26 Aprel 2024

Cümə, 13:32

BELARUS YOLAYRICINDA

Minsk üzləşdiyi siyasi böhranı böyük sarsıntılar yaşamadan aşa biləcəkmi?

Müəllif:

01.09.2020

Son həftələr bütün dünyanın diqqəti Belarusa yönəlib. Bu ölkədə avqustun 9-da keçirilmiş prezident seçkisi və onun ardınca yaşanmaqda olan hadisələr təkcə bu dövlətin öz tarixinin dramatik səhifəsi deyil. Əksəriyyət hesab edir ki, Belarusda yaşananlar postsovet məkanında bitmək bilməyən geosiyasi qarşıdurmada dönüş anı ola bilər.

 

Seçki və etirazlar

Hələ seçkiyə start verilməmiş bəlli idi ki, Belarusu kifayət qədər gərgin günlər gözləyir. Halbuki, hazırkı dövlət başçısı, 6-cı müddətə prezident seçilmək uğrunda yarışa qoşulmuş Aleksandr Lukaşenkonun qarşısında heç də ciddi strukturlaşmış müxalifət yox idi. Bu, eyni şəxsin bundan sonra da ölkənin başında olmasına qəti etiraz edən elektoratın bir hissəsi idi. Seçki kampaniyasının gedişində demək olar ki, sərt, prinsipial diskussiyaların baş verməməsi, məsələn, ölkənin iqtisadi vəziyyəti və ya xarici siyasəti ətrafında qızğın mübahisələrin aparılmaması da buradan qaynaqlanırdı. Daha da təəccüblüsü Mərkəzi Seçki Komissiyasının (MSK) daha ciddi siyasi fiqurların namizədliyini qeydə almaqdan imtina etməsindən sonra evdar qadın Svetlana Tixanovskayanın Lukaşenkonun əsas rəqibinə çevrilməsi idi. MSK-nın qeydiyyata almaqdan imtina etdiyi namizədlər sırasında onun həyat yoldaşı, bloger Sergey Tixanovski də daxil olmaqla, bankir Viktor Babariko və inzibatçı Valeriya Sepkalo da var idi (ilk iki iddialını həbs belə, etmişdilər). Yəni, etirazçı elektorat Tixanovskayanın arxasınca getməklə, öz seçim prinsipini ortaya qoyub – kim olur olsun, Lukaşenko olmasın!

Etiraz aksiyaları Belarusu hələ seçki ərəfəsində bürümüşdü. Tixanovskayanın Minskdə keçirdiyi ilk təşviqat mitinqindəcə maraqlı hadisə yaşanmışdı. Onun qərargahı Babariko və Sepkalonun komandası ilə birləşdiyini elan etmiş, Mariya Kolesnikova ilə Sepkalonun xanımı Veronika bu işdə koordinator təyin olunmuşdular. Bundan sonra dünya KİV-i zərif cinsin 3 nümayəndəsinin «Batka»nın illərdir davam edən idarəçiliyinə meydan oxuduqlarından yazmağa başlamışdı. Tixanovskaya isə özünü bu işə «məcbur olan» siyasətçi kimi göstərməkdə idi. O, qarşısında bir konkret hədəfin olduğunu deyirdi – Lukaşenkonun hakimiyyətdən kənarlaşdırılması.

Nəhayət, seçki Belarusda gərginliyin pik həddə çata biləcəyinə dair narahatlıq dolu gözləntiləri doğruldub. Vəziyyət MSK-nın ilkin nəticələri elan etməsindən dərhal sonra qarışıb. MSK Lukaşenkonun 80, Tixanovskayanın isə cəmi 10% səs qazandığını elan edib. Bundan sonra müxalifət hakimiyyəti seçkini saxtalaşdırmaqda ittiham edərək, təkrar səsvermə tələbilə çıxış etməyə başlayıb. Lukaşenkonun postunda qalıb-qalmaması məsələsi ətrafında yaranmış parçalanma bu vaxtadək daxili siyasi mübarizə baxımından postsovet məkanının ən sakit ölkələrindən olan Belarusda ciddi nifaq və böhrana yol açıb. İndi, orada yaşanmaqda olan böhranın nə ilə nəticələnəcəyini təxmin etmək çox çətindir.

