26 Aprel 2024

Cümə, 11:12

ÜZÜ DALANA DÖNMƏK

Livana köklü dəyişikliklər lazımdır, ancaq necə - kimsə bilmir

Müəllif:

15.09.2020

Bu ayın əvvəlində Livan indiki sərhədləri daxilində qurulmasının 100 illiyini qeyd etdi. Ancaq «Reuters»in qeyd etdiyi kimi, bayram günü bütün yerli xəbərlərdə - (Livanın ənənəvi rəmzi, gerbdə və bayraqda göstərilən) sidr ağacının əkilməsindən başlayaraq, Beyrutun dağılmış limanını ziyarətə kimi yalnız bir nəfər aparıcı oldu. Bu heç də ölkənin liderlərindən biri və bəzi yerli məşhurlardan biri deyildi, əcnəbi, Fransa prezidenti Emmanuel Makron idi.

Üstəlik, başqa zamanlar xarici müdaxilə ilə bağlı şiddətli çıxışlar edə bilən Livan siyasətçiləri keçmiş müstəmləkəçi dövlətin başçısına öz hörmətlərini izhar etmək üçün növbəyə düzülmüşdülər.

Bir ay əvvəl, limanda 200-dən çox insanın ölümü, 6000 nəfərin yaralanması və 250 min insanın evsiz qalması ilə nəticələnən partlayışdan iki gün sonra

Makron artıq Beyruta uçmuşdu. Fəlakətin ilk günlərində Livan siyasətçiləri öz möhkəmləndirilmiş saraylarından çıxmağa qorxduqları zaman, Fransa prezidenti dağılmış limana baxmaq və xarabalığa çevrilmiş məhəllələrin sakinləri ilə görüşmək istəmişdi.

Onun xalqa açıq olması (Makron ağlayan bir qadını qucaqlamaq üçün mühafizəçisini itələmişdi) və Livanın hakim elitasını tənqid etməsi Beyrut sakinlərinin rəğbətini qazanmışdı. Onlar hətta Livanın "təmiz və möhkəm bir idarəetmə qurmaq üçün" fransız mandatı altına geri dönməsinə çağıran bir onlayn petisiya təşkil etmişdilər. Deyirlər ki, petisiya yalnız bir saat içində, təxminən, 60 min imza toplayıb, ancaq daha sonra tələm-tələsik ləğv edilib.

Beyrut sakinləri öz siyasətçilərinə münasibətlərini şəhərin mərkəzi meydanında ölkə liderlərinin fotoşəkilləri asılmış simvolik dar ağacları qoyaraq ifadə etdilər.

Heç kim müstəmləkə keçmişinə qayıtmaq niyyətində deyil, ancaq belə görünür ki, Livan siyasətçiləri ölkədəki çox çətin vəziyyəti kənar yardım olmadan idarə edə bilməyəcəklər.

 

Dəyişikliklər kimə lazımdır?  

Makronun Beyruta ikinci səfərindən elə bir neçə gün əvvəl Livan prezidenti, parlament sədri, dini konfessiyaların, partiya və hərəkatların liderləri ölkənin siyasi sistemini dəyişdirməyin və Livanı dünyəvi bir dövlətə çevirməyin vacibliyi barədə açıqlamalar verməyə başladılar. Özü də, onların heç biri gerçəkdən bu yenidənqurmanı dəstəkləmirlər, çünki on illərdir ki, onlar hələ keçən əsrdə qurulmuş konfessional hakimiyyət bölgüsündən yararlanırlar.

Livandakı siyasi sistem icma və dini təmsilçilik əsasında təşkil edilib və bu dini icmaların daxilində böyük iqtisadi gücə sahib olan elitalara əsaslanır. Ölkədə hakimiyyət bölgüsü ilə bağlı saziş qüvvədədir və bu, 1975-1990-cı illər vətəndaş müharibəsində iştirak etmiş düşmən qruplar arasında sülhün bərqərar olmasına kömək edib. Sazişə əsasən, Livanın prezidenti maroni xristian, baş nazir sünni müsəlman, parlament sədri isə şiə müsəlman olmalıdır. Parlamentdəki 128 yerin hamısı müsəlmanlar və xristianlar arasında bərabər bölünüb. Nazirlər Kabinetinin portfelləri də ölkədəki əsas etnik-dini qruplar arasında bölünüb.

