26 Aprel 2024

Cümə, 06:36

BİZNES RİSKLƏRİ

Azərbaycan sahibkarları özəl sektorun inkişafına mane olan problemləri göstəriblər

Müəllif:

16.06.2021

Azərbaycanda iqtisadiyyatın pandemiyadan sonrakı bərpası prosesi artıq gedir və statistik göstəricilərə baxdıqda, bunun yetərincə sürətli olduğunu görmək olur. Özü də, qeyri-neft sektoru yaxşı nəticələr göstərir - yanvar-may aylarında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 25,4% artıb.

Ölkənin iri şirkətlərinin rəhbərlərinin sözlərinə görə, biznesin böyüməsi üzrə yaxın perspektivlər də yetərincə nikbin görünür, halbuki koronavirusa görə, sərt karantinin geri qayıtması ehtimalı da var. Eyni zamanda onlar özəl sektorun inkişafına və onun ölkənin ümumi daxili məhsulunun (ÜDM) formalaşmasında iştirakının artırılmasına yardımçı olacaq bir sıra mühüm islahatlar təklif edirlər.

 

Pandemiyanın dərsləri

Azərbaycan biznesinin nümayəndələri əmindirlər ki, həm qlobal, həm də yerli iqtisadiyyat bu ili müsbət nəticə ilə başa vuracaq. Bundan başqa, «PWC-Azerbaijan» tərəfindən Azərbaycanın şirkət rəhbərləri arasında keçirilmiş növbəti sorğudan belə məlum olur ki, rəyi soruşulan 120 respondentin 42%-i yaxın 12 ayda, 56%-i isə yaxın üç ildə mənfəətin artacağını gözləyir. Özü də, onların böyük əksəriyyəti öz bizneslərinin inkişaf strategiyasının formalaşdırılmasında pandemiyanı və digər sağlamlıq problemlərini nəzərə almaqda davam edirlər.

“Pandemiya dünyada açıq sarsıntılara və qeyri-müəyyənliyə səbəb oldu, Azərbaycan da istisna deyil. İndiyə kimi görünməmiş dövrə baxmayaraq, şirkət rəhbərləri dinamik inkişaf edirlər və yeni fürsətlərdən istifadə etmək üsulları barədə düşünərək, alışılmış problemləri qeyri-adi üsullarla həll edirlər”, - deyə «PWC»nin Azərbaycandakı idarəedici tərəfdaşı Mövlan Paşayev bildirib.

"Qeyri-adi üsullara" gəldikdə, isə, söhbət, böyük ehtimalla, iqtisadiyyatın pandemiya "sayəsində" xeyli sürətlənmiş rəqəmsal transformasiyasından gedir. Təbii ki, istənilən miqyaslı biznes yeni çağırışlara uyğunlaşmalı və öz fəaliyyətlərinin önəmli hissəsini onlayn formata köçürməli olub. Çoxları üçün bu gözlənilməz "sürpriz" oldu – aydın oldu ki, yeni şərtlərə sürətli uyğunlaşmaya qadir işçilərin sayında çatışmazlıq var, hər kəsin keyfiyyətli və ən əsası yaxşı qorunan rəqəmsal platforması hazır deyil. Bu səbəbdən, yaxın perspektiv üçün Azərbaycanda özəl sektor nümayəndələrinin əsas vəzifələrindən biri rəqəmsal transformasiyaya sərmayələrin artırılması olacaq. Bizdə rəyi soruşulanların 60%-i vəd edib ki, əsasında süni intellekt, robototexnika, kiber təhdidlərin aradan qaldırılması və s. dayanan texnologiyalara daha çox pul yatıracaqlar (müqayisə üçün, dünyada bu göstərici 49%-dir, Mərkəzi və Şərqi Avropada isə 50%-dir)  

Nə qədər qəribə olsa da, məzənnə dəyişkənliyi Azərbaycan iş adamlarını dünya və Mərkəzi-Şərqi Avropa ölkələrinin sahibkarlarından daha çox narahat edir, halbuki son dərəcə ağır xarici təzyiqlərə və daxili iqtisadi azalmaya baxmayaraq, manat pandemiya dövründə ayaq üstə möhkəm dayandı.  

Ekspertlərin fikrincə, 5-6 il əvvəl milli valyutanın qəfil və bir neçə dəfə baş vermiş devalvasiyası bu məsələdə öz mənfi izini buraxıb – onda ticarət o qədər sarsılıb ki, o vaxtdan bəri istənilən iqtisadi qarışıqlıq manatın ucuzlaşması perspektivləri ilə bağlı "panik atak"la müşayiət olunur. Yeri gəlmişkən, analitiklərin dediyi kimi, ən azından neftin qiymətlərinin sabit səviyyədə saxlandığı və onlar barədə proqnozların Azərbaycan iqtisadiyyatı üçün yetərincə əlverişli olduğu müddətdə narahatlıq üçün heç bir səbəb yoxdur.

 

Ənənəvi vergilər

Azərbaycanda biznesi narahat edən əsas mövzu həm də, ənənəvi olaraq, vergi sahəsidir. Ümumiyyətlə, dünyanın heç bir yerində bu sahə statik qalmır – fiskal sektor dövrün tələbləri çərçivəsində inkişaf etməlidir. Yalnız, sahibkarların fikrincə, indi bu, biznesin xeyrinə edilməlidir, əksinə yox. Hələ ki, sorğuda iştirak edən şirkət rəhbərlərinin 38%-i artan vergi borclarını biznes üçün ən yüksək risklərindən biri sayıblar. Bundan əlavə, vergi siyasətində müəyyən qeyri-müəyyənliyin olması onların xoşuna gəlmir.  

