2 May 2024

Cümə axşamı, 09:37

MÜNAQİŞƏLİ YUBİLEY

Kürd məsələsi və İranın səyləri Ankara və Dəməşqi bir araya gətirə biləcəkmi?

Müəllif:

01.03.2021

Martın 15-də Suriyada üsyanın başlamasının 10 ili tamam olacaq. Düzdür, indi Suriyada vəziyyət 7-8 il əvvəlki ilə müqayisədə Bəşər Əsəd hakimiyyəti üçün xeyli yaxşıdır, amma istənilən halda müharibə başa çatmayıb, siyasi uzlaşma prosesi isə çox ləng gedir. Amma hər bir halda 9 il əvvəl olduğu kimi Bəşər Əsədin Dəməşqin mərkəzindəki iqamətgahına 7 kilometr məsafədə mövqe tutub sarayı minaatanlarla atəşə tutulmur. Hazırda Bəşər Əsəd üçün əsas məsələ siyasi həll prosesi ilə yanaşı, kəskin beynəlxalq embarqoları ləğv etmək və ölkə üzərində suverenliyə nail olmaqdır.

Xüsusən də son illərdə ABŞ prezidenti Donald Trampın sərtləşdirdiyi sanksiyalar rəsmi Dəməşq üçün iqtisadi buxova çevrilib. Məhz sanksiyalar səbəbindən ötən ildən Suriya ciddi taxıl qıtlığı yaşayır. Hətta Rusiya firmaları belə Dəməşq üçün zəruri olan taxılı tədarük edə bilmir. Ötən ilin yayından başlayaraq Suriyanın hökumətin nəzarətində olan ərazilərində qıtlıq qeydə alınmağa başlayıb. Hazırda 1 ABŞ dolları 3200 Suriya lirəsinə bərabərdir.

Məsələnin daha bir faciəvi tərəfi ondan ibarətdir ki, kənd təsərrüfatı ölkəsi olan Suriyanın taxıl qıtlığı yaşamasının bir səbəbi xarici embarqolardısa, digər səbəbi ölkənin əsas ərzaq tədarükçüsü olan şimal-şərq əyalətlərinin kürdlərin, yəni PYD/YPG-nin, indiki adı ilə “Suriya Demokratik Qüvvələri” koalisiyası və qismən Türkiyə ilə müttəfiqlərinin nəzarətində olmasıdır.

Yeri gəlmişkən, fevralın 3-cü dekadasında Rusiyanın vasitəçiliyi ilə şimalda Türkiyə və müttəfiqlərinin nəzarətində olan Hasake taxıl anbarlarından 400 ton taxılı daşıyan ilk konvoy Hələbə göndərilib. Suriyanın əsas ərzaq tədarükçüsü olan şimal rayonlarında, o cümlədən Cəzirə rayonunda Hasake-Raqqa-Hələb yolu üzərində yerləşən “Şirkrak” taxıl anbarlarında 16 min ton buğda və 25 min ton arpa olduğu ehtimal edilir. Bu anbarlar 2019-cu ilin oktyabrında “Barış Pınarı” əməliyyatı zamanı Türkiyə ordusu və müttəfiq müxalif qüvvələrin nəzarətinə keçib. Hazırkı anlaşma isə Rusiyanın vasitəçiliyi ilə baş verib. Moskva Dəməşqin taxıl ehtiyaclarını “alternativ” yollarla təmin etməyə çalışır. Amma yalnız Moskva deyil.

İran da son dövrlərdə Türkiyə və Suriya arasında münasibətlərin düzəlməsinə çalışır. İran XİN rəhbərinin müşaviri Əli Əskər Hacı deyib ki, Tehran Dəməşq və Ankara arasında əlaqələrin bərpa olunmasında maraqlıdır. Dəməşqə fevral ayının ortalarında səfər edən Hacı deyib ki, Suriya hakimiyyəti ölkə ərazisindəki bütün xarici hərbi qüvvələrin çıxarılmasını istəyir. O deyib ki, indi Tehran Suriya və Türkiyə hökumətləri arasındakı problemlər, narahatlıqların aradan qaldırılmasını istəyirlər.

