Müəllif: Namiq Mayılov, Bakı-Şuşa-Bakı
Yolumuz Şuşayadır. Alatoranda çıxmışıq. Qarabağlılar demiş, “səhər gejdən”. Lap 30 il əvvəl olduğu kimi. Yadımdadır, yay tətilində Xankəndidən Laçına gedəndə hava işıqlanmamış yola düzələrdik ki, avtobusda istiyə düşməyək. Yaxşı ki, indiki avtobuslarda kondisionerlər var.
Onu da xatırlayıram ki, sovet istehsalı olan PAZ (Pavlov Avtomobil Zavodu) avtobusları nərilti ilə Xankəndidən üzü yuxarı, Şuşaya doğru qalxdıqca geridə qalan sehrli mənzərələri yeni, daha gözəlləri əvəzləyirdi. İndi həmin yolu Laçın dəhlizi adlandırırlar – Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu yol müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin nəzarəti altındadır. Lakin tezliklə hər şey öz yerini tapacaq.
Azərbaycan torpaqlarını güc yolu ilə qaytarmağa məcbur qalsa da, Qarabağa sülhlə və sülh naminə qayıdır. Vətən müharibəsindən dərhal sonra rəsmi Bakı azad edilmiş ərazilərin bərpası ilə bağlı genişmiqyaslı layihələrə başlayıb. Ermənilərin od qoyduğu torpaqlara həyat yenidən qayıdır. Elə bu torpaqların 30 il əvvəl evlərindən didərgin düşmüş əsl sahibləri kimi.
Qəhrəmanların izləri ilə
Sağ olsun Şuşa Dövlət Qoruğu İdarəsi - şuşalıları yığıb doğma yurdlarını ziyarətə aparır. Mədəniyyətimizin beşiyi, kurort şəhəri Şuşa indi həm də müqəddəs ziyarətgaha çevrilib. Elə ora aparan yol da...
Zəfər yolundayıq. Şanlı əsgərimizin qanı-canı bahasına açdığı Zəfər yolunda. Füzuli rayonunun xarabalıqları görünür. Bu xarabalıqlar Birinci Qarabağ savaşı zamanı əsirlikdən azad edilən dinc insanlarımızı xatırladır mənə. Yaralı, yorğun, bitkin. Amma gözlərində gələcəyə ümid işartısı. Budur, onların çoxdan gözlədikləri azadlıq!
Birazdan buralarda yeni həyat qaynayacaq. Bu, pafos deyil, yolboyu gördüyümüz gerçəklikdir. Bu gerçəkliyi bizə şəhidlərimiz miras qoyub, müzəffər ordumuz qazanıb, bu gerçəkliyi biz özümüz yaradırıq.
Yolboyu yanımızdan sürətlə “Zəfər yolu” və kənd adları yazılmış lövhələr keçir. Artıq burada işğal zamanı qoyulmuş saxta adlara rast gələ bilməzsiniz - onlar yoxdur, “gorbagor” olub. İndi bu lövhələrin üzərinə həmin şəhər və kəndlərin tarixi, doğma adları yazılıb.
Şuşaya yaxınlaşırıq. Müasir avtobusların karvanı sürətlə dolanbac dağ aşırımlarına dırmaşır. Daşaltıdan üzü yuxarı baxanda dağların üzərində məskən salmış bu əzəmətli qalanı özümüzə qaytaran Azərbaycan əsgərinin hansı qəhrəmanlığı etdiyini başa düşürsən. Xatırlayıram ki, həmin vaxt Xankəndidə çalışan Fransanın “Le-Monde” nəşrinin müxbirləri xüsusi təyinatlılarımızın dağa dırmaşarkən yaralı və həlak olmuş döyüş yoldaşlarını da çiyinlərində qalaya qaldırmaqlarından heyrətə gəlmişdilər.
Bu da Şuşa! Hamı donub ətrafa boylanır. Avtobusdakı sükutu şuşalı həmkarlarım pozur. “Məktəbimiz!”- deyə jurnalist Günel Şahmalıqızı ucadan səslənir. Onun ailəsi 1992-ci ildə Şuşadan köçkün düşüb, atası isə şəhərin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Digər şuşalı həmkarlarım Nazim Sabiroğlu, Nurşən Quliyev və Bəxtiyar Məmmədli də Günelə qoşulur: “Bax, ora raykomun binasıdır”, “orada isə çörək bişirirdilər, ətri yadınıza gəlir?” İtirilmiş uşaqlığımızın xatirələri kino lenti kimi gözlərimizin önündə canlanır.
Şuşanın pasportu
İlk dayanacağımız Cıdır düzüdür. Nazim Sabiroğlu buranı "Şuşanın pasportu” adlandırır. Qədim Azərbaycan qalasının rəmzlərindən biridir Cıdır düzü.
Şuşalılar sözün hərfi mənasında düzə səpələnir. Sanki hamı xatirələri ilə başbaşa qalmağa, Şuşaya 30 ildir harada olduqlarını, necə yaşadıqlarını danışmağa tələsir. Bu mənzərəni seyr etdikcə onların bu günü necə həsrətlə gözlədiklərini başa düşürsən. Kiminin sevincdən gözləri dolur, kimisi dağların saf havasını ciyərlərinə çəkir, kimisi gördüklərinə inanmır, çaşqınlıq içində o yan-bu yana gəzir. Sonra sağa-sola boylanıb görür ki, qonşuları da buradadır. Qucaqlaşır, öpüşür, bir-birini təbrik edirlər. İndi onların öz dünyası var, pandemiyasız-filansız dünya.
“Mən buradan çıxanda 37 yaşım var idi, indi 67 yaşım var. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, Ali Baş Komandanımıza təşəkkür edirəm ki, bizi doğma Şuşamıza qovuşdurdu. Bizim Prezident qan tökmək istəmirdi, istəyirdi hər şey sülhlə həll olunsun. Amma ona başqa yol buraxmadılar”, - deyə Şuşa sakini Süqayən Mədətova bildirir.
“Artıq ölsəm də dərdim yoxdur”,- deyə gözü dolmuş 70 yaşlı başqa bir xanım kənardan səslənir.
Şuşalılar üçün bu yerlərin dünyada tayı-bərabəri yoxdur. Belə dağı da, dərəni də, düzü də ancaq burada görmək olar.
Hələ xarıbülbülü demirəm. 44 günlük müharibədən sonra Böyük Qələbəmizin rəmzinə çevrilən bu gözəl gülü şuşalılar əməlli-başlı ətrafa qısqanırlar. “Onun orijinalı burada bitir, başqa yerdə beləsini görə bilməzsiniz”, - deyir Şuşa sakinləri.
Şuşalı həmkarım Bəxtiyar Məmmədli isə deyir ki, Şuşada bitən kəklikotunun ətrini başqa heç bir yerdə duymaq mümkün deyil. Bəxtiyar anası üçün kəklikotu yığır. Otlar artıq solub. Üzü payızadır. Ancaq nə də olsa, Şuşanın ətrini Bakıya aparmaq lazımdır. İndi oradan gələn bir dəstə kəklikotu, bir ovuc torpaq, bir ədəd vətən daşı artıq təsəlli deyil, böyük qayıdışın müjdəçisidir.
Bəxtiyar deyir ki, Cıdır düzü sanki balacalaşıb. Amma yox! Cıdır düzü balacalaşmayıb. Bəxtiyar böyüyüb. Müharibə onun atası ilə yanaşı, uşaqlığını da əlindən alıb. Yüz minlərlə digər qarabağlı uşaq kimi.
Biz qayıtmışıq
Elə bunları düşünürdüm ki, birdən dostum Nurşən məni çağırdı. Xankəndini görmək istəyirsən?! Nurşən mənə doğulub böyüdüyüm Xankəndi şəhərini və özünün doğma Malıbəyli kəndini göstərir. Cıdır düzündən oralara gözəl mənzərə açılır. Doğma şəhərimi xeyli seyr etdim. Bayrağımızın Şuşanın dağlarında, Xankəndinin başı üzərində dalğalanmasını görmək çox qürurvericidir indi! Əminəm ki, tezliklə Xankəndinin özündə də bu gözəl mənzərənin şahidi olacağıq. İndi buna heç kimin şübhəsi yoxdur.
Hələlik isə şuşalı dostlarla üz tuturuq onların evlərinə. Günel Şahmalıqızı 9 yaşına qədər gedib gəldiyi məktəb yoluyla bizi evlərinə aparır. Amma məyusluq yaşayırıq. Şəhid atasının tikdiyi evin yerində daş üstə daş qalmayıb. “Dayanın! Evimizi tapdım! Burada idi! Bax, burada beton plitələr var idi. Görünür, ermənilər dağıdıb aparıblar”, -deyən Günel evlərini, həyətlərini təsvir etməyə çalışır. Yenə gözlərimiz dolur. İndi bu hiss doğma evini tapmaq üçün azad olunmuş rayonlara yollanan hər bir azərbaycanlıya tanışdır.
Yaxınlıqda gözümə köhnə məzar daşı dəyir. Qəbiristanlıqdır. Daha doğrusu, ondan geriyə qalan. Düşmən məzar daşlarına belə rəhm eləməyib. Ermənilər hətta işğal illərində qeyri-qanuni köçürüldükləri Şuşanı belə dağıdıb, xarabalığa çeviriblər. Dəhşətə gəlirsən. İnsanlar “mənimdir” dedikləri şəhəri necə barbarcasına dağıda bilər?!
Amma artıq Şuşaya yeni həyat qayıdır. Şuşalılar qonaq-qara qarşılayır, onlara doğma şəhərlərini göstərir, ətirli Qala çörəyinə qonaq edirlər.
Baş verənlər adama yuxu kimi gəlir. Oyanmağa qorxursan, istəmirsən. Çox qarışıq hisslər keçirirsən. Bir yandan Qələbə sevinci, digər yandan qəhər boğur adamı. Ayaq basdığın bu torpağın üzərində şəhid qanlarının hələ qurumadığını düşünəndə özünü günahkar hiss edirsən. Sevinməyə utanırsan. Amma inanırsan ki, onların da ruhları şaddır, çünki şuşalılar öz evinə qayıdır!
MƏSLƏHƏT GÖR: