8 May 2024

Çərşənbə, 08:32

HESAB, YOXSA YANILMA

Ermənistan Azərbaycanla müharibə görüntüsü altında ölkədəki iqtisadi böhranı gizlətməyi bacarmayacaq

Müəllif:

01.08.2020

İyul ayında Ermənistanın Azərbaycana qarşı sərhəd təxribatı nəticəsində başlamış silahlı qarşıdurmanın ilk günlərindən ekspertlər, başqa amillərlə yanaşı, erməni təcavüzünün qəfil kəskinləşməsinin açıq iqtisadi səbəbləri olmasını da vurğulayırdılar. Uzun illər bölgənin ən kasıb ölkəsi olan Ermənistanı ilin birinci yarısı üzrə statistik göstəricilərinə baxılsa, bu fikrin doğruluğuna şübhə qalmaz. Ermənistan iqtisadiyyatı sanki anti-rekordlar qırır, başabəla hökumətin necəsə üzdə qalmaq üçün etdiyi bütün cəhdləri uğursuz edir. Toplumda yalançı vətənpərvərlik hisslərinin qızışdırılması, bəlkə də, əhalini iqtisadi fəlakətin başlamasını anlamaqdan müvəqqəti də olsa yayındıra bilən tək amildir, həm də hakimiyyətə əbədi donorlara və sponsorlara növbəti "yardım" payı üçün yalvarmağa bəhanə verir.

 

Pandemiya öncəsi böhran

«Pandemiya Ermənistanın iqtisadiyyatına və sosial sahəsinə ağır zərbə vurdu, əhalinin hərəkətliliyi azaldı, ticarət çətinləşdi və yerli səhiyyə sistemi görünməmiş bir təzyiq altındadır. İndi hər zamankından daha aydındır ki, sülhün qorunması və silahlı qarşıdurmaların olmaması pandemiya və onun səbəb olduğu iqtisadi böhrana qarşı uğurlu mübarizə üçün vacib şərt olaraq qalır». Ermənistanın baş naziri Nikol Paşinyanın bu yetərincə məntiqi etirafı erməni təcavüzkarların Azərbaycanın Tovuz rayonu ilə sərhəddə son vaxtlar törətdiyi absurd hərəkətlərlə heç cür uyğun gəlmir…

Ancaq bu vəziyyətdə də Ermənistanın baş naziri həmişə olduğu kimi yalan danışdı: Ermənistan pandemiyadan əvvəl də dərin böhran içində idi. "Biz anlayırıq, inqilabdan sonra Ermənistana yeni hökumət gəlib. Nikol Paşinyan iqtisadi sıçrayışa nail olacağını vəd edib... Ancaq Azərbaycanla qarşıdurma və (Azərbaycan və Türkiyə tərəfindən) iqtisadi blokada şəraitində verdiyi sözü yerinə yetirməsi çox çətindir... Bəli, erməni diasporu çox zəngindir, lakin o da fors-major əraziyə sərmayə qoymayacaq", - deyə politoloq, Moskva Dövlət Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev bildirir.

Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Tərəfdaşlığının məlumatlarına görə, 2019-cu ildə xaricdən Ermənistana pul köçürmələri ölkənin toplam ümumi daxili məhsulun (ÜDM) 11,4% -ni təşkil edib - bu rəsmi məlumatlara söykənən statistikdir. Bu göstəriciyə görə Ermənistan dünyada 153-cü yeri tutur (sondan 25-cidir). Ermənistana kömək edən əsasən diaspor və Rusiyadır - Paşinyan hakimiyyətə gəlməzdən öncə Ermənistana nağd pul köçürmələrinin ən böyük həcminin (yarıdan çoxunun) Rusiyadan gəldiyini qeyd etmək yetərlidir. Bəllidir ki, yeni baş nazirin "səyləri" sayəsində ermənilər üçün bu "həyat mənbəyi" də tükənməyə başladı. Bununla belə, bölgədəki bütün böyük layihələrdən kənarda qalmış Ermənistanın büdcəni doldurmaq üçün yeni alternativi də yoxdur.

Bir neçə faktı sadalmaq yetərlidir. Bu gün rəsmi məlumatlara görə, Ermənistanın hər dördüncü vətəndaşı yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ermənistanda xalis miqrasiya əmsalı (immiqrantlarla emiqrantlar arasındakı fərq) hər min nəfər üçün mənfi 5,6-ya bərabərdir. Bu o deməkdir ki, Ermənistanda hər 1000 nəfərə düşən emiqrantların sayı miqrantların sayından 5,6 dəfə çoxdur. Ermənistandan gedənlərin (emiqrantların) yaşı 15 - 65 arasında dəyişir. Beləliklə, həm gənclər, həm də yaşlı insanlar üçün, yəni daha geniş yaş diapazonunda olan vətəndaşlar üçün Ermənistanda yaşamaq və işləmək imkanları aşağıdır.

Beynəlxalq Valyuta Fondunun hesabatlarında qeyd olunur ki, Ermənistanda 2019-cu ildə sərmayə qoyuluşlarının ÜDM-ə nisbəti öncəki ilə baxanda 5%, əmanət əmsalı isə 2% azalıb. BVF-nin proqnozuna görə, Ermənistanın strateji ehtiyatları azalacaq və 2025-ci ilə qədər 2019 səviyyəsinə dönə bilməyəcək. 2017-2020-ci illərdə Ermənistanda əmanətlərlə yanaşı, sərmayələrin ÜDM-dəki payı 2,9% azalıb və bu meylin bu il də davam edəcəyi gözlənilir. Ermənistanın cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 8,2%-i səviyyəsindədir ki, bu, böhranın yetərincə ciddi bir göstəricisidir.

Beləliklə, pandemiya Ermənistan iqtisadiyyatında onsuz da mövcud böhranlı vəziyyəti ortaya çıxardı və ağırlaşdırdı.

 

Karantin hər şeyi dərinləşdirdi

Demək olar ki, bütün dünyada karantin tədbirləri tətbiq edildikdən sonra, Ermənistan turizmin gətirdiyi cüzi gəlirdən də məhrum oldu və qiymətlərin aşağı olması üzündən dağ-mədən sənayesi ixracatının azalması üzündən zərər görür. Bununla belə, dağ-mədən sənayesi məhsulları xammal şəklində ixracından Ermənistanın illik gəlirləri 1 milyard dollar təşkil edir. Paşinyan hökumətinin bu sahədə araşdırmalara başlaması mədən şirkətlərinin sahiblərinin dəyişməsi ilə müşayiət olunur və bu, sərmayəçilərin etimadını sarsıdır. Ölkəyə valyuta gətirən digər sektorlar kənd təsərrüfatı ixracatı və qumar oyunlarıdır. Ermənistanda oyun iqtisadiyyatının dövriyyəsi ölkənin hərbi büdcəsini üstələyir. Kənd təsərrüfatı məhsullarının ixracı, demək olar ki, bütünlüklə bir bazardan - Rusiya bazarından asılıdır. Bunun nə demək olduğu bir müddət əvvəl cəbhədə baş verən son hadisələr fonunda aydın oldu, bir neçə iri Rusiya sahibkarı – Azərbaycan əsilli mühacirlər öz bazarlarını bir neçə gün ərzində erməni məhsulları üçün bağladılar. İtkilər o qədər nəzərə çarpırdı ki, ermənilər çaxnaşma içində bütün diplomatik imkanlarından istifadə edərək heç olmazsa öncəki mövqelərinin bir qismini geri qaytarmağa çalışdılar...

Statistikaya qayıdaraq qeyd edək ki, yalnız Ermənistanda ötən il ev təsərrüfatlarına verilən kreditlər 32%, xarici pul köçürmələri isə 1,5% artıb. Bu yüksək istehlak səviyyəsinə görə Ermənistanda əmanətlərin ÜDM-də pay göstəricisi 2017-ci ildə qeydə alınan 16,3%-dən 2019-u ildə 11%-ə enib.

"Bu zaman, istehlakın iqtisadi artıma təsiri əsas kapitalın iqtisadi artıma təsirindən 11 qat və xalis ixracın təsirindən 88 qat daha yüksəkdir", - deyə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib: "İstehlaka əsaslanan iqtisadi artım ölkənin milli və iqtisadi təhlükəsizliyini daim xarici amildən asılı edir, iqtisadiyyatın immunitetini zəiflədir, erməni dramının volatilliyini artırır və cəmiyyətdə bərabərsizlik yaradır".

Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında iqtisadi fəallıq göstəricisi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,7% azalıb. Bundan əlavə, bu ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin həcmində 10,7% azalma müşahidə edilib, ixrac 6,5%, idxal isə 12.9% azalıb.

Ekspertlərin məlumatına görə, COVID-19 infeksiyasına yoluxma üzrə göstəricilərinin ən pis olduğu ölkələr sırasında yer alan Ermənistanın fiskal kəsiri bu il ÜDM-in 5%-inə çatacaq.

Qeyd edək ki, aprelin 29-da Ermənistan parlamenti COVID-19-a qarşı mübarizə üçün büdcə göstəricilərinə yenidən baxılmasını təsdiqlədi. Koronavirusla bağlı durumun əlverişsiz təsiri nəzərə alınaraq ÜDM üzrə büdcə proqnozu 2% azalma göstəricisinə endirildi (öncəki variantda büdcədə bu il il üçün 4,9% ÜDM artımı nəzərdə tutulmuşdu), kəsir isə ÜDM-in 5%-inə qədər artırılıb (əvvəlcə 2,3% idi). Ermənistan Mərkəzi Bankının yeni proqnozuna görə, 2020-ci ildə iqtisadi artım əvvəl nəzərdə tutulan 0,7% göstəricisinə qarşı mənfi 4% olacaq. Eyni zamanda, öncəki proqnoza görə, Mərkəzi Bank iqtisadi artımın, əsasən, 2021-ci ildə bərpa olunaraq 7,2% təşkil edəcəyini güman edirdi.

 

Ümidsiz borc çuxuru

Ermənistan yaranmış durumdan necəsə çıxmaq üçün nəsə edirmi? Əlbəttə ki, "dilənməyə" gedir. Yalnız, keçmiş sponsorların yuxarıda qeyd olunduğu kimi "dilən payı vermək" üçün elə bir istəyi yoxdur. Buna görə yeganə çıxış yolu borc almaqdır.

Belə ki, erməni mətbuatında dərc olunmuş məlumata görə, iqtisadi böhranın qarşısını almaq, özəlliklə büdcə kəsirini bağlamaq və xarici ödənişləri etmək üçün Ermənistan BVF-dən «Stand-By» kredit götürməyə məcbur olub. Bu kredit xətti Ermənistanın BVF-dəki 128 milyon SDR (Special Drawing Rights, yəni xüsusi götürmə hüququ) adlanan kvotasının 100% -ni təşkil edir. Bu, o deməkdir ki, Ermənistan fonddan ala biləcəyi maksimum məbləği götürüb. Xatırladaq ki, BVF-nin hər bir üzvü üçün ümumilikdə dünya iqtisadiyyatındakı nisbi mövqeyindən asılı olaraq kvota müəyyən edilir. Üzv dövlətin kvotası BVF qarşısında maliyyə öhdəliyinin maksimum ölçüsünü və onun səslərinin sayını müəyyən edir və həmçinin onun BVF-dən maliyyələşdirmə imkanlarına çıxışına təsir göstərir.

Bu fonda nüfuzlu "Dövlət borclarının idarəetmə şəbəkəsi" təşkilatı Ermənistanın maliyyə təhlükəsizliyi təhdidi ilə üzləşməsi barədə məqalə dərc edib. O cümlədən, bu ölkənin iqtisadi inkişafı getdikcə xaricdən cəlb olunan borclardan daha çox asılı vəziyyətə düşür. Ermənistan Maliyyə Nazirliyinin bu ilin birinci yarısına olan statistikası göstərir ki, ölkənin ümumi dövlət borcu 7,7 milyard dollara çatıb, özü də xarici borcun payı 6 milyard dollar təşkil edir. Bundan əlavə, ölkənin ümumi dövlət borcunun 80%-i xarici valyutadadır və bu istiqamətdə davamlı mənfi meyil ölkənin maliyyə təhlükəsizliyinin nə qədər kövrək olduğunu göstərir.

Beləliklə, hazırda Ermənistanın xarici borcu bütün maliyyə təhlükəsizlik standartlarını ötüb və ölkənin ümumi daxili məhsulunun, təxminən, 42%-ni təşkil edir. Həmçinin son illərdə ümumi dövlət borcunun ÜDM-ə nisbəti durmadan artır. 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48%-dən 54%-ə, xarici dövlət borcu isə 40%-dən 42%-ə yüksəlib.

Ermənistanın xaricdən cəlb etdiyi kreditlər 4,5 milyard dollara çatır ki, bu da ölkə ÜDM-in 33%-ni təşkil edir. İrəvan ən çox kredit resurslarını Dünya Bankından (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından, Beynəlxalq İnkişaf Assosiasiyasından), Asiya İnkişaf Bankından, Avrasiya İnkişaf Bankından, Rusiya, Almaniya və Yaponiyadan cəlb edib.

“Dünya Bankının proqnozlarına əsasən, qarşıdan gələn dövrdə bu ölkənin dövlət borcunun ÜDM-ə nisbəti pisləşəcək və ilin sonuna 57,2%-ə çatacaq. BVF missiyasının müxtəlif ssenarilərinə görə, yaxın beş ildə ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbəti 200%-i keçəcək. Vergi gəlirlərinin azalması və fiskal xərclərin artması büdcə kəsiri məsələsini daha da dərinləşdirəcək və BVF ekspertlərinin fikrincə, bu il büdcə kəsirinin ÜDM-də payı 5%-i keçəcək və ÜDM-də ümumi borcun payı 60%-dən çox olacaq", deyə - Vüsal Qasımlı yaranmış vəziyyəti şərh edib.

Eyni zamanda, ölkənin valyuta ehtiyatları azalır və bu gün 2 milyard dolları keçmir. Bu, nəzərə alınanda, Ermənistan, çətin ki, yaxın illərdə dərin ressesiyadan çıxa bilsin.

 

Janrın klassikası

Bu şəraitdə Ermənistan rəhbərliyi böhrana qarşı effektiv proqramlar hazırlamaq və təcili şəkildə iqtisadiyyatı xilas etməyə başlamaq əvəzinə, “vətənpərvərlik coşqusuna” keçərək vətəndaşları mövcud problemlərdən yayındırmaq yolunu tutur. Prezident Administrasiyasının Xarici siyasət idarəsinin müdiri Hikmət Hacıyevin qeyd etdiyi kimi, “Ermənistan daxilində COVİD ilə bağlı gərgin bir vəziyyət hökm sürür və bu ölkənin rəhbərliyi belə təxribatlara əl atmaqla diqqəti sözügedən problemdən və onun nəticəsində daha da qəlizləşmiş sosial-iqtisadi vəziyyətdən yayındırmağa cəhd edir”.

Yalnız indi, bu cəhdlər əks effekt verir: bu gün Azərbaycan əhali baxımından dörd dəfə, ərazi baxımından üç dəfə, iqtisadiyyatına görə 6 dəfə, strateji valyuta ehtiyatları baxımından 25 dəfə Ermənistanı geridə qoyur. «Global Fire Power» reytinqində Azərbaycan ordusu 64-cü yerdə, Ermənistan ordusu isə 111-ci yerdə qərarlaşıb. İki ölkə arasında müharibə aparmaq imkanlarını müqayisə etmək hətta gülüncdür.

Əlbəttə ki, Avropaya gedən əsas neft, qaz və nəqliyyat layihələrinin yaxınlığında Azərbaycana qarşı hərbi təxribata başlamaqla Ermənistan bu və ya digər şəkildə ölkəmizin müsbət iqtisadi imicinə mənfi təsir göstərməyə çalışır. Ancaq boş yerə. Çünki bu layihələrin təkcə Azərbaycanın, Gürcüstanın və Türkiyənin maraqlarının əhatə etməklə məhdudlaşmadığını unudur, Avropa da səbirsizliklə Azərbaycan qazını gözləyir və ABŞ bu layihələrin yerinə yetirilməsi zamanı həmişə onlara açıq dəstək verib. Ermənistanın kredit üçün üz tutduğu beynəlxalq maliyyə institutlarının əsas donorları hansı ölkələrdir?

Gözəl atalar sözü var: "Su içdiyin quyuya tüpürmə". Bu durumda Ermənistanın yöndəmsiz kobud hesablamaları məhz belə görünür. Bu gün demək olar ki, bütünlüklə yardım və kreditlərindən asılı olduğu beynəlxalq təşkilatları və ölkələri öz əməlləri ilə əsəbləşdirən Ermənistan yalnız iqtisadiyyatının sonunun başlanğıcını yaxınlaşdırır.



MƏSLƏHƏT GÖR:

260