27 Aprel 2024

Şənbə, 03:36

ÇÖRƏK BOL OLACAQ?

Quraqlığa və pandemiyanın yaratdığı problemlərə baxmayaraq, 2020-ci ildə dünya üzrə məhsul proqnozları bütünlükdə pis görünmür

Müəllif:

15.09.2020

COVID-2019 pandemiyası və onun yaratdığı iqtisadi təlatümlər, kəskin quraqlıq və azalan bioetanol istehsalı qlobal taxıl bazarının strukturunu dəyişdirib və bir sıra istiqamətlərdə təklifi azaldıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), dünya taxıl istehsalı üzrə avqust proqnozunu əsasən yemlik taxıl əkinlərinin azalması üzündən bu ilin iyul ayının proqnozuna nisbətən 25 milyon ton azaldıb. Ekspertlər həm də bir sıra ölkələrdə aparılan proteksionist tədbirlər üzündən, eləcə də təbii, demoqrafik və sosial amillərlə bağlı obyektiv səbəblərdən taxıl bazarında dəyişkənliyin qorunacağını proqnozlaşdırırlar.

 

Günahkar pandemiyadır  

Qlobal taxıl bazarında oturuşmuş tələb və təklif tarazlığı bu ilin fevral ayında dəyişməyə başladı, onda dünya taxıl qiymətləri nəqliyyat-logistika zəncirinin pozulması və koronavirus pandemiyası ilə bağlı tələbin azalması üzündən düşməyə başladı. Mart ayında dünya bazarında neftin ucuzlaşması da bu proseslərə öz təsirini gösiərdi.

Xatırladaq ki, oxşar proseslər maliyyə-ipoteka (2008) və enerji (2014) böhranlarından sonra da müşahidə edilmişdi, neft qiymətlərinin kəskin enməsi dənli bitkilərin və yağ bitkilərinin bioetanol və biodizel istehsalı üçün işlədilməsini ticari baxımdan zərərli etmişdi. BMT-nin məlumatlarına görə, keçmişdə bazarın belə kəskin təlatümləri taxıl və bir sıra digər kənd təsərrüfatı bitkiləri təklifinin qlobal azalması müşayiət olunub, nəticədə, bu, baza qida məhsullarının bahalaşmasına, dünyanın ən geridə qalmış ölkələrində aclığın artmasına səbəb olub.

Bununla belə, bu il taxıl bazarına yanacaq böhranı ilə yanaşı, bir sıra digər amillər də təsir edib və bunlar birlikdə qlobal taxıl balansında bir sıra dəyişikliklərə səbəb olub. Xatırladaq ki, hələ yazda Beynəlxalq Taxıl Şurası (IGC) 2020 mövsümündə qarğıdalı istehsalının rekord səviyyədə – təxminən, 1,17 milyard ton, buğda istehsalının isə 766 milyon ton olacağını proqnozlaşdırmışdı. IGC ekspertlərinin müsbət qiymətləri daha çox qarğıdalı məhsulu əldə etmə perspektivinə, həmçinin heyvandarlıq və quşçuluq müəssisələrinin yemlik taxıl istehlakını artırmasına əsaslanırdı. Ancaq pandemiyanın yaratdığı ressessiya qarışıq yemə olan tələbi kəskin şəkildə azaltdı, qida sektorunda və emal sənayesində də azalma müşahidə edildi.

