5 May 2024

Bazar, 18:54

NEFTDƏN TƏMİZ ENERJİYƏ

Rusiyanın “LUKoil” şirkəti Azərbaycan layihələrində iştirak payını artırır, özü də yalnız neft-qaz layihələri ilə məhdudlaşmır

Müəllif:

01.11.2021

Xəzər regionu yenə də əvvəlki kimi iri neft şirkətləri üçün strateji regionlardan biri olaraq qalır. Avropa qaz bazarındakı son vəziyyət nəzərə alınarsa, nəhəng neft və qaz ehtiyatlarına malik bu hövzənin potensial investorlar üçün əhəmiyyəti daha da artıb. Yeni şirkətlərin gəlişi hələ qeydə alınmasa da, bəzi sürprizlər olub. Rusiyanın neft nəhəngi “LUKoil” şirkəti on ildən artıqdır ki, mövcud olduğu bu regionda biznesini genişləndirmək qərarına gəlib və Xəzərdəki aktivlərini fəal şəkildə artırmağa başlayıb.

 

Xəzərə diqqət

Qazaxıstan hakimiyyəti bu yaxınlarda Xəzər dənizində yerləşən iki neft yatağının işlənməsinə, təxminən, 4,5 milyard dollar investisiya cəlb etmək niyyətində olduqlarını bəyan edib.

“Biz iri “Kalamkaş -dəniz” və “Xəzər” yataqlarının işlənməsinə başlayırıq. Rusiya tərəfdən strateji tərəfdaş müəyyən edilib - bu, “LUKoil”dur”, - deyə Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Britaniyanın BP neft korporasiyası bərpaolunan enerji mənbələrinə dair strategiyaya yenidən baxılması ilə bağlı «Kalamkaş-Dəniz» və Xəzər layihələrinin işlənməsi üzrə danışıqlar prosesindən çıxdığını bəyan etmişdi.

Hakimiyyət gözləyir ki, bu layihənin həyata keçirilməsi sahil infrastrukturunun yüklənməsini təmin edəcək, eləcə də regionun servis müəssisələri üçün iş və xidmətlər üzrə yeni həcmlərə zəmanət verəcək ki, bu da öz növbəsində yeni iş yerlərinin yaradılmasına imkan yaradacaq.

Bununla belə, Qazaxıstan şelfi heç də “LUKoil”un yeni layihələri siyahısında sonuncu deyil. Cəmi iki həftə ərzində “LUKoil” Azərbaycanın neft və qaz bazarında şirkəti BP-dən sonra ikinci ən böyük oyunçuya çevirəcək böyük anlaşmalar bağlamağa nail olub. Sentyabrda o, Xəzər dənizinin Azərbaycan sektorunda

«Shallow Water Absheron Peninsula» (SWAP) geoloji kəşfiyyat layihəsinə daxil olduğunu elan edib. Layihə Abşeron arxipelağının dayaz sularında işlənmə və kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur.

Bunun ardınca şirkət gözlənilmədən nəhəng «Şahdəniz» qaz-kondensat yatağının işlənməsi layihəsində öz iştirakını genişləndirdiyini elan etdi. Bu layihələrin seçilməsi təəccüb doğurmur, çünki Azərbaycanın və bütövlükdə regionun neft-qaz sektoru üçün «Şahdəniz»in rolu hər kəsə məlumdur. SWAP-a gəlincə, burada təkcə hansısa neft yatağının yox, ən azı ikinci «Azəri-Çıraq-Günəşli»nin (AÇG) kəşfini gözləyirlər. Ekspertlər əmindirlər ki, “LUKoil” riskləri yaxşı qiymətləndirib və balansına neft və qaz ehtiyatlarının əlavə edilməsi investorlar baxımından müsbət olacaq. “LUKoil”un özü üçünsə bu sövdələşmələr onun Azərbaycanda mövcudluğunu gücləndirmək baxımından əlverişli fürsətdir.

 

Yeni prospektlər

“LUKoil” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Əməkdaşlıq AÇG blokunda neft hasilatı layihəsi ilə başlayıb və şirkət 2003-cü ildə bu layihədən bütünlüklə çıxıb. Son sövdələşmədən əvvəl şirkət «Şahdəniz» və Cənubi Qafqaz qaz kəməri layihələrində 10%-ə sahib idi, 1995-ci ildən bu yana isə ölkədə 70-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət öz şəbəkəsinə malikdir.

2018-ci ildə şirkətin rəhbəri Vahid Ələkbərov “LUKoil”un «Ümid-Babək» qaz-kondensat blokunun işlənməsi layihəsində iştirakda maraqlı olduğunu bildirmişdi, 2019-cu ilin martında isə bu maraq 350 milyard kubmetr ehtiyatı olan «Abşeron» qaz layihəsində iştirakla bağlı açıqlanmışdı.

Bununla yanaşı, 2020-ci ilin yanvarında SOCAR və “LUKoil” arasında Xəzər dənizinin Azərbaycan sektorunda dənizin dayaz hissəsində perspektivli “Naxçıvan” strukturunu, habelə “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən, ümumi proqnozlaşdırılan ehtiyatları 110 milyon ton neft və 85 milyard kubmetr qaz olan kəşfiyyat bloku üzrə Anlaşma Memorandumu imzalanıb.

Maraqlıdır ki, hələ bir il əvvəl “LUKoil”-un tezliklə Azərbaycandakı layihələri tərk edəcəyi ilə bağlı şayiələr yayılmışdı. Bu söhbətlərə şirkətin ölkədəki işçi sayını maksimum ixtisar etməklə və baş ofisin bir hissəsini icarəyə verməklə bağlı qərarları səbəb olmuşdu.

Ancaq “LUKoil” elə bu ilin sentyabrında SWAP layihəsi üzrə 50%-lik payın 25%-ni Britaniyanın BP şirkətindən almaq barədə saziş imzalayıb. Əqdin bağlanması isə Azərbaycan hökumətinin təsdiqindən sonra 2021-ci ilin dördüncü rübünə gözlənilir. Layihənin üçüncü iştirakçısı 50% pay ilə SOCAR-dır.

Bu qərar bir qədər gözlənilməz olub, çünki şirkətin son illərdə Azərbaycanda göstərdiyi maraq əsasən qaz layihələri ilə bağlı olub. SWAP, layihəsi isə,  yuxarıda qeyd edildiyi kimi, neft baxımından perspektivli hesab olunur.

Bu ilin avqustunda SOCAR və BP Abşeron arxipelağının dayazsulu hissəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlayıb. Quyunun dərinliyi 2424 m olacaq. Qazma işlərinin 2021-ci ilin dördüncü rübündə başa çatdırılması gözlənilir, bundan sonra quyu haqqında məlumatlar təhlil ediləcək. Bütünlükdə, müqavilə sahəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Bununla belə, “LUKoil”-un hələ birinci quyu üzrə konkret nəticələr əldə edilmədən layihəyə daxil olması artıq layihəyə çox müsbət münasibətdən xəbər verir.

«Alfa-Bank»ın baş analitiki Nikita Bloxin qeyd edib ki, Azərbaycanda yeni layihəyə qoşulmaq “LUKoil”a BP-nin şelf texnologiyalarına çıxış əldə etməyə imkan verəcək. “SWAP nisbətən dayaz ərazidə yerləşsə də, layın özü 3-5 min metr dərinlikdə yerləşə bilər ki, bu da şirkətin qlobal ekspertizasının artırılması baxımından maraq doğurur”, - deyə analitik bildirib.

«Şahdəniz»də “LUKoil”un payının artırılmasının elan edilməsi isə tamamilə gözlənilməz oldu, çünki şirkət heç vaxt, ən azından, açıq şəkildə belə planları və hətta maraqları barədə bildirməmişdi. Nəticədə, Malayziyanın «Petronas» şirkətindən 15,5 faizlik pay alınıb və əqdin məbləği 2,25 milyard dollar təşkil edib.

Müqavilə bağlandıqdan sonra “LUKoil”un «Şahdəniz» layihəsindəki payı 10%-dən 25,5%-ə yüksələcək. «Şahdəniz»in digər iştirakçıları operator BP (28,8%), TPAO - 19%, SOCAR - 10%, NICO - 10% və SGC - 6,7% şirkətlərdir.

Maraqlıdır ki, layihənin dəyəri on beş il ərzində dəfələrlə artıb. İndi “LUKoil”un «Petronas» ilə sövdələşməsində müəyyən edilmiş parametrlərə əsasən, bütün Şahdəniz 14,5 milyard dollar dəyərində qiymətləndirilə bilər. 2004-cü ildə “LUKoil” birgə müəssisə «LukAgip»dəki tərəfdaşına - İtaliyanın ENI şirkətinə bu birgə müəssisənin səhmlərinin ikinci 50%-i üçün cəmi 143 milyon dollar ödəmişdi. Yəni o zaman “Şahdəniz”in 10%-nə sahib olan şirkətin dəyəri 300 milyon dollardan aşağı idi.

Bu, “LUKoil”un uzun illər üzrə ən böyük M&A (Merges & Acquisitions – birləşmə və satınalma) sövdələşməsidir: şirkət bundan çox yalnız 2010-cu ildə kapitalının 7,6%-ni Amerikanın «Conoco» şirkətindən 3,44 milyard dollara satın alarkən ödəyib.

Ekspertlər şirkətin Azərbaycandakı iş təcrübəsini nəzərə alaraq, “LUKoil”un bu ölkənin layihələrində iştirakının genişləndirilməsini tamamilə təbii hesab edirlər. “Fitch”dən Dmitri Marinçenkonun qeyd etdiyi kimi, Rusiya şirkəti uzun müddətdir ki, “Şahdəniz” layihəsində iştirak edir, ona görə də bütün riskləri yaxşı anlayır. “LUKoil” Xəzər dənizinin Rusiya hissəsində böyük təcrübəyə malikdir və Rusiyada inkişaf imkanları azdır, ona görə də Azərbaycana genişlənmə məntiqli görünür”,- deyə analitik vurğulayır.

Onun fikrincə, bu, şirkətə təbii qazın portfeldəki payını artırmağa imkan verəcək - investorlar buna getdikcə daha çox diqqət yetirirlər, çünki qaz neftdən ekoloji cəhətdən daha təmiz yanacaqdır.

V.Ələkbərovun özü isə hesab edir ki, şirkətin “Şahdəniz” layihəsində payının artırılması “milli iqtisadiyyatların perspektivli sektorlarında sinerji üçün yeni imkanlar açır”.

Bəzi ekspertlər hesab edir ki, bu yolla Rusiya nəinki regiondakı mövcudluğunu gücləndirəcək, həm də Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər qazının Avropaya ixracı marşrutuna çıxış əldə edəcək.

 

Xəzər – doğma ev

Xəzər dənizi “LUKoil”un işinin strateji regionlarından biridir. Şirkət dənizin Rusiya sektorunda iki böyük yatağın - Filanovski adına və Korçaqin adına yataqların işlənməsi ilə məşğuldur. Bununla yanaşı, şirkət 2022-ci ildə ilkin çıxarıla bilən 39 milyon ton neft və 33 milyard kubmetr qaz ehtiyatı olan Qreyfer yatağını istismara açmaq niyyətindədir.

Rusiya sektoru ilə yanaşı, “LUKoil” Xəzər dənizinin Qazaxıstan sektorunda da iştirak edir və iyun ayında “Kazmunayqaz”la «Əl-Farabi» layihəsinə qoşulur. Həmçinin, yuxarıda qeyd edildiyi kimi, 2021-ci ilin oktyabrında “LUKoil”un Xəzər dənizinin Qazaxıstan sektorundakı «Kalamkas-Dəniz» və «Xəzər» yataqlarının işlənməsində iştirak edəcəyi açıqlanıb.

Bununla yanaşı, “LUKoil” hazırda, təxminən, 50 milyon ton neft ehtiyatı olan Türkmənistan-Azərbaycan neft yatağı "Dostluq"da operatorluğun əldə edilməsi imkanlarını müzakirə edir.

“Son iyirmi beş ildə “LUKoil” Xəzərdə - bizim üçün strateji regionda ciddi hasilat və nəqliyyat infrastrukturu yaradaraq, böyük təcrübə toplayıb. Biz fəxr edirik ki, Xəzəryanı dövlətlər, neft və qaz hasilatının liderləri prioritet beynəlxalq layihələrin həyata keçirilməsində bizim səriştəmizə güvənir”,- deyə V.Ələkbərov vurğulayır.

Əgər hər şey alınarsa, “LUKoil” Xəzəryanı dörd postsovet ölkəsinin dördündə fəaliyyət göstərəcək yeganə şirkət olacaq, zamanla İran da bu siyahıya əlavə oluna bilər. V.Ələkbərov hələ iyun ayında bildirmişdi ki, “LUKoil” son sanksiyalar aradan qaldırılandan sonra İrana qayıtmaqda maraqlı olacaq.

 

İş təkcə neftdə deyil

“LUKoil” ənənəvi fəaliyyət sahələrinin inkişafı ilə yanaşı, Azərbaycanın bərpa olunan enerji mənbələri sektoruna da maraq göstərir. Bu, əməkdaşlıq üçün çox perspektivli sahədir, nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti 2030-cu ilədək elektrik enerjisi istehsalının ümumi həcmində bərpa olunan enerji mənbələrinin payını indiki 17%-dən 30%-ə çatdırmağı planlaşdırır. Şirkət özü də uyğun iqlim şəraiti və bərpa olunan enerjiyə dəstək proqramları olan regionlarda “yaşıl generasiyanın” inkişafına diqqət yetirir.

