2 May 2024

Cümə axşamı, 01:48

QAZ BÖHRANI

Avropa qaz anbarlarını doldura bilmir, Azərbaycan Avropa Birliyinə qaz satışını artırıb

Müəllif:

15.05.2021

Bu yaz Avropada soyuq keçdi və bu, yeraltı qaz anbarlarına (YQA) qazın vurulmasını gecikdirdi. Avropanın qaz sektoru bu prosesi martın sonunda başlamağa çalışırdı, lakin soyuq hava üzündən onu rekord gec bir tarixə - 19 aprelə qədər gecikdirdilər. O vaxtdan bu yana qaz anbarlarının ehtiyatları hər gün müəyyən qədər artsa da, doldurma prosesi adətən olduğundan bir neçə dəfə aşağı templə getdi.  

Yeri gəlmişkən, Avropa Birliyinə (AB) qaz nəqli həcmləri yalnız Rusiyadan deyil, Azərbaycandan da artır. Bununla yanaşı, «Qazprom» bildirib ki, ilin əvvəlindən Avropaya qaz nəqlini, təxminən, 30% artırıb və şirkət ixracatı daha da artırmaq niyyətində deyil. Beləliklə, Azərbaycan qazı üçün çox əlverişli vəziyyət yaranır.

 

Pozulmuş nəql

Aprel ayının sonuna AB ölkələrinin yeraltı anbarlarında ehtiyatların üçdə birindən azı qalmışdı. Avropanın ən çox qaz ehtiyyatı saxlayan Almaniya və Avstriyanın anbarları - hər birində 26%, Hollandiyada - 23%, Fransada isə cəmi 17% dolu idi. Fakt budur ki, cari istehlakın yüksək səviyyəsi anbarlardakı ehtiyatların tam bərpasına imkan vermir. Başqa sözlə, Avropanın YQA müəssisələrinə qaz vurma kampaniyasının pozulduğu göz qabağındadır və Avropa 2021/2022 qışını "yeraltı anbarlar"dakı qaz ehtiyatının qəbuledilməz dərəcədə aşağı səviyyəsi ilə qarşılayacaq. Bütün bunlar həm Avropadakı istehlakçıların təchizatının təhlükəsizliyinə, həm də dünyada qaz qiymətlərinə təsir edəcək.  

Yeri gəlmişkən, anbarların rekord səviyyədə boş olması şəraitində tələb artdığından qazın qiymətləri də artıb və artmaqda davam edir. Avropada qazın spot qiyməti min kubmetrə görə 311 dollara qədər yüksəlib və bu, 13 yanvardan bəri ən yüksək göstəricidir. "Mavi yanacağ"ın bahalaşmasına səbəb boru kəməri və mayeləşdirilmiş təbii qaz (LNG) nəqlində kəsir, həmçinin sərin hava şəraiti olub. İri Norveç yataqlarında plan üzrə görülən yay təmir işləri də qiymətlərə müəyyən dərəcədə təsir göstərir.

Ancaq cəmi bir il əvvəl COVID-19 pandemiyasının məhdudlaşdırıcı tədbirləri üzündən tələbin ümumi azalması fonunda Avropa bazarı geniş və tutumlu qaz anbar sistemi ilə faktiki olaraq bütün dünyadan satıla bilməyib əldə qalmış "mavi yanacaq"ları qəbul etmişdi.  

Bu il apreldə Avropadakı yeraltı anbarlarda qaz ehtiyatları nəinki artıb, əksinə – «Gas Infrastructure Europe» publik bazasının müşahidələr apardığı tarixdə (2011-ci ildən bəri) ilk dəfə hətta azalıb. Əgər 31 martda ehtiyatların səviyyəsi 30% idisə, 30 apreldə 29,9%-ə düşmüşdü. Bu isə artıq Rusiya qazına olan tələbin artmasına səbəb oldu - yanvar ayında qaz nəqli rekord səviyyəyə qalxdı.  

Soyuq hava qaz sənayesinə gələn qışa görə yeraltı anbarlara qaz vurmaq üçün heç bir resurs qoymur. «Gas Infrastructure Europe»nın məlumatına görə, mayın 5-də qaz anbarlarından götürülən qaz kəskin şəkildə artıb və demək olar ki, anbarlara vurulan qazdan artıq olub. «Qazprom» Almaniya və Avstriyadakı anbarlarından qazı fəal şəkildə götürməyə davam edir.