Etiraz aksiyaları nümayişçilərlə asayiş keşikçiləri arasında ciddi toqquşmalara yol açıb. Vəziyyət Tixanovskayanın üzləşdiyi təhlükə və təzyiqləri əsas gətirərək ölkəni tərk etməsindən, qonşu Litvaya sığınmasından sonra da sabitləşməyib. Etiraz aksiyalarının tərkib hissəsi kimi, ölkədə ümumxalq tətili elan olunub. Tətilə Belarusun aparıcı müəssisələri, məsələn, Minsk Təkərli Yedəkçilər Zavodu (MTYZ), Belarus Avtomobil Zavodu (BelAZ), Minsk Traktor Zavodu (MTZ), Minsk Avtomobil Zavodu (MAZ), Minsk Mühərrik Zavodu (MMZ), «Qrodno Azot» və s. də qoşulub.

Bütün bunlarla yanaşı, Belarusda yaşananlara xarici amillərin də ciddi təsiri var. Bu gün o, Rusiya ilə Qərb arasında postsovet məkanı uğrunda gedən nüfuz mübarizəsinin əsas meydanına çevrilib. Beləliklə, Lukaşenkonun Belarusa rəhbərliyi davam etdirəcəyi, yoxsa güzəştə getmək məcburiyyətində qalacağı sözün əsl mənasında həyati əhəmiyyətli geosiyasi önəm qazanıb.

 

Rusiya ilə qalmaq, yoxsa Qərbə istiqamət götürmək?

ABŞ və Avropa İttifaqı Belarus müxalifətinə ciddi dəstək verir. Lukaşenkonun şakimiyyətini qoruyub saxlamaq şansı isə Rusiyanın onu uzadacağı yardım əlindən asılıdır.

Yeri gəlmişkən, Belarusda keçirilmiş seçki ərəfəsində Minsk-Moskva münasibətləri həm İttifaq Dövlət, həm də KTMT çərçivəsində SSRİ-nin dağılmasından sonra ən ciddi sınaqla qarşı-qarşıya qalmışdı. Lakin bu, Rusiyanın seçkidən sonra A.Lukaşenkonu dəstəkləməsinə mane olmayıb. Halbuki «Vaqner» özəl hərbi şirkətinin döyüşçülərinin Belarus ərazisində tutulması, Minskin rəsmi bəyanat verərək Rusiyanı Belarusun suverenliyinə müdaxilədə ittiham etməsi, eyni zamanda Kremlin isə öz növbəsində, Lukaşenkonun «inadkarlığıdan», Qərbin «qılığına girməsindən» narazılığı iki ölkə arasında münasibətləri ciddi şəkildə korlamışdı. Buna baxmayaraq, Lukaşenkonun müxalifətin miqyaslı etiraz hərəkatı qarşısında sığındığı yeganə gün məhz Rusiya və prezident Vladimir Putindir. Moskvanın ona növbəti dəstəyini şərtləndirən əsas amillərdən biri isə Qərbin Belarus müxalifətinə tam dəstək verməsi olub. Müxalifəti «Batka»nın hakimiyyətinə qarşı var gücü ilə mübarizəyə ruhlandıran da məhz bu dəstək olub.

Belarusun Rusiya üçün əhəmiyyətinin nədən ibarət olduğunu məşhur yazıçı və publisist, Aleksandr Proxonov kifayət qədər koloritli şəkildə ifadə edib: «Aydındır ki, Rusiya heç bir halda Belarusu itirə bilməz. O, bizim strateji müttəfiqimizdir. Rusiyanın güc strukturları hərbi bazalarının itirilməsilə barışa bilməz. Üstəlik, oradakı hərbi bazalarımızdan biri dünyanın digər başından düşmənin strateji raket atəşlərini anında qeydə alır. Digər baza isə güclü antenləri ilə Rusiyanın Dünya okeanındakı sualtı qayıqları ilə rabitə qurur. Rusiyanın bu bazalarını yalnız Lukaşenko qoruyub saxlayır. Onun yerini emosional xanımlar, müxalifətçilərin həyat yoldaşları tutarsa, bu bazalar ya ləğv ediləcək, ya da ölkəmizin strateji düşmənlərinin əlinə keçəcək. Rusiyalı generallar bu bazaların itirilməsilə heç zaman barışmayacaq. Bu, Rusiyanın müdafiə qabiliyyətinin kəskin şəkildə zəifləməsi demək olardı. Odur ki, onlar Lukaşenkonu və sabit Belarusu qeyd-şərtsiz dəstəkləyirlər… Bu gün Belarus cəbhə xəttinə çevrilib. Bu cəbhənin Moskvaya yaxınlaşmasına yol vermək olmaz!»

Həqiqətən də, Moskva Lukaşenkonun şəxsinə münasibətinin birmənalı olmadığını gizlətməsə də, Belarusuni hazırkı hakimiyyətini dəstəkləməyə hazır olduğunu göstərir. Çünki Minskin rusiyapərəstliyinin qarantı məhz Lukaşenko hakimiyyətidir. Bununla yanaşı, Kreml hər imkanda Ukraynanın «maydan təcrübəsi»nə istinad edir, Kiyevin məhz həmin hadisələr nəticəsində üzünü birmənalı olaraq Qərbə tərəf çevirdiyini unutmur.

ABŞ və Aİ-nin Belarus hadisələrinə münasibətinə gəlincə, onların Rusiyanın «kiçik» slavyan qardaşına marağı aşkardır. Lukaşenkonun qələbəsini tanımayan, Belarusda təkrar prezident seçkisinin keçirilməsi tələbilə çıxış edən Avratlantik mərkəzlər hadisələrin özlərinin doğru saydıqları məntiqi sonluqla bitməsinə çalışırlar – Rusiyanın nüfuz dairəsində qalmış sonuncu Şərqi Avropa ölkəsində hakimiyyət dəyişməlidir. Belarusun yaxın qərbli qonşuları – Polşa, Çexiya, Baltikyanı dövlətlər də Lukaşenkonun rəqiblərinə, şəxsən Tixanovskayaya görünməmiş dəstək kampaniyası aparır. Avropanın fövqəldövlətləri – Fransa ilə Almaniya isə Belarusun güc strukturlarının nümayişçilərə qarşı sərt davranışına qəti etirazlarını bildirir, Minskdə hakimiyyətin dəyişməli olduğunu bəyan edirlər. Lakin onların Rusiya ilə qarşıdurmanı dərinləşdirmək istəmədikləri də aydın görünməkdədir.

Digər tərəfdən Belarus qarşıdurmasına cəlb olunmuş tərəflərin hər biri məsələnin güc yolu ilə həllinə belə, hazır olduqlarını gizlətmir. Məsələn, NATO Belarusun qərb sərhədlərində hərbi fəallığını durmadan artırır. Minsk isə öz növbəsində, Litva ilə sərhəddə hərbi təlimlərə başlayıb, qərb istiqamətinə ciddi hərbi qüvvə toplamağa başlayıb. Üstəlik o, bütün bunları Rusiyadan tam hərbi-siyasi dstək aldığını bəyan etməklə həyata keçirir.

 

Qan axıdılması yolverilməzdir

Bəs, Belarusun bu siyasi böhranı qan axıdılmadan, miqyaslı sarsıntılar yaşamadan aşmaq şansı varmı? Sanki tərəflərin hər hansı kompromisə hazır olmaması buna ümid yeri qoymur. Lakin istər hakimiyyətin, istərsə də müxalifətin qarşıdurmanın vətəndaş müharibəsinə çevrilməsini istəmədiyini göstərən ən azı 2 amil var. Üstəlik, bu halda Belarusun qlobal güc mərkəzləri arasında hərbi çəkişmə meydanına çevrilə biləcəyini də hər kəsə aydındır.

Birincisi, Aleksandr Lukaşenko prinsipcə yeni prezident və parlament seçkisinin keçirilməsinə razılıq verib. Lakin o, bunun yalnız ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiyanın qəbulundan sonra mümkün olduğunu bildirir. Konstitusiyaya nəzərdə tutulmuş dəyişikliklərə gəlincə, söhbət hakimiyyətdə səlahiyyətlərin bölgüsündən gedir. Başqa sözlə, Lukaşenko səlahiyyətlərini paylaşmağa hazır olduğunu deyir. Lakin bunun «təzyiq, nümayiş vasitəsilə» əldə olunacaq məsələ olmadığını göstərir.

İkincisi, Lukaşenkonu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə Koordinasiya Şurası yaratmış müxalifət dinc nümayişlərə üstünlük verdiyini, hakimiyyəti zorla ələ keçirmək planının olmadığını bildirir. İstənilən halda, Ukraynadakı «maydan inqilabı»ndan fərqli olaraq, Belarus nümayişçilərinin şüarları arasında Lukaşenkoya ünvanlanmış korrupsiya, qohumbazlıq, dövlət malının oğurlanması və s. ittihamlara rast gəlinmir.

Əsas odur ki, qeyd olunan amilin hər ikisi bütün çətinliklərə baxmayaraq, Belarusun siyasi gələcəyilə bağlı dialoqun mümkünlüyünə ümid yaradır. Lakin bunun üçün hakimiyyət dinc aksiyaların zor gücünə dağıdılmasına getməməli, müxalifət isə xarici qüvvələrin geosiyasi maraqlarına xidmətdən mümkün qədər uzaq durmalıdır.



MƏSLƏHƏT GÖR:

288