4 May 2024

Şənbə, 11:57

SƏRMAYƏ ÜÇÜN PİAR

Azərbaycanın bölgələrinə yatırım axınının artımı, o cümlədən iqtisadi potensialın savadlı reklamından asılıdır

Müəllif:

01.07.2021

Dünyada hər keçən gün investisiyaların cəlbi istiqamətində ölkələr arasında rəqabət güclənməkdədir. Ölkələr bu rəqabətdə öndə olmaq üçün öz iqtisadiyyatlarını davamlı şəkildə liberallaşdırırlar. Azərbaycan da cəlb olunan investisiyaların həcminin artırılmasında maraqlı olan əsas iddialı ölkələrdəndir. 

Üstəlik, bu məsələdə əsas diqqət ölkənin bölgələrinə yönəldilib – əyalətlərdə qeyri-neft sektorunun inkişafı son on ilin iqtisadi siyasətinin əsas hədəfinə çevrilib. Qarabağda işğal edilmiş ərazilərin geri qaytarılması ilə o, çox güclü stimul qazanaraq, ölkənin investisiya imkanlarının populyarlaşdırılmasına əlavə bir təkan verdi.

 

«İnkişaf lokomotivi» 

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən sərmayələr inkişaf etməkdə olan ölkələr üçün “inkişaf motoru” kimi qəbul edilir. Bu investisiyaların cəlbi üçün, ilk növbədə, əlverişli mühitin formalaşdırılması təşviq olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildən bu günə qədər qəbul edilən iqtisadi qərarlar birmənalı olaraq investorlar üçün mühitin səmərəliliyinin artırılmasına hesablanıb. Belə ki, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində 2025-ci ilədək müəyyənləşdirilən 4 hədəf indikatorunun birincisi “qeyri-neft sektoruna yönəldilmiş xarici investisiyaların qeyri-neft ÜDM-dəki payının 4 faizə çatdırılmasıdır.

Prinsipcə, hədəfə çatmaq mümkündür. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 4 milyard 527,7 milyon $ təşkil edib. Növbəti 4 ildə Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 22 mlrd. manatdan çox olacağı proqnozlaşdırılır. Ancaq ölkəyə cəlb edilən bu investisiyanın 69%-i, yəni hər 3 manatdan 2-si Bakı və Abşeron yarımadasına yönlənir.

Bununla yanaşı, bu günə qədər regionlara investisiyalar birbaşa dövlət xətti ilə yatırılıb. Azərbaycana investisiyaların cəlb edilməsində əsas flaqman rolunu mərkəzi icra hakimiyyəti orqanları oynayır. Yerli icra hakimiyyəti orqanları bu prosesdə yalnız mərkəzi icra hakimiyyətinin tapşırıqlarının icrası ilə öz funksiyalarını bitmiş hesab edirlər (ən azından, son zamanlara kimi). Yeni təyin edilən icra başçılarını qəbul edən zaman məhz bu məqama diqqət çəkən Prezident İlham Əliyev qeyd edib ki, icra hakimiyyəti başçıları çalışmalıdırlar ki, regionlara sərmayə qoyulsun və bunun üçün səy göstərilməlidirlər. 

Azərbaycanın regionlarına investisiyaların cəlb edilməsi potensialı isə kifayət qədər yüksəkdir: son illərdə infrastrukturun inkişafı istiqamətində böyük sıçrayışlar edilib, qlobal nəqliyyat dəhlizlərinin Azərbaycana yönəldilməsi üçün iri layihələr gerçəkləşdirilir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və hər iqtisadi rayonda müasir hava limanları infrastrukturunun yaradılması imkan verir ki, Azərbaycanın şəhər və rayonları qlobal ixrac zəncirinə asan şəkildə qoşulsun.

Təəssüf ki, gözlənilən fəallıq hələ ki, yoxdur. Səbəb nədir? Mütəxəssislərin fikrincə, əsas çətinlik onunla bağlıdır ki, bölgələr investorlara bəndlər üzrə heç bir inkişaf strategiyası təqdim etmirlər, bu sənədlərdə, məsələn, investisiya qoymağa açıq sahələr və layihələr yer ala bilərdi. Həmçinin potensialı və imkanları bariz şəkildə nümayiş etdirən hər hansı infoturun və ya təqdimatın təşkili barədə nadir halda məlumat tapmaq olar. Çağdaş dünyada bütün bunlar piar adlandırılır və bununla bağlı bölgələrlə paytaxt arasında kəskin fərq, əlbəttə, hələ çox hiss edilir.

