27 Aprel 2024

Şənbə, 06:05

«AĞILLI ÖLKƏ»

Azərbaycan hökuməti pandemiya şəraitində rəqəmsallaşmanı sürətləndirir

Müəllif:

01.07.2020

COVID-19 pandemiyasının başlamasından yarım ildən bir az çox vaxt keçib və dünyada sənaye müəssisələrinin, maliyyə və ticarət qurumlarının oturuşmuş iş qaydalarında, həmçinin istehlakçı davranışının alışılmış alqoritmlərində ciddi dəyişikliklər baş verib. Karantin məhdudiyyətləri və sosial təcrid tədbirləri rəqəmsal texnologiyalara tələbatı dəfələrlə artırıb, sosial və iqtisadi həyatın virtuallaşdırılması prosesini sürətləndirib. Ekspertlərin fikrincə, bu yeni trendlər Azərbaycanda da çox açıq şəkildə özünü göstərir, burada elektron dövlət xidmətlərinin inkişafını, iqtisadiyyatın və sosial sahənin müxtəlif sahələrinin rəqəmsallaşdırılmasını sürətləndirilməsi nəzərdə tutulur.

 

Məcburi virtuallaşma

Bu gün 7 milyarddan çox insanın yaşadığı ölkələrdə vətəndaşların hərəkəti bu və ya başqa şəkildə məhdudlaşdırılıb, həmçinin dünya əhalisinin üçdə biri məcbur karantin və özünü təcrid vəziyyətindədir. Bəşəriyyətin düşdüyü fövqəladə vəziyyət epidemiyanın təsirini azaltmaq üçün dünyanı 21-ci əsrin texnologiyalarının tətbiqinə daha çox diqqət ayırmağa sövq edir. Hətta on illərdir dəyişikliyə qarşı çıxan qurumlar işlərini qismən və ya bütünlüklə rəqəmsal məkana köçürmək məcburiyyətində qalırlar. Bu, indiyə kimi görünməmiş vəziyyət iqtisadi və sosial proseslərin virtuallaşdırılmasına, onlardan iqtisadi fayda əldə etməyin yeni üsullarının tapılmasına səbəb olur.  

Bazarlara, təşkilatlara, cəmiyyətlərə və fərdlərə COVID-19 pandemiyasının etdiyi güclü təzyiq, ümumiyyətlə, dördüncü sənaye inqilabının (4IR) sürətlənməsində, ənənəvi münasibətlərlə rəqəmsal dünya arasındakı sərhədlərin silinməsində katalizator rolu oynayır. Öz növbəsində karantin məhdudiyyətləri xidmət və e-ticarət sahələrində, bank və sığorta sektorlarında iş prosesinə və müştərilərlə ünsiyyətə süni intellektin (botların) tətbiqinə ehtiyacı artırıb. Yüksək sürətli 5G şəbəkəsi sayəsində tele-tibbi sisteminin geniş istifadəsinə başlanılıb. Eyni zamanda, pasientlərə həkimlərlə, apteklərə ünsiyyət qurmağa imkan verən, həmçinin virusla mübarizə mövzusunda faydalı məsləhətlər verən tibbi tətbiqlər istifadəyə verilib.

Yetərincə təbiidir ki, dünya üzrə COVID-19 pandemiyası fonunda internetdən istifadə xeyli artıb (əhatə dairəsi 60% -ə çatıb), DATA-mərkəz servislərinin xidmətinə və «bulud»- xidmətlərə tələb artıb. Elektron KİV-lərin və sosial medianın ehtiyacları nəzərə alınarsa, bu tələb sürətlə böyüyür. Eyni zamanda bütün dünya üzrə əşyalar internet (IoT) texnologiyasının geniş yayılmasına, «Smart City» (Ağıllı Şəhər) sisteminin formalaşmasına, rəqəmsal tədris platformalarının tətbiqinə, genişlənmiş və virtual gerçəkliyə çıxışa, dronların kütləvi istifadəsinə və s.-yə maraq müşahidə edilir.  

