19 Mart 2024

Çərşənbə axşamı, 12:45

«XÜSUSİ ESKALASİYA REJİMİ»

Ukrayna ilə Rusiya tammiqyaslı hərbi əməliyyatların astanasında

Müəllif:

15.03.2021

Son zamanlar Ukraynanın cənub-şərqində münaqişənin yenidən qızışa biləcəyini, demək olar ki, bütün ekspertlər təsdiqləyir – istər ukraynalı, istər rusiyalı, istərsə də qərbli ekspertlər. Hələ ilin əvvəlində «sakit eskalasiya» kimi qiymətləndirilən vəziyyət tədricən qızışır və artıq onun tammiqyaslı müharibəyə çevrilmək riski aşkardır. Bəs, müharibənin bir addımlığından geri dönmək şansı varmı və münaqişəyə cəlb olunmuş tərəfləri nə dayandıra bilər?

 

Xülyadan uzaq

Ukraynanın Üçtərəfli Təmas Qrupundakı (ÜTQ) nümayəndə heyətinin spikeri Aleksey Arestoviç hələ fevralda etiraf etmişdi ki, Donbasda nəinki vəziyyətin qarışmasını əngəlləmək mümkün deyil, hətta o, «praktiki olaraq, qaçılmazdır». Arestoviç bölgədə münaqişənin «gec-tez, bəlkə də, bu yaz və ya yaya yaxın» qızışa biləcəyini açıq şəkildə dilə gətirmişdi.

Vəziyyətin qəlizləşdiyini Ukraynanın daxili işlər naziri Arsen Avakov da təsdiqləmiş, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov isə fevralın sonunda keçirdiyi iclasın yekununda bildirmişdi ki, Donbasda vəziyyətin qarışması ilə əlaqədar, bəzi «məxfi qərarlar» qəbul olunub. Danilov söhbətin hansı qərarlardan getdiyini açıqlaya bilməyəcəyini demişdi.

Müşahidəçilər dərhal o qənaətə gəliblər ki, söhbət Donbasın dinc, siyasi yolla geri qaytarıla bilməyəcəyi təqdirdə qəti addımların atılmasından gedir. Bununla yanaşı, martın ortalarınadək vəziyyəti hansısa dərəcədə sahmana sala biləcək sülh prosesilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Yalnız rəsmi Kiyev qəflətən bəyan edib ki, o, Donbasda vəziyyətin nizamlanmasına dair hansısa sülh planının Rusiya tərəfindən qəbul edilməsini gözləyir. Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, «Almaniya ilə Fransa tərəfindən hazırlanmış planı Ukrayna Minsk razılaşmasının ruhuna, beynəlxalq hüquq normalarına uyğun təkmilləşdirib». Amma daha maraqlısı bundan sonra gəlir. Ukrayna tərəfi bəyan edib ki, Rusiya sənədlə razılaşmazsa, demək, Donbasda müharibənin bitməsini istəmir.

Amma tərəflərin endirdiyi hərbi zərbələrin intensivliyinə nəzər salsaq, əslində hərbi əməliyyatların artıq bərpa olunduğunu deyə bilərik. Hər halda, hazırda münaqişə zonasında baş verənləri heç cür tərəflərin son dəfə ötən ilin iyulunda sadiqliklərini ifadə etdikləri «xüsusi barışıq rejimi» adlandırmaq olmaz. Müxtəlif mənbələr Kiyevin cəbhə xəttinə ağır silahlar cəmlədiyini yazır. Artıq bütün təmas xətti boyunca mexanikləşdirilmiş və desant hücum briqadaları yerləşdirilib, «DXR» və «LXR» qüvvələrinə isə Ukrayna Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulması əmri verilib.

Bütün bunların fonunda Donbasla yanaşı, Krım ətrafında da ehtiraslar nəzərəçarpacaq dərəcədə coşur. Ukrayna Ali Radası bu ilin fevralında dünya birliyinə müraciət qəbul edib. BMT, Avropa Parlamenti, AŞPA, NATO və ATƏT Parlament assambleyaları, xarici dövlətlərin hökumətlərinə ünvanlanmış müraciətdə Krım məsələsində Rusiyaya təzyiqlərin artırılması istənilir. Bununla yanaşı, Ukrayna prezidenti Vladimir Zelenski fevralın sonunda «Krım platforması» çərçivəsində beynəlxalq sammitə hazırlıq haqda fərman imzalayıb. Hədəf yarımadanın Kiyevin yurisdiksiyasına qaytarılmasıdır.

«Krım platforması» Rusiyanın bu problemlə bağlı siyasətinə daha effektiv reaksiya verməyə hazır olan dövlətlər və beynəlxalq təşkilatlar üçün məşvərət və koordinasiya meydançası kimi təqdim edilir. Kiyev Rusiyaya Krımla bağlı tətbiq edilmiş sanksiyaların davam etdirilməsi və daha da sərtləşdirilməsi üçün fəal şəkildə beynəlxalq dəstək axtarır. Ukraynalılar, eyni zamanda özü üçün aktual olan Qara dəniz və Azov dənizində gəmiçilik məsələlərinin də müzakirə edilməsini istəyir.

«Krım platforması» təşəbbüsünə ilk dəstək ABŞ hökumətindən gəlib və bu, özünü faktiki olaraq, bütün səviyyələrdə göstərib. Məsələn, fevralın əvvəlində ABŞ Dövlət Departamentinin yeni rəhbəri Entoni Blinker bildirib ki, ölkəsi Ukraynaya «ciddi iqtisadi və hərbi yardımları davam etdirəcək». Artıq martın 1-də ABŞ Müdafiə Nazirliyi Ukraynanın müdafiə potensialının gücləndirilməsinə 125 milyon dolların ayrıldığını açıqlayıb. Ukraynanın Təhlükəsizliyinə Dəstək Təşəbbüsü (USAI) çərçivəsində ayrılmış paket hərbçilərə təlimlərin keçirilməsini, təchizatı və hərbi məsləhətçilərin yardımını nəzərdə tutur. Bu, «Ukrayna qüvvələrinin ölkənin ərazi bütövlüyünü qorumasına, sərhədlərə nəzarət etməsinə və NATO ilə operativ uyğunlaşmanın gücləndirilməsinə imkan verəcək».

Bununla yanaşı, Vaşinqton bəyan edib ki, Rusiyaya tətbiq edilmiş sanksiyalar Moskvanın «Krımla bağlı kursunu dəyişməsinədək» qüvvədə qalacaq.

Ayrıca olaraq NATO Qara dənizdə mövcudluğunu fəal şəkildə artırmağa başlayıb. Ukrayna fevralın 10-da Alyansa qoşunların, yüklərin, qurğuların və s. nəqlilə bağlı əməliyyatların keçirilməsi üçün Krımətrafı hava məkanından istifadəyə başlamağı təklif edib. Kiyev rəsmiləri «Rusiya ilə sərhəd boyunca hava məkanının monitorinqində NATO-nun dəstəyinə ümid etdiklərini» də dilə gətiriblər.

Heç kim boş xülyalar qurmur – bütün bunlar Rusiya ilə Qərb, xüsusilə Rusiya ilə ABŞ arasındakı köhnə və daha geniş qarşıdurma kontekstində baş verir. Məşhur Zqibnev Bjezinskinin «Ukrayna olmazsa, Rusiya imperiya ola bilməz» fikrini hər kəs xatırlayır.  Lakin aydındır ki, Ukraynanı Qərbə tam «uduzacaq» Moskva geosiyasi, geomədəni və geoiqtisadi mənalarda çox şey itirəcək. Kiyevin NATO-ya mümkün üzvlüyünü də nəzərə alsaq, milli təhlükəsizlik sahəsi də öz yerində.

Bundan başqa, artıq Donbasın yarım milyondan artıq əhalisinin Rusiya vətəndaşı olduğunu nəzərə almamaq mümkün deyil. Odur ki, rəsmi ritorikaya baxmayaraq,Ukraynanın cənubundakı münaqişədə heç kim Moskvaya üçüncü tərəf kimi yanaşmır. ABŞ-ın Qara dənizdə mövcudluğuna Kremlin əsəbi reaksiyası da bününla izah olunur. Məlum olduğu kimi, Rusiya ixracının əhəmiyyətli hissəsi, həmçinin Suriyadakı ordu ilə bağlı logistika Qara dəniz regionu vasitəsilə həyata keçirilir. Bu halda Amerika hərbçiləri real hərbi amildən çox geosiyasi amildir. Hər halda, ABŞ ilə Rusiya arasında real hərbi qarşıdurma başlayarsa, amerikalıların Rusiya sahillərinə bu qədər yaxın olmalarına lüzum yoxdur.

Bu il keçirilmiş Münhen Təhlükəsizlik Konfransında Co Bayden Rusiyanı ölkəsinin əsas geosiyasi rəqibi kimi təqdim etməsə də, trans-Atlantik məkana təhdidlər sırasında Moskva, şübhəsiz ki, ilk yerdədir. Bundan başqa, rusların təşəbbüsü ilə həyata keçirilən «Şimal axını-2» layihəsi ABŞ və Avropanın enerji planlarına mane olur. Vaşinqtonun maraqları bu məsələdə də Ukraynanın, həmçinin Polşanın maraqları ilə üst-üstə düşür. Sözügedən dövlətlərin Xarici İşlər nazirlikləri artıq Ağ Ev rəhbərinə müraciət edərək, onu «Şimal axını-2» layihəsinə mane olmaq üçün «bütün vasitələrdən istifadə etməyə» çağırıb.

İnternetdə çoxdan belə bir versiya da yayılıb ki, kollektiv Qərbin Ukraynanın geniş şumluq ərazilərinə ehtiyacı var (xüsusilə gözlənilən dəyişikliklər fonunda). Doğrudur, bu ehtimalları əsaslandırmaq üçün heç bir dəlil yoxdur və bu, sadəcə konspirologiya da ola bilər. Amma fakt faktlığında qalır – Ukrayna planetin ən böyük torpaq ehtiyatına malik 10 ölkəsi sırasındadır. Üstəlik, ərazisinə görə ən geniş şumluq sahələrə malik ölkə də Ukraynadır. Buraya cəlbedici su resursları və faydalı qazıntıları da əlavə etsək, yaşananlara fərqli rakursdan baxmaq olur.

 

«Qırmızı xətt»lər haradadır?

Donbasda hərbi əməliyyatların fəallaşması ilə Moskva istənilən halda problemlərlə üzləşəcək. Əgər o, mümkün müharibəyə müdaxilə etməzsə və ya minimum müdaxilə edərsə, imici ciddi zərər görəcək, «DXR» və «LXR»in inamını itirəcək. Artıq indidən müxtəlif «Telegram» kanallarında Donbas sakinlərinin Rusiyadan şikayətləndiyini görmək olur. Donbaslılar Moskvanı onları «atmaqda» günahlandırır. Yox, hadisələr «Gürcüstan ssenarisi» ilə inkişaf edərsə, yəni tammiqyaslı eskalasiya başlayarsa, Rusiya beynəlxalq birlik tərəfindən görünməmiş təzyiqlər və sanksiyalarla üzləşəcək. Bu, demək olar ki, başa çatdırılmış «Şimal axını-2» layihəsinə də öz təsirini göstərəcək, ciddi iqtisadi problemlərə, əhalinin yaşayış səviyyəsinin xeyli ağırlaşmasına yol açacaq. Bu halda, güman ki, Rusiyada çoxdankı məlum xətlə daxili siyasi parçalanma da baş qaldıracaq. Bu isə «Navalnı məsələsi» fonunda Kreml üçün qətiyyən arzulanan deyil.

Odur ki, belə vəziyyətdə hərb versiyasını proqnozlaşdırmaq çox çətindir. Üstəlik, Ukrayna Silahlı Qüvvələrinin son illər ABŞ və NATO təlimatçılarının rəhbərliyi altında ciddi hazırlıq keçdiyi haqda deyilənlərə baxmayaraq, Ukrayna ordusu ilə Rusiya ordusunun potensialını çətin kimsə müqayisə etsin. Ukrayna iqtisadiyyatındakı problemlər də öz yerində. Yeri gəlmişkən, bu probel yerli əhaliyə özünü daha çox bahalaşma və kommunal ödənişlərin artımı ilə göstərir. Əksər sakinlər hökumətin COVID-19 ilə mübarizəsindən də razı deyil. Bundan başqa, 2020-ci ildə Ukraynada son 9 ilin ən aşağı doğum səviyyəsi qeydə alınıb, ölkədən ciddi əhali axını müşahidə olunur. Odur ki, indiki halda hər şey Kiyevin qərbli müttəfiqlərinin nə qədər uzağa getməyə hazır olduğundan, «qırmızı xətt»lərin harada olmasından asılıdır. Bir də məsuliyyəti, o cümlədən maddi məsuliyyəti kimin öz üzərinə götürəcəyindən…

 

«Medvedçuk adına kanal»ı kim qapatdı?

Amma Qərb üçün də «stavka» son dərəcə yüksəkdir. Çünki onun mövqeyini itirəcəyi təqdirdə Moskva «ərazisini böyüdə», bir sıra strateji hədəflərinə nail ola bilər. Belə hədəflər arasında Krımda içməli su çatışmazlığının həlli, cəmiyyətin vətənpərvərlik məsələsində birləşməsi də var. Bu halda Ukraynanın özündə güman ki, dərin siyasi böhran başlayacaq və onun nə ilə bitəcəyini proqnozlaşdırmaq çətindir. Belə olarsa, Kiyevin yenidən Rusiyanın təsir dairəsinə qayıdacağı da istisna deyil.

Amma yəqin ki, Rusiya rəhbərlyində bu nəticələri hesablaya bilən kifayət qədər realist var. Odur ki, bu gün Moskva üçün ən sərfəli variant hər şeyin olduğu kimi qalmasıdır. Yaxud Donbas müharibəsiz Ukraynanın, məsələn, muxtariyyət kimi bir hissəsi olacaqsa, Ukraynanın heç olmasa yarısı rusiyapərəst olsun.

Görünən odur ki, bu ssenari Viktor Medvedçukun «Müxalif platforma – Həyat uğrunda» partiyasının köməyilə gerçəkləşdirilə bilər. O, Ukraynada «ardıcıl şəkildə Moskva-Kiyev münasibətlərinin bərpasına tərəfdar olan» azsaylı siyasətçilərdən hesab olunur. Həqiqətən də əvvəlcə hər şey sanki Kremlin istədiyi məcrada gedirdi. Prezidentin «Xalqın xidmətçisi» partiyası reytinqini itirir, partiya daxilində parçalanma müşahidə olunur, «Müxalif platforma – Həyat uğrunda» partiyası isə tədricən möhkəmlənir və imkanlarını genişləndirirdi. Lakin prezident Vladimir Zelenski gözlənilmədən «Müxalif platforma – Həyat uğrunda» partiyasının rəhbərini yaxşı məlum olan yolla «geri oturdub» və bu, əksər şərhçini şoka salıb. Çünki Medvedçuku Poroşenko belə, Moskva ilə «əlaqə kanalı» sayırdı və məhz bu üzdən ona «toxunmurdu».

Ekspertlər hesab edir ki, bu hadisə Ukraynada Rusiyanın «informasiya nüfuzu»na və ümumilikdə rusiyapərəst qüvvələrə ciddi zərbə vurub ki, əslində elə məqsəd də bu idi. Amma internetdə daha bir versiyaya rast gəlinir – Medvedçuku Rusiyanın özü «satıb».  Rusiyada bəzi müşahidəçilər bildirir ki, Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin Moskvaya qalmaqallı səfəri zamanı Ukrayna məsələsi də müzakirə olunub.  Daha konkret desək, Kiyevin və qərbli tərəfdaş-vasitəçilərin «Medvedçuk adına kanal» vasitəsilə Moskvaya nə təklif edə biləcəyi. Hər halda, güman etmək olar ki, ondan heç də yalnız Poroşenko istifadə etməyib.

Borrelin Rusiyanın XİN başçısı Sergey Lavrov ilə görüşünün necə başa çatdığını hər kəs yaxşı bilir. Zelenski məhz bu görüşdən dərhal sonra Medvedçuka «savaş elan edib».

Bu yerdə Kiyevin Rusiyaya yeni «çox güclü addım» haqda danışmaq təklifi verməsi təsadüfdürmü? Söhbət «iki həftə sonra ciddi müzakirə mövzusu olacaq» addımdan gedir, üstəlik, plan Fransa ilə Almaniya tərəfindən beynəlxalq hüquq ruhunda hazırlanıbmış. Zelenski isə deyir ki, Donbas münaqişəsinin həlli üzrə «Normand sammiti» baş tutmazsa, o, hər liderlə ayrılıqda görüşməyə imkan tapacaq.

Bəs, görəsən, Jozep Borrel Rusiyada nə haqda danışmağa çalışırmış? Açıq mənbələrdə bu haqda heç nə deyilmir. Amma güman etmək olar ki, Avropanı ən çox narahat edən Ukrayna iqtisadiyyatının vəziyyətdir. Çünki Kiyevin bu sahədə ciddi problemlərlə üzləşməsi Avromaydan ideyasına və Brüsselin imicinə zərbədir. Bununla yanaşı, koronavirus pandemiyasından ciddi əziyyət çəkən Avropa Ukrayna iqtisadiyyatını təkbaşına xilas etmək iqtidarında və arzusunda deyil. Demək, Brüssel bu işə Rusiyanı da cəlb etməyə çalışır, Moskva isə təbii olaraq, «alver» edir. Bu, əlbəttə ki, sadəcə ehtimaldır. Amma açığı, indiki vəziyyətdə ən yaxşı (ən önəmlisi isə müharibəsiz) variant elə bu olardı.



MƏSLƏHƏT GÖR:

178