Müəllif: İlqar VƏLİZADƏ
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr olunmuş sammiti təşkil olunub. «COVID-19-a qarşı birlikdəyik» mövzusunda sammit Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə keçirilib. Bu qeyri-adi təşəbbüs və qeyri-ənənəvi format Azərbaycanın dövlət başçısı, Qoşulmama Hərəkatının hazırkı sədri İlham Əliyevin koronavirus infeksiyasının hərəkat üzvü olan ölkələrdə yayılması ilə yaranmış vəziyyətə reaksiyası idi.
Bu təşəbbüs göstərir ki, Bakı öz öhdəliklərinin icrasına formal yox, bütün məsuliyyətilə yanaşır. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Lakin koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişib və nəticədə, yeni reallıqlar meydana çıxıb. Bu üzdən, Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermək məcburiyyətində qalıb.
Azərbaycan Prezidentinin təşəbbüsü, ilk növbədə, mənfi proseslərin qarşısının alınmasına, pandemiyanın yayılmasının hərəkata üzv olan zəif inkişaf etmiş ölkələrdə ağır nəticələr verə biləcəyilə bağlı xəbərdarlığın edilməsinə yönəlib. Üzvlərinin sayına görə, Qoşulmama Hərəkatı dünyanın ən böyük təşkilatıdır. Sammitin keçirilməsilə bağlı təşəbbüsə BMT-nin baş katibinin, Ümumdünya Səhiyyə Təşkilatı rəhbərinin, Avropa İttifaqı rəhbərliyinin reaksiyası da bundan irəli gəlir. Məsələ ondadır ki, yaşananlardan heç kim, xüsusilə nüfuzlu beynəlxalq təşkilatlar kənar qala bilməz. Çünki söhbət qlobal humanitar fəlakət riskindən gedir.
«Üçüncü dünya» ölkələrində nə baş verir?
Qoşulmama Hərəkatına üzv dövlətlərin əksəriyyətində vəziyyət, həqiqətən, təhlükəlidir. Nəzərə alsaq ki, koronavirus pandemiyası Avropa və Şimali Amerikanın səhiyyə sistemini çökdürüb, dünyanın aparıcı ölkələri həkim, könüllü çatışmazlığı, fərdi müdafiə vasitələri qıtlığı yaşayır, planetin daha az inkişaf etmiş dövlətlərinin üzləşdiyi vəziyyəti təsəvvür etmək çətin deyil.
ÜST-ün aprelin ortalarına olan məlumatına görə, onlarla Afrika ölkəsi süni tənəffüs aparatlarının yoxluğundan əziyyət çəkir. 43 milyon əhalisi olan Uqandada intensiv terapiya üçün cəmi 55 çarpayı var. Yoxsul dövlətlərin heç birində daha inkişaf etmiş ölkələrdəki sosial imtiyazlar, sosial sığorta və s. sistemi yoxdur.
Təcrübə göstərir ki, aztəminatlı insanların virusa yoluxma riski daha böyükdür və iqtisadi şokun ən pis nəticələrindən də ən çox əziyyəti məhz onlar çəkir. Dövlət nə qədər kasıbdırsa, onun insanların ağır problemlərini həll etmək, tələbatları ödəmək imkanı da o qədər məhdud olur – virusun üzə çıxarılması və müalicəsindən tutmuş, gəlirdən məhrum olmuş insan və müəssisələrin dəstəklənməsinədək. Afrikanın Saxaradan cənubda yerləşən ölkələrində yaşayan əhalinin böyük əksəriyyəti qeyri-formal sektorda çalışır və işsizliyə, xəstəliyə və s. görə heç bir müavinət almır. COVID-19 pandemiyası nəticəsində isə Afrikadakı iş yerlərinin və gəlirin üçdə biri yox ola bilər.
Dünya əhalisinin yoxsul təbəqəsinin əksər hissəsi tibbi xidmətlərdən də məhrumdur. Bütünlükdə Afrika qitəsində cəmi 20 min intensiv terapiya çarpayısı var. Bu, hər 100 min insana 1,7 çarpayı deməkdir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, Afrika dövlətlərinin səhiyyə büdcəsi, orta hesabla, adambaşına 12 dollardan hesablanır. Müqayisə üçün qeyd edək ki, Böyük Britaniyada bu, 400 dollardır.
