26 Aprel 2024

Cümə, 18:44

«BEŞ GÖZ»ÜN NƏZƏRİ ALTINDA

ABŞ ilə Çin münasibətlərini aydınlaşdırmaqla məşğul olduqları bir vaxtda dünya birlikdə virusla savaşır

Müəllif:

15.05.2020

Dövlətlərin «COVID-19» virusunun birinci dalğasının öhdəsindən bu və ya digər dərəcədə uğurla gəlməsi fonunda hər yanda postkoronavirus dövründə siyasət dünyasında nələrin dəyişəcəyinə dair diskussiyalar gedir. Doğrudur, hələ hər hansı iddialarla çıxış etmək tezdir, lakin yaşanmaqda olan hadisələrin dünyanın mövcud düzəninə təsir göstərəcəyini demək olar. Burada, şübhəsiz ki, getdikcə qızışmaqda olan ABŞ-Çin qarşıdurması xüsusi rol oynayacaq. Dünya birliyinin həmrəyliyinə hər zamankından çox ehtiyacın olduğu indiki dövrdə bu işə məhz Vaşinqton-Pekin qarşıdurması mane olur.

 

«Çin kozırı»

Çinlə ABŞ arasında münasibətlər son illərdə qarşılıqlı ticarətdə gərginliyin artması ilə, həmçinin Honkonq, Tayvan, Çinin Cənubi Çin dənizindəki iddiaları ilə bağlı xeyli pisləşib. Üstəlik, Çinin getdikcə genişlənən qlobal maraqları ABŞ-ı bütün istiqamətlərdə sıxır.

Gözlənilmədən baş qaldırmış koronavirus pandemiyası isə iki dövlət arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirib. Prezident seçkisində həm də Çini ABŞ-a qarşı ticarətdə ədalətsizlik etdiyi üçün cəzalandıracağı ilə bağlı vədləri hesabına qələbə qazanmış Donald Tramp son 3 il ərzində reytinqini qoruyub saxlamaq üçün davamlı şəkildə «Çin kozırı»ndan istifadə edib. Lakin bu ilin əvvəlində qəflətən görüb ki, ölkədə 2 ay ərzində koronavirusun yayılmasına məhəl qoymaması, daha sonra isə administrasiyanın vəziyyəti nəzarətə götürə bilməməsi üzündən reytinqi kəskin şəkildə düşüb.

Belə olan təqdirdə, ABŞ prezidenti vəziyyətdən yeganə çıxış yolu kimi, günahkarların kənarda axtarılması yolunu seçib. «Günahkar»ı isə o qədər də çox axtarmaq lazım gəlməyib. Xoşbəxtlikdən, virus Çinin Uhan şəhərindən yayılıb. Bu şəhərdə isə o cümlədən koronavirusların araşdırılması ilə məşğul olan bioloji laboratoriya yerləşir. Əvvəlcə Tramp bu virusu «çinli», yaxud «uhanlı» kimi təqdim etməyə çalışıb. Bununla, o, faktiki olaraq G7 ölkələrinin xarici işlər nazirlərinin bu xəstəliklə mübarizə tədbirlərinə dair birgə kommunikesinin üzərindən xətt çəkib.

Daha sonra görünür, ABŞ prezidenti ksenofobiyanı qızışdırmaq ittihamlarından qaçmaq üçün istiqaməti bir qədər dəyişib. Bu dəfə o, virusun laboratoriyadan yayıldığına dair dəqiq məlumata malik olduğunu deməyə başlayıb. «Bəli, məndə bunun sübutları var», - deyə Tramp virusun Uhanın Virusologiya Universitetindən yayıldığına dair sübutlara malik olub-olmadığı haqda sualı cavablandırarkən bildirib. Bundan başqa, Tramp Çini dünyaya koronavirusun risklərilə bağlı vaxtında xəbərdarlıq etməməkdə də təqsirləndirir. Üstəlik, ABŞ prezidenti hesab edir ki, Pekin virusun mənşəyilə bağlı detalları hələ də gizlədir.

Lakin Ağ Ev sahibinin ölkənin xüsusi xidmət orqanlarının məlumatlarına istinadı həmin qurumların öz açıqlamaları ilə ziddiyyət təşkil edir. Virusoloq alimlər kimi, ABŞ xüsusi xidmət orqanlarının rəhbərliyi bildirir ki, onlarda virusun süni yaradıldığı, yaxud Uhandakı laboratoriya ilə əlaqəsi haqda heç bir fakt yoxdur. Onların sözlərinə görə, virus insana böyük ehtimalla, vəhşi heyvanların satıldığı bazarda keçib. Eyni fikir ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyanı özündə birləşdirən «Five Eyes» beynəlxalq kəşfiyyat alyansının məruzəsində də yer alır.