Sistem xroniki hakimiyyət iflicinə səbəb olub, halbuki dini liderlər özləri üçün səmərəli mülkiyyət yaradıblar, bunun üçün əhalinin qorxusundan yararlanırlar, seçki səsləri və dözüm əvəzində isə öz seçiciləri üçün resurs cəlbi ilə bağlı rəsmi mövqelərindən istifadə edirlər. Vəziyyəti İran tərəfindən dəstəklənən, güclü bir siyasi qüvvəyə çevrilmiş və bəzən "dövlət daxilində dövlət" adlandırılan silahlı birləşmə «Hizbullah» daha da çətinləşdirir.

İş o yerə çatıb ki, ölkədə vahid məktəb tarix dərslikləri yoxdur və Livan uşaqları öz icmalarının prizmasına uyğun təhsil alırlar.

 

Qarışıqlıq hamının işinə yarayır

Təxminən, 7 milyon əhalisi olan Aralıq dənizi ölkəsi Livan öz mümkünsüz böyük borclarını idarə etmək və kök salmış korrupsiyaya qarşı mübarizə üçün siyasi və iqtisadi islahatlar həyata keçirə bilmir, bu korrupsiya müəyyən qədər də mürəkkəb dini və siyasi hökumət sistemi hesabına baş verir.  

Başdan ayağa korrupsiyaya bulaşmış bir ölkənin ən çox korrupsiyaya uğramış yeri kimi uğursuz şöhrət qazanmış limandakı partlayış buna ən uyğun nümunədir. Liman yalnız korrupsiyaya bulaşmaqla qalmayıb, həm də siyasətçilər və dini liderlər arasındakı təsir sahələrinə bölünüb. Məsələn, gömrüyün çox illik rəisi prezident Mişel Aunun tərəfdarıdır, limanın rəisi isə bir neçə dəfə baş nazir olmuş sünni lider Saad Haririnin düşərgəsindəndir. «Hizbullah»ın və onun şiə müttəfiqi, parlament sədri Nabih Berrinin rəhbərlik etdiyi «Amal» partiyasının da limanda tərəfdarları var. Nəticədə, liman birlikdə işləməyə borclu olmayan və bəzən hətta birbaşa rəqib olan fraksiyaların mülklərinə bölünür. Dövlətin məmurları da tərəfdarlarını qorumaq üçün limana daha diqqətlə nəzarətdən çəkinirlər.

Hakimiyyətin bir-biri ilə rəqabət aparan müxtəlif konfessiyalar arasında parçalanması hər kəsin işinə yarayır - bu, siyasətçilərə bu və ya digər məsələnin onların səlahiyyətlərindən və təsirlərindən kənar olduğunu deməyə imkan verir, əgər bu da alınmırsa, onda hər şeyi xarici qüvvələrin boynuna da atmaq ola bilər. Xoşbəxtlikdən, bu cür müdaxilə nümunəsi çoxdur.

“Mən məsuliyyət daşımıram. Limanla birbaşa məşğul olmaq səlahiyyətim yoxdur", - deyə Livan prezidenti Mişel Aun partlayışdan bir neçə gün sonra demişdi və liman fəlakətinə "xarici müdaxilə"nin səbəb olduğunu söyləmişdi.

Siyasi sistem fərqli partiyaların və cərəyanların konsensusu üzərində qurulduğundan, ümumi razılaşma olmadan heç bir qərar qəbul edilə bilməz. Bunun nəticəsi mütəmadi olaraq zorakılıqla yer dəyişdirən daimi dalan vəziyyətidir. Əgər dövlət idarələrində qərarlara nail oluna bilinmirsə, onda məsələ on minlərlə tərəfdarın toplanması ilə küçələrə çıxarılır. Bu, konfessiya və partiya liderlərini öz rəqiblərinə qalib gəlmək üçün xarici havadarlardan kömək istəməyə sövq edir. Bu da Livanı daha da zəif və xarici dövlətlərdən daha çox asılı vəziyyətə gətirir.

Suriya, İran, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və digər maraqlı ölkələr Livanda 1990-cı ildə vətəndaş müharibəsi bitdikdən bu yana nüfuz dairəsi uğrunda mübarizə aparırlar. Əksini iddia etmələrinə baxmayaraq, sistemdə geniş miqyaslı dəyişiklik istəməzlər, çünki onlara daha az təsir imkanları saxlayar.