 

Artan tələbat

Pandemiyanın bu və ya digər dərəcədə səbəb olduğu proseslər artıq Azərbaycanda istehlakçıların, muzdlu işçilərin, müəllimlərin, məktəblilərin və tələbələrin davranışlarında ciddi dəyişikliklərə səbəb olub. Bakı və digər böyük şəhərlərdə karantin və sosial təcrid tədbirləri təhsil və tibb sahəsində rəqəmsal texnologiyalara tələbatı stimullaşdırdı, e-government xidmətlərinə uzaqdan girişə, həmçinin onlayn-servis şirkətlərinə tələb artdı, mobil və e-bankinq və elektron ticarət xidmətləri yeni təkan əldə etdi. Eyni zamanda bir çox şirkətlər ofis işini uzaqdan rejimə keçirdi, həmçinin xidmətlərini rəqəmsal formata keçirmək məcburiyyətində qaldı. Sonucda, bir sıra sahələrdə ressesiyaya və istehsalın azalmasına baxmayaraq, pandemiya ölkə iqtisadiyyatının müxtəlif sahələrində rəqəmsal transformasiyanı sürətləndirir. Gələcəkdə dünya iqtisadiyyatında artım təbii resurslardan çox insan intellektindən və innovasiyalardan asılı olacaq.

Bütünlükdə, Azərbaycan yeni çağırışlara yetərincə çevik cavab verir, özü də, bu iş COVID-19 pandemiyasından və onun yaratdığı dəyişikliklərdən xeyli öncə başlayıb. Ölkədə elektron hökumətin formalaşdırılması çərçivəsində genişmiqyaslı layihələr gerçəkləşdirilir, rəqəmsal ticarət habı yaradılır, elektron rabitə vasitələrindən istifadənin əhatə dairəsi genişlənir.

Hazırda Azərbaycanda Rəqəmsal Transformasiya üzrə beş illik Dövlət Strategiyası hazırlanır ki, bu, iqtisadiyyatın və sosial proseslərin idarə edilməsinin elektronlaşmasına, ölkə həyatının bütün sahələrində süni intellektdən istifadənin genişləndirilməsinə yönəlib.

Bundan əlavə, pandemiyanın sona çatma vaxtının qeyri-müəyyənliyi üzündən şirkət ofisləri və dövlət təşkilatlarının distansion idarə olunması və uzaqdan işlənilməsi, habelə distant təhsil məsələləri daha da aktuallaşır. Bu çağırışlar Azərbaycanın aparıcı dünya şirkətləri ilə əməkdaşlığı genişləndirilməsini zəruri edir.

«Microsoft»un vitse-prezidenti Filipp Roqla keçirdiyi videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycanın əsas strategiyası karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və çağdaş idarəetmə əsasında dayanıqlı inkişafa nail olmaqdır.  

“Azərbaycan artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilir. Bu dəfə Davos İqtisadi Forumu zamanı cənab Borge Brende və mən Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıq. Beləliklə, bu mərkəz nəinki təkcə Azərbaycanı, region ölkələrini də əhatə edəcək", - deyə dövlət başçısı videokonfrans zamanı bildirib.

O vurğulayıb ki, «Microsoft»un Azərbaycanda fəaliyyətə başlaması ilə 15 ildən çox davam edən tərəfdaşlığı böyük potensiala və gələcəyə sahibdir. Eyni zamanda hökumətin gündəliyinə süni intellekt strategiyasının detallı işlənməsi və kibertəhlükəsizliyin aspektləri ilə bağlı məsələlər daxildir, çünki bu, bütün ölkələrin qarşılamağa hazır olduğu bir problemdir.

Prezident İlham Əliyevin sözlərinə görə, tamamilə aydındır ki, pandemiya distant təhsil məsələlərinə yeni bir baxış bucağı altında baxmağa məcbur edir.  

«Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir», - deyən dövlət başçısı bu məsələ ilə bağlı «Microsoft» ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

Öz növbəsində, F.Roq distansion iş sahəsində «Microsoft»un beynəlxalq təcrübəsindən istifadəni genişləndirməyi, insanın istənilən vaxt infrastruktura etibarlı girişinin təmin edilməsi üçün virtual iş masaları  yaratmağı təklif edib.  

"Təhsil mövzusuna gəlincə, zənnimcə, bu, güman ki, bizim əsas nailiyyətlərimizdən biri idi. O mənada ki, biz Sizin, təxminən, 1 milyon tələbəniz üçün əlaqə qura bilmişik. Düşünürəm ki, o vaxta kimi onların gələcəyinə heç nəyin mane olmamasını təmin etmişik və xoşbəxtlikdən biz evdəyik. Aydındır ki, bu, gələcək üçün vacib investisiyadır. Komandalarımız və tərəfdaşlarımızın mümkün qədər tez müddətdə, bir neçə həftə ərzində hər kəsi əlaqələndirmək üçün sizin nazirlikdəki təhsil işçiləri ilə apardığı işdən qürur duyuram", - deyə o bildirib.  

Bundan əlavə, bəlli olub ki, şirkət Azərbaycanla kiberhücumların qarşısının alınması, həmçinin “bulud hesablamaları” sahəsində də əməkdaşlıq edəcək. Üstəlik, «Microsoft»un süni intellekt platforması tezliklə Azərbaycan dilini də mənimsəyəcək.  

Silikon vadisi kimi Abşeron vadisini yaratmaq üçün Azərbaycanın böyük potensialı var. Bu, ölkənin bölgə üzrə innovasiya mərkəzinə çevrilməsinə imkan verərdi. Ekspertlərin fikrincə, bu sahəyə investisiya qoyuluşunun perspektivliyi nəzərə alınaraq, bu ideya ən qısa müddətdə həyata keçirilə bilər və keçirilməlidir.

 

«Ağıllı şəhər» üçün smart-texnologiyalar  

Rəqəmsal texnologiyalar sahəsində dünya lideri olan CISCO ilə Acərbaycanın əməkdaşlığı eyni dərəcədə uğurla inkişaf edir. Amerikalı ekspert Qreq Vaynerin fikrincə, Bakının CISCO ilə birgə layihələri Azərbaycanın regional rəqəmsal haba çevrilməsinə kömək edir. "Biz sürünən informasiya müharibəsi dünyasında yaşayırıq ki, onu üçüncü dünya müharibəsi adlandırmaq olar", - deyə Q.Vayner vurğulayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin qeyd etdiyi kimi, CISCO-nun şəbəkə texnologiyalarından və «Azcloud» platformasından istifadə edərək ölkədə yüksək səviyyəli videokonfransların keçirilməsi üçün müvafiq infrastruktur yaradılıb. Söhbət COVID-19 pandemiyası zamanı işin təşkili üçün çox önəmli və təhlükəsiz vasitə videokonfranslar üçün «Connected Government» layihəsindən gedir. Su ehtiyatları üzərində nəzarətin yaxşılaşdırılması sahəsində, həmçinin təhsil sahəsində ortaq layihə – «Connected Schools» üzrə əməkdaşlıq imkanları öyrənilir.

İnsan fəaliyyətinin, demək olar ki, böyük bir hissəsi virtuallşmağa məruz qaldığından, Azərbaycan, əlbəttə ki, iri dünya şirkətlərini cəlb etdiyi "Smart City" ("Ağıllı şəhər") layihəsi üzərində işi sürətləndirməli olacaq. Həmçinin, Rabitə Nazirliyi ölkədə bütün smart-sistemlərin inteqrasiyası üçün CISCO və «Quantela» tandemi ilə "Vahid Ölkə Paneli" konsepsiyasının həyata keçirilməsində iştirak məsələsini müzakirə edir.

Bildirmək gərəkdir ki, Azərbaycan bölgədə birincilərdən biri olaraq əvvəlcə Bakıda, sonra isə ölkənin başqa şəhərlərində - "Ağıllı şəhər" layihəsinin icrasına başlayıb. Son illərdə Avropada, ABŞ-da, Yaponiyada və dünyanın digər inkişaf etmiş ölkələrində «smart sity» sistemləri formalaşır ki, bu da bir neçə İKT texnologiyalarının inteqrasiyasını və şəhər əmlakının idarə edilməsi üçün əşyalar interneti sisteminin istifadəsini nəzərdə tutur. Özəlliklə, məktəblərin, xəstəxanaların, kitabxanaların, ictimai nəqliyyatın, elektrik stansiyalarının, su təchizatının, tullantıların idarə olunmasının və digər ictimai xidmətlərin informasiya sistemlərinə bağlanmasından bəhs edirlir ki, bu, şəhər infrastrukturuna nəzarəti optimallaşdırmağa və əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa imkan yaradır.  

"Biz daha da irəli getdik və «Smart Nation», yəni «Ağıllı Ölkə» proqramı üzərində işləməyə başladıq. Ölkəmizin rəqəmsallaşdırılması, bütün sahələrdə informasiya texnologiyalarının tətbiqi bizim prioritetimizdir", - deyə Prezident İ.Əliyev "Smart city" layihəsinin perspektivlərini şərh edib.

 

Gələcəyə addım

Sadalanan bu layihələrin hamısı Azərbaycanın qlobal trenddə - Dördüncü Sənaye İnqilabının («Sənaye 4.0») iştirakına yönəlib. “Hər kəs bilməlidir ki, bu sahə gələcəyə bir addımdır. Biz gecikə, ləngiyə bilmərik. Geciksək, uduzarıq. Buna görə biz maliyyə, intellektual və kadr resursları da daxil olmaqla bütün qaynaqlarımızı səfərbər etdik. Əminəm ki, növbəti illərdə Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində lider mövqeyini daha da möhkəmləndirəcəkdir”, - deyən dövlət başçısı çağdaş dünyada İT sahəsinin önəmindən danışıb.

Bu, istehsalın avtomatlaşdırılması və robotlaşdırılması, süni intellektin geniş istifadəsi, böyük bir məlumat sisteminin (Big Data) formalaşdırılması, rəqəmsal texnologiyaların iqtisadiyyatın və sosial infrastrukturun bütün sahələrinə tətbiqi deməkdir. Azərbaycanda «Sənaye 4.0» layihələrinin həyata keçirilməsində «Azerbaijan Digital Hub» proqramı həlledici rol oynaya bilər. «AzerTelecom» internet magistral provayderi tərəfindən həyata keçirilən bu proqram ölkə daxilində və ondan kənarda (Mərkəzi Asiya regionunda) optik magistral infrastrukturunun qurulmasını, Bakının İnternet trafik mübadiləsi məntəqəsinə (IXP) çevrilməsini və böyük regional DATA mərkəzinin qurulmasını təmin edir. Üç mərhələ üçün hesablanmış proqram rəqəmsal iqtisadiyyatın inkişafına və son nəticədə, startap-layihələrinin dinamik inkişafını təmin edən rəqəmsal ekosistemin formalaşmasına mühüm töhfə verəcək.

Bununla yanaşı, əksər ekspertlərin fikrincə, Azərbaycanda İT-startapların effektiv inkişafı və innovativ istehsalın qurulması üçün vençur fondlarının yaradılmasını, yüksək texnologiyalar sahəsində startaplara və digər təşəbbüslərə sərmayələr üzrə ixtisaslaşmış "biznes mələklərinin" cəlb edilməsi prosesini sürətləndirmək lazımdır. 2018-ci ildən bu yana ölkədə informasiya texnologiyaları sahəsində İnvestor Klubunun (bir növ vençur fondunun analoqunun) yaradılması imkanları araşdırılır ki, onun üzvləri iri yerli İT şirkətləri ola bilər. Klubun fəaliyyətinin perspektivli startap - layihələrin payçı iştirakı yolu ilə ticariləşdirməyə yönəldilməsi planlaşdırılır. Uyğun olaraq, pandemiyanın yaratdığı çətinliklərə və dünya neft qiymətlərinin enməsinə baxmayaraq, 2021-2022-ci illər üzrə investisiya siyasətində İT sahəsində innovativ layihələri və daha perspektivli infrastruktur təşəbbüslərini dəstəkləmək üçün vəsait nəzərdə tutulmalıdır.



MƏSLƏHƏT GÖR:

330