“LUKoil” bizim çoxillik tərəfdaşımızdır, biz sıx əməkdaşlıq edirik. “Şahdəniz” bizim ilk layihəmiz deyil. “LUKoil” bu gün təkcə neft və qaz yataqlarına deyil, həm də alternativ enerjiyə maraq göstərir. Məsləhətləşirik, işləyirik”, - deyə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiya Enerji Həftəsi çərçivəsində bildirib.

Şirkət bərpa olunan enerji mənbələrinə əsaslanan böyük generasiya aktivləri portfelinə malikdir, onların payı 2019-cu ildə “LUKoil” qrupunun kommersiya elektrik enerjisi istehsalının 6%-ni təşkil edib. Şirkətin bərpa olunan enerji mənbələrinin istehsalı ildə 500 min tondan çox CO2-ekv. istixana qazı emissiyasının qarşısını almağa imkan verir. Qrupun bərpa olunan enerji üzrə əsas aktivləri sırasına Rusiyada yerləşən və ümumi gücü 291 MVt olan dörd su elektrik stansiyası, Rumıniyada yerləşən və gücü 84 MVt olan «Land Power» külək elektrik stansiyası, həmçinin Volqoqrad, Rumıniya və Bolqarıstanda ümumi gücü 20 MVt-dan çox olan günəş elektrik stansiyaları daxildir. Gücü 10 MVt olan Volqoqrad günəş elektrik stansiyasının birinci mərhələsi 2018-ci ildə işə salınıb.

“LUKoil”un Azərbaycanda inkişaf üçün bərpa olunan enerji mənbələrinin hansı istiqamətlərini və ölkənin hansı regionlarını seçəcəyi hələ məlum deyil. Bununla belə, şirkət BP-dən nümunə götürə bilər və bərpa olunan enerji sahəsində yetərincə yüksək potensiala malik Qarabağ və ya Şərqi Zəngəzurda layihə gerçəkləşdirə bilər. Ölkə hakimiyyəti də beynəlxalq enerjgi şirkətlərinin ilk növbədə bu regionlarda yaşıl enerji layihələrinə sərmayə qoymasında maraqlıdır.

Azərbaycanın Energetika Nazirliyi tərəfində işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerci sektorunun inkişaf etdirilməsi məqsədilə ümumi gücü 7,2 min MVt olan günəş elektrik stansiyalarının tikintisi üçün altı rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında) ümumi sahəsi 14,4 min hektar olan səkkiz perspektivli sahə artıq müəyyən edilib. Lakin bu torpaqların bir hissəsinin kənd təsərrüfatının ehtiyacları üçün istifadəsi nəzərə alınarsa, günəş elektrik stansiyalarının real potensialı 4 min MVt-dan çox olacaq. Külək elektrik stansiyalarının tikintisi üçün Laçın rayonu ərazisində sahəsi 8 min və 4,3 min hektar olan iki sahə, Kəlbəcər rayonu ərazisində isə 5,3 min hektar olan bir sahə seçilib.

Bir sözlə, “LUKoil”un bu istiqamətdə də fəaliyyət sahəsi yetərincə genişdir. Üstəlik, Rusiya hakimiyyəti Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını gizlətmirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova oktyabrın 21-də keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın iqtisadi operatorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin münaqişədən sonrakı bərpasında iştirak etməyə hazırdırlar.

“Əlbəttə ki, biz Azərbaycanda Rusiyanın işgüzar iştirakının genişləndirilməsində maraqlıyıq və belə birgə işi Moskva ilə Bakı arasında əlaqələrin mühüm tərkib hissəsi hesab edirik. Biz buna hər cür kömək edəcəyik”,- deyə o bildirib.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” beynəlxalq sərgisinin açılışında çıxışı zamanı vurğulayıb ki, Rusiya şirkətləri işğaldan azad edilmiş Azərbaycan ərazilərində həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdırlar. Beləliklə, “LUKoil” erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycan-Rusiya əməkdaşlığının KAMAZ-dan sonra növbəti uğurlu nümunəsi ola bilər – yalnız layihə ilə bağlı qərar vermək qalır.


MƏSLƏHƏT GÖR:

144