26 Aprel 2024

Cümə, 15:15

QƏLƏBƏDƏN DOĞULMUŞ

Qarabağdakı Qələbədən sonra İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsi ikinci nəfəs qazandı

Müəllif:

01.01.2021

Ötən il Türkiyə üçün qaz təminatı sahəsində əməkdaşlıq baxımından zəngin il oldu. Rusiyanın «Türk axını» qaz kəmərinin istismara verilməsi, Qara dənizin Türkiyə şelfində iri "mavi yanacaq" ehtiyatlarının aşkarlanması, Azərbaycan qazının Cənub Qaz Dəhlizi ilə Avropaya nəqlinə başlanması – bunlar heç də ölkənin 2020-ci il ərzində həyata keçirməyi bacardığı layihələrin tam siyahısı deyil.

Bu zaman Azərbaycan üçün ən önəmli məsələlərdən biri Naxçıvan Muxtar Respublikasına (NMR) Türkiyədən yeni qaz kəmərinin çəkilişi ilə bağlı Memorandumun imzalanması oldu. Layihə miqyasına və tədarük həcminə görə yuxarıda sadalananlar qədər böyük olmasa da, strateji önəmi baxımından çox qiymətlidir. Türkiyənin İğdır vilayətindən Naxçıvana qaz kəmərinin çəkilməsi muxtar respublikanın qazla təchizi məsələsini tam həll etməklə yanaşı, Bakı ilə Ankara arasında qaz əməkdaşlığı tarixində yeni bir səhifə açacaq.

 

Məsələnin tarixçəsi

Bəllidir ki, NMR-in Azərbaycanın əsas ərazisi ilə ortaq sərhədi yoxdur - İran, Ermənistan və Türkiyə ilə həmsərhəddir. Muxtar respublikanın qazla təchizi 2004-cü ildə bağlanmış müqavilə əsasında Azərbaycanla İran arasında svop əməliyyatları şəklində həyata keçirilir. Söhbət ildə 300-400 milyon kubmetr qaz ötürülməsindən gedir. Azərbaycan İrana NMR üçün gündəlik 1,2-1,3 milyon kubmetr qaz ötürür, İran bundan 1 milyon kubmetr qazı Azərbaycana (NMR-ə) qaytarır.

Lakin NMR-in enerji təhlükəsizliyinin təmini üçün ikitərəfli qaz ötürülməsi məsləhət görülür: həm İrandan, həm də Türkiyədən. Bu məsələ Ankara ilə bir neçə dəfə müzakirə olunub və 2010-cu ilin iyul ayında Türkiyədən Naxçıvana qaz nəqli və qaz kəməri çəkilməsi haqqında Sazişin imzalanması ilə başa çatıb. Sənədə əsasən, muxtar respublikaya 500 milyon kubmetr qazın Türkiyə ərazisindən keçməklə pulsuz əsaslarla nəqli nəzərdə tutulur. Ancaq bu istiqamətdə işə başlanılmamışdı.

Bu müzakirələr cari ilin fevral ayının sonunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfəri zamanı Azərbaycan və Türkiyə prezidentləri səviyyəsində yenidən başlayıb.

“Biz İğdırdan Naxçıvana qaz kəməri çəkəcəyik. Beləliklə, təxminən, 160 km uzunluğunda bir qaz kəməri tikiləcək (NMR-də Türkiyə ilə sərhədə kimi və sərhəddən İğdıra kimi - R+)”, - deyə R.T.Ərdoğan danışıqların nəticələri barədə danışarkən bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, bu, muxtar respublikanın qazla təmin olunmasına önəmli dərəcədə təsir edəcək.

“Naxçıvan bir tərəfdən qazı İrandan, digər tərəfdən Türkiyədən qaz alacaq. Bu, NMR-in qazla təchizini yetərincə yaxşılaşdıracaq ”, - deyə R.T.Ərdoğan əlavə edib.

