26 Aprel 2024

Cümə, 13:54

YÜKSƏK SƏVİYYƏDƏ DEDİ-QODU

Harri və Meqan tarixçəsi: saraydan qaçış, yoxsa seçkiqabağı marafon?

Müəllif:

01.04.2021

Şahzadə Harri və xanımı Meqan Marklın 2020-ci ilin yanvarında kral ailəsinə aid əsas öhdəliklərdən imtina etmək, Böyük Britaniyadan getmək və maliyyə müstəqilliyinin təmininə çalışmaq niyyətlərini açıqlamalarından sonra «Britaniya krallığında işlərin düz getmədiyi» haqda söz-söhbətlər yenidən gündəmə gəlib. Bu il fevralın sonunda kraliça II Yelizaveta Harri ilə Meqanın bundan sonra «ictimai vəzifələri yerinə yetirməyəcəklərini» təsdiqləyib. O, bununla yanaşı, cütlüyün «ailənin sevimli üzvləri olaraq qalacağını» da bildirib.

Lakin cəmi bir neçə həftə sonra – martın 7-də məlum olub ki, məsələ hələ bitməyib. Meqan ilə Harri məşhur amerikalı teleaparıcı Opra Uinfriyə qalmaqallı müsahibələrində çox maraqlı fikirlər səsləndiriblər. Onların fikirləri o qədər maraqlı olub ki, bəziləri az qala Britaniya monarxiyasının təhlükə qarşısında olduğunu belə, düşünməyə başlayıblar. İndi ehtiraslar bir qədər yatıb və mənzərə bir qədər aydınlaşıb. Odur ki, əslində nə baş verdiyini aydınlaşdırmağa çalışa bilərik.

 

Padşahlar da hər şeyə qadir deyil

II Yelizavetanın nəvəsinin ailəsindən Britaniya kral ailəsinin bostanına atılmış ən böyük daş irqçiliklə bağlıdır. Məsələ ondadır ki, Meqal müsahibənin əvvəlində bildirib ki, o hələ hamilə olarkən dünyaya gələcək körpələrinə şahzadə titulunun verilməyəcəyini, kral ailəsinin digər üzvlərindən fərqli olaraq, mühafizəçi ilə təmin edilməyəcəyini deyiblərmiş. Onların «düşünürsünüz ki, bu, onun irqi ilə bağlıdır?» sualına isə Meqanın cavabı kifayət qədər birmənalı olub: «Hamilə olduğum aylar ərzində… uşağın dərisinin rənginin necə olacağına dair narahatlıq və söz-söhbət var idi». Meqan saraydakı irqçinin (yaxud irqçilərin) adını açıqlamasa da, bu haqda «bir neçə dəfə söhbətin olduğunu» söyləyib.

Deyilənləri Harri də təsdiqləyib. Amma o da ad çəkməkdən imtina edib və yalnız efirdən sonra bildirib ki, həmin söz-söhbətdə ailənin yaşlı nəsli – kraliça və şahzadə Filipp iştirak etməyiblər. Harri onu da deyib ki, onu ən çox məyus edən Britaniya nəşrlərində Meqanın irqi mənsubiyyətilə bağlı müzakirələrin aparılmasına kral ailəsinin etiraz etməməsidir. «Halbuki onlarla parlamentari bunu etdi. Bu, insanı incidir», - deyə o, qeyd edib.

Bundan başqa, Meqan etiraf edib ki, toydan sonra onun üzərinə kral ailəsinin bütün qaydalarına əməl edilməsi kimi məsuliyyət qoyulduğundan, o, özünü faktiki olaraq, əsir kimi hiss edirmiş. Üstəlik, hər şey o qədər pis imiş ki, özünü son dərəcə tənha hiss edən şahzadə xanımı intihar haqda belə, düşünürmüş. Meqanın sözlərinə görə, o, həmin dövrdə kral sarayının bir neçə yüksək rütbəli əməkdaşına müraciət edərək, peşəkarlara müraciət etməsinə şərait yaradılmasını istəyib, lakin rədd cavabı alıb.

Müsahibədə Meqanın şahzadə Uilyamın xanımı Keyd Midlton ilə, şahzadə Harrinin öz atası şahzadə Çarlz ilə münasibətlərinə dair də açıqlamalar olub. Harri Britaniya monarxiyasını «tələ» adlandırıb və bildirib ki, bu «tələ»dən çıxa bilməyən atası ilə qardaşına «ürəyi yanır».

 

Harrinin anasının kölgəsi

Çoxları hesab edir ki, Meqan ilə Harrinin bu müsahibəsini şahzadə Diananın 1995-ci ildəki müsahibəsi ilə müqayisə etmək olar. Həqiqətən də, onların arasında paralellik çoxdur. Məsələn, şahzadə Harrinin anası 26 il əvvəl də sarayda şəxsi həyat səviyyəsinin çətinliyindən gileylənir, depressiyaya düşdüyünü deyir, bulimiyadan, sarsıntıdan, intihar düşüncəsindən danışırdı. Harri bildirir ki, o, anasının başına gələnləri Meqanın yaşaya biləcəyindən də narahat olurmuş. Diananın kiçik oğlu özü də dəfələrlə hələ uşaq yaşlarından psixoloji problemlər yaşadığını bildirib, bunun xüsusilə anasının ölümündən sonra ciddi problemə çevrildiyini söyləyib.

Amma deyəsən, Harrinin əzabları boşuna deyilmiş. Martın sonunda məlum olub ki, o, Kaliforniyanın kouçinq və psixi sağlamlıqla məşğul olan «BetterUp» şirkətinə qarşılıqlı əlaqələr üzrə direktor təyin edilib.

Beləliklə, saraydan qaçmış cütlük Opra Uinfri ilə söhbətdən sonra zərərçəkmiş tərəf, zamanla ayaqlaşmağa çalışan, şəxsi müstəqillik və azadlığa üstünlük verən kinsin adamlar rolundadır. Kral sarayı isə əksinə, növbəti böhranını yaşayır. VVS bununla əlaqədar olaraq, şahzadə Diananın bioqrafı, «Vanity Fair» nəşrinin sabiq redaktoru Tina Braunun sözlərini yada salır: müsahibə kral ailəsi üçün «kriptonit»ə çevrilib. Vəziyyəti, yəqin ki, bundan yaxşı ifadə etmək mümkün deyil. Amma bu, Britaniya monarxiyasının həqiqətən geri dönüşü olmayan nöqtəyə yaxınlaşdığı anlamına gəlirmi? Bəlkə də, bu, II Yelizavetadan sonra özünü daha aydın şəkildə göstərəcək. Bəs, buna kral ailəsinin pərəstişkarları necə yanaşacaq? Axı, müxtəlif qiymətləndirmələrə görə, ölkə əhalisinin ən azı üçdə ikisini bu insanlar təşkil edir.

Maraqlıdır ki, «Google» da «niyə britaniyalılar sevirlər…» ifadəsini yazan kimi, ən populyar variantlardan biri kimi «kraliça» peyda olur. Yəni dünya anlamaya bilər, amma britaniyalıların özləri üçün monarxiya institutu «qədim əziz İngiltərə»nin təcəssümüdür, ənənəvi dəyərlərin sinonimi, daim dəyişən dünyada gələcək üçün mayakdır. Lakin məsələ bu cür Britaniyanın dünyada son dönəmlərdə baş verən dəyişikliklərə nə qədər uyğun olmasındadır. Axı, indi əsrlərdən gələn ideallar tarixin arxivinə göndərilir. II Yelizavetanın dövründə doğulmuş nəslin tədricən yeni nəsillə əvəzlənməsi ilə vəziyyət necə dəyişəcək?

«Republic» anti-monarxiya təşkilatının rəhbəri Qrem Smit bildirir ki, «Britaniya üçün, kral ailəsinin gənc üzvləri üçün bu çürümüş institut yox olmalıdır». «Biz bundan yaxşısına layiqik. Monarxiya əbədi olaraq tariximizin bir hissəsi kimi qalacaq. Amma o, gələcəyimizin bir hissəsi olmamalıdır», - deyə Smit qeyd edib. Hər il kraliçanın Milad təbrikini yayan nəşrlər, paparazzilər və telekanallar dövrü yerini blogerlərə verir. Onlar üçün isə əbədi ideallar yoxdur. Buna aparan yol isə məhz Harri ilə Meqanın son müsahibə zamanı səsləndirdikləri şok açıqlamalardan keçir.

Əgər Britaniya monarxiyasının indiyədək yaşadıqlarına nəzər salsaq, vəziyyətin hələ o qədər də qorxulu olmadığı aydınlaşır. Müqayisə də eləmək olar. Məsələn, Diananın BBC-yə məşhur müsahibəsində polkovnik Ceyms Hyuitt ilə eşq yaşadıqlarına dair etirafı. Yaxud şahzadə Endryunun ünvanına bu yaxınlarda yaddaşlarda heç də yaxşı qalmayan maliyyəçi Ceffri Epşteynlə bağlı irəli sürülmüş ittihamlar. Xatırladaq ki, Endryu sonda hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu demək məcburiyyətində qalmış, tutduğu bütün vəzifələrdən imtinaya da hazır olduğunu söyləmişdi. Amma qalmaqal hələ də davam edir.

II Yelizavetanın əmisi, kral VIII Eduardın həyat yolu daha maraqlıdır. Onun ürəyini həyat yoldaşından boşanmış amerikalı aktrisa Uollis Simpson fəth etmişdi və Eduard bu xanımla ailə qurmaq üçün 1936-cı ilin dekabrında taxt-tacdan imtinaya belə, hazır olduğunu bildirmişdi. Əgər Uollis ilə Eduardın ətrafında bəzi birmənalı olmayan söz-söhbətlər yaşanmasaydı, onlar nasist Almaniyası rəhbərliyilə dostluq etməsəydilər və hətta kralın müəyyən psixi problemlərinin olduğuna dair fikirlər dolaşmasaydı, bu, dünyanın ən gözəl sevgi tarixçəsinə çevrilə bilərdi.

Yeri gəlmişkən, Harri özü də eyibsiz deyil. Keçmişdəki sevgi macəraları onun şarmını daha da artırsa da, 2005-ci ildə (20 yaşı olarkən) tədbirlərdən birinə nasist kostyumu ilə getməsini heç də cavanlığına və təcrübəsizliyinə bağlamaq mümkün deyil… Meqan ilə ailə qurduqdan sonra isə Harrini Vindzor parkındakı yeni evinin – Froqmotun təmirinə həddindən artıq pul xərcləməkdə ittiham edirdilər. İttihamlarda bildirilirdi ki, Harri xanımı ilə birlikdə saray ənənələrini pozur (məsələn, oğullarının xaç atasının adını açıqlamır), məzuniyyətə şəxsi təyyarələri ilə yollanır (ətraf mühitin mühafizəsi prinsipinə sadiq olduğunu deməsinə rəğmən), yaxud Meqan öz davranışları ilə Bukingem sarayının iki əməkdaşını işdən ayrılmağa vadar edib və s.

 

Britaniyasayağı BLM

Odur ki, Opra Uinfriyə verilmiş və geniş müzakirələrə yol açmış müsahibədə xüsusi sensasiyalı heç nə yoxdur. Bir «əmma» olmasaydı. Bəli, söhbət irqçiliklə bağlı ittihamlardan gedir. Britaniya kral sarayının hansısa üzvünə, yaxud saraya yaxın hansısa şəxsə bu ittihamın irəli sürülməsi kifayət qədər ciddi məsələdir.

Ötən ilin yayında ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılan zaman ölməsi miqyaslı etiraz aksiyalarına yol açmışdı. Məhz Floydun ölümü ilə tarixdə «Black Lives Matter» (BLM) kimi ictimai hərəkat peyda olub. Az sonra hərəkat istər Amerikanın sərhədlərini, istərsə də öz ideyasını aşmağa başlayıb. İndi «qurbanlar» sırasına tədricən digər «əzilən» insanlar da daxil olur – LGBT üzvləri, psixi sarsıntıdan əziyyət çəkən insanlar və s. Odur ki, Meqanın intihar planları haqda dedikləri də istər-istəməz, dünya trendinə çevrilib.

Britaniyanın Leyboristlər Partiyasından olan bəzi deputatlar hadisələrin bu cür inkişafını gördükdən sonra insidentin araşdırılması tələbilə çıxış etməyə başlayıb ki, bu da təəccüblü deyil – onlar irqçiliyin yolverilməz olduğunu deyirlər. Artıq kral ailəsi üzvlərinin xəsis, qəddar olduqları, yalnız öz nüfuzlarını düşündüklərinə dair fikirlərə də rast gəlinir.

Bukingem sarayı, təbii ki, bütün bunlara reaksiya verməli olub. Birincisi, o, Britaniya kral ailəsinin müsahibədə səsləndirilmiş fikirlərə ciddi yanaşdığını, ailənin bütün bunları müzakirə edəcəyini açıqlayıb. İkincisi, saray azlıqların hüquqlarının müdafiəsilə bağlı bütün mövcud proqramlara yenidən baxılacağını da bəyan edib.

Yəni Harri ilə Meqan ortaya heç bir sübut qoymasalar da, heç kraliçanın özü belə, onların dediklərilə bağlı heç bir şübhə ifadə etməyib. Bundan başqa, təcrübəli və yeri gəlmişkən, qara dərili Opranın məsələni hansı kontekstdə qoyduğuna dair də təhlil aparmaq olar. Bəlkə, kral ailəsinin hansısa üzvünün Harri ilə Meqanın övladlarının dərisinin rənginə marağı elə bayağı maraqdan başqa bir şey deyilmiş? Xarici görünüşü bu qədər fərqli insanların nikahına hər zaman belə maraq olur, axı.

Amma istənilən halda, kral ailəsinin nüfuzuna növbəti dəfə zərbə dəyib və ortaya çıxmış suallara sanki heç kim cavab vermək fikrində deyil.

 

Prezident Meqan Markl və həyat yoldaşı şahzadə Harri?

Maraqlıdır ki, bəzi müşahidəçilər kral ailəsindəki qalmaqalın son zamanlar yaşanan qlobal hadisələrlə çox böyük uyğunluq təşkil etdiyini düşünür. Söhbət köhnə ənənəvi və yeni rəqəmsal dünyanın qarşıdurmasından gedir. Əgər bu, həqiqətən də, belədirsə, kimlərin kimin tərəfində olduğunu anlamaq çətin deyil. Yeri gəlmişkən, məlum müsahibə fonunda hətta Marklın ABŞ-ın Demokratlar Partiyasının nümayəndələri ilə görüşdüyünə dair fikirlər də yayılıb. Guya görüşdə Meqanın ali vəzifəyə namizədliyini irəli sürməsi imkanları müzakirə olunub. Bu xəbərə dərhal reaksiya verən ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib ki, o, şahzadə Harrinin xanımının 2024-cü ildə Amerika prezidenti postuna namizədliyini irəli sürəcəyinə ümid edir. Tramp deyib ki, Markl, həqiqətən, iddiasını ortaya qoyarsa, buna rəğbətlə yanaşacaq.

Tramp hələ prezident olarkən bildirmişdi ki, Vaşinqton Birləşmiş Ştatlara təşrif buyurmuş şahzadə Harri ilə xanımı Meqanın təhlükəsizliyinin təmininə vəsait ayırmayacaq. Ötən ilin sentyabrında isə Ağ Evin əvvəlki rəhbəri Amerikada keçiriləcək prezident seçkisi ərəfəsində təbliğat çarçı çəkmiş Harri ilə Meqana uğurlar arzulamışdı. Bildirilirdi ki, cütlük demokratların namizədi Co Baydeni dəstəkləyir. Amma çarxda bu haqda birbaşa heç nə deyilmirdi. Yeri gəlmişkən, Tramp özü dəfələrlə kraliça II Yelizavetaya hörmətini dilə gətirib. Sabiq prezident kraliçanın idarəçiliyinin «nöqsansız» olduğunu deyib, onun «bir dəfə də səhv etmədiyini» söyləyib.

Ola bilsin ki, bu söz-söhbət zarafat təsiri bağışlayır. Amma bu günün Amerikası üçün Meqan həqiqətən də ideal namizəd ola bilər. Gözəl, gənc və məşhur qaradərili qadın axının əksinə getməkdən qorxmur, ən çətin vəziyyətlərlə belə, öz mövqeyini qoruyur. Odur ki, şahzadə Harrinin xanımının prezidentlik iddiaları reallığa çevrilə bilər. Bunu dolayısı ilə təsdiqləyən daha bir fakt var: əgər cütlük sakit, kral sarayından uzaqda nəzərə çarpmayan həyat sürmək istəsəydi, bunu heç bir səs-küy yaratmadan, səs-küylü bəyanatlar, müsahibələr vermədən, məhkəmə iddiaları qaldırmadan edə bilərdilər. İndi isə bütün bunlar siyasi kampaniyaya uğurlu start təsiri bağışlayır. Bəlkə də, bir müddət sonra dünya artıq «Britaniya şahzadəsi Harri və xanımı Meqan Markl» haqda deyil, «ABŞ prezidenti Meqan Markl və həyat yoldaşı şahzadə Harri» haqda danışacaq»…