 

Hər yanda dalan

Limandkı partlayışdan zərər görmüş paytaxtın bərpası 15 milyard dollar səviyyəsində qiymətləndirilir ki, bu da keçən ilki ÜDM-in 28%-nə bərabərdir. Bu, şübhəsiz ki, Livandakı iqtisadi kollapsı daha da gücləndirdi. İqtisadçılar çoxdan xəbərdarlıq edirlər ki, Livan vətəndaş müharibəsindən bəri ən böyük böhranla üzləşə bilər.

İlin əvvəlində qurulmuş Diyab hökuməti, ölkəni son 30 il üzrə ən ağır iqtisadi böhrandan çıxarmaq üçün bir plan hazırlamağa cəhd etdi, lakin heç nə alınmadı və avqust ayında Həsən Diyab istefaya getdi.

Yanvar ayında ölkənin dövlət borcu 92 milyard dollara (ÜDM-in 170%-nə) yüksəldi ki, bu, dünya üzrə ən yüksək göstəricilərdən biridir və o vaxtdan bəri də artmaqdadır. Son doqquz ayda Livan funtu real dəyərinin 80%-ni itirib.

Livanlılar idxaldan çox asılıdırlar, bu, onların istehlak etdikləri malların 60%-ni təşkil edir. Dollar qarşılığında məzənnənin kəskin sıçrayışı pərakəndə satış qiymətlərinin yetərincə artmasına səbəb olub. «Credit Libanais»ın son hesabatına görə, yalnız geyim və ayaqqabılar il ərzində 345% bahalaşıb.

 

BVF ÜDM-in 12% azalacağını proqnozlaşdırır  

Beynəlxalq Valyuta Fondu (BVF) ilə ölkəyə 10 milyard dollarlıq kreditin ayrılması ilə bağlı növbəti danışıqlar dalana dirənib. Ölkə beynəlxalq borc bazarlarından təcrid edilib. Livanın mərkəzi bankı dayanmadan pul çap etməyə başlayıb ki, bu da valyutanın dəyərini daha da aşağı salıb və inflyasiyaya səbəb olub, iyun ayında illik müqayisədə inflyasiya 90%-ə yaxınlaşıb.

BVF ilə danışıqların uğursuz olmasının səbəbi yetərincə bayağıdır. Kreditin verilmə şərti - iqtisadi islahatlar və korrupsiyaya qarşı mübarizədir, lakin Livan siyasətçilərindən heç biri kompensasiya olmadan heç bir şey itirmək istəmir.

Birincisi, hər bir konfessional qrupun rəhbərləri BVF ilə istənilən anlaşmaya ölkənin siyasi sistemində mövqelərini möhkəmləndirmək üçün bir alət, fürsət kimi baxırlar.

İkincisi, Livan siyasətçiləri adətən iqtisadiyyatın hansısa sahələrində inhisarçıdırlar və bu sektora xarici sərmayənin cəlbi onların siyasi təsir şanslarını artırır. Məsələn, BVF son dərəcə israfçı və korrupsiyalaşmış elektrik enerji sektorunda islahatlar tələb edir. Burada aparıcı mövqe Azad Vətənpərvər Hərəkatın rəhbəri Gebran Basilin əlindədir. O, güzəştə getməyin əleyhinə deyil, amma əvəzində indi qayınatası Mişel Aunun tutduğu prezidentliyə namizədliyinin dəstəklənməsini istəyir.

Üçüncüsü isə, siyasətçilər Livanın dirçəlişi üçün özlərinin yüksək qiymət ödəmələrini istəmirlər, istənilən bərpa yükünü əhalinin çiyninə atmağa çalışırlar.

 

Sən mənə - mən sənə  

9 avqustda Fransa prezidentinin ev sahibliyi etdiyi virtual donor konfransında 300 milyon dollara yaxın yardım toplanıb.

Bu, Livana tutarlı yardım vəd edildiyi ilk tədbir deyil, lakin onların hamısında bir şərt qoyulur – nəhayət, ölkə geniş miqyaslı iqtisadi islahatlar aparmalıdır. 2018-ci ildə Parisdə keçirilən konfransda 40-a yaxın ölkə və BVF Beyruta güzəştli dərəcə ilə kredit verməyə və ümumilikdə, təxminən, 11 milyard dollarlıq maddi yardım etməyə hazır olduqlarını açıqlayıblar, amma nəticədə, Livan bu il BVF-dən 10 milyard dollar ala bilməməsinin eyni səbəbi üzündən bir sent belə ala bilmədi.

