26 Aprel 2024

Cümə, 17:31

KOMEDİYA İLƏ TRAGEDİYA ARASINDA

Ermənistanda baş tutmayan çevriliş, yaxud Qarabağda yaşanmış hərbi darmadağının afterşoku

Müəllif:

01.03.2021

Ermənistanda daxili siyasi ehtiraslar yenidən qaynama nöqtəsinə çatıb. Fevralın 25-də bir anda sanki informasiya agentliklərinin xəbər lentlərinə «bomba düşdü»: «Hərbi çevriliş!», «Ordu siyasətə qarışdı!» və s. Səbəb? Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan baş nazir, Ali Baş Komandan Nikol Paşinyandan istefa verməsini tələb edibmiş.

Bundan dərhal sonra baş nazir Qasparyanın özünü vəzifədən kənarlaşdırıb. Lakin istefaya getmək fikrində olmadığını deyən Baş Qərargah rəisi tələbini təkrar irəli sürüb. Bunun ardından baş nazirin tərəfdarları və əleyhdarları əllərində səsgücləndiricilərlə küçələrə axışıb – küçələrdə gecələmələr, qarşıdurmalar və s…

Bəs, əslində, nə baş verir?

 

Uduzulmuş müharibənin afterşoku, yoxsa «İsgəndər»lə zərbə?

Bu gün Ermənistanda baş verənlər əsasən İrəvanın Qarabağda üzləşdiyi hərbi darmadağının afterşokudur. Məğlubiyyət hər zaman ağırdır. 30 il aparılmış «ordu Ermənistandadır, Azərbaycanda isə hərbi birləşmələrdir», «azərbaycanlılar döyüşə bilmir və ilk atəşdəcə qaçacaqlar» və s. kimi təbliğatın ardından alınan məğlubiyyət isə daha ağırdır. Üstəlik, 44 günlük müharibə boyu rəsmi erməni təbliğatı durmadan Ermənistan ordusunun uğurundan danışırdısa… Hələ noyabrın 2-də (!) Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovannisyan Azərbaycanın «blitzkriqinin baş tutmadığını» deyirdi.

Lakin kapitulyasiyanın imzalanmasından dərhal sonra insanlar İrəvan küçələrinə axışmışdı. Maraqlıdır ki, sənədi Paşinyan «gizli yerdə» imzalamışdı və görünür, onu uzun müddət gizlətməyin mümkün olmayacağını düşünməmişdi.

O vaxtdan Ermənistan daxili siyasətində ehtiraslar bir neçə dəfə özünün pik həddinə çatıb. Bu müddət ərzində İrəvanda parlamentin binasına, hətta Paşinyanın iş otağına belə, hücumlar edilib, baş nazirin kabinetindən parfüm və kompüter «oğurlanıb». Küçələrə axışmış müxalifət öz vahid namizədini də müəyyənləşdirib, eyni zamanda devrilmiş Qarabağ klanının liderləri Robert Koçaryan və Serj Sarqsyan xeyli fəallaşıblar.

Ekspertlərin çoxu əmindir ki, ehtirasların yenidən coşmasında Paşinyanın «İsgəndər» raket komplekslərilə bağlı düşünülməmiş bəyanatı da rol oynayıb. Onu, Azərbaycana qarşı bu «möcüzə silah»dan istifadə etməməkdə günahlandırıblar. Ardınca isə general Movses Akopyanın açıqlaması gəlib: «İsgəndər»dən istifadə olunub, amma raketin atıldığı istiqamət açıqlanmır. Ermənistan bloqlarında dərhal versiyalar irəli sürülməyə başlayıb: raket Bakı və ya Gəncə istiqamətində deyil, Şuşaya atılıb və bu, Azərbaycan Ordusunun erməni hərbçilərini oradan çıxarmasından sonra baş verib.

Məsələ bununla da biğməyib. Ermənistanın sabiq prezidenti Serj Sarqsyan müsahibəsində yenidən Nikol Paşinyana öyüd-nəsihət verməyə başlayıb: «İsgəndər»dən artıq müharibənin 4-cü günü istifadə olunmalı və o, Bakıya atılmalı idi! Baş nazirin cavabı özünü çox gözlətmədi: gah «İsgəndər»dən ya ümumiyyətlə istifadə olunmayıb, gah da o, 10% partlayıb…

Xatırladaq ki, Bakı Qarabağda «İsgəndər»dən istifadə olunmadığını lap əvvəldən bəyan edib. Ermənistan Azərbaycanın Gəncə şəhərindəki yaşayış məntəqələrini, Mingəçevir SES-in bəndini «SKAD» və «Toçka U» raketlərilə atəşə tutmuşdu. Bundan başqa, onlar Bakıya yaxınlaşmaqda olan sərnişin təyyarəsini «S-300» kompleksinin köməyilə vurmağa cəhd göstərmiş, Bərdə və Tərtəri «Smerç» reaktiv yaylım atəşi sistemilə atəşə tutmuşdu. «İsgəndər»dən isə istifadə olunmayıb. Azərbaycan tərəfi bunun səbəbinin çox sadə olduğunu da bildirir: bu raketləri idarə edən pultlar Moskvanın əlindədir.

