26 Aprel 2024

Cümə, 16:27

POMPEONUN 13 SAATI

Görünən odur ki, Gürcüstan Cənubi Qafqazdakı geosiyasi qarşıdurmanın ön cəbhəsinə çevrilir

Müəllif:

01.12.2020

Azərbaycanın erməni işğalında olan torpaqlarını azad etməsilə, Cənubi Qafqaz ciddi geosiyasi dəyişiklər mərhələsinə qədəm qoyub. Görünən odur ki, region Rusiya və Türkiyənin iştirakı ilə yeni inteqrasiya konfiqurasiyasının astanasındadır. Bütün bunların fonunda Qərbin, ilk növbədə, ABŞ-ın Cənubi Qafqazda nüfuzunu qoruyub saxlamaq cəhdləri də özünü aşkar şəkildə göstərməkdədir. Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun Tbilisiyə səfərinin nəticələri də bundan xəbər verir.

 

Yeni reallıqlardan çıxış edərək

ABŞ xarici siyasət idarəsinin rəhbəri Tbilisidə cəmi 13 saat qalıb. Lakin bu müddətdə o, Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Georgi Qaxariya, xarici işlər naziri David Zalkaliani ilə görüşməyə, bir neçə önəmli bəyanat səsləndirməyə macal tapıb.

Səfər əsasən 2 amilin təsiri altında keçib. Birinci amil Gürcüstanın daxili siyasətinə aiddir. Söhbət parlament seçikisindən gedir. Seçkinin ikinci turu Pompeonun səfərindən bir neçə gün sonra baş tutub. Rəsmi məlumata görə, seçkidə hakim «Gürcü arzusu» partiyası qalib gəlib. Lakin Gürcüstan müxalifəti seçkinin saxtalaşdırıldığını bildirir, parlamentə getməkdən imtina edir və davamlı nümayişlər keçirir. Seçkinin ikinci turu da əslində, müxalifət tərəfindən boykot olunub. Pompeonun Gürcüstan səfərinin gedişində onlar dövlət katibinin diqqətini Tbilisinin mərkəzində sakit canlı zəncir yaratmaqla cəlb etməyə çalışıblar.

Müxalifət təkrar parlament seçkisinin keçirilməsini tələb edir. Lakin Pompeo ölkəsinin bu tələblərə etinasız olduğunu nümayiş etdirib. Doğrudur, o, köməkçisi Filipp Rikeri parlamenti boykot edən qüvvələrin mövqeyilə daha yaxından tanış olması üçün Tbilisidə qoyub. Lakin bu, gözlənilən effekti verməyib. Çünki Vaşinqton boykotun konstruktivlikdən uzaq olduğunu düşünür və hesab edir ki, müxalifət parlamentə getməli, bununla da seçki və məhkəmə qanunvericiliyində dəyişikliklərə nail olmağa çalışmalıdır. Bunu Mayk Pompeo kifayət qədər açıq ifadə edib.

Digər Qərb mərkəzləri, məsələn, Avropa İttifaqı ilə ATƏT də eyni mövqedən çıxış edir. Onlar Gürcüstanda parlament seçkisinin ümumilikdə «rəqabət şəraitində», «fundamental azadlıqlara riayət olunmaqla» keçdiyini, bu üzdən də səsvermənin nəticələrinin tanınmaması üçün əsasın olmadığını bildiriblər.

Qərb mütəmadi olaraq «Gürcü arzusu» və şəxsən onun lideri Bidzina İvanişvilinin ünvanına tənqidlər səsləndirir. O, ayrı-ayrı hallarda avtoritarizm hallarına yol verməkdə, Rusiya ilə dialoqda kifayət qədər sərt mövqe tutmamaqda günahlandırılır. Lakin bununla yanaşı, Qərb Gürcüstanda siyasi sabitliyin qorunub saxlanmasında son dərəcə maraqlıdır. Bu isə Pompeonun Tbilisi səfərinin məqsəd və xarakterinə ciddi şəkildə təsir göstərmiş ikinci amildən qaynaqlanır.

Səfər regionda vəziyyətin ciddi şəkildə dəyişdiyi vaxta təsadüf edib. Azərbaycanın hərbi qələbəsinin nəticələrindən biri Ermənistan dövlətinin kollaps yaşamasıdır. Halbuki, Qərb strateqləri ona regionda Avro-Atlantikanın nüfuzunun genişlənməsi üçün potensial dayaq kimi baxırdı. Lakin müharibədən əvvəl hərbi və iqtisadi cəhətdən Rusiyadan tam asılı olan («inqilabçı hökumətin» son 2,5 ildə Qərbə meyil göstərməsinə rəğmən) Ermənistan indi total şəkildə bu müttəfiqinin nəzarətinə keçib.

Onu da nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsi xarici təzyiqlərə boyun əyməyən müstəqil Azərbaycan dövlətinin mövqeyinin, eyni zamanda onun müttəfiqi olan Türkiyənin regional mövqeyinin ciddi şəkildə möhkəmləndirməsilə nəticələnib, Qərb üçün Gürcüstan ən əhəmiyyətli amilə çevrilib.

Hazırda Qərb strateqləri üçün son nəfəslik məhz Gürcüstandır. Bu ölkənin Qərb üçün əhəmiyyəti praktiki olaraq, Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığının qurulması ilə daha da artıb. Çünki Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyətilə formalaşmış yeni status-kvo Cənubi Qafqazda sülh və təhlükəsizliyin əsas moderatorlarının məhz Rusiya ilə Türkiyə olduğunu təsdiqləyib. Türkiyə NATO üzvü olsa da, Şimali Atlantika alyansının əsas bəndi olan ABŞ güclərini birləşdirmiş Ankara ilə Moskvanın birgə səylərlə onu Cənubi Qafqazdan sıxışdırıb çıxaracağını hamıdan yaxşı anlayır. Proseslərdən kənarda qalmış ATƏT-in Minsk qrupunun düşdüyü vəziyyət diqqət çəkir. ABŞ ilə Fransa Qarabağ üzrə üçtərəfli razılaşmadan kənar qalmalarını, həmçinin Türkiyənin sülhməramlı prosesdə tərəfi kimi iştirakını əbəs yerə narazılıqla qarşılamayıb.

Beləliklə, Vaşinqtonun Pompeonun timsalında Gürcüstana diqqətini Ermənistan-Azərbaycan cəbhəsində toplar susar-susmaz göstərməsi heç də təəccüblü deyil. Görünən odur ki, Gürcüstan Cənubi Qafqazdakı geosiyasi qarşıdurmanın ön cəbhəsinə çevrilir. Bunu Vaşinqtonun regionla bağlı son addımları da təsdiqləyir.

 

Tbilisi Amerikanın regionda daha ciddi yer almasını istəyir

Gürcüstanla Qərb, ilk növbədə, ABŞ arasında əməkdaşlığın mümkün genişlənməsilə iki vacib məqam aktuallıq qazanır. Birincisi, Birləşmiş Ştatlar Gürcüstanın birdəfəlik Qərbin nüfuz dairəsinə cəlb olunması üçün real addımlar atacaq. Məlum olduğu kimi, 2008-ci ilin avqustunda baş vermiş və Rusiyanın Gürcüstanın iki qiyamçı muxtariyyəti – Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıması ilə nəticələnmiş müharibədən sonra Qərb institutları Gürcüstanın NATO və Aİ-yə üzvlüyü prosesini sürətləndirməkdən imtina etmişdilər. Buna Cənubi Qafqazda geosiyasi vəziyyətin çətinliyi, ilk növbədə, Rusiya amili səbəb olmuşdu. Bəs, Avro-Atlantik məkana inteqrasiya yolu seçmiş Gürcüstan üçün onun qərbli tərəfdaşları və müttəfiqləri indi hansı xətti müəyyənləşdirəcək?

Dövlət katibi Pompeo Tbilisidəki açıqlamalarından birində deyib ki, Birləşmiş Ştatlar «Gürcüstanın Avro-Atlantik məkanla əlaqələrinin dərinləşməsinə, ölkədə demokratik institutların möhkəmlənməsinə yardım etmək əzmindədir». Başqa sözlə, yaxın vaxtlarda Vaşinqtonun Gürcüstan istiqamətində fəallaşacağını gözləmək olar. Bəs, bu vədlər özünü təcrübədə nədə göstərəcək? ABŞ Gürcüstanı tezliklğə NATO-nun çətiri altına alacaqmı? Dünya KİV-nin çoxdan müzakirə etdiyi məsələ – Gürcüstan ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsi – öz həllini tapacaqmı?

Təbii ki, bu perspektivlərə Gürcüstanın münasibəti də önəmlidir. Gürcüstan rəhbərliyi Pompeo ilə aparılan danışıqlardan sonra Tbilisinin Qərbə inteqrasiya kursunun dönməz olduğunu bəyan edib. Prezident Salome Zurabişvili əminliklə «Amerika Gürcüstanda və regionda daha güclü olacaq» kimi bəyanat da səsləndirib. Baş nazir Georgi Qaxariyanın dedikləri də maraqlıdır: «Sizi əmin edirəm: hiss edirik ki, əməkdaşlığımızı, tərəfdaşlığımızı möhkəmləndirməyin, həmçinin Birləşmiş Ştatların bu regionda mövcudluğunu artırmasının vaxtıdır».

Qaxariya üstünlük verdikləri konkret əməkdaşlıq formasını da açıqlayıb: ABŞ ilə Gürcüstan arasında müdafiə və təhlükəsizlik, iqtisadiyyat və demokratik konsolidasiya sahələrində əlaqələr dərinləşdirilməlidir.

Bununla yanaşı, Vaşinqtonun Gürcüstanın ərazi bütövlüyünün bərpasına kömək etməsinin vacibliyi xüsusi vurğulanır. Amma bu, Qərbin prioritetləri sırasında da yer alırmı? Axı, Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsinə Amerikanın praktiki müdaxiləsi Rusiya ilə qarşıdurmanı qaçılmaz edəcək. Bundan başqa, Tbilisinin Avro-Atlantik məkana inteqrasiyasını ləngidən səbəblərdən biri elə Gürcüstan ərazisində münaqişənin olması deyldimi?

Pompeonun Tbilisiyə səfəri bütün bu suallara birmənalı cavab verməyib və yəqin ki, verə də bilməzdi. Çünki regionda vəziyyətin sürətlə dəyişməsi fonunda maraqlı dövlətlərin heç də hamısı buna strateji reaksiya göstərə bilməyib. ABŞ-ın ləngiməsinin səbəbi aydındır. Bu, Ağ Evdə baş verməli olan administrasiya dəyişikliyilə bağlıdır. Aydındır ki, bu, Vaşinqtonun mövqeyində də müəyyən dəyişikliklərə səbəb olacaq. Amma bu dəyişikliklərin strateji xarakterli olmayacağı bəllidir. Demək, yaxın perspektivdə Cənubi Qafqazla bağlı geosiyasətin əsas süjetlərindən biri iki aparıcı güc mərkəzi arasında Gürcüstan uğrunda mübarizə olacaq.



MƏSLƏHƏT GÖR:

198