İran və Rusiya kimi Suriyanın müttəfiq ölkələrinin Türkiyə və Suriya hakimiyyətlərini barışdırmaq cəhdinin arxasında bir sıra mühüm səbəblər yatır. Birincisi, Türkiyənin hazırda Qərblə münasibətləri soyuqdur, Ankara Suriya mövzusu və ümumiyyətlə, regional məsələlərdə müstəqil və aktiv siyasət aparır. Bu səbəbdən də, Ankaranın maraqları heç də Qərblə üst-üstə düşmür. Bu amilin özü Ankaranı Dəməşqlə barışığa sövq edə bilər. İkinci amil kürd məsələsidir. Dəməşq və Ankara kürd separatizmindən eyni dərəcədə narahatdır. Suriyanın şimalında faktiki mövcud olan kürd muxtariyyətinin siyasi status alması Ankara üçün əlavə təhdid və risklər yaradır. Bu səbəbdən də, Ankara hazırda ən azı Dəməşq qədər Suriyada kürd muxtariyyətinin yaradılmasına qarşıdır. Oxşar vəziyyət Tehran üçün də keçərlidir. İslam Respublikası Yaxın Şərqin “kürd çəmbərinə” daxildir və heç şübhəsiz ki, İraqdan sonra Suriyada kürd muxtariyyətinin yaradılması İranda 100 illik tarixə malik kürd separatizmini həvəsləndirəcək. Xüsusən də indi bu mövzuda Tehrana qarşı böyük bir “cəbhə” mövcuddur. Bu mənada 2017-ci ildə İraqın şimalında baş verən hadisələr zamanı olduğu kimi, Tehran kürd məəsləsində Türkiyə və Suriyanın birgə hərəkət etməsini istəyir. 4 il əvvəl məhz İraq və Türkiyə hakimiyyətlərinin koordinasiyalı fəaliyyətləri nəticəsində Bərzaninin müstəqil kürd dövləti planı uğursuzluğa düçar oldu.

Digər tərəfdən Türkiyə ilə Dəməşq münasibətlərinin yumşalması Rusiya və İran kimi Suriya müttəfiqlərinin Dəməşqə daha çox dəstək verməsi, ərzaq böhranı və digər sahələrdəki embarqoları yarması üçün böyük imkanlar deməkdir. Çünki Suriyanın qonşuları arasında ən böyük sərhəd Türkiyə ilədir: 900 kilometr. Təbii ki, Ankara ilə Dəməşqin arasının düzəlməsi Əsəd hökumətini embarqonun yarılması, ərzaq təminatı məsələsində xeyli rahatlada bilər.

Ankara hələlik qəti mövqe bildirməsə də, həm Suriyadakı mövcud vəziyyət, kürd təhlükəsi, həm də Şərqi Aralıq dənizi ərtafındakı cəbhələşmə Ankaranı Dəməşqlə barışığa itələyən mövzulardandır. Çünki Suriyanın mövqeyi Aralıq dənizinin şərh sularındakı Türkiyə əleyhinə Yunanıstan-Misir ittifaqını poza bilər.

Üstəlik, indi Suriya məsələsi masada müzakirə olunur və bəzi mövzularda Ankara ilə Dəməşqin mövqelərini yaxınlaşdırması Türkiyənin dəstəklədiyi qüvvələrin mövqelərinin möhkəmlənməsinə səbəb ola bilər. Bu mənada Rusiya və İranın Ankara-Dəməşq barışığına çalışması sadə diplomatik gediş deyil, yeni siyasi situasiyanın diktə etdiyi reallıqdır.

Yeri gəlmişkən, koronavirus “fasiləsindən” sonra ilk dəfə olaraq fevralda “Astana prosesi” çərçivəsində sayca 15-ci konfrans Soçidə təşkil olunub. Konfransa Türkiyə, İran, Suriya hökuməti, Suriya müxalifəti nümayəndələri və BMT-nin Suriya təmsilçisi Pedersonun başçılıq etdiyi heyət də qatılıb.