 

Yeni müqavilə

YQA müəssisələrindəki qaz ehtiyatları yayda artırılmalı olacaq. Tükənmiş mənbələri bərpa etmək üçün Avropaya ötən ildəkindən 57,3% (və ya 23,9 milyard kubmetr) çox qaz vurulması lazım olacaq. Anbarların doldurulması kampaniyası 2011-ci ildən bəri ən iri kampaniyalardan biri ola bilər və eyni zamanda Avropa bazarında yanacağa olan tələbatın artması üçün əsas amillərdən birinə çevrilə bilər. Bu prosesdə əsas rol, təbii ki, LNG-nin və Rusiya qazının payına düşə bilər, lakin Azərbaycan qazı da artıq bu məsələyə öz töhfəsini verir.

İtaliyanın qaz nəqli operatoru «Snam»ın verdiyi məlumata görə, Azərbaycan qazının Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya nəqli birinci rübdə iki dəfədən çox artıb – gündə, orta hesabla, 9,5 milyon kubmetrdən 20 milyon kubmetrdən çox olub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2021-ci ilin birinci rübündə Azərbaycan qazının İtaliyaya bəyan edilmiş ixracatı 435 milyon kubmetr (89,9 milyon dollar) olub, Yunanıstana - 57,9 milyon kubmetr (16,2 milyon dollar), Bolqarıstana isə - 59, 7 milyon kubmetr (8 milyon dollar) Azərbaycan qazı ixrac edilib.

Ümumiyyətlə, Azərbaycan cari il üçün AB-yə 5 milyard kubmetr qaz nəql edəcəyini gözləyir, ancaq faktiki rəqəmin daha yüksək olması mümkündür. Buna «Şahdəniz-1» çərçivəsində Türkiyəyə qaz ixracının müvəqqəti dayandırılması da imkan verəcək.

Bəllidir ki, bu günə qədər Azərbaycan qazının Türkiyəyə ixracatı iki müqavilə əsasında «Şahdəniz» yatağından həyata keçirilirdi: BOTAŞ-ın məlumatına görə, birinci müqavilə «Mərhələ-1»dən Cənubi Qafqaz boru kəməri ilə ildə 6,6 milyard kubmetr nəql edilməsinə hesablanmışdı. İkinci müqavilə TANAP ilə ildə 6 milyard kubmetr qaz ötürülməsini nəzərədə tuturdu. Birinci müqavilə 2001-ci ilin martında imzalanıb və 16 aprel 2021-ci ildə müddəti bitib. Hazırda «Mərhələ-1» çərçivəsində qaz nəqli üçün yeni müqavilə bağlamaq üçün Türkiyə qaz şirkəti «BOTAŞ» ilə «Şahdəniz» konsorsiumu arasında danışıqlar gedir.

Bununla belə, belə bir dayandırma nə «Şahdəniz» yatağından qaz hasilatı həcmlərinə, nə də ixrac həcmlərinə təsir göstərməyib. Aprel ayında ortaya çıxan "artıq həcmlər" İtaliyaya yönəldilib, bu ölkə soyuq qışdan sonra anbarlara aktiv şəkildə qaz vurmağa başlayıb. TAP-ın operatorunın və Avropa qaz nəqli sistemi operatorlarının vahid platforması ENTSOG-un məlumatlarına görə, uzunmüddətli müqavilənin bitdiyi 17 aprel tarixindən başlayaraq, Avropaya Cənub Qaz Dəhlizi ilə ötürmə 77% artaraq gündə 26 milyon kubmetrə çatıb. Qazın 22 milyondan çoxu isitmə mövsümündə qaz ehtiyatlarının üçdə ikisini verilir – təxminən, 12 milyard kubmetr istifadə edən İtaliyaya çatır.

Türkiyə «Şahdəniz»dən TANAP vasitəsi ilə planlaşlırılmış həcmlərdə qaz almağa davam edir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər və Ankaranın özünü çoxdan Azərbaycan qazının etibarlı alıcısı kimi təsdiqləməsi tərəflərin yeni bir müqavilə barədə anlaşmaya gələcəyi ilə bağlı şübhəyə yer qoymur. Hələ ki, danışıqlar prosesi davam edərkən, Azərbaycan qazının sərbəst həcmləri Avropanın cənubunda qaz ehtiyatlarının artırılması üzrə əlverişli bir səbəbə xidmət edə bilər.

 

Mübahisəli layihə

Rusiyanın "Şimal axını 2" qaz kəmərinin tikintisinin vaxtında başa çatdırılması Avropada qaz ehtiyatları ilə bağlı vəziyyəti yumşalda bilər. Lakin 2019-cu ildə ABŞ bu boru kəmərinin tikintisində iştirak edən şirkətlərə sanksiya tətbiq edib. Nəticədə, İsveçrənin «Allseas» şirkəti layihədən çəkilib və boru kəmərinin tikintisini dayandırıb. Düzdür, bu, layihənin dayandırılmasına gətirib çıxarmadı, çünki «Qazprom» işlərə Rusiyanın boru düzən gəmilərini qoşdu.

