26 Aprel 2024

Cümə, 01:52

SEVGİ RƏSSAMI

Anar ŞƏMSİYEV: «Daxili emosiya sarsıntısının İdeyada tamlıq almağı gərəkdir »

Müəllif:

15.04.2021

Anar Şəmsiyevin cəmi 31 yaşı var. O, ruh halına və gündəlik mental yaşantılarına görə rəssamdır. Rəssamın marağının və diqqətinin mərkəzi - insandır. Bütün problemləri və yarımçıqlıqları ilə, bütün kiçik və böyük qayğıları ilə, bütün həyəcan və axtarışları ilə - insan: tutduğu yer, cari zaman strukturundakı "mən"i ilə insan... İlk baxışdan elə gələ bilər ki, niyə bu gənc psixologiya ilə və ya getdikcə gündəmi zəbt edən gestalt terapiyası və gestalt psixologiyası ilə məşğul olmasın? Hər şey sadədir. O, düşünür ki, təsviri incəsənətin insanın zəkasına və ruh halına təsiri istənilən dərmanın təsirindən daha yaxşıdır. Çünki incəsənət insanı istənilən terapiyadan heç də pis müalicə etmir. Bəlkə də daha yaxşı müalicə edir. Çünki təsviri incəsənətlə məşğul olmaq İnsanı özünə qaytarmaq gücündədir. Həm də onun ən yaxşı təzahüründə. Gənc rəssam hər şeyə özünün humanist baxışı ilə heyran edir, amma ən əsası - onun insan mənəviyyatının qorunması və inkişaf etdirilməsi ideyasına verdiyi töhfə ilə bağlıdır.

Anar. Bu ad, bəlkə də, Anlar (danışıq dilindəki «annar» variantından – red.) sözündən götürülüb. Üç saatlıq söhbətimiz də bunun tam olaraq belə olduğunu deməyə imkan verir: Anlar. Hələ erkən uşaqlıqdan qohumları deyirdilər ki, o, əlində fırça ilə doğulub və bələkdən bu yana ondan heç ayrılmayıb. Bu, əlbəttə ki, bənzətmədir, lakin onda bir gerçək var ki, həmyerlimizi fəxri bir adla çağırmağa imkan verir – o, Rəssamdır.

Anar orta məktəbi asanlıqla oxuyub. Dərs prosesinə hobbi, əyləncəli oyun kimi yanaşıb. Heç də humanitar yönümlü olmayan fənlər üzrə məktəb olimpiadalarının asanlıqla qalibi olub. Oyun kimi idi, yəni! Fizika, kimya və riyaziyyatı əsasa - təsviri incəsənətə tətbiqi incəsənət kimi qəbul etdi. Orta məktəbi bitirdikdən sonra onun seçiminin dəqiq elmlər deyil, rəssamlıq olduğunu görəndə, çoxları onu təcrübəsizlikdə qınadı. Anar seçiminə dostlarının verdiyi bu qiymətə təəccübləndi və əyləndi. O, indi də əmindir ki, insanın bir ömür boyu xidmət edəcəyi işin seçimi mütləq sevgi əsasında edilməlidir. Çünki bu həyatda hər şey, həyatın özü kimi Sevgidən başlayır. Deyəcəksiniz utopiyadır? Arxaikadır? Kim bilir! Anar idealist və romantikdir. Onun həyat fəlsəfəsi İntibah dövrünün fəlsəfəsinə bənzəyir. Xidmət etdiyi incəsənət elə bir açardır ki, insandan və onların düşüncələrindən ibarət dünyamızı tanımağa imkan verməklə yanaşı, insanın özünü tanımasına imkan yaradır.

- Hər bir insan özəl və maraqlı bir dünyadır. Mənə bu dünyanın bir hissəsi olmaq xoşdur...

Onun bu barədə yalnız danışmaq deyil, həm də 5 yaşdan 60 yaşa qədər olan insanlarla ünsiyyət bacarıqlarını daim inkişaf etdirərək, düşünmək hüququ var. Bakıdakı Rəssamlıq Akademiyasının 2015-ci il məzunu Anar Şəmsiyevin hesabında təkcə 16 xarici və yerli sərgidə iştirak var (onlardan biri fərdi keçirilib), həm də o, 2014-cü ildən başlayaraq, ardıcıl pedaqoji fəaliyyət göstərir. O, qürurla danışır ki, məktəbdə rəsm müəllimi olub, «Yarat contemporary art space» proqramı üzrə rəssamlıq sənətindən master-klasslar keçir, "XX-XXI əsrlər Azərbaycan rəsm sənəti" Muzeyində master-klasslar keçir, qürurla deyir ki, o, hazırlıq kurslarında rəsm müəllimidir. Anar, ümumiyyətlə, “müəllim” sözünü xüsusi həyəcan və hörmətlə tələffüz edir. Düşünür ki, bu cür insanların Yer üzündə xüsusi bir missiyası var. Müəllimin bilik və bacarıqlarını insanlara harada ötürməsinin önəmi yoxdur – istər ali məktəb auditoriyasında, məktəbdə və ya studiyada olsun, isətrsə də muzeydə və ya bir sərgidə yerləşən rəsm əsərlərinin izləyiciləri dialoq qurarkən olsun. Öz baxışlarını açıqladıqdan sonra dərhal Səttar Bəhlulzadənin, Pikassonun, Tahir Salahovun əsərlərindən danışmağa başlayır. Bu tanınmış ustaların bədii üslublarındakı fərq və Anarın onların əsərlərinə olan sevgisi suala səbəb oldu:

- Təsviri incəsənətdə hansı janra üstünlük verirsiniz?

- Ayrıca üstünlük verdiyim bir janr yoxdur. Düşünürəm ki, bir rəssam öz gücünü klassik və çağdaş sənətin bütün janrlarında və istiqamətlərində sınamalıdır. Başlıcası odur ki, bu sınaq və təcrübələrdə müəllifin düşüncəsi həmişə olsun: sən bunu niyə edirsən, kimə ünvanlayırsan və öz izləyicinlə nə barədə danışırsan?

- İncəsənət Akademiyasının və Ə.Əzimzadə adına Rəssamlıq Kollecinin müəllimləri sizdə və tələbə yoldaşlarınızda hər şeydən öncə nəyi inkişaf etdirirdilər?

- Üslub, janr, mövzu seçimində azadlıq, fantaziya coşqusu... Azad yaradıcılıq həm təşviq edilirdi, həm də alqışlanırdı. Həmişə. Artistlər kimi bizi də öyrədirdilər ki, izləyici ilə yalnız ruh olan zaman danışmaq lazımdır və mümkündür. Əsərdə ruh yoxdursa - söhbət də yoxdur. Əks təqdirdə, rəssam olmaq mümkün deyil. Mən həm də sənətkarlığın texniki bacarıq səviyyəsini nəzərdə tuturam.

 

Rəsm

Kiçik emalatxanada onun yetərincə çox əsəri var: natürmortlar, peyzajlar, portretlər, süjet rəsmi və hətta tamamlanma mərhələsində olan avtoportret. Bir həvəskarın - sənətşünasın deyil, həvəskarın nəzər nöqtəsinə görə - əsərləri çox maraqlıdır: həm icra texnikasında, həm də əsərlərdə ifadə olunmuş müəllif düşüncəsinə görə. Məsələn, «Müdrik» adlı əsərə baxaq. Kədərdən yanan və nəsə dramatik bir şey baş verəcəyinin əndişəsi duyulan bu gözlərə baxın! Nə qədər uzun müddət onlara baxsanız, bir o qədər aydın başa düşəcəksiniz: onlar Zamandan kəsdirmə baxırlar və bizim hələ görmədiklərimizi görürlər. İstər-istəməz pandemiya haqqında düşünürsən. Görəsən, əsərin nə vaxt çəkildiyini soruşmağa dəyərmi? Nəyə görə? Ondan mümkün olan hər şey anlaşılıb. Hər kəsin öz bildiyi kimi anlamağa hüququ var.

 

Pedaqogika dialoqda  

- Bu nəyinizə lazımdır?

- Nə?

 - Dərs keçmək. Emalatxanada kətanla, düşüncələriniz və hisslərinizlə baş-başa qalaraq studiyada tənhalığa çəkilmək daha maraqlı deyilmi?

- Baxır, kimə necədir. Mənim üçün pedaqogika yaradıcılığın davamıdır. Bu, öz qanunları olan özünəməxsus incəsənətdir. İnsanlıq və etibar qanunları. Düşünürəm ki, pedaqogikada mənim taleyimdir. Birgə yaradıcılıq prosesi kimi təşkil etdiyim dərs prosesi mənim xoşuma gəlir. Məndə elə hiss var ki, mənim tələbələrim, yaşlarından asılı olmayaraq, dərs prosesindən sadə həzzdən daha çox şey alırlar. Və mən onların həyatlarının necə tədricən dəyişdiyini, daha parlaq və daha yaxşı olduğunu görürəm.

- Sizin üçün harmoniya qanunu nədə əks olunur?

- Bu barədə düşünməmişəm. Bəlkə də, onu özüm yaratmağımda.

- Necə?