“Hazırda Azərbaycanın vergi sistemi transformasiya mərhələsindədir. Həm sistemin rəqəmsallaşdırılması məsələsində, həm də digər istiqamətlərdə böyük işlər görülür. Bunun hansı nəticələr gətirəcəyi və nə qədər uğurlu olacağı barədə danışmaq hələ tezdir, lakin müəyyən irəliləyişlər var - qeyri-neft sektoru üçün yüngülləşmələr edilib, yoxlamaların aparılması prosesi təkmilləşdirilir”, - deyə o cümlədən M.Paşayev vurğulayır.

Bununla yanaşı, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvü olan sahibkarlar daha da irəli gedərək hökumətə gəlir vergisi ilə bağlı konkret tövsiyələrlə çıxış ediblər. Belə ki, onlar vergi hesablanarkən, sahibkarlıq subyektlərinin fəaliyyət sahəsindən asılı olmayaraq vahid şkaladan istifadə etməyi məsləhət görürlər. «AmCham» tərəfindən hazırlanmış “Ağ sənəd”də əks olunan məlumatlara görə, hazırda dövlət sektoru və neft-qaz sektoru üçün gəlir vergisi və digər məcburi ödənişlər üzrə vergi yükü 55%-ə qədər çatır, bu, özəlliklə qonşu ölkələrlə müqayisədə yetərincə yüksəkdir.

"Buna görə biz hökumətə fəaliyyət sahəsindən asılı olmayaraq gəlir vergisi hesablayarkən vahid şkala tətbiq etməyi tövsiyə edirik", - deyə sənəddə bildirilir.

Həmçinin, icbari sosial sığorta haqlarının da yüksək səviyyədə olması göstərilir: “Azərbaycanda pensiya yaşının 65 yaşa qaldırılması ilə orta iş stajı 45 il təşkil edir. Orta əməkhaqqının 60%-nin pensiya müavinəti üçün yetərli olduğunu və məcburi sosial sığorta haqlarının 90%-nin 12 il ərzində ödənildiyi nəzərə alınsa, müəyyən edilə bilər ki, bunun örtülməsi üçün 17,8%-lik sosial sığorta dərəcəsi yetərlidir. Əməkhaqlarındakı real artımlar və pensiya yığımlarının ildə orta hesabla 3% indeksləşdirilməsi nəzərə alındıqda, bu rəqəm 11,5%-ə qədər enir", - deyə "Ağ sənəd"də qeyd olunur.  

Yuxarıda göstərilən hesablamaya əsaslanan «AmCham» sosial sığorta tarifinə yenidən baxılmasını - ya aşağı salınmasını, ya da hesablama bazasının ölçüsünün məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir.

 

Minimal müddət

Biznes baxımdan əlavə islahatlar tələb edən başqa bir sahə də gömrükdür. Biznesin bu sahəyə və vergi xidmətlərinə dair iradları hər zaman yetərincədir - daimi qarşılıqlı əlaqə və birgə fəaliyyət zəiflikləri və çatışmazlıqları sürətlə aşkar edir.

«AmCham» üzv sahibkarların fikrincə, mövcud gömrük nəzarəti mexanizmi malların sərhəd boyunca sərbəst hərəkətinə ciddi maneələr yaradır. "Çox ağır qanunvericilik tələblərinin olması, sənədləşmə üzrə həddindən artıq tələblər, gömrük müfəttişlərinin olmaması, son nəticədə postlarda nəqliyyat vasitələrinin sıxlığına səbəb olur", - «Ağ sənəd»də qeyd olunur.  

Buna görə Gömrük Məcəlləsinin indi hazırlanmaqda olan yeni variantında biznes prioritetlərinin gömrük nəzarəti mexanizmləri üzərində üstünlük hüququnun təmin edilməsi tövsiyə olunur. Bundan başqa, «AmCham» təklif edir ki, məcəllədə gömrük orqanlarının yoxlama fəaliyyəti zamanı dəymiş ziyana görə biznes qarşısında məsuliyyəti müəyyənləşdirilsin.

Bununla belə, fiskal sahə ilə yanaşı, sahibkarlar bəndləri ölkədə biznesin inkişafına mane olan bir çox qanunvericilik aktları üzərində işlənməli olduğunu vacib sayırlar... Ekspertlərin fikrincə, nə qədər qəribə olsa da, bir çox sahibkarları məhz pandemiya daha fəal olmağa məcbur etdi, artıq biznes mübahisəli məsələləri həll etmək və maneələri aradan qaldırmaq üçün çox həvəslə hökumətlə danışıqlara gedir. Belə görünür ki, qarşı tərəfin reaksiyası uzun müddət gözlətməyəcək: biznes razı qalacaq – bu, iqtisadiyyat üçün yaxşı gəlirlər deməkdir, daha çox gəlir - daha möhkəm və daha dayanıqlı iqtisadiyyat deməkdir, sabit iqtisadiyyat - biznesin inkişafı üçün əsas şərtdir. Bir sözlə, qarşılıqlı etibar və əməkdaşlıq hər iki tərəf üçün qeyd-şərtsiz bir amildir.


MƏSLƏHƏT GÖR:

152