15-ci Soçi konfransının yekun bəyannaməsində tərəf ölkələr müstəqil kürd dövləti mövzusunun düşünülmədiyini bir daha xatırladıblar. Bu isə onu göstərir ki, Astana prosesinin təşkilatçı ölkələri olan Rusiya, Türkiyə və İran üçün kürd mövzusu və Suriyanın ərazi bütövlüyü məsələsi əsas məsələlər sırasındadır.

Suriya mövzusunda daha bir mühüm məsələsi terror təşkilatları və radikal silahlı qrupların taleyidir. Məsələ ondadır ki, İdlibin mühüm bir hissəsi hələ də silahlı radikal qrupların nəzarətindədir. Bunların içərisində ən çox fərqlənən “Heyət Təhrir əş-Şam, onun kimi qruplaşmalar, eləcə də İŞİD-dir. Son dövrlərdə İŞİD İraq və Suriyada sosial-iqtisadi və siyasi vəziyyətin pisləşməsindən istifadə edərək əhali arasında yenidən dəstək toplamağa, fəallaşmağa çalışır. Suriyanın şimalında və şimal-şərqində İŞİD hücumları son aylarda yenidən artıb. İraq kəşfiyyatı İŞİD-in yeni lideri Abdullah Qardaşın Suriyanın şimal-şərqində, kürdlərin nəzarətindəki ərazilərdə gizləndiyini ehtimal edir. Münaqişənin həllinin uzanması, siyasi həll yolunun tapılmaması, əhalinin həyat şərtlərinin getdikcə daha da pisləşməsi, sonu görünməyən müharibə İŞİD kimi terror təşkilatlarını fəallaşması üçün münbit zəmin yaradır.

2020-ci ilin fevralın əvvəlində Rusiya və Türkiyə prezidentlərinin Kremldəki gərgin danışıqları nəticəsində atəşkəsin əldə olunduğu İdlibdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Moskva İdlibdəki müxaliflərin razılaşmada olduğu kimi, radikal terrorçu hesab olunan qrupları təmizləməsini tələb edir.

Rusiya hakimiyyəti hesab edir ki, İdlibdə köklü sülhün əldə olunmaması, eləcə də Rusiya və Türkiyənin İdlibdə yaratdığı gərginliyi azaltma bölgəsində nəzarət olunan sabitliyi pozmağa çalışan radikal silahlı terror təşkilatları ayrılmalı və onlar İdlibdən çıxarılmalıdır. Hazırda Rusiya hərbi aviasiyası və Suriya ordusu ara-sıra bu qüvvələrin yerləşdiyi mövqeləri vurur. Ancaq İdlib kimi kiçik ərazidə bir-birinə qarışan silahlı qruplara qarşı əməliyyat qeyri-mümkündür. Üstəlik, vilayətə qaçmış müxaliflərin ailələri böyük bir mülki insan sıxlığına səbəb olub. Suriya hökuməti İdlibdən mülki əhalinin çıxması üçün daha bir neçə koridor verdiyini elan etsə də, aydın məsələdir ki, vilayətdə hələ də davam edən əhali sıxlığı azalmayacaq. Ancaq gec-tez burada kəskin qarşıdurmanın baş verəcəyi qaçılmazdır.

10 ildən sonra Suriya vətəndaş müharibəsinin ən ağır dövrünü arxada qoymuş kimi görünür. Amma hələ də həll olunmamış çox ciddi problemlər var. Üstəlik, davam edən beynəlxalq Cenevrə prosesinin sürpriz riskləri də qalır. Bu mənada indi təkcə Dəməşq deyil, həm də region ölkələri risklərdən qaçmaq üçün yaxınlaşmağa məhkumdur. İndi beynəlxalq və yerli situasiya Dəməşqi qonşuları ilə, ilk növbədə, Ankara ilə barışığa doğru dartır. Çünki münaqişənin mövcud sərhədləri qorumaq şərti ilə həlli yalnız regionun aparıcı ölkələrinin birgə fəaliyyəti nəticəsində mümkündür. Bu mənada yaxın aylarda Ankara və Dəməşq arasında yumşalma cəhdlərinin olması qaçılmazdır. Amma ötən 10 ilin vurduğu yaralar çox dərindir, nəticələrini aradan qaldırmaq zaman tələb edəcək.



MƏSLƏHƏT GÖR:

180