Türkiyənin dövlət qaz şirkəti BOTAŞ iyun ayında Türkiyə ərazisində Naxçıvanla sərhədə qədər qaz kəməri çəkilişi layihəsi çərçivəsində İğdır bölgəsində geodeziya, kartoqrafiya, ekspropriasiya (özgəninkiləşdirilməsi üçün xəritələrin və başqa sənədlərin hazırlanması) və mühəndislik işlərinin aparılması üçün tender elan edib. Sonucda, 15 dekabrda Ankarada "NMR-ə təbii qaz tədarükü barədə Anlaşma Memorandumu"nun təntənəli imzalanması baş tutub. Sənədi Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönməz və Azərbaycanın energetika naziri Pərviz Şahbazov imzalayıblar.

“Memorandumun imzalanması bu layihənin həyata keçirilməsində ilk addımdır. Ümid edirik ki, o, ən qısa müddətdə həyata keçiriləcək. İğdır-Naxçıvan qaz kəməri Türkiyədən NMR-ə ildə 500 milyon kubmetr və ya gündə 1,5 milyon kubmetr qaz nəqli üçün hesablanacaq”, - deyə F.Dönməz bildirib.

 

Türkiyədən Azərbaycan qazı

İğdır-Naxçıvan qaz kəməri 500 min nəfər əhalisi olan və qaza illik tələbatı 500 milyon kubmetr olan muxtar respublikanın ehtiyaclarını tam təmin edəcək.

“Bu qaz kəməri ilə Türkiyədən NMR-ə Azərbaycan qazı çatdırılacaq. SOCAR və BOTAŞ şirkətləri bu layihəningerçəkləşdirilməsi ilə məşğul olacaqlar, Azərbaycanın Energetika Nazirliyi və Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi onun uğurla gerçəkləşdirilməsi üçün hər cür səy göstərəcəklər”, - deyə F.Dönməz bildirib.

Boru kəməri İğdırdan başlayacaq və Azərbaycanın Sədərək məntəqəsində sona çatacaq. Türkiyədə qaz kəmərinin uzunluğu, təxminən, 85 km olacaq və Şərqi Anadoludan İğdıra gələn magistral qaz kəmərinin davamı olacaq. Layihə çərçivəsində Dilucuda (Türkiyə) həm də 20 min kvadratmetr ərazidə qazölçmə stansiyası inşa edilməsi planlaşdırılır.

Türkiyə tərəfinin hesablamalarına görə, qaz kəmərinin inşası 12 ay çəkəcək və 2022-ci ildə başa çatacaq.

“Biz düşünürük ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası üzrə tender 2021-ci ilin birinci rübündə başa çatacaq. Qaz kəmərinin çəkilişini bu işlərin başlanğıcından 12 ay ərzində bitirməyə çalışırıq”, - deyə F.Dönməz bildirib.

O söyləyib ki, 2020-ci ilin fevralında Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan razılaşmadan sonra BOTAŞ-a mühəndis tədqiqatlarının aparılması həvalə olunub.

“Oktyabr ayında BOTAŞ bu işi başa çatdırdı. Hazırda qaz kəmərinin inşası üçün tenderin keçirilməsi üzrə hazırlıq işləri görülür”, - deyə F.Dönməz vurğulayıb.

Azərbaycan tərəfinin sözlərinə görə, Türkiyə ilə imzalanan memorandum layihə çərçivəsində SOCAR ilə BOTAŞ arasında texniki, ticari, inzibati, hüquqi və digər məsələlərdə əməkdaşlığa zəmanət verir.

“Türkiyədən gələcək qaz NMR-ə qaz nəqlini şaxələndirməyə və enerji təhlükəsizliyini artırmağa imkan verəcək. Həm İran, həm də Türkiyədən dəstək alan Naxçıvan artan enerjiyə olan tələbatı tam təmin edə biləcək”, - deyə Azərbaycan Energetika Nazirliyinin rəhbəri sanır.

Tərəflər hələlik boru kəmərinin tikintisinin dəyəri barədə açıqlama verməkdən çəkiniblər. Layihənin maliyyələşdirmə mexanizmi də bəlli deyil, ancaq BOTAŞ-ın Türkiyə bölməsinin xərclərini və SOCAR-ın isə uyğun olaraq NMR-də xərcləri öz üzərinə götürəcəyini düşünmək olar.