2020-ci ilin sonunda ABŞ Senatı gələn il üçün müdafiə büdcəsini təsdiqlədi ki, burada da «Şimal axını 2»yə qarşı yeni məhdudiyyətlərlə bağlı düzəlişlər yer aldı.

Layihə artıq 95% yerinə yetirilib, boru kəmərinin yalnız 121 km-nin çəkilməsi qalıb. Söhbət Almaniyann ərazi sularında 28 km, Danimarkanın sularında isə 93 km boru kəmərinin çəkilməsindən gedir. Buna paralel olaraq, Almaniya, Rusiya və ABŞ arasında qaz kəməri ilə bağlı mübahisələr davam edir.

Berlin və Vaşinqton bu layihənin gerçəkləşdirilməsi ilə bağlı fikir ayrılıqlarını hələ həll etməyiblər. Amerika tərəfinin əsas tələblərindən biri - Ukrayna ərazisindən keçən tranzitin azalması halında qaz kəmərinin fəaliyyətinin dayandırılması ilə bağlı mexanizmin yaradılmasıdır ki, bu, Berlin üçün qəti qəbuledilməzdir.

Ancaq Vaşinqton təzyiqi azaltmaq niyyətində deyil. Mart ayının sonunda ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinke bildirib ki, ABŞ hakimiyyəti «Şimal axını – 2»nin çəkilməsində iştirak edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə davam edəcək. O, layihə iştirakçılarından işləri dayandırmalarını tələb edib və böyük «risk etdiklərini» vurğulayıb. Berlində isə yenidən bəyan ediblər: Almaniyanın mövqeyi dəyişməz olaraq qalır.

Eyni zamanda, Almaniyanın özündə də layihə ilə bağlı siyasi təzyiqlər artmaqdadır - “yaşıllar” və Almaniya iqtisadiyyatının sürətli karbonsuzlaşdırılmasını - neft və qaz istehlakının azaldılmasını və bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini tələb edənlərin hamısı təzyiq göstərir. "Təbiətin və biomüxtəlifliyin qorunması birliyi" (Naturschutzbund Deutschland, NABU) qeyri-hökumət təşkilatı mayın 3-də qaz kəmərinin tikintisinə qarşı iddia qaldırıb və onun ətraf mühitə zərər verdiyini bəyan edib.

Bunun nəticəsi olaraq, may ayının sonuna qədər alman tənzimləyici BSH tərəfindən boru kəmərinin tikintisi üzrə operator «Nord Stream 2 AG»yə verilən icazə müvəqqəti olaraq dayandırılıb. İcazə şirkətə sentyabrın sonundan may ayının sonuna qədər Almaniyanın Baltik dənizindəki müstəsna iqtisadi zonasındakı 16,5 km-lik hissədə işlər görə bilərdi.

Ekspertlər gözləyir ki, boru kəməri 2022-ci ildə istismara hazır olacaq. Almaniyanın indiki rəhbərliyi layihənin həyata keçirilməsini dəstəkləyir. Bununla belə, sentyabr ayında ölkədə parlament seçkiləri keçiriləcək və seçkidən Rusiyaya qarşı çıxan və Moskva ilə əməkdaşlığa qarşı çıxış edən «Birlik 90/Yaşıllar» partiyası qalib gələ bilər. Belə vəziyyətdə Rusiya qaz kəmərini nə gözlədiyini yalnız ehtimal etmək olar.

Bütünlüklə, Avropada yaranmış vəziyyət bir daha qazın Birlik ölkələrinin enerji balansında çox vacib rol oynadığını göstərir və boru kəməri layihələrinin bölgənin enerji təhlükəsizliyini təmin etmək üçün önəm daşıdığını göstərir. Bu baxımdan, Cənub Qaz Dəhlizi layihəsinin gələcək inkişafı və bu sistemin tutumunun ildə 20 milyard kubmetrə çatdırmaq üzrə planlarla bağlı çox yaxşı perspektivlər var. Bu məsələdə Bakı Azərbaycan karbohidrogenlərini Rusiya resurslarına alternativ hesab edən AB və ABŞ-ın dəstəyinə arxalana bilər. Özəlliklə, BP-nin Azərbaycan sektorundakı «Şəfəq-Asiman» strukturu və digər perspektivli sahələrlə bağlı son kəşfləri nəzərə alındıqda, boru kəmərinin doldurulması ilə də bağlı problem olmamalıdır.



MƏSLƏHƏT GÖR:

171