Həqiqətən də, Tramp çoxları üçün Amerikanın ənənəvi mühafizəkar hissəsinin təcəssümü idisə, eyni sözləri Böyük Britaniyanın kral ailəsi haqda da söyləmək olar – onu tez-tez «Şirkət» də adlandırırlar. Bu zaman yalnız bilavasitə II Yelizavetanın qohumları deyil, saraya aidiyyəti olan bütün şəxslər nəzərdə tutulur. Bu, istər məsləhətçilərdir, istər katiblər, istər mətbuat xidmətinin işçiləridir, istərsə də sistemin mexanizminin çalışmasına, gəlirin əldə edilməsinə yardım göstərən müxtəlif yardımçılar. O da bildirilir ki, bu «Şirkət»ə düşmək çox çətindir. Bu mənada, Britaniyanın monarxiya institutu adi şirkət və korporasiyadan heç nə ilə fərqlənmir. Onun da öz iyerarxiyası, hədəfləri, qaydaları və daxili etikası var.

Harri ilə Meqan da ailənin konkret üzvlərinə – nənəyə, qardaş və ya ataya qarşı deyil, daha çox məhz bu sistemə qarşı «qiyama qalxıblar». Amma bu halda şəxsi azadlığın olmadığına dair deyilənlər qəribə görünür. Hər halda, insana iş vermiş şirkət və korporasiya onun iş saatından istədiyi kimi istifadəsinə, özbaşınalığına göz yuma bilməz. Şirkət rəhbərliyi işçilərin qurumun mətbuat xidmətini, onunla əməkdaşlıq edən KİV-i davamlı tənqid etməsinə də yol verməyəcək. Odur ki, müsahibədə səsləndirilən bütün iddialar əsassız, hətta uşaq söhbəti təsiri bağışlayır.

Yenə də yalnız bir istisna var – irqçilik ittihamı və şəxsi psixoloji problemlərə məhəl qoyulmaması. Britaniyalı jurnalist və teleaparıcı Pirs Morqan ITV telekanalının «Good Morning Britain» səhər şousunu məhz Meqanın intiharla, ona yardım göstərməkdən imtina olunması ilə bağlı fikirlərinə şübhə ilə yanaşdığı üçün ayrılmalı olub. Martın 9-u axşam Britaniyanın «Ofcom» media tənzimləyicisi Morqanın çıxışından 41 mindən artıq şikayət aldıqlarını bəyan etmişdi. Postundan ayrılmalı olan daha bir şəxs Britaniya Redaktorlar Birliyinin icraçı direktoru İan Marreydir. Cəmi 2 gün əvvəl isə BBC rəhbərliyi 61 yaşlı aparıcı Denni Beykeri işdən çıxarıb. Səbəb onun Harri ilə Meqanın oğulları ilə bağlı irqçi «tvit» yazmasıdır. Odur ki, bu faktlar daha ciddi təsir bağışlayır.

Britaniya «Şirkət»i haqda məqalələrdə çox vaxt yada salınmayan daha bir vacib məqam var. Britaniyada kral hakimiyyəti turistlər üçün bələdçi kitabçalarında, hətta məktəb dərsliklərində yazıldığının əksinə olaraq, heç də nominal xarakter daşımır. Britaniyada monarx hansısa hadisə ilə bağlı öz fikrini çox nadir hallarda ifadə edir. Lakin bununla yanaşı, baş nazir və parlamentin qəbul etdiyi bir çox qərara onun təsiri konkret və son dərəcə ciddi olur. Yaşananlara məhz bu nöqteyi-nəzərdən yanaşsaq, Harri ilə Meqanın «saraydan qaçışı» tam fərqli çalarlar alır.



MƏSLƏHƏT GÖR:

157