 

Qarabağda qələbə və Naxçıvan

F.Dönməz hesab edir ki, İğdır-Naxçıvan qaz kəməri tikintisi layihəsi Azərbaycanın Qarabağdakı qələbəsinin daha bir nəticəsidir.

“Azərbaycanın Qarabağda qələbə çalması ilə NMR və bölgənin önəmi artdı. Türkiyə-Naxçıvan qaz kəməri layihəsi də bu qələbənin yaratdığı sabitlikdən qaynaqlanır. Bu layihə Naxçıvan iqtisadiyyatının da hərarətini artıracaq. Bölgə çoxsaylı təşəbbüslərə və sərmayələrə açıq olacaq. Bu, Türkiyə-Azərbaycan qardaşlığını və strateji tərəfdaşlığını daha da gücləndirəcək. Biz təbii qazın nəqlinin təhlükəsizliyinin təmin edilməsində və resursların şaxələndirilməsində böyük irəliləyiş əldə edəcəyik. Naxçıvandan olan qardaşlarımız evlərə, məktəblərə və xəstəxanalara fasiləsiz olaraq təbii qaz təmin edəcəklər”, - deyə F.Dönməz vurğulayıb.

“Qarabağın işğalı nəticəsində vurulmuş yaraların biri İğdır yolu ilə bölgəyə çatdırılacaq qazın köməyi ilə sağalacaq. Beləliklə, Qarabağın işğalından öncə olduğu kimi, Naxçıvanın da təbii qazla təhlükəsiz təchizatı təmin ediləcək”, - deyə nazir əlavə edib.

Təchizatın şaxələndirilməsi baxımından bu layihənin Azərbaycan üçün önəmi çox yüksəkdir. Bu, NMR-in bir qaz təchizatı mənbəyindən asılılığını aradan qaldırmağa imkan verəcək ki, öncədən texniki və ya digər səbəblərdən nəql etmədə fasilələr şəklində müəyyən risklər daşıyırdı. Bundan başqa, bir mənbədən asılılıq qiymət balansına mənfi təsir göstərir, çünki tədarükçünün şərtləri razılaşmaq məcburiyyəti yaranır.

Ekspertlərin fikri nəzərə alınarsa, təbii qaz təchizatı şaxələndiriləcək, Naxçıvanın böyük həcmlərdə və daha sərfəli qiymətlərlə təbii qazla təchizi mümkün olacaq. Bu, NMR-də istehsal olunan sənaye məhsullarının maya dəyərinin azalmasına da təsir edəcək və nəticədə, bölgəyə əlavə rəqabət üstünlüyü verəcək. Sənayenin inkişafı da öz növbəsində iqtisadiyyatın inkişafına, yeni iş yerlərinin açılmasına və məşğulluğun artmasına kömək edəcək.

Azərbaycandan qazın birbaşa İğdır-Naxçıvan boru kəməri ilə muxtar respublikaya nəql ediləcəyi faktı da böyük önəm kəsb edir. Hazırda Azərbaycan qazı İrana verilir və İran qazı isə NMR-ə verilir. Bu, o deməkdir ki, qazın keyfiyyəti və digər texniki cəhətlərlə bağlı bütün məsələlər birbaşa təchizatçı, yəni Azərbaycan tərəfindən idarə olunacaq.

 

Gürcüstan üçün bonus

Azərbaycan qazının Türkiyədən NMR-ə tədarük sxemi aşağıdakı kimi olacaq: Azərbaycan əlavə olaraq Cənub Qaz Dəhlizi ilə 500 milyon kubmetr qaz göndərəcək, yəni Cənub Qaz Dəhlizi ilə qaz nəqli ildə 16,5 milyard kubmetr təşkil edəcək. Türkiyə ərazisindəki bu qaz BOTAŞ-ın sisteminə veriləcək, o da öz boru kəməri ilə qazın bir hissəsini İğdıra, daha sonra isə yeni qaz kəməri ilə Naxçıvana göndərəcək.