Bu isə regionlarla Bakı arasında iqtisadi fərqi aradan qaldırmağa, əhalinin paytaxtdan əyalətlərə geri qayıtmasına mane olur. Bununla yanaşı, tanınmış iqtisadçı Ruçir Şarma hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə paytaxtla ikinci şəhər arasında əhali sayının nisbəti 3/1-ə bərabər olarsa, bu, gələcəkdə disbalans yarada bilər və iqtisadi inkişafa mane olar.

Beləliklə, regionlarda İH-lərinin qarşısında duran vacib məsələlərdən biri onlara həvalə edilmiş rayonların iqtisadi potensialını populyarlaşdırmaq üzrə savadlı siyasət qurulması, paytaxtla müqayisədə əyalətlərə investisiya yatırmağın bütün üstünlüklərinin izah edilməsidir.

 

Kəmiyyətdən keyfiyyətə

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramının məqsədi kəmiyyət deyil, keyfiyyət göstəricilərini yüksəltməklə dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Yəni yeni dönəmdə əsas məsələ yalnız iş yerlərinin sayının artırılması deyil, eyni zamanda yaradılan iş yerlərinin dəyər keyfiyyətlərinin yüksəldilməsi prioritet olaraq müəyyən edilir.

Məsələ bundadır ki, iqtisadi inkişafın birinci mərhələsində Azərbaycan üçün əsas hədəf aqrar sahənin istehsal potensialını artırmaqla həm daxili ərzaq təhlükəsizliyini təmin etmək, həm də kütləvi iş yerlərinin açılması idi. Azərbaycan qarşıya qoyduğu bu hədəfi 2020-ci ilə qədər uğurla reallaşdıra bildi. Ancaq aqrar sahədə innovasiyaların tətbiqi məhsuldarlığı yüksəltsə də, əməyin dəyərini lazımi qədər artırmır. Ona görə də 2021-ci ildən sonra qurulacaq yeni iqtisadi modelin ana xətti qeyri-neft sənayesində istehsal zəncirinin qurulmasından ibarət olacaq. Xüsusən də sənaye parklarının və aqropark kimi müasir sənaye infrastrukturunun qurulması xammal ixracından yarımfabrikat və son məhsul ixracına qədər istehsalı genişləndirməyə imkan verir.

Dünya Bankının araşdırmaları da göstərir ki, istehsal zəncirində iştirakın 1% artırılması, adambaşına düşən gəlirlərin 1% yüksəlməsinə nail olmağa imkan verir. Ümumiyyətlə, bütün postmüharibə iqtisadiyyatlarının tarixinə nəzər saldıqda uğurlu inkişafın məhz zavod və fabriklərin yaradılması ilə müşahidə edildiyini görmək olar. Beləliklə, bu, tədricən insan resurslarının həm keyfiyyətcə, həm də dəyərcə artımına təsir edir. Başqa sözlə, geyim tikişindən başlanan istehsal tədricən daha dərin elm tutumlu sahələrin yaranmasına və beləliklə də, ixrac səbətinin çeşidi ilə paralel onun dəyərinin də artırılmasına müsbət təsir edir. Dərin istehsal sahələrinin yaradılması isə müxtəlif şəhərlərin daha sürətli inkişafını, orada maliyyə, sığorta, xidmət sektorunun keyfiyyətinin artımını şərtləndirir. Bu da inklüziv cəmiyyət quruculuğu üçün vacibdir.

Ona görə xarici investisiyaların Azərbaycanın regionlarına axın etməsi bu regionlarda istehsalın genişləndirilməsi, eyni zamanda əmək qüvvəsinin cəlbi üçün ciddi rəqabət mühiti formalaşdırır. Misal üçün, 1920-ci illərdə Henri Ford öz istehsal sahələrində işçilərin əməkhaqqını hiss ediləcək dərəcədə artırırdı. O, bunu çox qazandığı və ya xeyirxah olduğu üçün etmirdi. Həmin dönəmlərdə ABŞ-da sənayeləşmənin sürətlənməsi Ford müəssisələrindən işçi qüvvəsinin rəqiblərə axını ilə müşahidə olunurdu. Buna görə də Henri Ford öz istehsalını qorumaq üçün işçilərə ödənişləri artırmaq məcburiyyətində qalmışdı. Bu mənada yeni iqtisadi modeldə istehsalın genişləndirilməsi, onun intellektual potensialının artırılması şirkətləri təkcə satış bazarı uğrunda deyil, eyni zamanda əmək bazarı uğrunda da rəqabətə sövq edir.

 

Ümumi zəncirdə iştirak

Beləliklə, Azərbaycan üçün yeni mərhələdə əsas məqsədlərdən biri də regionların iqtisadi inkişafını Bakının inkişaf səviyyəsinə yaxınlaşdırmaqdır. Ümumiyyətlə, Azərbaycanın bütün regionlarının tək ölkə iqtisadiyyatına deyil, ümumilikdə qlobal iqtisadi zəncirə qoşulmaq imkanı mövcuddur.