Öz tərəfimizdən onu da qeyd edək ki, belə vəziyyətdə Ermənistanın bu raketləri yalnız paradda nümayiş etdirməsinə deyil, həm də onlardan istifadəsinə icazə verilməsi çox riskli olardı. Bu, Azərbaycan və Türkiyə ilə münasibətlərdə Rusiyanın özü üçün risk yaradardı və Moskva bəlli səbəblərdən buna getməzdi.

İndi real müharibədə istifadə olunmamış «İsgəndər»lər Ermənistanda «daxili siyasi silah»a çevrilib və hər tərəfə saçılır. Bu diskussiyaların ən baha başa gəldiyi şəxs isə hələ ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Tiqran Xaçaturyandır. O, müsahibələrindən birində Paşinyanın «İsgəndər» raketinin «10% partladığı» haqda dediklərini qeyri-ciddi fikir adlandırıb və nəticədə, dərhal vəzifəsindən kənarlaşdırılıb. Onik Qasparyanın səbrini də deyəsən elə bu daşdırıb.

 

Generalitet «varçapet»ə qarşı

Nikol Paşinyanın ordu rəhbərliyi ilə münasibətləri onsuz da son dərəcə gərgin idi. 2018-ci ilin yazında xalq üsyanı ilə hakimiyyətə gəlmiş Paşinyan, ilk növbədə, ordudakı korrupsiyaya müharibə elan etmişdi. General Manvel Qriqoryanın («konserv Manvel») həbsi bu istiqamətdə ən səs-küylü hadisə olsa da, yeganə hadisə deyildi. Yeri gəlmişkən, Qriqoryanın villasında onun həbsindən sonra aparılmış axtarış zamanı oradan yeşiklərlə konservləşdirilmiş mal əti, «təcili yardım» maşını, əsgərlər üçün nəzərdə tutulmuş saysız-hesabsız alt geyimi, tualet kağızları, hətta dəfn mərasimləri üçün hazırlanmış əklillər aşkarlanmışdı. Ermənistan KİV-də hələ o vaxt adları açıqlanmayan yüksək rütbəli hərbçilərin hiddətli bəyanatlarına rast gəlinirdi. Onlar Paşinyanın apardığı «təmizləmə»nin orduda dözülməz vəziyyət yaratdığını deyirdilər. Bildirirdilər ki, indi komandirlər yalnız sabah kimin vəzifədən kənarlaşdırılacağı, kimin vəzifəsində qalacağı haqda düşünür və belə şəraitdə onlar öz işlərilə məşğul ola bilmir… Bütün bunlardan sonra baş nazir «təmizləmə» əməliyyatını dayandırmalı olmuş, nəticədə, səs-küylü həbslər məhkəmə proseslərinə gedib çatmamışdı. Buna baxmayaraq, fakt tərəflər arasındakı münasibətlərə öz izini salmışdı…

«Varçapet»in (baş nazir və ya hökmdar) mövqeyinə daha bir zərbəni onun hakimiyyətə gəldiyi ilk həftədəcə KTMT-nin ozamankı baş katibi Yuri Xaçaturova «hücum»u vurmuşdu. Baş nazirdən fərqli olaraq, ölkənin hərbi rəhbərliyi Xaçaturovu «özününkü» sayırdı. Üstəlik, rusiyapərəst əhvalın daha güclü olduğu Ermənistan ordusu Paşinyanın qərbpərəst «jest»lərinə dəstək verə bilməzdi. Belə vəziyyətdə Xaçatryanın istefaya göndərilməsi, həqiqətən də, «barıt çəlləyində qığılcım» rolu oynamalı idi.

