2 May 2024

Cümə axşamı, 16:13

MÜHARİBƏNİ UDUZUB, SEÇKİNİ UDDU

Nikol Paşinyanın parlament seçkisini qazanmasından sonra regionda postmünaqişə nizamlanması yeni impuls alacaqmı?

Müəllif:

01.07.2021

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində, çoxsaylı bədii şuraların süzgəcindən keçmiş sovet «ulduz»larının səhnədə yeni nəslin nümayəndələrilə əvəzləndiyi dövrdə (bəziləri onları böyük maraqla qarşılayır, bəziləri isə zövqsüzlükdə günahlandırırdı) «işi bilən» adamlar əminliklə deyirdilər: «Mənə kifayət qədər pul və efir verin, həmin pulun hesabına oxuyan kətili də ulduza çevirim!» O zaman təcrübəli prodüserlər bu fikirdə olanlara belə cavab verirdilər: «Bəli, siz milyon dollar qarşılığında kətilinizə albom buraxdıra, onların efirlərə, musiqi şoularına dəvət edilməsinə nail ola, müsahibələr, təqdimat mərasimləri və s. təşkil edə bilərsiniz. Lakin pərəstişkarların gecələri bilet kassalarının, «ulduzlar»ın qaldığı hotellərin qarşısında keçirməsinə heç bir pul qarşılığında nail olmaq mümkün deyil. Bunu «ulduz»un özü etməlidir».

Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkisi bu fikrin böyük siyasətdə də keçərli olduğunu təsdiqləyib. Robert Koçaryan və onun «Ayastan» blokuna Rusiyada yaşayan Aram Qabrelyanov, Marqarita Simonyan kimi erməni əsilli mediamaqnatlar gen-bol təbliğat imkanları yaratmışdılar. Bütün seçki kampaniyası dövründə Koçaryan Rusiya KİV-nin səhifələrindən yığışmır, seçkidə məğlubiyyət fikrini özlərinə yaxın buraxmadıqlarını deyir, qalib gələcəkləri haqda lovğa fikirlər səsləndirirdi. Onun bloku Ermənistan auditoriyasını Azərbaycan üzərindən çəkilmiş müxtəlif videoçarxlarla ələ almağa çalışırdı: azərbaycanlılar Qafan rayonunun yollarına nəzarət edir, Göyçə gölündə balıq tutan ermənilərin balıqlarını əllərindən alır, İrəvanda isə azan səslənir.

Amma seçkinin nəticəsi biriləri üçün tamamilə gözlənilən, digərləri üçün isə şok olub. İlk yeri Nikol Paşinyanın «Vətəndaş müqaviləsi» bloku tutub. O, seçicilərin 53,92%-nin səsini qazanıb. Bu, Paşinyan və silahdaşlarının birpartiyalı hökumət formalaşdırmaları üçün kifayətdir.

Məğlubiyyət versiyasını yaxına belə, buraxmayan Robert Koçaryanın bloku isə yalnız 21,04% səs qazana bilib. Üçüncü yeri Artur Vanetsyan və daha bir sabiq prezident Serj Sarqsyanın bir araya gəldikləri «Şərəfim var» bloku tutub – 5%-dən bir qədər artıq.

 

Gözlənilən iflas

Bu nəticə, çətin ki, kimlər üçünsə gözlənilməz sayılsın. Bu yerdə bir köhnə həqiqəti xatırlatmaq lazımdır: seçkiyə kənardan təsir etmək imkanları çox məhduddur. Ermənistanda keçirilən seçkinin taleyi istənilən halda Ermənistanda həll olunur – nə Rusiyada, nə də məsələn, Fransada. Bundan başqa, burada seçkini hakimiyyətə de-fakto nəzarət edən siyasi qüvvələr qazanır.

