Müəllif: Sənan NADİROĞLU
Koronavirus pandemiyasına görə təxirə salınan və ləğv edilən idman yarışlarının sayı hər həftə artır. Bu sırada “Formula 1” üzrə Azərbaycan Qran-prisi də var. Uzun gözləmədən sonra iyunun 12-də “Formula 1” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti rəsmən elan etdilər ki, 2020-ci ildə Bakıda yarış həftəsi baş tutmayacaq.
Tutarlı səbəblər
Əməliyyat Şirkətindən verilən məlumata görə, Bakı şəhərində sayca beşinci olan «Formula 1» yarışının ləğv edilməsi barədə qərar Azərbaycan hökuməti, «Formula 1» rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası arasında aparılan uzun müzakirələrdən sonra qəbul edilib. Buna səbəb COVID-19 virusunun yayılmasıdır. Qərarda qlobal pandemiya ilə bağlı ekspertlərin hökumətə verdiyi tövsiyələr əsas götürülüb.
Şirkətin bəyanatında deyilir ki, Bakı Şəhər Halqası belə qərarın qəbul edilməsinə təəssüf edir, lakin Azərbaycan xalqının, həmçinin F1 azarkeşlərinin və çempionat iştirakçılarının sağlamlığı hər şeydən üstün olduğu üçün yarışın keçirilməsi məqsədəuyğun sayılmayıb.
Bildirilir ki, pandemiya ilə bağlı yaranmış qeyri-müəyyən vəziyyət səbəbindən promouter şirkət Bakının mərkəzi küçələrində yarış zolağının vaxtında quraşdırılmasına təminat verə bilməzdi. Yarışın təşkili ilə bağlı istənilən fəaliyyət Bakı Şəhər Halqası və podratçı şirkətlərin əməkdaşlarının həyat və sağlamlığına ziyan vura bilərdi. Bundan başqa qlobal pandemiyanın qarşısının alınması üçün dünya ölkələrinin tətbiq etdiyi preventiv tədbirlər beynəlxalq gediş-gəlişi məhdudlaşdırıb və bu da, yarış həftəsinin təşkili imkanlarını daha da azaldır. «Bu səbəbdən, bizim 2020-ci ildə «Formula-1» üzrə Azərbaycan Qran-prisini ləğv etməkdən başqa yolumuz qalmamışdı», -deyə bəyanatda bildirilir.
Məlumata görə, bu il Azərbaycan Qran-prisinə alınmış bütün biletlər gələcəkdə etibarlı sayılacaq. Lakin onları qaytarmaq istəyənlər Bakı Halqasına müraciət edə bilərlər. Yaranmış fors-major vəziyyətlə bağlı Azərbaycan tərəfi heç bir itkiyə məruz qalmayacaq. Yarışın keçirilməsi üçün ev sahibi kimi edilən ödəniş də gələn ilə keçiriləcək.
"F1News" nəşri yazır ki, Azərbaycanda karantin davam etdiyinə görə “Formula 1” yarışının keçirilməsi mümkün deyil. Ona görə yarışın bütün işçiləri məsələ ilə bağlı məlumatlandırılıb. Azərbaycanda təşkilatçılığı yerinə yetirən Bakı Şəhər Halqası yürüşün hazırlıq işlərinə 12 həftə lazım olduğunu öncədən bildirmişdi. Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva isə bildirib ki, yarışın keçirilməsi üçün biz hansı məhdudiyyətlərin nə zaman götürüləcəyini bilməliydik. “Karantin sadəcə tibbi maska taxmaq deyil. Yarışın baş tutması üçün, ilk növbədə, sərhədlər açılmalı idi", - deyə Gülnaz Quliyeva bildirib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hazırlıqlara başlamaması deyilənləri təsdiqləyirdi. Nəzərə alsaq ki, yarış azarkeşsiz keçiriləcəkdi, o zaman təşkilatçıların böyük pullar itirəcəyi gözlənilirdi. Elə buna görə də İtaliya Avtomobil Klubunun prezidenti Angelo Stiççi ölkəsinin "Formula 1" üzrə Azərbaycan Qran-prisini əvəzləməsini təklif edib.
Nəzərdən keçirilən variantlar
Dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkəti 2020-ci ildə İtaliyada ikinci Qran-prinin keçirilmə ehtimalını araşdırırdı. Şirkət bildirmişdi ki, sentyabrda Azərbaycanda Qran-pri təşkil etmək istəsə də, yarışın keçiriləcəyinə təminat yoxdur. Çünki Bakıda infrastrukturu qurmaq üçün müəyyən vaxt lazımdır. Digər tərəfdən Azərbaycan tərəfi yarışı azarkeşsiz keçirməkdə maraqlı deyil.
Bu planın gerçəkləşəcəyi təqdirdə, 6 sentyabrda ilk İtaliya Qran-prisi, 13 sentyabrda isə ikincisi olacaq. İtaliyadakı ikinci yarış Mucello, İmola və ya Monzada keçirilə bilər. Bunlardan Montsa seçilərsə, birinci Qran-pridən 1 həftə sonra, yəni sentyabrın 13-də keçirilmə ehtimalı var. Bununla belə, İtaliya Qran-prisində də azarkeşlərin olacağı bəlli deyil.
Artıq "Formula 1" üzrə Dünya çempionatında ilk 8 Qran-prinin təqvimi açıqlanıb. Mövsümün ilk iki Qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq. Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.
Koronavirus pandemiyasına görə təşkilatçılar xüsusi tibbi qaydalar tərtib edib. “Formula 1"də pilotların və ya komanda nümayəndələrinin birində koronavirus aşkarlansa, yarış ləğv edilməyəcək. "Formula 1"in icraçı direktoru Çeyz Kerinin sözlərinə görə mütəmadi olaraq idmançılar və digər şəxslər testdən keçiriləcək. Keri deyib ki, komandalardan karantin prosedurunu hazırlamaq tələb edilib. "Hər şeyi qabaqcadan görmək mümkün deyil, amma komanda iştirak edə bilmədiyi təqdirdə, mərhələ ləğv edilmir. Bütün mümkün variantları izah edə biləcəyimi düşünmürəm. Lakin infeksiyanın aşkarlanmasının yarışların ləğvinə səbəb olmayacağı ssenari hazırlayacağıq", -deyə icraçı direktor bildirib.
O deyib ki, pilotlardan kimdəsə koronavirus aşkarlansa, komandalarda ehtiyat pilotlardan yararlanmaq olar: "Hər hansı problemi həll edəcəyimizə əmin olmalıyıq, təhlükəsiz mühit yaratmaq üçün hər şeyi edirik, yarışlarla bağlı təlimatlarımız var".
Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Ötən il təsdiqlənən təqvimə əsasən Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Azərbaycanla yanaşı, Sinqapur və Yaponiyadakı mərhələlərin ləğvi gözlənilir. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq. Pandemiyaya görə "Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.
Xatırladaq ki, Azərbaycanda “Formula 1” yarışları 2017-ci ildən təşkil olunur. Bakıda keçirilən ilk“Formula 1”yarışı bir sıra beynəlxalq media qurumları tərəfindən keçirilən sorğuların əksəriyyətində ilin yarışı adına layiq görülüb. Yarış zamanı Luis Hamilton ilə Sebastian Fettel arasında baş vermiş toqquşma avtoidman tarixində baş vermiş ən yaddaqalan hadisələrdən biri olub. Bundan başqa, Formula 1-in təkər təchizatçısı Pirelli şirkətinin yayımladığı son hesabatında bildirilir ki, 2017-ci ildə bütün Qran-prilər arasında Bakı yarışı 42 ötmə ilə ən çox ötmənin olduğu yarış olub. Həmin ötmələrin birində D.Rikkardo 1-ci döngədə bir dəfəyə üç bolidi keçmişdi və bu, “Formula 1” şirkəti tərəfindən minlərlə azarkeş arasında ilin ən yaxşı 10 ötməsi arasında ən çox bəyənilən ötmə olub.
MƏSLƏHƏT GÖR: