19 Dekabr 2024

Cümə axşamı, 10:03

«İNTİHAR KURSU»

Aleksey NAUMOV: «Bütün bu illər ərzində Ermənistan heç zaman qalib gələ bilməyəcəyi müharibəyə hazırlaşıb»

Müəllif:

01.12.2020

Azərbaycanın Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə bitdi. Nəticədə, Bakı öz ərazilərində beynəlxalq hüququn bərpasına nail oldu. Halbuki böyük siyasi, hərbi və informasiya dəstəyi işğalçı ölkənin tərəfində idi. Həqiqətən də, ayyarım ərzində biz KİV-də presedenti olmayan ikili standartlara, cəbhədə baş verənlərlə bağlı çoxsaylı birtərəfli, qərəzli şərhlərə, münaqişənin tarixinin saxtalaşdırılması hallarına rast gəldik. Lakin istisnalar da var idi.

Aleksey Naumov çıxışlarında, baş verənlərlə bağlı təhlillərində obyektivliyilə seçilən azsaylı rusiyalı ekspertlərdəndir. «Biz başa düşməliyik ki, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycana məxsusdur. O, bu ərazini öz nəzarətinə qaytarmaq uğrunda savaşırdı. Ən başlıcası, Azərbaycan Şuşa şəhərini də geri qaytardıqdan sonra nəciblik göstərərək zəfərin bir addımlığında dayandı, bölgəyə sülhməramlıların yerləşdirilməsinə, ərazilərin mərhələli şəkildə boşaldılmasına razılıq verdi. Ermənistana bu rayonlardan çıxması üçün 1 həftə vaxt verilib. Bəli, bu, azdır. Onlar yazıqdırlar. Lakin biz yaxşı xatırlayırıq ki, 1993-cü ildə azərbaycanlılar bu ərazilərdən çılpaq, ayaqyalın qaçırdı, qaçmayanları isə başqa şəhərə yox, o biri dünyaya göndərirdilər», - deyə o, «Rossiya» telekanalındakı çıxışlarından birində Azərbaycanı təcavüzkar, Ermənistanı isə zərərçəkmiş tərəf kimi göstərməyə çalışanlara cavab olaraq bildirib.

«Kommersant» Nəşr Evinin xarici siyasət şöbəsinin müdir müavini, Rusiyanın Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey NAUMOV «Region plus» jurnalına müsahibəsində müharibədən sonra regionu nələrin gözlədiyinə dair düşüncələrini bölüşüb.

- Aleksey, «Rossiya» telekanalının «60 dəqiqə» verilişində Qarabağ münaqişəsinin tarixini yaxşı bildiyinizi göstərdiniz. Bu məlumatları haradan almısınız?

- Beynəlxalq münasibətlərlə məşğul olan insanlar hər zaman münaqişələrlə, xüsusilə aradan qaldırılması mümkünsüz görünən ziddiyyətlərin olduğu münaqişələrlə maraqlanırlar. Dağlıq Qarabağ münaqişəsi məhz belə problemlərdəndir. Mənim onunla bağlı peşəkar araşdırmalarım buradan qaynaqlanır. Qarabağ problemilə bağlı qənaətlərə münaqişəyə sistemli və davamlı yanaşmam nəticəsində gəlmişəm. Məsələn, Qarabağın Azərbaycan və azərbaycanlılar üçün nə demək olduğunu öyrənmişəm.

Məsələ ondadır ki, mənim babam Qızıl Bayraqlı Xəzər Dənizi Flotiliyasında qulluq edib. Odur ki, atam flotiliyanın əsas bazasının yerləşdiyi Bakıda doğulub. Onlar Azərbaycandan çoxdan köçüblər. Lakin bəzi qohum və dostlarımız bu gün də orada yaşayırlar. Bir neçə dəfə valideynlərimlə onlara qonaq getmiş, Bakının, Azərbaycanın gözəlliyinə şahid olmuşam. Bu zaman Qarabağ problemilə bağlı da çox şey öyrənmişəm.

- Qarabağa Rusiya sülhməramlılarının göndərilməsinə Rusiya ictimaiyyətinin və ekspert dairələrinin münasibəti necədir?

- Prinsipcə, beynəlxalq məsələlərdə əsas rolda olmaq rus xalqının xoşuna gəlir. Biz Rusiyanı qlobal iddiaları və nüfuzu olan nəhəng dövlət kimi görməyə öyrəşmişik. Belə nüfuzdan müsbət işlər üçün istifadə olunursa, bu, çox xoşdur. Sadə insanların əksəriyyəti bunu fəxrlə qarşılayıb. Nəhəng Sovet İttifaqı dağılsa da, biz hələ də nələrisə bacarırıq. Müharibələrin dayandırılması, insan həyatının xilası da buraya daxildir.

Ekspertlərə gəlincə, onlar məsələyə müəyyən ehtiyatla yanaşırlar. Biz anlayırıq ki, Qarabağda ən azı yaxın illər üçün müharibə başa çatıb. Lakin münaqişə hələ də tam həll edilməyib. Qarabağın ermənilərin yaşadığı hissəsinin idarəçiliyilə bağlı məsələlər hələ də tam aydın deyil. Razılaşmaya necə əməl olunacaq? 5-10 il sonra erməni tərəfi özünəməxsus qisas almaq fikrinə düşməyəcək ki?

Hazırda ciddi düşmənçilik, hiddət içərisində yaşayan iki xalq arasında Rusiya sülhməramlıları dayanır. Elə vəziyyət yarana bilər ki, hər iki tərəf hədəflərinə nail ola bilmədikləri üçün günahı rusiyalıların üzərinə yıxarlar. Erməni tərəfi artıq Rusiyanın onları xilas etmədiyini deyir, azərbaycanlılar isə Qarabağı öz güclərilə tam azad etmələrinə imkan verilmədiyini söyləyir. Digər yandan, Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında dedi ki, Bakı Ağdamın azad olunması əməliyyatına hazırlaşırmış və elə özü də etiraf etdi ki, bu, yüzlərlə insanın ölümünə səbəb ola bilərdi. Hazırda yaranmış vəziyyət aşağı-yuxarı, bütün tərəfləri qane edir. Bakıda, nə də İrəvanda insanlar yeni tabutlar görmək istəyir.

Müharibənin dayanması həm də o baxımdan sərfəlidir ki, Azərbaycan ərazilərinin yavaş-yavaş, tədricən boşaldılması prosesi gedir. Müharibə davam etsəydi, Azərbaycan erməni əhali ilə bağlı böyük humanitar problemlərlə, hətta sanksiyalarla üzləşə bilərdi. Hələ indiki halda belə, Bakı Qərbin əsassız ittihamları ilə savaşır. Erməni təbliğatı Azərbaycanı barbar, talançı ölkə kimi təqdim edir. Qarabağın tamamı zor gücü ilə Azərbaycanın nəzarətinə qaytarılsaydı, bu məsələ daha sərt xarakter alacaqdı. Ümid edirəm ki, azərbaycanlı siyasətçilər razılaşmanın faydalarını əhaliyə izah edə biləcəklər.

- Fikrinizcə, Qarabağda xalqların hansı barışıq modeli tətbiq oluna bilər?

- İndi Azərbaycan tərəfindən çox şey asılı olacaq. Müharibəni qazanmaq sülh qazanmaqdan çox asandır. Müharibədən sonra vəziyyətin nizama salınması savaşı qazanmış tərəfin üzərinə düşür. Azərbaycanın bütün üstün cəhətlərini ortaya qoya bilməsi vacibdir: mədəniyyət, nəciblik, çoxmillətlilik, tolerantlıq. Azərbaycan və erməni xalqları Qarabağda dil tapa bilsələr, güman ki, Qarabağdakı digər şəhərlər, ərazilər də tədricən Bakının nəzarətinə keçəcək. Amma bunun üçün vaxt, bəlkə də, nəsillərin dəyişməsi lazımdır.

Yaranmış vəziyyətə ayıq başla nəzər salsaq, qalan ərazilər düşmən əhatəsində «yaşaya» bilməzlər. Odur ki, barışıq ilk növbədə, ermənilərə lazımdır. Lakin erməni tərəfi qəzəbli və incikdir. Onlar özlərini alçaldılmış, təhqir olunmuş hiss edirlər. Başqa sözlə, onlardan hansısa konstruktivlik gözləməyə dəyməz. Bu yara sağalmalıdır.

- Sosial şəbəkələrdə ermənilərin Qarabağda müqavimətə çağırılması hallarına tez-tez rast gəlinir. Xəbər rəsmi təsdiqini tapmasa da, artıq erməni yaraqlıları ilə Rusiya sülhməramlıları arasında belə, toqquşmanın olduğunu eşidirik. Sülhməramlılara atəş açılarsa, nə baş verəcək?

- Bu yaxınlarda bizim «Kommersant» qəzetində sülhməramlılardan birinin müsahibəsi dərc olunmuşdu. O, Rusiyanın Qarabağda tam neytrallıq nümayiş etdirdiyini deyir. Hansısa «itaətsiz» erməninin sabitliyi pozmağa istənilən cəhdinin qarşısı sərt şəkildə alınacaq və bundan heç kəs inciməsin. 2008-ci ildə Gürcüstanda Rusiya sülhməramlılarına atəş açmışdılar və bunun nə ilə nətiələndiyi hər birimizə məlumdur. Qarabağda belə hal baş verərsə, Rusiyanın ictimai rəyi də Ermənistana qarşı köklənəcək. Onlar Rusiya ilə münaqişədə maraqlı deyillər. Başa düşmək lazımdır ki, ermənilər üçün alternativ tam hərbi məğlubiyyət, tamamilə darmadağın olunmaqdır. Bu halda bölgənin erməni əhalisinin gələcəyinə heç bir zəmanət verilməyəcək.

- Üç liderin Qarabağla bağlı razılaşması ATƏT-in Minsk qrupunun rolunu ikinci plana keçirib. Artıq Minsk qrupunun ləğvi, yaxud həmsədrlərin dəyişdirilməsinə çağırışlar edilir. Fikrinizcə, bu beynəlxalq sülhməramlı təşəbbüsün gələcək taleyi necə olacaq?

- Düşünürəm ki, Minsk qrupu danışıqlar prosesinin növbəti mərhələlərində rol oynaya bilər. Azərbaycanın münaqişədə qüvvələr balansını ciddi şəkildə dəyişdiyinə şübhə yoxdur. Lakin problemin sülh yolu ilə nizama salınması prosesinin vacibliyini heç kim inkar etmir. Burada tərəflər nə qədər çox olarsa, neytrallıq o qədər çox hiss edilər.

Təbii ki, Rusiyanı nədəsə ittiham etmək olar. Lakin sənəddə dünyanın daha iki fövqəldövlətinin imzası varsa, demək, əldə edilmiş razılaşmanın tanınması, legitimliyi şübhə doğurmayacaq. Gələcəkdə bunun rolu böyük olacaq. Bu platformanın həyat qabiliyyətində olub-olmadığı yaxın gələcəkdə, yəqin ki, aylar ərzində ortaya çıxacaq.

- Bəs, onda Fransa Senatının qətnaməsi necə olsun? Üstəlik, digər həmsədrlərin də ermənipərəst mövqeyinə şahidik…

- Hazırkı vəziyyətdə, problemin diplomatik həlli zərurətinin yarandığı şəraitdə Minsk qrupu ilk plana çıxır. Minsk qrupunun münaqişənin həlli prosesində nə qədər nüfuzlu və konstruktiv olacağı onun üzvlərindən asılıdır. Bəs, biz nə görürük?

ABŞ hələ ki, hakimiyyət dəyişikliyilə məşğuldur və yeni prezident administrasiyasının Qarabağ problemini həll etməyə nə qədər həvəs göstərəcəyi məlum deyil. Fransa Senatının qətnaməsisə Parisin mövqeyini zəiflədib. O, faktiki olaraq özünü çətin vəziyyətə salıb. Məhz bu üzdən özünə xarici işlər nazirinin dilindən haqq qazandırmağa çalışır.

Həmsədrlərdən yalnız Rusiya istər sözdə, istərsə də əməldə neytrallıq göstərir. Hərbi əməliyyatların getdiyi dövrdə burada Azərbaycan və Türkiyəyə qarşı sərt müdaxilələrə çağırışlar edilirdi. Bəlkə də, Azərbaycanda guya Rusiya ictimaiyyətinin ermənipərəst olduğuna dair yanlış rəy bu üzdən yaranmışdı. Amma bu, belə deyil. Mən çox insanla, ən müxtəlif düşərgəyə aid şəxslərlə, həm sadə vətəndaşlarla, həm siyasi və diplomatik dairələrə aid peşəkarlarla söhbətləşirəm. Bizim tarixi missiyamız neytral olmaqdır. İnanın ki, Qarabağda bizdən başqa heç kim neytral olmayacaq.

Digər rərəfdən, Bakıda keçirilən yürüşlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Rusiya bayraqlarının da qaldırılması çox xoşdur. Rusiya erməni təbliğatına uymadı, mifik xristian qardaşlığına inanmadı və özünü çox ləyaqətli apardı. Ləyaqətli davranışın layiqincə qiymətləndirildiyini görmək xoşdur.

- Ermənistan razılaşmaya əsasən tərk etdiyi ərazilərdə hər tərəfi dağıdır, hər yana od vurur. İşğal illərində onsuz da Azərbaycanın yüzlərlə tarixi, mədəniyyət, memarlıq abidələri məhv edilib. Odur ki, Bakı beynəlxalq instansiyalarda iddia qaldırmağa hazırlaşır. Fikrinizcə, Ermənistandan təzminat alınması mümkündürmü?

- Abidələrin dağılması ilə bağlı informasiya müharibəsi hələ çox davam edəcək. Hər iki tərəf bir-birini bu və ya digər barbarlıqda günahlandırır. Lakin bu gün əlimizdə kimin nə vaxt nəyin dağıtdığını müəyyənləşdirəcək mexanizm yoxdur. Odur ki, günahkarı tapıb cəzalandırmaq praktiki olaraq, mümkün deyil. Azərbaycanın bütün bu cəhdləri yıxılmış düşmənlə haqq-hesab çəkmək cəhdləri kimi qiymətləndiriləcək. Bəlkə də, bu mövzunu bir kənara qoyub, salamat qalmış abidələrin qorunub saxlanılması ilə məşğul olmaq daha anlamlı olar.

Əlbəttə ki, təzminatlarla bağlı proesedentlər tapmaq üçün tarixi eşələmək də olar. Yada İkinci Dünya müharibəsindən sonrakı Almaniya və körfəzdəki savaşdan sonrakı İraq düşür. Lakin bu iki halın hər birində tərəflərdən birinin məğlubiyyəti hüquqi cəhətdən təsdiqlənib, məğlub tərəf haqsız müharibəyə başladığını etiraf edib. Ermənistansa bunu etməyəcək və İrəvanı kiminsə buna məcbur etməsi mümkün deyil. Beynəlxalq Məhkəmənin əlində də belə alət yoxdur. Bu məsələnin qaldırılması sadəcə, Azərbaycan üçün yaxşı piar gedişi olacaq. Məsələn, Xudavəngin erməni yox, alban monastrı olduğuna diqqətin çəkilməsi piar xərcləri azalda bilər.

- Qarabağ müharibəsində məğlubiyyət İrəvan üçün özünəməxsus həqiqət anı oldu. Bu gün Ermənistanda siyasi və iqtisadi kollaps yaşanmaqdadır. Ermənistanın gələcəyini necə görürsünüz?

- Ermənistanda siyasi sarsıntılar qaçılmazdır. Görürük ki, Ermənistanın şərti «demokratikliyi» onun hərbi qarşıdurmaya normal hazırlaşmasını təmin etməyib. Nəticədə, bu gün ölkə siyasi və ideoloji böhran yaşayır. Xoşbəxtlikdən, yaxud bədbəxtlikdən onun Rusiyaya arxalanmaqdan başqa yolu yoxdur. İrəvan üçün istənilən qərbpərəst oriyentir obyektiv səbəblərdən iflasa məhkumdur. Ermənistan özünə gəlməlidir. Bəlkə də, Qarabağ problemindən qurtulmaq bunun üçün katalizator olacaq. Hər halda, ölkə bütün bu illər ərzində heç zaman qalib gələ bilməyəcəyi müharibəyə hazırlaşıb. Bu, mütləq intihar kursu idi.

Ümid edirəm ki, Ermənistan bu böhrandan daha uğurlu dövlət kimi çıxacaq və bu, əslində, hər kəsin maraqlarına cavab verir. Bu, ona qisasçılıqdan imtina etmək imkanı da yaradacaq. Hazırda vacib olanı erməni xalqının hisslərinin tam tapdanmamasıdır. Tarixdən bilirik ki, bir ölkəni daim alçaldırlarsa, orada hakimiyyətə real siyasətdən uzaq ultraradikallar gəlir. Bu isə heç kimə yaxşı heç nə vəd etmir.



MƏSLƏHƏT GÖR:

371