Burada, təkcə, regionun spesifik potensialı deyil, ümumilikdə daha geniş mənada qlobal dəyər zəncirində iştirak prioritet olmalıdır. Misal üçün, Mərakeş dövləti Fransanın “Renault” şirkətini, Polşa “Hyundai” şirkətini öz regionuna investisiya yatırmaq üçün cəlb edə bilib. Burada əsas faktor adıçəkilən ölkələrin böyük bazarlara yaxınlığıdır. Azərbaycan regionları da bu nümunədən uğurla istifadə edə bilərlər. Belə ki, Azərbaycan ətrafında 350 milyonluq böyük bazar mövcuddur və bu da xarici investorlara əlverişli bazar imkanı verir. Başqa sözlə, regionlarda sırf xarici bazarlara yönəlik istehsal prosesini təşkil etmək üçün böyük potensial var.

Son dönəmdə dünyaca məşhur sərinləşdirici içkilər istehsal edən transmilli korporasiyalardan birinin 30 mln. dollar dəyərində yatırımı Azərbaycanın İsmayıllı rayonuna yönəltməsi onu göstərir ki, artıq xarici investorlar ölkəmizin istənilən bölgəsində iştiraka hazırdırlar. Ümumiyyətlə, Azərbaycanın qeyri-neft sənayesində ilk dəfədir ki, hansısa transmilli korporasiya regiona investisiya yatırır. Bu faktın özü onu göstərir ki, artıq Azərbaycan yaxın gələcəkdə qlobal dəyər zəncirinə qoşulmaq imkanına malikdir.

 

Qarabağ – əsas stimuldur 

Əsas məqamlardan biri də, Azərbaycanın aqrar rayonlarının istehsal zəncirinə qoşulmasıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin aylıq ixrac icmalı hesabatlarının bir neçə ildir ki, dəyişməz favoriti kənd təsərrüfatı məhsullarıdır. Bu məhsullar əsasən yaş formada və ən çox Rusiya bazarına göndərilir. Halbuki əsas strategiya istehsal zəncirinin son məhsula qədər genişləndirilməsidir. ABAD (Ailə Biznesinə Asan Dəstək) bu istiqamətdə əsas nümunə rolunda çıxış edə bilər və kəndli fermerlərin həyatının asanlaşdırılması istiqamətində ən gözəl nümunə olar. Buna görə də yerli icra hakimiyyətləri bu nümunəni yaxından öyrənib ayrı-ayrı lokal brendlər yaratmaqla regionlarda mikro-sahibkarlığın inkişafını sürətləndirə bilərlər.

Bir sözlə, yeni iqtisadi mərhələdə Azərbaycan iqtisadiyyatı qlobal trendlərə transformasiya olmalıdır. Bu transformasiya isə yalnız bütün regionların aktiv iştirakı ilə uğurlu ola bilər. 

44 günlük Vətən savaşı ilə uzun illər davam edən erməni işğalına son qoyulması, ölkə sərhədlərinin tam şəkildə bərpa edilməsi Azərbaycanın iqtisadi imkanları baxımından da yeni səhifə açdı. Ölkə rəhbərliyi dəfələrlə bəyan etdi ki, bu bölgəyə sərmayə qoymaq üçün şərtlər mümkün qədər rahat və cəlbedici olacaq, azad edilmiş ərazilərdə sərmayə qoymaq imkanları da çoxdur.

O cümlədən, Prezident İlham Əliyev bu yaxınlarda bildirib ki, “bizim bərpa ilə bağlı böyük planlarımız var, əgər banklar Azərbaycana, bizim ehtiyac duymadığımız, birbaşa maliyyə dəstəyi təqdim etmək əvəzinə, xarici və yerli investorların azad edilmiş ərazilərdə layihələr həyata keçirmələrinə kömək etsələr, biz buna yalnız şad olardıq”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, “dövlət investisiyaları Qarabağda katalizator rolunu oynayacaq və qeyri-dövlət investisiyaları üçün zəmin yaradacaq. Artıq Türkiyə, İtaliya, Böyük Britaniya, Pakistan və İsraildən azad edilmiş ərazilərin bərpasına yönəlmiş sərmayə axını başlayıb."

Beləliklə, Qarabağın iqtisadi bölgələrinin Azərbaycanın ümumi iqtisadiyyatına inteqrasiyası yeni iqtisadi prioritetlərin və idarəetmə modellərinin gerçəkliyə çevrilməsini sürətləndirəcək.



MƏSLƏHƏT GÖR:

173