- İncəsənətin vasitəsi ilə. O, mənə özümü və ətrafımdakı insanları başqa tərəfdən görməyimə kömək etdi. Müəllimliklə məşğul olaraq mən  başqalarına özlərini görməkdə və tanımaqda kömək edirəm.

- Nə isə, həddindən çox gözəl səslənir. Bunun arxasında nə dayanır?

- Təcrübə. Mənim praktiki təcrübəm. Bunu anlamaqdan öncə, mən özümün təşkil etdiyim "universitetlər"imdən keçdim. Tamamilə fərqli sahələrdə, incəsənətdən uzaq sahələrdə işləməyi bacardım. Hətta dövr var idi ki, barmen idim! Anladığım gerçək primitivliyə qədər sadə oldu. Mən bir şeyi başa düşdüm: nə edirsən, et, bu həyatda nəylə məşğul olursan, ol, məşğul olduğun işi sevməlisən, bu gün, burada və indi. Yalnız bu cür sən öz ahəngdar həyatının yaradıcısı ola bilərsən. İndiyədək etdiyim və indi etdiyim hər şeyi sevmişəm və indi də sevirəm. Bu sevgi mənə sevinc bəxş edir və baş verənlərin hamısına məna verir. Harmoniya hissi sizin qazandığınız pulun miqdarından asılı deyil. Bu, sevgidən asılıdır. Mən bununla yaşayıram...

 

Həyat improvizasiya kimidir.

- Uzun sürən pandemiya dövrü həyatınızın gedişatına təsir etdi?

- Təəssüf ki, bəli. Mən çox insanı əvvəllər heç tanımadığım şəkildə tanıdım və gördüm.

- Bu, sizi incitdi?

- Məyus etdi. Ancaq bu, insanın ruhu ilə bağlı başqa bir önəmli məqamı anlamağa kömək etdi: sən başında “gəzdirdiyin” düşüncələrin bir əksisən. Bizə sınaq olaraq göndərilən çətin anlar onu çılpaqlaşdırır. Öncə gizli olanlar açığa çıxır. Kimlərsə bu sınaqlardan ləyaqətlə keçir, bəziləri isə keçmir.

- Bəs, müharibənin 44 günü?

- Onlar bizi təmizlədi, özümüzə və çiban kimi yetişmiş problemə qarşı münasibətdə daha təmiz və dürüst etdi. Bizi 30 ilə yaxındır ki, əzab verən yaradan qurtardıq. Artıq indi hər şey fərqlidir.

- Bu, bədii tədqiqatınız üçün yeni mövzu olacaq?

- Tamamilə mümkündür. Amma indi deyil. Mən hələ hazır deyiləm. Bu, mənim şagirdlərimin işləri üçün mövzu oldu. Onlar öz düşüncələrini və hisslərini kətana köçürdülər. Amma mən içimdə hələ tam yetişməmiş olanı üzə çıxarmağa hazır deyiləm. Zaman keçməlidir. Düşüncələrimdə bu müharibənin bədii obrazı yaranmalıdır. Ancaq obraz hələ yoxdur. Düşüncə parçaları və güclü duyğular - təsirli deyil. İçimdəki emosional titrəmənin İdeyada tamlıq qazanması lazımdır. Müharibəni yalnız belə təsvir etmək olar - hiss etdiyin və anladığın kimi.

- “Xoşbəxt olmaq” ifadəsi sizin üçün nə deməkdir?

- İnsanlara kömək etmək və ehtiyacı olanları dəstəkləmək üçün sağlam olmaq. Müharibə zamanı etdiyimiz kimi. İstənilən halda pozitivliyi və yaxşı əhval-ruhiyyəni qorumaq...

- Bu gün və gələcəkdə həyatdan nə gözləyirsiniz?

- Gözləmirəm. Mən sadəcə yaşayıram. Heç bir şey planlaşdırmıram. Sadəcə yaşayıram! Bu gün, dünən və sabah – bu, öncədən görməyin mümkün olduğu bir həyatdır. Planlaşdırmaq da mümkün deyil. Pandemiya və müharibə buna sübutdur. Ancaq mən bilirəm ki, baş çəkdiyim və mənə ehtiyacı olan insanlar var. Bu onların həyatıdır, mən də bu həyatın bir parçasıyam. Onların və özüm qarşısında öhdəliklərim var. Mənim götürdüyüm hədəflər var. Ancaq hədəf - bir İdeyadır, ancaq praktiki həyata keçirmək üçün bir plan deyil.

- Deməli, bu gün sizin həyatınız başdan ayağa bir improvizasiyadır?

- Məhz belədir! İmprovizasiya. Hələ ki, bundan daha yaxşı bir şey düşünmək mümkün deyil!



MƏSLƏHƏT GÖR:

215