27 Aprel 2024

Şənbə, 05:34

SABAHA ÜMİDLƏ

Tələbatın artmasına rəğmən ucuzlaşan qaz, yaxud dünya qaz bazarını nə gözləyir?

Müəllif:

15.06.2020

Son aylar koronavirus pandemiyasının yayılması ilə dünya bazarı tarixinin heç də yaxşı olmayan dövrünü yaşayır. Karantin tədbirləri nəticəsində sənaye istehsalının azalması, xammalın, ilk növbədə, yanacağın ucuzlaşması fonunda dünya bazarında təbii qazın qiyməti də kəskin düşməyə başlayıb.

Bununla yanaşı, qazın, ilk növbədə isə mayeləşdirilmiş təbii qazın (MTQ) ucuzlaşması tendensiyası hələ ötən ildən müşahidə olunurdu. Beləliklə, qaz bazarında yaranmış vəziyyəti birbaşa pandemiya ilə əlaqələndirmək doğru olmazdı.

Məlum olduğu kimi, MTQ-dən istilik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunur. Bu, xüsusilə istiliyə və ya sərinliyə tələbatın artdığı dövrlərdə, başqa sözlə, qış və yay aylarında baş verir. Beləliklə, qaz bazarı təklifin tələbi üstələməsi üzündən koronavirus pandemiyası yayılmadan da «axsamağa» başlamışdı. Bu, xüsusilə dünyanın əsas MTQ istehlakçıları olan Avropa, Yaponiya və Çində 2018 və 2019-cu illərdə qışın isti keçməsilə izah olunur. Bu səbəbdən, mövsümün sonuna onların qaz anbarlarındakı qaz ehtiyatı çox azalmamışdı.

Digər tərəfdən tələbatın azalması ilə paralel MTQ təklifi də artıb. Son illərdə ABŞ-ın bu bazara daxil olması təklifin ciddi şəkildə artmasına yol açıb. Bu isə bazarda ciddi ucuzluq kimi, qiymət şoku yaradıb.

Beləliklə, COVID-19-un yayılması, sadəcə, mövcud tendensiyanı daha da ağırlaşdırıb – MTQ-yə tələbat daha da azalıb. Nəticədə, ABŞ-dan yüklənərək Avropa və Asiya ölkələrinə yola salınmış tankerlər artıq ünvana çatmış gəmilərdə qalıb, alıcılar isə bunadək sifariş etdikləri qazı almaqdan imtina edib.

Vəziyyəti ABŞ-ın birbaşa rəqibi olan Avstraliya və Qətər kimi dövlətlərin addımları da düzəltməyib. Ötən il bazarda qazın həcmi görünməmiş həddə çatmışdı və bu, Avstraliyanın bazarı öz məhsulu ilə dolduraraq dünyanın əsas MTQ ixracatçısına (təxminən, 77,5 milyon ton) çevrilməsindən sonra baş vermişdi.

Dünya qaz bazarının bir özəlliyi var. Neft bazarından fərqli olaraq, aparıcı qaz ixracatçıları onu öz istəklərinə uyğun hasil edir. Yəni burada iş koordinasiya olunmur, hasilat qlobal tələb və təkliflə tənzimlənmir. 2001-ci ildə qaz ixracatçısı olan ölkələrin Forumu yaradılsa da, onun fəaliyyəti qaz bazarında sabitliyin təmin olunmasını nəzərdə tutmur. Bununla yanaşı, qrupda yer alan ölkələr dünyanın təbii qaz ehtiyatının 70%-dən çoxunu özündə cəmləyir. Baza hasilatının 46%-i, boru xətlərinin 55, beynəlxalq MTQ ixracının isə 61%-i onların payına düşür. Bu, forumu o qədər də uzaq olmayan perspektivdə qaz bazarını tənzimləyə biləcək güclü alətə çevirir.

Daha uzaq perspektivə gəlincə, əksər ekspertlərin proqnozu nikbindir. Yanacaq bazarında gedən struktur yenilənməsi, istehlakçıların elektrik enerjisi istehsalında «çirkli» texnologiyalardan, məsələn, kömürdən imtinası yaxın gələcəkdə bazarda təbii qaza tələbatı mütləq artıracaq.

 

Hər şeyə rəğmən, qazın gələcəyi var

Əksər mütəxəssislər hesab edir ki, yaxın 3 onillikdə qaz dünyanın əsas mədən yanacağı olacaq. İnkişaf etmiş ölkələrin enerji sektorunda yalnız təmiz texnologiyalardan istifadəyə keçməsi qazı ən effektiv xammala çevirir. Kömürdən və neftdən fərqli olaraq, təbii qazdan istifadədə atmosferə CO2 minimum həcmdə yayılır. O, ən təmiz yanmanı təmin edir, bununla da, külək və günəş enerjisinə əlavəyə çevrilir. Bundan başqa, elektrik enerjisi istehsalında rentabelliyin artırılmasına hesablanmış innovasiyaların əhəmiyyətli bir hissəsi də məhz təbii qazla bağlıdır.

