbiqi asudə vaxtı daxili bazarda daha fəal şəkildə təbliğ etməyə imkan verəcək, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsiz turizm məkanı kimi statusunu artıracaq və pandemiyadan sonrakı dövrdə rəqabət qabiliyyətini artıracaq. DTA sədri Fuad Nağıyevin sözlərinə görə, ilkin mərhələdə proqram hotellərdə və hotel tipli müəssisələrdə, iaşə obyektlərində (kafe və restoranlarda) və turistlərə xidmət göstərən nəqliyyat vasitələrində tətbiq edilir.

Dövlət agentliyi SAHMAN proqramına qatılan sektor nümayəndələri üçün təlimlər keçirməyə başlayıb, təminat, marketinq və brendinq kimi sahələrdə onları dəstəkləmək, proqram çərçivəsində tələb olunan sanitariya-gigiyena tədbirlərinə yönəldilən xərclərin bir hissəsini ödəmək niyyətindədir.

 

Bərpa proqramı

Öz növbəsində, ATB-nin təşəbbüsü ilə turizm sahəsinin bərpası üzrə dörd mərhələli proqram hazırlanıb. Bu zaman yerli turizmin inkişafına dəstək prioritet kimi qiymətləndirilib. O cümlədən ATB-nin baş direktoru Florian Zenqstşmidin sözlərinə görə, yaxın gələcəkdə təbiət turlarının, həmçinin çox sayda turist cəmləşməsini nəzərdə tutmayan bənzər istiqamətlərin prioriteti önəmli dərəcədə artacaq. İlkin mərhələlərdə kiçik yerləşmə obyektlərinə: kotteclərə, butik hotelləri və gündəlik kirayəyə böyük tələbat olacaq.

ATB mütəxəssislərinin dəstəyi ilə bu gün bir sıra layihələr həyata keçirilir. Onlardan biri - "Macəra yaxındadır!" layihəsi daxili turizmi tanıtmaq və ölkənin turizm imkanlarını yerli əhali arasında populyarlaşdırmaq üçün yaradılıb. Layihə Azərbaycan vətəndaşları üçün daxili səyahət paketlərini birləşdirən bir platforma olaraq hazırlanıb və müxtəlif şirkətlərə öz tur-paketlərini «macerayaxindadir.az» saytında yerləşdirməyə imkan verir. İnternet resursu turistlərə hər addımı detallı planlaşdarmağa imkan verəcək: bilet almaqdan, hotel bron etməkdən, müxtəlif tur paketlərini müqayisə etməyə qədər, həmçinin öz tələb və istəklərini daxil edərək paket hazırlamaq qədər hər addımı.

“Qarşıdan gələn yay populyar xarici turizm istiqamətlərinə nəzərdə tutulan səfərlər əksər hallarda ləğv edilməli olacaq ki, bu da daxili turizmə tələbatın artacağını göstərir. Hal-hazırda turizm mövsümünə hazırlıq prosesi sürətləndirilməlidir ki, bütün turizm şirkətləri bir araya gələrək respublika vətəndaşlarını evdə istirahət etməyə cəlb edə bilsinlər, həmçinin yeni məhsul və xidmətlər üzərində işləsinlər”, - deyə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib. Eyni zamanda o, hotellərdə və istirahət mərkəzlərində monitorinqlərin aparılmasını, xidmətlərin qiymət səviyyəsinə və onların yerli turistlərin büdcəsinə uyğunluğunun qiymətləndirilməsini vacib sayır.

Bu istiqamətdə ilk addımlar artıq atılıb; bu yaxınlarda AzTA və bir sıra digər profil assosiasiyalar və turizm şirkətlərinin təşəbbüsü ilə Tərəfdaşlıq Birliyi Memorandumu qəbul edilib. Qərara alınıb ki, əksər turizm agentliklərinin dəstəyi ilə yaxın gələcəkdə «düşüncə mərkəzi» yaradılacaq, onun dəqiq fəaliyyət mexanizmi işlənəcək, həmçininəvə bu mövsüm daxili turizmə dəstək üçün effektiv layihələr yaradılmasına başlanacaq.

Əlbəttə ki, bu il proqnoz vermək olduqca çətindir, müəyyən mənada daxili turizmin potensialı incoming-sektorun zərərlərini ən azı qismən kompensasiya edə biləcək durumdadır, təbii ki, iqtisadi böhran və ölkə vətəndaşlarının azalmaqda olan ödəniş qabiliyyəti nəzərə alınmalıdır. Eyni zamanda 5-4 ulduzlu hotellərin və lüks istirahət zonalarının əksəriyyətində, çətin ki, büdcə seqmentinə istiqamətlənərək,ə qiymətləri və xidmət səviyyəsini yenidən yönləndirmək mümkün deyil. Bu da bir sıra turizm obyektlərində gəlir itkisi və işçi sayının müəyyən qədər azalmasını qaçınılmaz edir.

Özü də, ekspertlərin qiymətləndirməsinə görə, daxili turizmə güvənmək istənilən halda istirahət obyektlərinin ən kütləvi hissəsinə müvəqqəti dəstək verə bilər. Bu fikir ona əsaslanır ki, son illərdə Gürcüstan, Türkiyə və Avropa ölkələrində istirahətin artan populyarlığı nəzərə alınaraq daxili turizmdən gələn gəlirlər illik 500 milyon dollar səviyyəsində qərarlaşıb. Üstəlik, real rəqəmlər daha yüksək ola bilər, çünki vətəndaşların böyük bir hissəsi özəl sektorda mənzil kirayə götürür ki, bu da statistik uçotu çətinləşdirir. Çıxış (outgoing) turizmini praktik olaraq yox edən xarici karantin məhdudiyyətləri nəzərə alınmaqla, bu yay ehtiyac duyulan tələbin xeyli hissəsinin yerli məhsula yönəldiləcəyinə ümid etmək olar.



MƏSLƏHƏT GÖR:

262