 Avstraliyanın «Daily Telegraph» qəzeti isə sözügedən məxfi sənədin surətini əldə etdiyini bildirir. Qəzet sənəddən bəzi hissələri çap da edib. Orada bildirilir ki, kəşfiyyat orqanları «COVID-19»un süni mənşəli və ya genetik modifikasiya edilmiş olduğu ehtimalına daha çox inanır. Onlar virusun Uhandakı laboratoriyada baş vermiş qəza nəticəsində yayıldığına o qədər də inanmır.

 

Fikrin yayındırılması

Çinin Vaşinqtonun bəyanatlarına reaksiyası son dərəcə sərt olub. Pekin də öz növbəsində, ortaya heç bir sübut qoymadan belə, amerikalı hərbçiləri ittiham edib. Çinlilərin iddiasına görə, virusu məhz ABŞ hərbçiləri öz laboratoriyalarında yaradıb və onu Çinə ötən ilin oktyabrında şəxsən Fort Detrik adlı hərbçi gətirib.

Çinin əks-hücumunda başqa variantlar da var. Məsələn, virusun ilk zərbəsini Çin öz üzərinə götürdüyündən, bəşəriyyətin qalan hissəsi epidemiyaya hazırlaşmaq üçün vaxt qazanıb. Sadəcə, bu vaxtdan heç də hamı düzgün istifadə etməyib. Burada, əlbəttə ki, eyham dünyada yoluxma və ölüm hallarının ən yüksək olduğu Birləşmiş Ştatlaradır.

Yaxud: pandemiya bu gün dünyada liderin kim olduğunu hər kəsə göstərdi. Çinin bütün dünyaya humanitar yardım göndərdiyi bir vaxtda, ABŞ nəinki virusu nəzarətə götürə bilmir, hər kəsdən ayrı dayanmağa, hətta bu xəstəliyin dərmanına eksklüziv haqq əldə etməyə çalışır.

Bu qarşılıqlı ittihamları bir xüsusiyyət birləşdirir – onlar əsasən daxili auditoriyaya hesablanıb. Həm Donald Tramp, həm də Si Cinpin, ilk növbədə, ölkə daxilində dəstək qazanmağa ehtiyac duyur. Bu üzdən də onların heç birini ittihamların nə qədər əsaslı olub-olmadığı maraqlandırmır. Tramp yorulmadan təkrarlayır ki, Çin onun təkrar prezident seçilməsini istəmir, çünki ABŞ onun nail olduğu ticarət sövdələşməsi sayəsində «milyardlar qazanmağa başlayıb». Çin kommunistlərinin liderisə mütləq hakimiyyətə malik olmasına rəğmən, daxildə sosial təzyiqlərlə üz-üzə qalıb. Üstəlik, Tramp kimi, o da ictimaiyyətin diqqətini öz yanlışlarından yayındırmağa çalışır.

Etiraf etmək lazımdır ki, hər iki lider məqsədinə nail olur. «Pew Research Center» tərəfindən yeni keçirilmiş sorğu göstərir ki, amerikalıların 66%-i Çinə mənfi münasibətdədir. Bu, eyni sorğunun keçirilməyə başlandığı 2005-ci ildən bu yana ən pis göstəricidir. Müvafiq olaraq, Çinə mənfi münasibət Trampa dəstək deməkdir.

Çində isə son aylarda öz ölkəsilə qürur duyan vətəndaşların sayı xeyli artıb. Burada da hakimiyyətin heç də bütün bəyanatlarının həqiqət olmadığı önəmli deyil. Məsələn, guya koronavirusu Çinə amerikalı hərbçinin gətirdiyinə dair məlumat bir anda populyar «Weibo» sosial şəbəkəsində yayılıb və bir neçə günə onu 160 milyon istifadəçi izləyib.

 

Qarşılıqlı «lütfkarlıq»

Lakin məsələ heç də qarşılıqlı ittihamlarla bitmir. Hər iki lider sanki yarışırmış kimi, siyasi və iqtisadi xarakterli hədələrə başlayıb. Məsələn, Tramp «Reuters» agentliyini müsahibəsində virusa görə Pekinin cəzalandırılması üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirib: «Mən çox şey edə bilərəm».

Bu məsələdə o, haqlıdır. ABŞ prezidenti beynəlxalq fövqəladə vəziyyətlərdə geniş səlahiyyətlərə malikdir və «COVID-19» pandemiyası tam həmin vəziyyətdir.

ABŞ-da prezident ölkəsi üçün təhlükə törədən hər hansı ölkənin istənilən mülkiyyəti ilə istədiyini edə bilər. Əgər Çin belə təhlükə mənbəyi elan olunarsa, Tramp bankların Çinin hüquqi və fiziki şəxslərinə aid bütün hesablara faizlərin, yaxud əsas məbləğin ödənişini qadağan edə bilər. Bu halda o, Çinə məxsus aktivləri və mülkləri «dondurmaq», onların müsadirəsini belə, istəmək hüququna malikdir.

Əslində, D.Tramp artıq bu səlahiyyətindən qismən istifadə edib. Məsələn, ötən ilin yayında o, Venesuelaya aid aktivləri dondurub. Ümumiyyətlə, Amerikada belə hallara kifayət qədər tez-tez rast gəlinir. Bu qanundan Cimmi Karter hələ 1979-cu ildə İranın aktivlərinə, Barak Obama isə 2016-cı ildə Şimali Koreyaya məxsus aktivlərə qarşı istifadə etmişdi.

Lakin Amerikanın dünyanın ikinci iqtisadiyyatındakı aktivlərini nə İranın, nə də Venesuelanın aktivlərilə müqayisə etmək olar. Çində yalnız ABŞ hökumətinə məxsus istiqraz vərəqələrinin dəyəri 1,102 trilyon dollardır. Odur ki, xüsusilə ABŞ iqtisadiyyatının resessiya yaşadığı bir dövrdə atılacaq hər hansı düşünülməmiş addım dəhşətli nəticələrə yol aça bilər.

Vaşinqton isə günahkarı cəzalandırmaqda israrlı olduğunu bildirir. Artıq ABŞ-a Çinin çirkin əməlləri üzündən dəymiş ziyana görə «kompensasiyanın alınması mexanizmləri»nin nəzərdən keçirildiyi belə, deyilir.

Vaşinqtonun borc öhdəliklərini yerinə yetirməkdən imtina edə biləcəyinə dair hədələrinə cavab olaraq, Pekin əlində olan ABŞ-ın qiymətli kağızlarını bazara çıxarmaq planlarını açıqlayıb. Çinlilər anlayır ki, bu, qiymətli kağızların qiymətinin kəskin düşməsinə səbəb olacaq və nəticədə, fond bazarında təşviş yaranacaq və dollar «çökəcək».

Lakin məsələ iqtisadi hədələrlə də bitmir. «Reuters» xəbər verir ki, Çinin Dövlət Təhlükəsizliyi Nazirliyinin ölkə rəhbərliyinə təqdim etdiyi məruzədə koronavirusun yaratdığı anti-Çin əhvalının «Bir kəmər, bir yol» kimi investisiya layihələrinə müqavimətə yol aça biləcəyi deyilir. Sənəddə bildirilir ki, bu əhvalı qızışdırmaqda olan Vaşinqton regional müttəfiqlərinə maddi və hərbi dəstəyi artıra, bu isə Asiyada sabitliyi poza bilər. Bundan başqa, məruzədə Çinin ABŞ ilə silahlı qarşıdurmaya belə, hazır olmasının vacibliyi vurğulanır.

 

Postkoronavirus dövrünün fərqli dəyərləri

Beləliklə, iki nəhəng dövlət çəkişməkdədir və bu, hərbi qarşıdurmayadək gedib çıxa bilər. Halbuki indi dünya birliyinin qalan hissəsinin məhz onlara ehtiyacı daha çoxdur.

ABŞ ilə Çinin koronavirusla mübarizəyə başçılıq etmək iqtidarında olmadığı, beynəlxalq qurumlarınsa çətin vəziyyətdə o qədər də effektiv olmadığının üzə çıxdığı bir vaxtda dünya lideri funksiyasını Avropa öz üzərinə götürüb. Mayın 4-də Avropa İttifaqı onlayn rejimdə ümumdünya donor konfransı təşkil edib. Məqsəd koronavirusa qarşı peyvəndin hazırlanması, həmçinin bu xəstəliyin diaqnostikası və müalicəsi üçün vəsaitin toplanmasıdır. Aİ-nin bu çağırışına bir çox nəhəng və kiçik dövlətlər reaksiya verib. Maraqlıdır ki, konfransda G7 ölkələrindən yalnız ABŞ iştirak etməyib. Onun prezidenti peyvəndi özlərinin tapacaqlarını bildirib. Nəticədə, ümumilikdə, 7,4 milyard avro vəsait toplanıb ki, onun da 1,4 milyardını Aİ özü ayırıb.

Hər kəsin ümumi rəyi ondan ibarətdir ki, bu qlobal alyansın təşkilində əsas məqsəd həmrəyliyin ortaya qoyulması, peyvəndin dünyanın istənilən ölkəsi üçün əlçatan olacağının nümayişidir. Odur ki, toplanmış vəsaitə avans kimi də baxmaq olar. BMT-nin qiymətləndirməsinə görə, dünya miqyasında insanların peyvəndlə təmin edilməsi üçün bundan ən azı 5 dəfə artıq vəsaitə ehtiyac var.

İndiki dövrdə dünya lideri statusuna əzələ nümayiş etdirən, silahlarını «cingildədən», geostrateji hökmranlığa iddia edən böyük dövlətlər deyil, virusla mübarizədə uğur qazanan, başqalarına yardım göstərməyə hazır olan kiçik ölkələr də yiyələnə bilər.



MƏSLƏHƏT GÖR:

323