26 Aprel 2024

Cümə, 04:53

BOŞLUQ ARADAN QALDIRILDI

Sosial şəbəkələr pul qazandıqları ölkələrdə vergi ödəməli olacaqlar

Müəllif:

15.11.2021

Koronavirus pandemiyasından zərər çəkmiş dünya iqtisadiyyatının bərpası inamlı templərlə gedir. Bu qərara oktyabrın sonlarında Romada pandemiya dövründə birgə fəaliyyəti, onun nəticələrinin aradan qaldırılması üzrə tədbirləri, həmçinin artan qlobal istiləşmənin cilovlanması üzrə planları müzakirə etmək üçün toplaşan G20 ölkələrinin liderləri gəliblər.  

Ancaq, yəqin ki, görüşdən ən çox yadda qalan o olacaq ki, orada son 100 ildə dəyişməz qalan beynəlxalq vergi sisteminin yeni qaydaları bəyənilib.

 

Hər şey getdikcə aşağı salınır  

Rəqəmsal texnologiyaların fəal inkişafı artıq çoxdan, o cümlədən iqtisadi münasibətləri tənzimləyən qaydaların dəyişdirilməsi üzrə təxirəsalınmaz tədbirlər tələb edir. Vergi tutulması sahəsi də istisna deyil.  

Bir əsrdən də qabaq işlənmiş beynəlxalq (korporativ) gəlir vergisi qaydalarının indiki qlobal iqtisadiyyatda istifadə üçün yararlı olub-olmaması ilə bağlı söhbətlər son 30 ildə susmaq bilmir. Bir zamanlar onlar dünya ticərətini stimullahdıraraq, ikiqat vergi tutulmasının qarşısını ala bilirdi. Ancaq yeni biznes modellər yaranıb və onlar mövcud qaydalara uyğun gəlmirlər. Bundan başqa, çağdaş texnologiyalar gəliri daha aşağı vergili yurisdiksiyalara köçürməklə, vergidən asanlıqla yayınmağa imkan verir.

Misal üçün, çox ölkələrin fiskal orqanları uğursuz şəkildə «Facebook» və «Google» kimi rəqəmsal nəhənglərin gəlirindən vergi tutmağın yollarını axtarırlar, bu şirkətlər, demək olar ki, dünyanın bütün guşələrində pul qazanırlar, amma yerli yurisdiksiyalar tərəfindən qeydə alınmayıblar, çünki yerlərdə nümayəndəlikləri yoxdur. Onlarla təkbaşına mübarizə aparmaq çətindir. Fəaliyyəti əlaqələndirmək daha çətindir. Çünki vergi tutma hüququ suveren hakimiyyətə məxsusdur.

Ümumiyyətlə, transmilli korporasiyaları günahlandırmağa dəyməz. Ölkələr hamı üçün problem olan vergi öhdəliklərindən yayınma problemini həll etmək əvəzinə, bu şirkətlərə daha çox güzəştli şərtlər təqdim edirlər ki, onlar öz mənzil qərargahlarını bu ölkələrin yurisdiksiyalarında yerləşdirsinlər.  

Bəlkə də, şirkətlərin gələrək, fabrik açıb iş yerləri yaratmasında müəyyən məna var. Onların əvəzində nəsə verəcəyini gözləmək olar. Amma yeni rəqəmsal eranın nəhəngləri öz gəlirlərini biznes gerçəkləşdirdikləri regionlardan daha aşağı vergi ödəyəcəkləri regionlara virtual daşımağı öyrəniblər.  

«Tax Foundation»nin məlumatına görə, əgər 1980-ci illərin əvvəllərində dünya üzrə orta korporativ vergi dərəcəsi 40%-ə bərabər idisə, 2020-ci ildə bu, 22,57% faizə qədər azalıb. Ən yüksək dərəcə Komor adalarındadır (50%). İlk iyirmilikdə sənayecə inkişaf etmiş tək ölkə Fransadır (32,02%). Ən aşağı korporativ vergi tutan ilk üç ölkə bunlardır: Barbados - 5,5%, Özbəkistan - 7,5%, Türkmənistan - 8,5%.

Bu, heç də o demək deyil ki, iri şirkətlər dərhal aşağı vergili ölkələrdə öz ofislərini açmağa qaçırlar. Yerləşmə, infrastruktur, hüquqi müdafiə və s. şərtlər də seçimdə böyük rol oynayır. Buna görə də, «Google», «Microsoft», «Amazon», «Apple», «Facebook» və başqaları İrlandiyada ofis açıblar, orada vergi dərəcəsi 12,5%-dir. Nəticədə, bu ölkədə korporativ vergidən daxilolmalar 2013-cü ildəki 4 mlrd. avro göstəricisindən 2020-ci ildə 12 mlrd. avroya qalxıb.

 

Getdikcə yuxarı

Korporativ verginin azaldılması üzrə nəzarətdən çıxmış dünya yarışı gec-tez onun tam sıfıra düşməsinə gətirə bilər və yeri ggəlmişkən, milli yurisdiksiyalarda mövcud olan boşluqlar hesabına bu, artıq tez-tez baş verir. Özü də hamı daha kiçik bizneslər üçün artan vergilər və risklər fonunda iri transmilli korporasiyalar üçün belə güzəştli durumun ədalətsiz olduğunu hamı gözəl anlayır. Həm də COVID-19 pandemiyası ortaya çıxardı ki, dünya iqtisadiyyatı ağır zamanlar keçirməsinə baxmayaraq, dünyanın iri rəqəmsal nəhəngləri gəlir əldə etməyə davam edir.  

Son iki ildə «Facebook», «Amazon», «Netflix», «Alphabet», «Google», «Apple» və «Microsoft» kimi iri texnoloji şirkətlərin gəlirinin artması sadəcə sarsıdıcıdır. «Amazon»un səhmlərinin qiyməti son bir ildə 62% artıb. Özü də, biznesin dəyəri 1,7 trln. dollar qiymətləndirilir ki, bu, bir il öncəkindən 650 mln. dollar çoxdur. «Apple»in səhmləri isə həmin dövr ərzində 70% qalxıb, nəticədə, onların qiymətləndirilməsi 1 trln. dollar artaraq, 2,3 trln. dollar-a çatıb. Son tədqiqatların nəticələri artımın yavaşıdığını göstərmir.

 

İrlandiyanı dilə tutdular

Hələ 2012-ci ildə G20 sammitində transmilli şirkətlərin gəlirlərlə manipulyasiya etməsinə imkan verən vergi boşluqlarını aradan qaldırmaqda ölkələrə yardım üçün universal tədbirlər işləmək barədə qərar qəbul edilmişdi. Bu, İqtisadi Yardım və Əməkdaşlıq Təşkilatına tapşırılmışdı. Ancaq bu səylər uzun müddət səmərəsiz qaldı. Başlıca səbəb dünyanın ən iri iqtisadiyyatı və dünya transmilli şirkətlərinin çoxunun vətəni Birləşmiş Ştatların bu məsələdə fəal iştirak nyyətinin olmaması idi.  

Bu mövqe Bayden administrasiyası dövründə dəyişdi, bu administrasiya bu ilin aprelində dünyanın ən böyük transmilli şirkətlərini hər bir ölkədə satışlarına görə milli hökumətlərə vergi ödəməyə çağıran ABŞ təklif edib ki, yeni qaydalar dünyanın yalnız ən böyük və gəlirli şirkətlərinə şamil edilsin. Vaşinqton həmçinin dünya üzrə minimum vergi dərəcəsini 21% müəyyən etmək istəyib.

Ancaq İrlandiya və Macarıstan kimi ölkələr, təbii olaraq, belə yüksək minimum səviyyəyə qarşı çıxdılar, onlar 2017-ci ildə vergini kəskin şəkildə 19%-dən 9%-ə endiriblər ki, bu da Avropa İttifaqı üzrə ən aşağı göstəricidir.

Müzakirələr zamanı “ən azı 15%” ifadəsi təklif olunub ki, bu da gələcəkdə onun artırılması demək ola bilər. Lakin əsasən İrlandiya ilə uzun və kəskin mübahisələrdən sonra “dəqiq 15%” üzərində dayanıblar.

 

Əlavə milyardlar

Belə görünür ki, çağdaş ümumdünya maliyyə siyasətinin necə olması ilə bağlı on ilə yaxın davam edən müzakirələr artıq başa çatıb. G20 sammitində 2023-cü ilə kimi həyata keçirilməsi planlaşdırılan plan təsdiq edilib. Qarşıda isə müqavilənin detallaşdırılması və milli parlamentlər tərəfindən təsdiqlənməsi durur.

Vergi dəyişiklikləri iki hissədən ibarətdir.

Birinci hissə dünyanın illik gəliri ən azı 20 milyard dollar olan ən böyük şirkətlərini biznes gerçəkləşdirdikləri və qazanc əldə etdikləri ölkələrdə vergi ödəməyə məcbur edir. Özü də, həmin ölkələrdə onların nümayəndəliklərinin, filiallarının və ya törəmə müəssisələrinin olub-olmamasından asılı olmayaraq. Şərtlərə görə, şirkətin gəlirlərinin 10%-ni ötən qalıq qazancın 25%-i belə paylanacaq. İqtisadi Yardım və Əməkdaşlıq Təşkilatının hesablamalarına görə, bu müddəa sazişi imzalayacaq milli yurisdiksiyalar arasında hər il əlavə olaraq, təxminən, 125 milyard dolların paylanmasına imkan verəcək. Bu günə olan məlumata görə, 147 ölkənin başçısı buna razılıq verib.

İkinci hissə illik gəliri ən azı 750 milyon avro olan şirkətlər üçün 15% ölçüsündə beynəlxalq minimum korporativ vergi dərəcəsi müəyyən edir. Qlobal Minimum Vergi Sazişi vergi rəqabətinin məhdudlaşdırılmasını aradan qaldırmaq deyil, uyğunlaşdırmaqdır. Bu, ölkələrə birgə şəkildə əlavə olaraq ildə 150 milyard dollar vergi gəliri əldə etməyə imkan verəcək.

Bu sazişin başqa yararları bütövlükdə beynəlxalq vergi sisteminin sabitləşməsi hesabına gözlənilir.

 

«Amazon» boyda boşluq

Şübhə yoxdur ki, bu, qlobal iqtisadiyyat üçün effektiv həllərin tapılmasında irəliyə doğru böyük addımdır. Bir çox iqtisadçılar hətta düşünürlər ki, 15%-lik hədd həddin aşağı olduğuna görə, 21%-lik və hətta 25%-də daha təsirli ola bilərdi. Ancaq işlər o qədər də sadə deyil. Hətta bu formada belə, saziş yerinə yetirilməyə bilər.

G7-də hərtərəfli saziş bağlansa da, iri korporasiyaların gəlirlərini vergitutma üçün tərkib hissələrinə bölünməsinin təfərrüatları hələ razılaşdırılmayıb. Şeffild Universitetinin professoru Riçard Mörfi hesab edir ki, fərqli şirkətlərdə fərqli biznes modelləri olması üzündən 10%-lik mənfəət həddi inandırıcı görünmür. Onun sözlərinə görə, ölkələrin hər birində mənfəətlə bağlı hesabatların verilməsinə fərqli yanaşmanın olması, şirkətlərin gəliri öz zərərli strukturlarına köçürməyə imkan verəcək və gəliri 10 faizlik həddən aşağı saxlayacaqlar.

«Guardian»ın obrazlı şəkildə bildirdiyi kimi, ifrat gəlirlərdən vergi tutulması haqqında müqavilənin mətnində «Amazon» boyda bir boşluq var.

«Amazon» dünyanın ən böyük müəssisələrindən biridir, 2020-ci ildə onun satışları 386 milyard dollar təşkil edib.Təkcə Avropada onun Lüksemburqda qeydə alınmış törəmə şirkətinin satışlardan gəliri 44 milyard avro təşkil edib. Bununla yanaşı, o, ... sıfır faizlik korporativ vergi ödəyib. 2020-ci ildə şirkətin ümumi gəlirliliyi 6,3% təşkil edib. Hər şey on görə belədir ki, sənədlərə əsasən, qazancın böyük hissəsi yenidən biznesə yatırılır.

«Tax Custice Network»un icraçı direktoru Aleks Kobhemin sözlərinə görə, “Əgər İqtisadi Yardım və Əməkdaşlıq Təşkilatı «Amazon» problemini həll edə bilməsə, o, nəinki ictimaiyyətin ədalət tələbini yerinə yetirə bilməyəcək, həm də digər böyük transmilli şirkətlərə bu vergi islahatlarından necə yan keçməyin yolunu göstərəcək."

Bu, bəlkə də, hazırlanmaqda olan müqavilənin, heç də, ən böyük çətinliyi deyil.

Baxmayaraq ki, məhz ABŞ-ın sayəsində belə bir razılaşma mümkün olub, amma müəyyən mənada elə onlar da bunu dəfn edə bilərlər. İş bundadır ki, danışıqların təşəbbüskarı demokrat prezident olub, əvvəlki respublikaçı prezident isə qəti şəkildə bunun əleyhinə idi. Müqavilənin şirkətlərin (əsasən Amerika şirkətlərinin) bütün dünya üzrə gəlirlərinin bölünməsinə yönəlmiş hissəsi Senatda səslərin üçdə ikisinin çoxluğu ilə təsdiqlənməlidir. Qaydalar belədir, çünki bu, beynəlxalq müqavilələrə aid məsələdir. Demokratların o boyda səsi yoxdur. Bununla belə, ABŞ-ın maliyyə naziri Canet Yellen əminliklə deyir ki, gələn il prezident administrasiyası sazişə qoşulmağın yolunu tapacaq.

 

Hamı gözləyir

Qlobal vergi müqaviləsinin qəbulunun önəmini hər kəs anlayır. Bununla yanaşı, bir çox başqa qlobal problemlər öz həllini gözləyir. O cümlədən, iqlim dəyişikliyi ilə bağlı olanlar da.

İqtisadi Yardım və Əməkdaşlıq Təşkilatının rəhbəri Matias Kormanın sözlərinə görə, beynəlxalq vergitutma üzərində iş təcrübəsi karbon tullantıları və digər zərərli maddələr üzrə hərtərəfli qiymətləndirmə sisteminin yaradılması üçün də faydalı olacaq.



MƏSLƏHƏT GÖR:

141