İnkişaf etməkdə olan ölkələrin bir çoxunda iqtisadi şok pandemiyanın fəsadlarının üzə çıxmasından əvvəl başlayıb. Çünki həmin dövlətlərin hökumətləri infeksiyanın yayılması sürətini zəiflətmək üçün öz iqtisadiyyatlarını təcrid ediblər. Mütəxəssislərin hesablamalarına görə, Afrika və Latın Amerikası ölkələri, həmçinin Pakistan, Hindistan və Banqladeş digər dövlətlərlə müqayisədə daha ciddi iqtisadi tənəzzül yaşayacaq. Görünməmiş karantin tədbirlərinin birbaşa nəticələrindən biri isə aclıqdır. Səbəb nəqliyyat və paylayıcı sistemdə ciddi problemlərin yaranmasıdır. Nəticədə, illərlə davam edən quraqlıq, ekstremal hava şəraiti və bu yaxınlarda baş vermiş çəyirtkə hücumu ilə onsuz da zəifləmiş bir çox inkişaf etməkdə olan ölkəyə ərzaq tədarükü çox çətinləşib.
Ortaya sual çıxır: belə bir şəraitdə pandemiya və onun nəticələrilə mübarizə necə aparılmalıdır?
Batanları xilas etmək batmaqda olanların işi deyil
İnkişaf etmiş dövlətlərin bütün səylərinə baxmayaraq, yalnız bu səylərlə vəziyyəti düzəltməyin mümkün olmadığı gündən-günə daha aşkar üzə çıxır. Maliyyə çatışmazlığından əziyyət çəkən bir çox hökumət öz vətəndaşlarının tələbatını normal şəraitdə belə, adekvat qarşılaya bilmir. Hazırkı görünməmiş fövqəladə vəziyyətdə isə bu, daha da çətinləşir. Üstəlik, beynəlxalq dəstəyə ən ciddi ehtiyacın olduğu bir vaxtda o da yox idi. Məsələ ondadır ki, ABŞ, Böyük Britaniya və Avropanın yerdə qalan hissəsi ilkin günlərdən daha çox öz tibbi və iqtisadi problemlərinin həllilə məşğul idilər.
Bütün bunların fonunda Azərbaycan, onun lideri – Qoşulmama Hərəkatının sədri nəinki beynəlxalq birliyin diqqətini bu ağır məqama çəkib, həm də onun həllində nümunə göstərib. Məsələn, Bakının belə ağır şəraitdə ÜST-ə 5 milyon dollar ianə ayırmaq niyyəti həm də planetin daha az inkişaf etmiş ölkələrilə həmrəylik aktı kimi qiymətləndirilib. Azərbaycanda anlayırlar ki, bir ölkə qaynar pandemiya nöqtəsidirsə, bütün digər ölkələr təkrar yoluxma riski ilə qarşı-qarşıyadır. Bakı hər kəsin həmrəy olmasına çağırmaqla, bütün dünyaya mesaj verir: onun və digər ölkə vətəndaşlarının sağlamlığı sonda Qoşulmama Hərəkatına üzv olan daha az inkişaf etmiş dövlətlərdə yaşayan 100 milyonlarla insanın sağlamlığından asılıdır.
Azərbaycanın bu sammitin keçirilməsi təşəbbüsünün BMT, Aİ və ÜST kimi beynəlxalq təşktlatlar tərəfindən yüksək qiymətləndirilməsi təsadüf deyil. Ona digər dövlətlərin də dəstək verməsi göstərir ki, Azərbayan effektiv siyasət yürüdərək, COVID-19 ilə qlobal miqyasda mübarizəyə, bu mübarizədə əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsinə böyük töhfə verir.
Şəxsi nümunə
Əlbəttə ki, pandemiya ilə effektiv mübarizə üçün dünyanın öncül təcrübəsindən istifadə son dərəcə vacibdir. Problemin həllinə effektiv yanaşma baxımından Azərbaycan nümunəsi çox maraqlıdır. Çünki söhbət Qoşulmama Hərəkatına üzv dövlətlər gedir.
Azərbaycan Prezidenti sammit iştirakçılarına ölkədə koronavirusun yayılmasının, kütləvi yoluxma hallarının qarşısının alınması istiqamətində atılmış və atılan aldımlar haqda məlumat verib. O, məşğulluqla bağlı problemlərin həlli, makroiqtisadi və maliyyə sabitliyinin təmini məqsədilə görülən tədbirlərdən də danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycanda 3,5 milyard manatlıq sosial-iqtisadi dəstək paketi qəbul olunub. O, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirməsini də təklif edib. Prezident hesab edir ki, bu sessiya dünyada toplanmış müsbət təcrübənin sistemə salınmasına, pandemiya şəraitində vahid əməkdaşlıq mexanizminin müəyyənləşdirilməsinə yardım edərdi.
İlham Əliyev bildirib ki, o, Qoşulmama Hərəkatının sədri kimi, qarşıdakı 3 ildə beynəlxalq arenada üzv dövlətlərin maraqlarının müdafiəsi istiqamətində praktik addımlar atacaq, həmrəyliyin, qarşılıqlı dəstəyin güclənməsinə çalışacaq.
MƏSLƏHƏT GÖR: