26 Aprel 2024

Cümə, 19:11

RİSKSİZ DURUŞ GƏTİRMƏK

Azərbaycan bankları kredit və depozit portfelini artırıb, dollarlaşma səviyyəsini isə yetərincə azaldıblar

Müəllif:

15.09.2021

Pandemiyanın səbəb olduğu ressesiyaya baxmayaraq, Azərbaycanın bank sektoru həsəd aparılacaq bir sabitlik nümayiş etdirib, iflasdan qaça bilib və kredit riskləri həddini məqbul səviyyədə saxlayıb. Üstəlik, də bu ilin yazından başlayaraq neftin qiymətinin artması və qeyri-neft sektorunun canlanması nəzərə alınmaqla maliyyə qurumları kreditləşmədə ardıcıl artım nümayiş etdirir, depozit bazası artır və əmanətlərin dollarlaşması azalır.

Eyni zamanda karantin məhdudiyyətləri kredit qurumlarını e-bankinq xidmətlərini genişləndirməyə sövq edib. Yaxın gələcəkdə «OpenBanking» platformasının formalaşmasının gözlənilməsi nəzərə alınmaqla, bu gün maliyyə texnologiyası həllərinin kütləvi istifadəsi şübhə doğurmayan bir trenddir.

 

Dəyişmədən qorumaq

2014-2017-ci illərdəki enerji böhranından fərqli olaraq, Azərbaycanın bank sektoru, təxminən, bir il yarımdır davam edən COVID-19 pandemiyası şəraitində böhrana davamlılığının yüksək səviyyədə olduğunu nümayiş etdirib. Aşağı işgüzar aktivliyə və 2020-ci ildə bank maliyyələşdirilməsinə tələbatın azalmasına baxmayaraq, makroiqtisadi sabitlik və Azərbaycan Mərkəzi Bankının (AMB) səriştəli pul siyasəti sayəsində pul bazarında sabitlik qorunub saxlanılıb. Məhz AMB-nin mühafizəkar siyasəti inflyasiyanı məqbul həddə saxlamağa yardımçı olub, həmçinin valyuta bazarının sabitliyini və manatın məzənnəsinin dayanıqlılığını gücləndirməyə kömək edib. Bununla da, 6 il əvvəl baş vermiş kredit böhranı zamanı kədərli rol oynamış və on beşə yaxın bankın iflasına gətirmiş dollar və avro tələbi ajiotajının qarşısı alınıb.

Mərkəzi Bankın balanslaşdırılmış pul siyasəti bütünlükdə bu il əhəmiyyətli dəyişikliklərə məruz qalmayıb. Enerjidaşıyıcıların və digər əmtəələrin qiymətlərində 2021-ci ilin mart ayından etibarən müşahidə edilən qlobal artım Azərbaycanın ixrac gəlirlərinin artmasına, ticarət saldosunda profisitin artmasına və tədiyyə balansı göstəricilərinin yaxşılaşmasına səbəb olub. Bununla belə, baz pul göstəricilərinin nisbətən əlverişli olmasına baxmayaraq, Mərkəzi Bankın İdarə Heyəti ilin əvvəlindən etibarən beşinci dəfə uçot dərəcəsini 6,25% səviyyəsində saxlamaq qərarına gəlib. Bu addım, daha çox inflyasiya idxalı təzyiqinin artması fonunda ölkədə makroiqtisadi sabitliyin qorunmasının vacibliyi ilə izah olunur. Bütünlükdə, indiki çox çətin şəraitdə pul siyasətinin tələsik liberallaşdırılmasından imtina edilməsi inflyasiya və fiskal risklər səbəbindən özünü tam doğruldur. Bununla belə, bank sektoru həddindən artıq likvidlik fonunda iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsini uğurla idarə edir, həmçinin pul ehtiyatlarına olan tələb və təklif arasındakı balans yetərincə əlverişlidir.

 

Risksiz artım

AMB-nin kursunun doğruluğunu bu ilin yazından etibarən ölkənin bank bazarında kreditləşmə səviyyəsinin artım meylinin olması da sübut edir. Beləliklə, avqustun əvvəlinə bankların məcmu kredit portfeli 14,9 milyard manatı keçib ki, bu da illik bazda 5,4 faiz artım deməkdir.

Bu da önəmlidir ki, bu dövr ərzində kredit portfelinin strukturunda müsbət dəyişikliklərin müşahidə edilib - biznes borclarının payı 3% artıb. 2021-ci ilin 7 ayı ərzində kredit portfelinin 58,3%-i biznes kreditlərinin payına düşüb, ən böyük artım (7,6%) - ticarət və xidmətlərə verilən kreditlər hesabına təmin edilib.

Ekspertlər hesab edirlər ki, orta müddətli perspektivdə biznesin kreditləşmə tempi artacaq və bu, qeyri-neft sənayesində istehsalın sürətlə artmasına, habelə korporativ sektorun, həmçinin kiçik və orta biznesin Qarabağın və Şərqi Zəngəzurun bərpası üzrə genişmiqyaslı proqramlarda iştirakına səbəb olacaq. İnfrastruktur işlərinin genişlənməsi, azad edilmiş ərazilərdə mənzillərin, sənaye və sosial obyektlərin tikintisi ilə təkcə kommersiya kreditlərinə deyil, digər bank məhsullarına da ehtiyac artacaq.

Hesabat dövründə istehlak kreditləşməsi seqmentində də önəmli bir artım (9,9%) qeyd edilib – onun payına bankların kredit portfelinin 26,9%-i, yəni təxminən, 4 milyard manat düşüb. Həcm baxımından növbəti yeri ipoteka kreditləri tutur - 2,2 milyard manat olub ki, bu da ümumi kredit portfelinin 14,8%-ni təşkil edir.

Burada qeyd etmək lazımdır ki, istehlak və ipoteka kreditləşməsinin artmasına baxmayaraq, bu seqmentdə yüksək sabitlik səviyyəsi qorunub saxlanır və defolt riskləri minimuma endirilir ki, bu da 2015-2016-cı illərdəki böhran vəziyyətindən qat-qat fərqlənir.

 

Əmanətlərin dollarlaşmasının azalması

Devalvasiyadan və bank böhranından bu yana AMB və maliyyə sektorunun birgə səyləri nəticəsində kredit risklərində nəzərəçarpacaq dərəcədə azalma əldə edilə bilinib. Bu, əsasən bank sektorunun sağlamlaşdırılmasına, prudensial tənzimləmənin təkmilləşdirilməsinə yönəlmiş kompleks tədbirlər, o cümlədən kredit risklərinin idarə edilməsi üzrə müasir beynəlxalq standartlara uyğun tələblər sayəsində gerçəkləşdirilib.

2021-ci ilin yeddi ayının statistikası bu siyasətin effektivliyini açıq şəkildə göstərir: bu müddət ərzində ölkə banklarında vaxtı keçmiş və problemli kreditlər 11,8% azalaraq, ümumi kredit portfelinin 6,1%-ni təşkil edib. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl problemli kreditlərin portfeldəki payı 7,28% idi.

Diqqətəlayiqdir ki, pandemiya böhranının ən çətin şərtlərində, qapanmalar və karantin məhdudiyyətləri nəticəsində çox sayda şirkətlərin fəaliyyətinin dayandığı, işsizliyin və s.-in artdığı günlərdə problemli kreditlərin payını azaltmaq mümkün olub. Bank sektorunun dəstəklənməsində önəmli rolu AMB-nin böhran əleyhinə keçən ilin aprel ayında tətbiq etdiyi tədbirlər paketi, həmçinin "Koronavirus ( COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi qaydaları"nın qəbul edilməsi oynayıb. Bu dəstək bu gün də göstərilir: xüsusən, banklara faiz cəzası, cərimə və digər maliyyə cəzalarının alınmaması üzrə edilən tövsiyənin vaxtı bu il oktyabrın 1-dək uzadılıb ki, krediti qaytarmaqda çətinlik çəkən borc götürənlərin kredit tarixçəsi pisləşdirilməsin.

Vətəndaşların bank sektoruna inamını təsdiqləyən digər önəmli amil əhalinin əmanətlərinin artması, həmçinin əmanətlərin dollarlaşmasının azalmasıdır. Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də daxil olmaqla əhalinin bank əmanətlərinin həcmi avqustun əvvəlində 8,6 milyard manata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur. Eyni zamanda əhalinin dollar və digər xarici valyutalarda əmanətləri 7,4% azalaraq 3,8 milyard manata bərabər olub. Bu gün xarici valyutada əmanətlər əhalinin bütün əmanətlərin, təxminən, 44,7%-ni təşkil edir - keçən ilin sonunda bu rəqəm 50,8%-ə bərabər idi və banklar üçün ən çətin dövr olan 2016-cı ildə hətta 81%-ə çatırdı.

Xarici valyutada olan əmanətlərin payının azalması dollar əmanətləri üzrə faiz dərəcələrini hələ də son dərəcə aşağı (təxminən, 1,5%-də) saxlayan yerli bankların ardıcıl siyasəti sayəsində mümkün olub, çünki manat əmanətləri üzrə gəlirliliyin 5-6 dəfə yüksək olması əhalini özünə cəlb edir.

 

OpenVanking – rəqəmsal gələcək

Pandemiya böhranının ölkənin bank sektoruna təsirini qiymətləndirərkən, unutmaq olmaz ki, yaxın gələcəkdə inkişaf tempi xidmətlərin rəqəmsallaşdırılması istiqamətində təkmilləşdirilməsi qabiliyyətindən çox asılı olacaq. Bu trend hələ keçənilki qapanma dövründə müşahidə edilirdi, onda əhali arasında e-bankinqin, mobil bankinqin, internet-ödənişlərin populyarlığı önəmli dərəcədə artmışdı.

Azərbaycanda ödəniş sistemlərinin inkişafı ilə bağlı tezliklə tətbiq olunacaq yeni konsepsiya nəzərə alınmaqla bank sektorunun rəqəmsallaşmasının gücləndirilməsi artıq yaxın zamanlarla maliyyə xidmətlərinin inkişafının əsas istiqamətinə çevriləcək. O cümlədən, AMB və Maliyyə Texnologiyaları Assosiasiyasının (AzFina) mütəxəssisləri tərəfindən ödəniş bazarında rəqabət qabiliyyətini artırmaq məqsədi ilə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsi hazırlanıb. O cümlədən bunun üçün beynəlxalq venderlərin və maliyyə-texniki qurumların daha çox iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, Mərkəzi Bank «OpenBanking» platformasının işlənməsini başa çatdırır, eyni zamanda 2026-cı ilə qədər hesablanmış "yol xəritəsi" formalaşdırır ki, bunun vasitəsilə ölkənin bütün kredit qurumlarında açıq bankinq mexanizmlərinin tətbiq edilməsi planlaşdırılır. «Yol xəritəsi» beş il müddətində açıq bankinq yanaşmalarının tətbiqi ilə bağlı planlaşdırılan bütün tədbirləri özündə cəmləşdirir. Bununla yanaşı, uyğun dövrdə «OpenBanking» prinsipləri nəzərə alınmaqla qanunvericilik bazası təkmilləşdiriləcək ki, bu, maliyyə xidmətləri bazarının yaxın gələcəkdə sürətli inkişafına səbəb olacaq.

«OpenBanking» alətləri tətbiq edildikdən sonra yerli bankların müştəriləri nə kimi üstünlüklər əldə edəcəklər? İlk növbədə, bu, vahid proqram interfeysi vasitəsilə bir və ya bir neçə bankdakı kartlar, hesablar, kreditlər və əmanətlər haqqında müxtəlif məlumatları birləşdirərək müştərilərin bank məlumatlarına çıxışını genişləndirməyə imkan verəcək. Sərbəst bankinq mexanizmi ödəniş sistemlərinə və fintex şirkətləri üçün bank məlumatlarına çıxış təmin edəcək, müştərilər isə daha dolğun məlumatlar əldə edə, əməliyyatlar apara, hesab aça və kredit ala biləcəklər, həmçinin öz məlumatlarını təhlil edə biləcəklər, kredit yükünü və vergi yükünü optimallaşdıra biləcəklər, həmçinin daha çox işlər bacaracaqlar.

Özü də, banklarda Open API (Application Programming Interface) sisteminin tətbiqi ilə bütün bu məlumatlar kənar layihəçilərin proqramlaşdırma interfeysləri vasitəsilə əldə ediləcək. Uyğun olaraq, bank müştəriləri əlverişli olmayan tətbiqlərdən istifadə etməkdən, zəif funksionallıqla kifayətlənməkdən və daha əlverişli həllər mövcud olduqda yüksək komissiyalar ödəməkdən xilas olacaqlar.

«Open API/OpenBanking» alət dəstinin sadalanan üstünlükləri bu gün elektron ödənişlərə kütləvi şəkildə keçildiyi, mobil və e-bankinq xidmətlərindən istifadənin genişləndiyi, iş proseslərini optimallaşdıraraq vaxt və pula qənaət edən işgüzar dairələr üçün xüsusilə cəlbedicidir.

«OpenBanking» alətlərinin Avropa, ABŞ və dünyanın digər inkişaf etmiş ölkələrində tətbiq olunma templəri nəzərə alınarsa, bu cür texnologiyaların yaxın gələcəkdə dünya maliyyə sistemində aparıcı trendə çevriləcəyi tam aydındır. Bu, əlbəttə ki, Azərbaycandan yerli bankların rəqəmsal modernləşdirilməsi və onların fintex-qurmlarla operativ konvergensiya proseslərinin sürətləndirilməsi üçün adekvat səylər tələb edir.


MƏSLƏHƏT GÖR:

155