19 Dekabr 2024

Cümə axşamı, 19:50

BALACA VİRTUOZ

Amin ƏLİYEV: «Balabanda caz marağımı hər zaman xüsusi çəkən sintez olub»

Müəllif:

15.06.2020

Gənc musiqiçi Amin Əliyev balabanda virtouz ifası ilə sosial şəbəkələri «partladıb». O, bu qədim alətdə bluz improvizasiyası səsləndirir. Məlum olduğu kimi, balaban heç də məhz bluz və ya caz ifası üçün yaradılmış saksofon deyil. Adi insan belə, bu milli alətdə improvizasiyaların nə qədər çətin olduğunu anlayır. Azərbaycan balabanının diapazonu kiçik aktavanın «sol»undan ikinci aktavanın «do»suna qədərdir. Bu diapazonun daha bir neçə səs artırılması isə sırf ifaçının ustalığından asılıdır. Demək, Amin bu milli musiqi alətinə yeni səs təzadı verib. Bununla da, o, bir daha sübut edib ki, milli musiqimizin və musiqi alətlərimizin imkanları tükənməzdir. Yaradıcı insan improvizasiyalarla sərhədləri genişləndirir. Bunu durmadan öz üzərində işləyən Amin də yaxşı bilir.

Amin musiqidə ilk addımlarını fortepiano sinfində alıb. Lakin onun yaradıcı həyatını həyat müəyyənləşdirib – sonda Amin balaban ifaçısı olub. Burada gənclik, müstəqil yanaşma, xarici musiqiyə sevgi və milli irsə məhəbbət öz rolunu oynayıb. Aminin uğurları bizim də diqqətimizi çəkib və nəticədə, «R+»un əməkdaşı qısa müsahibə üçün onunla görüşüb.

 

Musiqi uğuru

Keyfiyyətli musiqi yaratmaq üçün, ilk növbədə, istedad, daha sonra isə təhsil lazımdır. Tanınmış pedaqoqlar hər zaman bir fikri təkrarlayır: caz improvizasiyası və sintezi üçün dərin klassik musiqi, muğam və xalq musiqisi bilikləri lazımdır. Bunun üçün zəngin musiqi irsimizi davamlı dinləmək, öyrənmək və təhlil etmək tələb olunur. Hər bir yeni detal, əlavə informasiya yaratdığınız musiqini daha zəngin, daha keyfiyyətli edir. Mənim yaradıcılıq uğurum məlumatlı olmağımla, musiqi duyumumu keyfiyyətli musiqi dinləməklə gücləndirməyimlə bağlıdır. Şübhəsiz ki, bu iş mənim yaratdığım və ifa etdiyim musiqilərdə öz əksini tapmalıdır. Gördüyüm odur ki, biliyin həddi-hüdudu yoxdur…

 

Təhsil

Hazırda Georgiya Şaroyeva adına 11 illik musiqi məktəbinin 8-ci sinfində oxuyuram. Təhsil hər bir sahədə vacibdir. Odur ki, məktəbi bitirdikdən sonra təhsilimi ali məktəbdə davam etdirmək fikrindəyəm. Musiqi sahəsində təhsilin son dərəcə geniş olduğu dövrdə yaşayırıq və bu mənada məxtimiz gətirib. Bu imkandan mümkün qədər çox yararlanmaq istəyirəm.

 

Pedaqoqlar

Təhsilimə fortopiano sinfində başlamışam. Sonradan belə qənaətə gəldim ki, milli musiqi alətimiz olan balabanda ifa etmək istəyirəm. Bununla da ixtisasımı dəyişdim. Pedaqoqlarım arasında bu gün də mənə balaban ifaçılığını onlar öyrədən Amanulla İbadullayevin adını çəkmək istərdim. Doğrudur, hazırda mövcud vəziyyətlə əlaqədar, təhsil sahəsində iş dayanıb. Bütün digər sahələrdə olduğu kimi, musiqi sahəsində də pedaqoqlar bizim hər zaman bilik və təcrübə öyrənməli olduğumuz insanlardır. Onları hər zaman diqqətlə dinləməli, nəticələr çıxarmalıyıq. Özümü tam tədris prosesinə verməyə, pedaqoqlarımdan maksimum öyrənməyə çalışıram.

 

Caz və balaban

Balabanı dərindən öyrənmək mənə cazla sintez imkanı verib. Bu, həqiqətən yaxşı alınır. Balabanla cazın sintezinə maraq xarici musiqiyə sevgimdən qaynaqlanır. Gözəl kompozisiyaları dinləməyi çox sevirəm.

 

Tənqid

Bu, təbiidir və olmalıdır. Tənqidsiz inkişaf yoxdur. Diqqətimi yalnız yaradıcılığıma cəmləməyə, musiqi yolumu zənginləşdirməyə çalışıram.

 

Duetlər

Mənə Azərbaycanın xalq artisti, virtouz musiqiçi, qarmon ustası Aftandil İsrafilovla tanış olmaq, ünsiyyətə girmək xoşbəxtliyi nəsib olub. Yeri gəlmişkən, o, xarici musiqilər də ifa edir. Aftandil müəllimlə onun bəstələdiyi rəqs musiqisini duet şəklində ifa etmək fikrindəyik. Ümid edirəm ki, maestronun məsləhətləri sayəsində biz dinləyicilərə onların ruhuna toxunacaq, onları bu dünyadan çıxaracaq ifa təqdim edəcəyik.

Pianoçu Etibar Əsədli ilə də duet ifa etmək arzusundayam. Daha bir maraqlı duet «Əhmədovski duet» qrupunun solisti, heyranı olduğum Babək Əhmədovski ilə baş tutmalıdır. Hər ikimiz cazı və sintezi sevirik. Düşünürəm ki, ortaya çox maraqlı birgə iş qoya biləcəyik. O, energetikası, xüsusi ifa ritmilə fərqlənəcək. Mənim üçün bu, şübhəsiz ki, təcrübə – özümü müxtəlif musiqiçilərlə birgə işdə sınamaq, onların ifa üslubu və tərzilə tanışlıq, balabanı müxtəlif alətlərlə birləşdirmək, dinləyicinin buna reaksiyasını öyrənmək imkanıdır.

 

Öz bəstələri

Hazırda 100-dək şəxsi bəstəm var. Onlardan digital-albom hazırlamaq fikrindəyəm.

 

Dirijorlarla iş

Üzeyir Hacıbəyov adına Dövlət Orkestri və Qara Qarayev adına kamera orkestri ilə çıxış etmişəm. Azərbaycanın görkəmli dirijorları – xalq artisti Teymur Göyçayev və əməkdar artist Fuad İbrahimovla çalışmaq çox maraqlıdır. Bu, böyük əmək tələb edən çətin bir işdir. Eyni zamanda, belə ustadlarla birgə fəaliyyət dolğun, parlaq prosesdir.

Soruşsanız ki, mənim üçün hansı daha cəlbedicidir – ciddi tədbirdə tanınmış dirijorlarla çıxış etmək, yoxsa öz bəstələrimi yaradacaq dinləyiciyə təqdim etmək, belə cavab verərəm ki, caz istiqaməti mənim ruhuma daha yaxındır. Bu janr məndə hər zaman xüsusi həyəcan və maraq yaradıb. Xüsusilə söhbət balabanla sintezdən gedirsə.

 

Müsabiqələr

Bülbül adına Beynəlxalq Vokalçılar Müsabiqəsində 3-cü yeri tutmuşam. Bundan başqa, milli musiqi ifaçılarının Respublika Müsabiqəsində birinci dərəcəli diploma layiq görülmüşəm.

Dahi musiqiçi Bülbülün 120 illiyinə həsr olunmuş müsabiqədə 1 və 2-ci yerlər başqa alətlərdə ifadə edən musiqçilərə verilib. Mənim ifamda balaban 3-cü olub. Müsabiqədə diplomu şəxsən bəstəkar Teymur Göyçayevin əlindən aldığım üçün fəxr edirəm. Hər bir qələbə mənə daha da irəliləmək üçün stimuldur.

 

Hədəflər

Hədəf olmazsa, hərəkət və inkişaf da olmaz Şübhəsiz ki, nailiyyətlərimiz kimi, hədəflərimiz də heç zaman bitmir. Öz ifa tərzimi, ifa üslübümü yaratmaq, onu bütün yaradıcılığım boyu qoruyub saxlamaq istəyirəm. Hər bir musiqiçi üçün əsas hədəflərdən biri ifa zamanı yaşadığı hissləri geniş dinləyici, pərəstişkar kütləsinə ötürə bilməkdir.

 

Asudə vaxt

Asudə vaxtlarımı – əgər olursa – kompüter oyunlarına həsr edirəm (gülümsəyir). Bununla yanaşı, vaxtımın çoxunu işimə həsr etməyə çalışır, evdə də davamlı məşq edirəm. İnternet isə ifalarımı sosial şəbəkələrdə paylaşmama imkan yaradır. Bu, dinləyicilərlə ünsiyyətə girmək üçün əla imkandır. Amma açıq desəm, təcrid vəziyyətinin sona çatmasını, ənənəvi fəaliyyət rejiminə keçməyi səbirsizliklə gözləyirəm.


MƏSLƏHƏT GÖR:

365