9 avqustda yığılan pullar əsasən dərman, tibbi avadanlıq və ərzaq alınmasına gedəcək. Üstəlik, Livanın dövlət qurumları bu işə cəlb olunmayacaq. Bunu Makron şəxsən Beyrutdakı partlayış qurbanlarına söz verdi. Bu məqsədlər üçün beynəlxalq humanitar təşkilatlar cəlb ediləcək.

Rəsmi hakimiyətə açıq şəkildə bildirdilər ki, kimsə artıq onlarla “sən mənə - mən sənə” kimi oyunlar oynaya bilməyəcək. Oktyabr ayının sonunda Parisdə keçirilməsi planlaşdırılan növbəti donor konfransı yalnız siyasi və iqtisadi islahatlara gedildikdə çağırılacaq. Livan məmurlarından iki həftə ərzində yeni bir hökumət qurmaları istəndi, vurğulandı ki, siyasi uğursuzluq xarici yardımdan imtina demək olacaq.  

Geri sayım, Fransa prezidentinin 1-2 sentyabr tarixlərində Beyruta etdiyi ikinci səfərdən başlayıb. Üstəlik, Livan üçün islahatlar üzrə plan layihəsini fransızlar özləri hazırlayıblar və israrla bu sənədi fəaliyyətlərinə istiqamətverici olaraq qəbul etmələrini xahiş ediblər.

Əsas tələblər sırasında kapitala nəzarət üzrə qanunvericilikdə dəyişikliklər, məhkəmə sisteminin müstəqilliyi haqqında qanun qəbul edilməsi, dövlət satınalmaları sistemində, enerji sektorunda və gömrükdə islahatlar, antikorrupsiya komissiyasının yaradılması, limanlarda və sərhədlərdəki qaçaqmalçılığa qarşı mübarizə və daha çox şey var.

 

Cavab yoxdur  

Livan liderləri Makronun ikinci səfəri öncəsi onlara verilmiş sənədlə tanış olduqdan sonra bir-birinin ardınca tələblərlə razılaşdıqlarını dilə gətirdilər. Hətta irəli gedib, konstitusiyada müvafiq dəyişikliklərlə Livanın dünyəvi bir dövlətə çevrilməsinin vacibliyindən danışmağa başladılar.  

Adətən, Livanda yeni bir baş nazirin namizədliyi aylarla, bəzən hətta illərlə müzakirə olunur, ancaq bu dəfə yalnız bir neçə gün çəkdi. Ola bilər ki, diplomat, Livanın Almaniyadakı səfiri Mustafa Adibin gələcək donorlar tərəfindən təklif edilən kompromis bir şəxsdir. Ancaq ölkənin bir-biri ilə gərgin rəqabət aparan dini və siyasi liderlər tərəfindən bu təyinatın bu qədər tez qəbul edilməsi çox şeydən xəbər verir. Beynəlxalq birlik tərəfindən sanksiya təhdidi, görndüyü kimi öz təsirini göstərir.

Düzdür, yeni baş nazirin özü ilə də bağlı suallar var. O, keçən il maliyyə korrupsiyasında ittiham olunmuş keçmiş baş nazir, multimilyarder Nacib Mikatinin müşaviri vəzifəsində uzun illər çalışıb.

Ona verilən çətin tapşırıqları yerinə yetirə biləcəkmi? Axı, başqa şeylərlə yanaşı, onun dövlət idarəçiliyi təcrübəsi yoxdur.

Livanda və onun hüdudlarından kənarda ölkənin yeni bir sosial sazişə ehtiyacı olmasına anlayış artır. 1990-cı ildən bəri fəaliyyətdə olan köhnə özünü doğrultmamaqla yanaşı, həm də permanent böhranlara səbəb olub.

Ancaq bütün sualların cavablarının saxlandığı mücrünün açarları kimsədə yoxdur - nə siyasi partiyalarda, nə dini icmalarda, nə müxalifət hərəkatlarında, nə də beynəlxalq ictimaiyyətdə.

Livanı hansı gələcəyin gözlədiyini kimsə bilmir.



MƏSLƏHƏT GÖR:

245