Bir sıra ölkələrdə taxıl istehsalçıları bu proseslərə yazlıq bitkilərin, xüsusən yem bitkilərinin səpinini azaltmaqla cavab verdilər. FAO-nun son məlumatlarına görə, avqust ayında dünya yemlik taxıl istehsalı 1,5 milyard ton olub – bu, iyul ayına nisbətən 23,5 milyon ton azdır. Bu azalmanın günahkarları ABŞ fermerləri oldu, onlar qarğıdalı əkini sahələrini yaz proqnozu ilə müqayisədə azaltdılar, nəticədə, ölkə bu qiymətli yem məhsulunu 26,3 milyon ton az yığdı. FAO da öz növbəsində, Avropa İttifaqı (Aİ) və Ukraynadakı yemlik taxıl da daxil olmaqla taxıl istehsalı ilə bağlı proqnozlarını aşağı saldı, adı keçən ölkələrdə məhsul növləri üzrə göstəricilərin pisləşməsinə bitkinin böyüməsi zamanı müşahidə edilən quraqlıq və taxıl yığımı zamanı yaşanan əlverişsiz hava şəraiti səbəb oldu. İndoneziya da ümidləri doğrultmadı, orda hesablanmış istehsal göstəricilərinə və 2020-ci il üzrə taxıl proqnozuna azalmaya doğru düzəliş edildi.

Ancaq FAO-nun hesablamalarına görə, ABŞ-da, Avropada və dünyanın bir sıra başqa ölkələrində yem istehsalındakı azalma qarğıdalı istehsalı üzrə rekord yüksək məhsulun gözlənildiyi Argentina və Braziliya üçün daha yüksək proqnozlarla kompensasiya olunur.

Ərzaq buğdasına gəldikdə isə, burada məhsulun azalması var: əsasən Argentina, Aİ və ABŞ-da iyul ayına nisbətən 6,4 milyon ton az məhsul yığılıb. Uyğun olaraq, FAO-nun qlobal proqnozu avqust ayında 760,1 milyon tona qədər azalıb ki, bu da 2019-cu ildə qeydə alınmış yetərincə yüksək səviyyədən bir qədər aşağıdır.

Koronavirus pandemiyası zamanı qlobal taxıl bazarına təsir edən başqa bir mənfi amil güclənib. Bu çətin dövrdə Rusiya, Qazaxıstan və bir sıra digər dövlətlər daxili bazarlarını qorumaq üçün buğda, un, qarabaşaq yarması, yağ bitkilərinin ixracının müvəqqəti məhdudlaşdırılması da daxil olmaqla, ərzaq ixracına məhdudiyyətlər tətbiq etməyə başladılar. Dünya Ticarət Təşkilatı (DTT) və FAO ekspertlərinin qiymətləndirməsinə görə, bu meyil dənli bitkilərdən istifadə edilən istehsal zəncirində çörək, un və digər əsas ərzaq məhsullarının qiymətinin artımı ilə nəticələnib. Həm də belə görünür ki, bu meyil davam edəcək: bu günlərdə Rusiya Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracına kvota mexanizmini daimiləşdirməyi planlaşdırdıqlarını və gələn il üçün kvota parametrlərinin yalnız məhsul yığımından sonra müəyyən edilə biləcəyini bildirib. “Rus taxılına dünyada böyük tələbat var və ixracata nəzarət tədbirlərinin olmaması potensial olaraq daxili bazarda onun çatışmazlığına səbəb ola bilər”, - deyə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev bu yaxınlarda bildirib.

Bununla belə, quraqlığa, yemlik taxıl istehsalındakı azalmaya, ixrac kvotalarına və pandemiyanın yaratdığı digər mənfi təzyiqlərə baxmayaraq, 2020-ci ilin məhsulu üçün qlobal proqnozlar ümumiyyətlə pis görünmür. Belə ki, BMT-nin ərzaq qurumunun hesabatında cari il üçün taxıl istehsalının son proqnozu müsbət ssenari ilə tərtib edilib: cənub yarımkürəsi ölkələrində yığım nəzərə alınaraq, məhsulun 2,8 milyard ton təşkil edəcəyi gözlənilir ki, bu da 2019-cu ilin uyğun göstəricisindən 58 milyon ton çoxdur.

 

Azərbaycan: irriqasiya problemləri  

Dünya taxıl bazarında formalaşmış meyilləri dəyişdirən yeni amillərlə bağlı məntiqli bir sual yaranır: bu yaxınlarda yazlıq məhsulların yığımının başa çatdırmış Azərbaycanda taxıl balansı ilə bağlı vəziyyət necədir?

Təəssüf ki, bu il Azərbaycan ölkədə uyğun olaraq 3,3 və 3,4 milyon ton rekord taxıl məhsulunun toplandığı 2018-ci və 2019-cu illərin uğurlarını təkrarlaya bilmədi. İstehsalın azalmasının əsas səbəbi kimi Kür və Araz çaylarının səviyyəsinin aşağı düşməsinə, həmçinin bir çox su anbarlarında suyun səviyyəsinin enməsinə səbəb olan kəskin quraqlıq göstərilir ki, bu həm də

ölkənin bir sıra taxılçılıq rayonlarında suvarma suyu çatışmazlığı ilə özünü göstərdi. Ölkənin taxıl bazarındakı balans Rusiya və Qazaxıstandan idxal ilə təmin edilir.

İyul ayının əvvəlinə 860 min hektardan çox ərazidə payızlıq bitkilərin biçini başa çatıb, tarlalardan 2,7 milyon tondan çox məhsul götürülüb. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun sözlərinə görə, suvarma suyunun çatışmazlığı üzündən bəzi aran ərazilər zərər çəkib və təxminən 100 min hektar sahədə müəyyən taxıl itkiləri olub. Quraqlıq həm də əsasən avqust ayında yığılan yazlıq bitkilərin (buğda, yulaf, qarğıdalı və paxlalı bitkilər) məhsuldarlığına mənfi təsir göstərib. Buna görə, taxıl məhsulu (payızlıq və yazlıq məhsul) üçün avqustun ortalarında açıqlanmış ilkin nəticələr, təxminən, 2,9 milyon ton səviyyəsində qiymətləndirilir, orta məhsuldarlıq 30,7 sentner/hektar təşkil edir ki, bu da keçən ilin nəticələri ilə müqayisədə bir qədər azdır.  

Dövlət Statistika Komitəsinin məlumatına görə, artıq 944,4 min hektar sahədən taxıl yığılıb ki, bu da ümumi əkin sahəsinin 97,6%-ni təşkil edir. Məhsulla bağlı yekun məlumatlar bir qədər sonra bəlli olacaq, lakin ölkənin 41 bölgəsində təkrar yem qarğıdalısı əkinləri və dağətəyi bölgələrin ayrı-ayrı təsərrüfatlarda paxlalı bitkilərin sentyabr ayında başa çatan yığımı avqust ayında açıqlanan rəqəmlərə, demək olar ki, təsir etməyəcək.

Beləliklə, bu il bir daha təsdiqlədi ki, irriqasiyanın aşağı səmərəliliyi hələ də Azərbaycanın taxıl istehsalçılarının hər il davamlı olaraq yüksək məhsul yığmasına mane olan ən aktual problemdir. Son 5 ildə içməli su ehtiyatları üzrə baş nazirin müavini Şahin Mustafayev tərəfindən açıqlanmış azalma dinamikası təşvişə səbəb olmaya bilməz. “Hazırda əsas su anbarlarında su ehtiyatları 11,1 milyard kubmetrə bərabərdir, halbuki onların tutumu 20,5 milyard kubmetrdir. Müqayisə üçün, su ehtiyatları keçən il 12,9 milyard kubmetr təşkil edib və 2016-cı ildə isə hətta 16,5 milyard kubmetrə çatmışdı”, - deyə Baş nazirin müavini vurğulayıb.

Ümumiyyətlə, su qıtlığının yaratdığı eroziya prosesləri bu və ya digər dərəcədə ölkənin torpaq fondunun 41,8%-nə təsir edir. Ölkənin kənd təsərrüfatı sektoru üçün quraqlıq səbəbindən yaranan potensial təhdidlər barədə FAO-nun hesabatlarında dəfələrlə qeyd edilib. On il əvvəl İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) mütəxəssisləri Azərbaycanda səhralaşmanın nəticələri ilə bağlı ətraflı araşdırmalar təqdim ediblər. OECD-nin hazırladığı sənədə görə, respublikada çağdaş suvarma və meliorasiya sistemi yaradılmasa, 2030-cu ilədək torpaq nəmlik səviyyəsinin azalması, ilk növbədə, yeraltı suların səviyyəsinin aşağı düşməsi üzündən Azərbaycanın kənd təsərrüfatına dəyəcək uzunmüddətli ziyanın məbləği 36,3 milyard dolları keçəcək.