Azərbaycandan Türkiyəyə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin Gürcüstan ərazisindən keçdiyi nəzərə alınarsa, ərazisindən əlavə 500 milyon kubmetr qazın keçməsindən hansı ölkənin yararlanacağını təxmin etmək çətin deyil. Bu həcmlərin nəqli üçün Gürcüstana ödənişlər «Şahdəniz» yatağından qaz tranziti üçün hesablaşma sxeminə bənzəyir.

Azərbaycan hazırda Gürcüstana əsas təbii qaz ixaracatçısıdır. Nəql edilən qaz SOCAR-ın öz yataqlarından hasil olunan həcmlərdən həyata keçirilir. Bundan əlavə, Gürcüstan «Şahdəniz» yatağından Cənubi Qafqaz boru kəməri ilə tranzit üçün qaz alır (vurulan qazın ümumi həcminin 5%-ni alır - R +).

Bütünlüklə, Gürcüstan Azərbaycanla qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsinə yetərincə nikbin baxır. Cənub Qaz Dəhlizinin tikintisi başa çatdıqdan sonra Gürcüstan ərazisindən daha çox Azərbaycan qazı keçəcək. Eyni zamanda ölkə öz tələbini ödəmək üçün Azərbaycan qazını daha sərfəli qiymətə ala biləcək.

Yeri gəlmişkən, dekabr ayında Bakı və Tbilisi Azərbaycandan Gürcüstana güzəştli tariflə 200 milyon kubmetr qaz nəqli barədə razılığa gəliblər. Gürcüstan hökuməti gözləyir ki, bu anlaşma sayəsində əhali üçün təbii qazın qiymətinin sabitliyini daha uzun müddət qoruya biləcək. Gürcüstanda "sosial qaz" kimi tanınan bu məhsul əhalinin ehtiyaclarına və istilik elektrik stansiyalarında (İES) elektrik enerjisi istehsalına yönəldiləcək.

Beləliklə, İğdır-Naxçıvan qaz kəmərinin tikintisi Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli enerji əməkdaşlığını gücləndirəcək.

 

İran üçün perspektivlər

İrana gəlincə, Azərbaycanla NMR-ə svop üsulu ilə qaz nəqli barədə bağlanmış müqavilənin müddəti 25 ildir. İğdır -Naxçıvan qaz kəmərinin istismara verilməsindən və ya müqavilənin bitməsindən sonra onun davam etdirilib-etdirilməyəcəyi gələcəyin sualıdır.

Bununla birlikdə, iki ölkə arasındakı qaz əməkdaşlığına yeni bir boru kəmərinin tikintisindən zərər görə bilməz, çünki digər əməkdaşlıq formaları da qurula bilər. İran ABŞ sanksiyalarından azad olarsa, Xəzər dənizindəki yataqların Azərbaycanla birgə işlənməsi məsələsini müzakirə etməyə qayıda bilər.

Bundan əlavə, Bakı yeni bir təşəbbüslə çıxış edib - Azərbaycan ərazisində İranla sərhəddə İran qazı ilə işləyəcək bir elektrik stansiyasının (!) tikintisi təşəbbüsü ilə çıxış edib.

Bu məsələ Azərbaycanın energetika naziri Pərviz Şahbazov tərəfindən dekabrın 22-də  İrana səfəri zamanı İranın Enerji naziri Rza Ardakanian və İranın Neft naziri Bijan Zəngənə ilə müzakirə edilib. Stansiyada istehsal olunan elektrik enerjisinin həm İrana, həm də üçüncü ölkələrə veriləcəyi ehtimal olunur.

Layihə iki ölkə arasında artıq həyata keçirilən digər layihələrlə birlikdə enerji əməkdaşlığını çox gücləndirəcək və bölgənin inkişafına töhfə verəcək. Bölgə Azərbaycanın Qarabağdakı zəfərindən sonra, Türkiyənin enerji nazirinin təbirincə deyilsə, “ müharibələr, işğal və ya qaçqınlar haqqında deyil, layihələr haqqında danışılan bir bölgəyə çevrildi".



MƏSLƏHƏT GÖR:

196