Amma Paşinyan və silahdaşlarının uğurunu birmənalı olaraq inzibati resurslara bağlamaq da doğru deyil. Ekspertlər lap əvvəldən bildirirdilər ki, Robert Koçaryan təcrübəli oyunçu olsa da, Moskvadakı nüfuzlu dairələr tərəfindən dəstəklənsə də, Ermənistanın özündə elektorat onun arxasında deyil.

Azərbaycanda Robert Koçaryan və Serj Sarqsyanı açıq şəkildə hərbi cinayətkar adlandırırlar. Səbəb onların Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımda bilavasitə iştirak etmələridir. Yəqin ki, Qabrelyan, Simonyan, Zatulin və digərləri Ermənistan ictimaiyyətində bu faktların qələbəyə mane olmayacağını düşünüblər. Hər halda, bu faktlar vaxtilə həmin iki şəxsin ölkə prezidenti postunu tutmalarına mane olmayıb. Amma elə həmin Qabrelyan, Simonyan, Zatulin və s. bir məqamı nəzərə almayıblar: istər Koçaryan, istərsə də Sarqsyan Ermənistan daxilində də eyni metodlarla hərəkət ediblər. 2008-ci il martın 1-də İrəvan küçələrində prezident seçkisinin saxtalaşdırılmasına etiraz edən nümayişçilərin güllələnməsi bunun heç də yeganə nümunəsi deyil. Təcrübəli müşahidəçilər 1999-cu il oktyabrın 27-də baş vermiş son dərəcə şübhəli «parlament terroru»nu da unutmayıblar. O zaman Koçaryanın əsas siyasi rəqibləri olan baş nazir Vazgen Sarqsyan və parlamentin spikeri Karen Dəmirçiyan güllələnərək qətlə yetirilmişdilər. Nəhayət, 1997-1998-ci illərin silsilə siyasi qətlləri və bunun sonunda Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması…

Ermənistanda hər kəs Qarabağ klanının hakimiyyəti dövründəki korrupsiyanı, dövlət səviyyəsində banditizmi və digər reallıqları da yaxşı xatırlayır. Ekspertlərin fikrincə, Koçaryanın seçkidə üzləşdiyi iflasın səbəbləri məhz bu reallıqlardır.

Maraqlıdır ki, Azərbaycanı və Türkiyəni düşmən göstərməklə aparılan revanşizm təbliğatı da işə yaramayıb. Halbuki bu kartdan 44 günlük müharibədəki məğlubiyyətin səbəbkarı kimi göstərilən, «kapitulyant», «satqın» və s. adlandırılan Paşinyana qarşı istifadə olunurdu.

Bundan başqa, söhbət Ermənistanda həm də özlərini rusiyapərəst kimi göstərən qüvvələrin məğlubiyyətindən gedir. Belə bir hal, çox ekspertlərin “Görəsən, bu də deməkdir?” sualına səbəb oldu. Artıq Paşinyanın növbəti qələbəsindən sonra postmünaqişə nizamlanması prosesinin yeni impuls qazanacağını gözləmək olarmı? Paşinyanın rəhbərlik etdiyi Ermənistan tədricən Rusiyadan uzaqlaşmaq və Qərbə inteqrasiya yolu ilə gedəcəkmi?

 

Qərb arzuları və rus reallığı

Bəli, artıq dəfələrlə qeyd olunduğu kimi, Nikol Paşinyan hakimiyyətə qərbpərəst şüarlarla gəlib. Onun komandasında Soros Fondu ilə əməkdaşlıq etmiş kifayət qədər sima var. 44 günlük müharibədə İrəvanın plan və gözləntilərinin əksinə olaraq, Rusiyanın Azərbaycana qarşı çıxmaması, Bakının erməni işğalçıları Qarabağdan çıxarmaq cəhdinə mane olmaması isə ermənilərin Moskvadan məyusluğunu daha da artırıb. İndi onlar Ermənistanın KTMT və Aİİ kimi inteqrasiya birliklərində yer almasına belə, birmənalı yanaşmırlar.

Lakin ekspertlərin də qeyd etdikləri kimi, Paşinyan istənilən halda reallıqlara uyğun hərəkət etməli olacaq. Reallıq isə ortadadır: Ermənistan Rusiyadan ciddi şəkildə asılıdır. Bu gün İrəvanın Azərbaycanla sərhədini bağlamaq üçün nə gücü, nə də resursu var. Belə bir vəziyyətdə onun Türkiyə və İranla sərhədlərinə təkbaşına nəzarət etmək imkanı haqda danışmağa belə, dəyməz. Odur ki, bu şəraitdə Ermənistan Gümrüdəki Rusiya hərbi bazasının ölkədən çıxarılmasından danışa bilməz. Üstəlik, İrəvan ordusunu öz gücünə bərpa etmək imkanına da malik deyil – ermənilər bu məsələdə də Rusiyadan kömək istəyirlər.

Nəhayət, iqtisadi asılılıq: Moskva Ermənistana neft və qazı öz daxili bazarındakı qiymətə satmazsa, həmçinin digər iqtisadi «hədiyyə»ləri dayandırarsa, Ermənistan yaşaya bilməz. Üstəlik, Ermənistan artıq Qarabağın talanı nəticəsində əldə etdiyi gəlirlərdən də məhrum olub. Bir sözlə, Paşinyan və tərəfdarları, əlbəttə ki, ölkənin Qərbə tərəf dönməsini arzulaya bilərlər. Amma bu, hələ ki, yalnız arzu ola bilər.

 

Zorən «sülhməramlı»lar

Sülhməramlılarla bağlı vəziyyət isə daha çətindir. Azərbaycanla atəşkəs haqda 10 noyabr 2020-ci il razılaşmasını məhz Paşinyan imzalayıb. Bundan başqa, Nikol Paşinyan hələ 2018-ci ilin yazında «kabab inqilabı» nəticəsində hakimiyyətə gələrkən artıq onu «sülh partiyası»nın təmsilçisi sayırdılar. Bəziləri tam əminliklə bildirirdi ki, məhz Paşinyanın dövründə danışıqlar prosesində hansısa irəliləyişlər əldə ediləcək. Amma təəssüf ki, məhz Paşinyan müdafiə naziri David Tonoyanın ifadə etdiyi kimi, «yeni ərazilər uğrunda yeni müharibə» kursu götürdü, işğal olunmuş Şuşaya yollanaraq orada «DQR-in prezidenti» Araik Arutunyana «inauqurasiya» mərasimi təşkil etdi və s. 2020-ci ilin sentyabrında Tovuz istiqamətində hərbi qarşıdurmanın yaşandığı vaxt da Ermənistanın baş naziri Nikol Paşinyan idi və müharibəyə məhz İrəvanın bu məsuliyyətsiz gedişləri səbəb oldu. Bu «xidmətlər» Paşinyanın sülhməramlı sayılmasına imkan verirmi? Seçki kampaniyası dövründə revanşizm oyunlarını əsasən onun rəqiblərinin oynaması müəyyən nikbinlik yaradır. Lakin Paşinyan 10 noyabr razılaşmasını da qətiyyən öz istəyi ilə imzalamayıb – o zaman Ermənistan ordusu artıq darmadağın olmuşdu. Üstəlik, müharibənin Ermənistanın məğlubiyyəti ilə bitəcəyinin artıq hər kəsə aydın olmasından sonra belə,baş nazir uzun müddət atəşkəsdən imtina edirdi.

Ermənistan üçün seçim imkanı bu gün də geniş deyil. Baş nazir postunu kimin tutmasından asılı olmayaraq, imzalanmış razılaşmadan imtina etmək mümkün deyil. Revanş oyunu isə ən yaxşı halda nəticəsiz bitəcək, pis halda isə Ermənistana yeni zərbə vuracaq. Bunun nəticəsi İrəvan üçün daha acınacaqlı olacaq.



MƏSLƏHƏT GÖR:

149