 

İrəvansayağı «yarımçıq çevriliş»

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində o zaman populyar olan «Oqonyok» jurnalına rəhbərlik edən Vitali Korotiç müsahibələrindən birində «QKÇP»nin 1991-ci ildə qaldırdığı qiyam haqda xatirələrini bölüşüb. Qiyam zamanı Korotiç ABŞ-da olub: «…Mən müxtəlif telekanallar çıxır, çıxışlar edirdim. Hər yerdə mən banal fikirlər söyləyirdim ki, xalqımız heç zaman imkan verməz, bu xuntadı, qoymarıq və s. Axşamüstü isə məni Maknil Lilerin populyar xəbər kanalına dəvət etdilər – müxbirlərin biri Vaşinqtonda, ikincisi Nyu-Yorkda işləyirdi. Mən Nyu-Yorkda idim. Vaşinqtonda isə ölkədən qaçmış «DTK-çi» əyləşib – gözündə qara eynək, başında parik, tam maskalanmış halda. Orada yenə də bayağı fikirlərimi təkrar edirəm. Qəflətən o, deyir: «Bilirsiniz, bütün bunlar boş şeylərdir. Bu, qiyam deyil. Qiyama cümə günü axşam, yaxud ən uzağı şənbə günü başlayırlar. Bir və ya iki qeyri-iş günü lazımdır ki, bütün məntəqələr ələ keçirilsin. Bazar ertəsi insanlar işə çıxır, lakin hər yer artıq tutulub, bütün məsələlər həll edilib. Bu qiyam isə bazar ertəsi qaldırılıb. Bu, o qədər qeyri-peşəkarcasına edilmiş işdir ki, qiyam yox, cəfəngiyyatdır! Heç nə alınmayacaq».

Onik Qasparyanın İrəvanda təşkil etdiyi isə hərbi qiyama daha az oxşayırdı. Ordu kazarmalardan çıxmayıb, şəhərin küçələrində zirehli texnika gözə dəyməyib, heç kim poçtları, vağzalları, aeroportları ələ keçirməyə tələsməyib, interneti kəsməyib. Qasparyan özü də özünü hakimiyyət elan etməmişdi. O, sadəcə, baş naziri istefaya çağırıb. Paşiyan isə bu tələbi yerinə yetirməkdən imtina edib, əvəzində, Qasparyanın özünü istefaya göndərib. Xatırladaq ki, Qasparyan Ermənistanın Qarabağda üzləşdiyi məğlubiyyətin ardından istefaya getmək qərarına gəlmiş, lakin sonradan fikrindən daşınmışdı. İndi isə o, vəzifəni tərk etməkdən boyun qaçırır…

Beləliklə, komediya kimi başlamış hadisələr sözün əsl mənasında faciə ilə bitə bilər – ordunun siyasətə qarışması son dərəcə təhlükəli presedentdir. Xarici müşahidəçilərin əksəriyyəti Ermənistanda qarşı-qarşıya duran tərəfləri əbəs yerə təmkinli olmağa çağırmır. Onların, demək olar ki, hamısı ordunun siyasətə müdaxiləsinin yolverilməz olduğunu bildirir.

Bu yerdə Ermənistanda 2 il əvvəl baş vermiş «kabab inqilabı» zamanı «sülhməramlı briqada»nın döyüşçülərinin Paşinyanın tərəfinə keçdiyi haqda necə ruh yüksəkliyilə danışıldığı yada düşür. Ordunun siyasətə qarışmasının yolverilməz olduğunu o zaman da düşünmək lazım idi. Odur ki, indi bizə qalan İrəvanda yaşananları müşahidə etməkdir. Hadisələrin tammiqyaslı vətəndaş müharibəsinə çevriləcəyi isə istisna deyil.

Bununla da, məqaləyə nöqtə qoymaq olardı. Amma bir məsələ də var və bu, bəlkə də, elə ən vacib məsələdir. Ermənistan dostlarından, o cümlədən Rusiyadan son dərəcə güclü və effektiv silah-sursatı hədiyyə almış dövlətdir. İndi həmin silahların kimlərin əlinə keçəcəyini bilmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında məhz bununla bağlı xəbərdarlıq edib: «Hərc-mərclik hökm sürən, ordunun rəhbərliyə tabe olmadığı, onların hərbi çevriliş etdiyi və ya etmədiyi ölkədə bu da tragikomediyanın bir hissəsidir. Axı, hərbi çevrilişi ya edirlər, ya da etmirlər. Əllərində meqafonlar tutmuş, küçələrdə gecə çadırları qurmuş, hansısa bomjların yürüşləri tragikomik təsir bağışlayır. Bu, sadəcə, biabırçılıqdır. Bütün dünya onlara gülür, həm iqtidara, həm də müxalifətə. Ona görə də, belə adamların əllərinə təhlükəli silah vermək olarmı?!».

Göründüyü kimi, Ermənistanda baş tutmayan hərbi qiyam «həyəcan siqnalı» çalır. Ona artıq bu gün reaksiya verilməlidir. Yox, buna artıq dünən reaksiya verilməli idi.



MƏSLƏHƏT GÖR:

195