Bununla yanaşı, yaxın onillikdə elektrik enerjisi istehsalı həcmi daha intensiv artacaq və burada bərpa olunan enerjinin payı xeyli çox olacaq. Bu mənada, müqayisədə elektrik enerjisi istehsalında istifadə olunacaq qazın həcmi azala bilər. Sənayedə isə ona tələbat artacaq. Nəqliyyat sektorunda da qazdan istifadənin artacağını düşünmək olar.

Bu gün elektrik enerjisi istehsalına istehlak olunan qazın yalnız 40%-i istifadə edilir. Qalan 60% məişət tələbatlarının ödənməsinə (obyektlərin qızdırılması, yemək bişirilməsi və s.) istifadə olunur. Sənayedə isə ondan əsasən, xammal və ya texnoloji istilik kimi istifadə edirlər. Amma bu rəqəm regionlara görə kəskin fərqlənir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hüdudlarından kənarda qazın 80%-i sənaye və ya enerji üçün istifadə olunur. Burada məişət tələbatlarının ödənməsində təbii qazın vacib rol oynadığı yerlər çox azdır. Bu, Çin, postsovet ölkələri və Latın Amerikası ilə Cənubi Asiyanın bəzi dövlətləridir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində istehlak olunan qazın yalnız 28%-i məişət işlərində istifadə edilir. Avropa qazdan daha çox, Asiya ilə Okeaniya isə daha az asılıdır. Proporsiya baxımından bu vəziyyətin yaxın gələcəkdə ciddi dəyişikliyə uğrayacağı gözlənilmir.

 

Azərbaycanın qaz strategiyası

Azərbaycan üçün qaz bazarında müşahidə olunan çətinliklər yaxın aylarda ciddi problem yaratmayacaq. Məsələ ondadır ki, Azərbaycan Avropaya əsas qaz ixracına yalnız Trans-Adriatik boru xəttinin (TAP) tam hazır olmasından sonra başlayacaq. Son məlumatlara görə, onun tikintisinin 94,1%-i başa çatıb. Beləliklə, boru xəttinin ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində istismara veriləcəyi gözlənilir. O vaxtadək, yəqin ki, qiymətlər xeyli sabitləşəcək. Bundan başqa, Azərbaycan artıq ayrı-ayrı istehlakçılarla Avropaya konkret həcmdə qaz ixracı ilə bağlı sazişlər imzalayıb. Bu sazişlərin icrasına 2021-ci ildən başlanacaq və bu zaman öhdəliklərə sərt şəkildə əməl olunacaq.

Bundan başqa, 2021-ci ildə «Abşeron» yatağından ilk qaz hasilatına başlanacağı da gözlənilir. «Abşeron» bloku Bakının 100 kilometrliyində, 500 metr dərinlikdə yerləşir. Yataqda 350 milyard kubmetr qaz, 45 milyon ton kondensat ehtiyatı olduğu bildirilir. Bu isə Azərbaycandan ixrac üçün resurs bazasını bir qədər də gücləndirəcək. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu il Azərbaycan illik qaz ixracını 15% artıraraq, 176,6 milyon kubmetrə çatdıracaq. Hesablamalara görə, 2021-ci ildə Azərbaycanın illik qaz ixracı 19,9 milyon kubmetrə çata bilər.

Daha uzaq perspektivə gəlincə, Bakının regionda sabit fəaliyyət göstərəcək infrastrukturun yaradılmasına yönəlmiş səyləri Azərbaycan qazının Avropada gələcəkdə də özünə güvənməsinə imkan verəcək.

Avropa Komissiyasının enerji şöbəsinin direktoru Klaus-Diter Borhardt bu yaxınlarda bildirib ki, Avropa Azərbaycandan illik qaz alışının iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması variantını nəzərdən keçirir. Bunun üçün yeni potensial qaz yataqlarının işlənməsi gözlərnilir. Bu, ən azı onu göstərir ki, Azərbaycanın Aİ-dəki tərəfdaşları onunla əməkdaşlığı uzun müddət davam etdirmək əzmindədir.

Hesablamalara görə, Azərbaycanın yalnız ən nəhəng qaz yatağı olan «Şahdəniz»in ehtiyatı 1 trilyon kubmetrdir. 2021-ci ilin ortalarına ehtiyatı 300 milyard kubmetrdən artıq olan «Abşeron» yatağının da işlənməsi nəzərdə tutulub. Bu, Azərbaycana uzun müddət üçün perspektivli oyunçu kimi baxılmasına imkan verir. «Şahdəniz»dən 15-16 milyard kubmetr sabit qaz ixracına «Abşeron» yatağından 5 milyard kubmetri də əlavə etsək, demək, «Cənub Qaz Dəhlizi» vasitəsilə ildə 20-21 milyard təbii qaz nəqli realdır. Bununla yanaşı, Azərbaycan SOCAR-ın müstəqil işlədiyi «Ümid» və «Babək» qaz yataqlarını da perspektivli sayır.

Beləliklə, Avropanın qaz bazarının sabit inkişaf edəcəyi, Azərbaycandan qaz tədarükünün isə zəmanətli şəkildə həyata keçiriləcəyi şəraitdə ölkənin qaz strategiyasının perspektivi bazarın qarışdığı indiki dövrdə belə, heç bir narahatlıq yaratmır.



MƏSLƏHƏT GÖR:

310