Son illərdə görülən işlərə - Samur-Abşeron kanalının, Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinə, ölkənin şimal-şərq və şimal-qərb hissələrinə onlarla əlaqəli suvarma kanallarının çəkilməsinə, baş Mil-Muğan kollektorunun modernləşdirilməsinə baxmayaraq, irriqasiya sahəsində hələ çox problemlər və çatışmazlıqlar var.

Üstəlik, bu mənfilik yalnız qlobal amillərlə - iqlim dəyişikliyi və səhralaşma prosesləri ilə bağlı olaraq qalmır. Prezident İlham Əliyevin bu yaxınlarda qeyd etdiyi kimi, bu gün müşahidə olunan su qıtlığı problemi paylayıcı su təchizatı şəbəkələrində və suvarma kanallarında müşahidə olunan nəhəng – təqribən, 40-50%-i keçən su itkiləri, su mənbələrindən istifadəyə səmərəsiz nəzarət, su balansı planının olmaması, dövlət investisiyalarının səmərəsiz xərclənməsi, həmçinin bu sahəyə cavabdeh olan qurumların - "Azərsu" ASC və "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin fəaliyyətinin zəif əlaqələndirilməsi ilə bağlıdır.

Bu mənfi vəziyyəti aradan qaldırmaq üçün bu ilin aprel ayında dövlət başçısının təşəbbüsü ilə suvarma və irriqasiyanın inkişafı ilə bağlı Dövlət Proqramını hazırlayacaq xüsusi idarələrarası komissiya yaradılıb. İki dövlət proqramının layihələri artıq hazırdır - bunlar «2020-2030-cu illər üçün «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin İnkişaf Proqramı» və «Su itkilərinə qarşı mübarizə və suvarma suyundan səmərəli istifadə üzrə İlkin Tədbirlər Proqramı»dır. Proqramlar ortamüddətli (2025-ci ilədək) və uzunmüddətli (2030-cu ilədək) perspektivlər üçün hazırlanıb. Onlar dağ çaylarında kiçik su anbarlarının tikilməsini, alternativ su mənbələrindən istifadənin, o cümlədən Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrinin istifadəsinin genişləndirilməsini, suya qənaət edən suvarma texnologiyalarından istifadəni, suvarma suyundan güzəştli istifadə üçün yeni mexanizmin hazırlanmasını və s. nəzərdə tutur. Bunlarla yanaşı, tezliklə intensiv suvarma üsullarının tətbiqi nəzərdə tutulur ki, bu suya qənaət etməklə yanaşı, torpağın məhsuldar layını qorumağa da imkan yaradacaq.

 

Təsərrüfatların böyüdülməsi strategiyası

Yerli taxılçılığın rentabelliyini artırmaq üçün eyni dərəcədə önəmli bir hədəf də aqrar təsərrüfatlarının iriləşdirilməsi, aqroparklarda və ixtisaslaşmış taxılçılıq təsərrüfatlarında taxıl istehsalının payının artırılmasıdır. Həqiqətən də, böyük ərazilərdə kənd təsərrüfatı maşınlarının saxlanılması və istismarı, gübrələrin tətbiqi və zərərvericilərə qarşı mübarizə, suvarma və digər aqrotexniki tədbirlərin xərcləri xeyli azalır.

Bu ilin təcrübəsi göstərdi ki, kəskin quraqlığa baxmayaraq, ölkənin bir sıra bölgələrində indiyədək görünməmiş məhsuldarlıq göstəriciləri əldə edilib – hektardan 40 - 44,1 sentner arasında məhsul əldə edilib, ən müasir texnologiyaların tətbiq olunduğu bir neçə pilot təsərrüfatda isə məhsuldarlıq hektardan 60 sentner olub ki, bu da ən yaxşı dünya göstəriciləri səviyyəsindədir. Son bir neçə ildə pilot təsərrüfatlarda və kənd təsərrüfatı parklarında taxıl məhsulu istehsalı respublika üzrə orta göstəricidən 1,5 dəfə və ya daha çox olub.

Kənd Təsərrüfatı Nazirliyində düşünürlər ki, bir neçə ixtisaslaşdırılmış taxılçılıq aqro kompleksinin işə salınması daxili illik istehlak səviyyəsinə çataraq, illik taxıl istehsalını 3,6 milyon tona qədər artırmağa imkan verəcək. Xüsusilə, hökumətin hesablamalarına görə, təsərrüfatların böyüdülməsi və suvarma problemlərinin həlli strategiyasının həyata keçirilməsi 2022-ci ildə 3,7 milyon ton dənli və dənli-paxlalı məhsulların yığılmasına imkan verəcək.

Özü də, istehsaldakı artımla yanaşı, bərk buğdanın payını artıraraq əkinlərin strukturunun da dəyişdirilməsi planlaşdırılır. Bu, Azərbaycanın Rusiya və Qazaxıstandan gətirilən ərzaq buğdasından asılılığını azaltmalıdır. Belə ki, 2019/2020-ci kənd təsərrüfatı ilində Azərbaycan Rusiyadan əsasən 1,4 milyon ton taxıl idxal edib. Bu ilin birinci yarısında Avrasiya İqtisadi Birliyi ölkələrindən taxıl idxalı xeyli azalsa da, bu göstərici hələ də yüksək səviyyədədir.

Hələ də ərzaq buğdasına olan illik tələbatın üçdə birindən çoxu idxalın payına düşür və ölkə bu məqsədlə hər il, təxminən, 200 milyon dollar xərcləyir. Bu xərclər bu gün də qaçınılmazdır, çünki yerli çörək, qənnadı və makaron sənayesi xaricdən satınalmalardan çox asılıdır, çünki Azərbaycanda istehsal olunan buğdanın önəmli hissəsi yumşaq özlüdür və əsasən yem üçün nəzərdə tutulub. Bu mənfiliyin təsirini azaltmaq üçün ötən ilin martında Azərbaycan Milli Məclisi taxıl idxal və satışını, həmçinin un və çörək istehsalı və satışını daha iki il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi barədə qərar verdi. İstisna deyil ki, sonrakı iki ildə də fiskal və gömrük güzəştləri uzadılmalı olacaq.

Ekspertlərin fikrincə, gələcəkdə belə bir asılılıq ölkəmiz üçün olduqca arzuolunmazdır: ortamüddətli dövr üçün dünya taxıl birjalarında qiymətlərin dəyişkənliyi proqnozlaşdırılır. Xüsusilə bu gün Rusiya və Qazaxıstanda buğda qiymətlərində müşahidə olunan artım ixrac kvotalarının və bəlkə də, həm də rüsumların tətbiqi ilə böyüməyə davam edəcək.  

BMT ekspertləri isə sanırlar ki, daha uzun müddətdə iqlim dəyişikliyi və məhsuldar torpaqların potensialının tükənməsi, həmçinin dünya əhalisinin artması qaçılmaz olaraq məhsul qıtlığına və qiymətlərin davamlı artmasına səbəb olacaq. Bu səbəbdən, əkin sahələrinin artırılması üçün ehtiyatların olmaması üzündən Azərbaycanda intensiv əkinçilik metodlarının tətbiq olunmasını təmin etməsi lazımdır ki, bu, gələcək onilliklər ərzində ərzaq və taxıl təhlükəsizliyinə zəmanət verər.



MƏSLƏHƏT GÖR:

230