8 May 2024

Çərşənbə, 04:27

İDDİALARIN DALĞASINDA

Paris keçmiş müstəmləkə ərazilərində yeni rəqiblərlə üz-üzə gəlir

Müəllif:

15.11.2021

Fransa prezidenti Emmanuel Makronun Əlcəzair haqqında sentyabrda söylədiyi fikirlər hələ də iki ölkə arasında müzakirə və gərginlik mövzusu olaraq qalır. Çünki məsələ heç də bir müstəqil ölkə rəhbərinin başqa bir ölkə barədə səsləndirdiyi fikirlərdən qaynaqlanan narazılıq deyil. Söhbət həm də müstəmləkə dövrünün acı mirasıdır. Bəzilərinə görə, Əlcəzair məhz indi Fransanın mədəni-siyasi təsirindən tamamilə çıxmağa çalışır. Amma əlbəttə bu o qədər də asan deyil.

 

“Ənənəvi düşmən”

Hər şey bu il sentyabrın 30-da Fransa prezidenti Makronun Əlcəzair müstəqillik uğurunda müharibədə iştirak (çox güman ki, Fransa tərəfində - K.R.) edən ailənin üzvü olan 18 gənclə görüşü zamanı baş verdi. Əlcəzairdə Fransa müstəmləkə idarəçiliyinə qarşı müstəqillik müharibəsi 1954-62-ci illərdə davam edib və yüz minlərlə insanın həyatı bahasına başa gəlib.

Əlcəzairli gənclərlə görüş zamanı Makron 1962-ci ildən, yəni müstəqillikdən sonra Əlcəzairdə rəsmi tarixin “Fransaya nifrət üzərində” qurulduğunu deyib. Həmçinin daha əvvəl Əlcəzairdə milli dövlətin olmadığını, Əlcəzairin müstəmləkə işğalında olduğunu qeyd edib. Makron Türkiyənin Əlcəzairdəki Osmanlı müstəmləkə idarəçiliyini unutdurmağa çalışdığını və buna nail olduğunu, yenidən yazılan rəsmi tarixdə yalnız Fransanın Əlcəzairi işğal etmiş dövlət kimi təbliğ olunduğunu deyib. Makronun Əlcəzairdəki Fransa müstəmləkə işğalını və “xəta” olaraq göstərməsi də narazılıq doğurub.

Makronun bu açıqlamaları Əlcəzairdə sərt etiraz doğurub. Əlcəzair Prezident Administrasiyası yaydığı bəyanatda “1830-1962-ci illər arasında Fransa işğalına qarşı müqavimət göstərərək canlarını fəda etmiş 5 630 000 şəhidin xatirəsinə təhqirdir” ifadəsi yer alıb.

Həmçinin bundan sonra iki ölkə arasında münasibətlər kəskin şəkildə soyuqlaşdı. Əvvəlcə Əlcəzair Parisdəki səfirini “məsləhətləşmə” üçün geri çağırdı. Daha sonra Əlcəzair hökuməti Fransa hərbi təyyarələrinə hava sahəsini bağladı.

Bundan başqa Fransa hökuməti Əlcəzair, Tunis və Mərakeş vətəndaşlarına viza verilməsi qaydalarını sərtləşdirməsi iki ölkə münasibətlərinə daha bir yara vurub. Əlcəzair isə bu qərara cavab olaraq Fransanın bu ölkədəki səfirini XİN-ə dəvət edib.

Bu gərginlikdən sonra qarşılıqlı ittihamlar artıb. Əlcəzair ordusu Baş Qərargahı rəsmi Parisin 1960-cı illərdə Əlcəzair ərazisində həyata keçirdiyi nüvə silahı sınaqlarının ərazilərinin xəritələrini verməsini tələb edib. Əlcəzair əmək və sosial işlər naziri əl-Haşim Cabub Fransanı “əbədi və ənənəvi düşmənimiz” adlandırıb.

 

Tarix aydınlıq gətirir

Əlbəttə, Fransa və Əlcəzair arasında münasibətlərin bu həddə çatmasının bütün səbəbkarı tarixi miras və ya Fransanın müstəmləkəsi olması deyil. Bu məsələdə həm də bu günkü hadisələrin təsiri var. Bu barədə bir qədər sonra.

Amma ilk növbədə narazılığın formal motivinə baxmaq lazımdır. Çünki həm fransızları, həm də əlcəzairliləri narahat edən və vaxtaşırı soyuqluğa səbəb olan məhz tarixdəki hadisələrdir. Tarixdən də məlumdur ki, Fransa öz müstəmləkələrini rahatlıqla əldən verməyib. Vyetnamda, Afrikada bir çox Fransa müstəmləkələri müstəqilliyi şiddətli müharibələrdən sonra əldə edə biliblər. Bunun ən bariz örnəklərindən biri də Əlcəzair olub. 16-cə əsrdən etibarən Osmanlı İmperiyasının tərkibində olan Əlcəzair 19-cu əsrin 30-cu illərində Fransanın işğalına məruz qalıb. Əlcəzairin işğalı uzun zaman alıb və 130 ilə yaxın davam edən Fransa müstəmləkəsi dövrü Əlcəzairdə heç də sakit keçməyib.

1847-ci ildə Osmanlı Əlcəzair üzərin Fransa tərəfindən işğalını tanıyır. Bu dövrdən etibarən Fransadan minlərlə insan Əlcəzairə köçürülür. Eyni zamanda bütün bunlar Əlcəzairdə müqavimət hərəkatı ilə paralel gedir. Xüsusən də İkinci Dünya müharibəsinin gedişində Əlcəzairdə Fransa müstəmləkəsinə qarşı baş verən etirazlar fransız ordusu tərəfindən amansızcasına yatırılıb. Hazırda İkinci Dünya Müharibəsindən sonra Əlcəzairdə baş verənlər soyqırımı kimi qəbul olunur.

Əlcəzairdə 1954-cü il noyabrın 1-də başlayan müstəqillik hərəkatı və silahlı üsyan 4 il sonra 1958-ci il sentyabrın 19-da Misirin paytaxtı Qahirədə müstəqil Əlcəzairə Respublikasının elan olunması ilə yeni bir mərhələyə qədəm qoydu. Silahlı mübarizə 1962-ci il martın 18-də Evian sazişi ilə başa çatmış oldu. İyulun 1-də keçirilən referendumda isə Əlcəzair əhalisinin 91 faizi müstəqilliyə səs verdi və bununla da Əlcəzair rəsmən müstəqil ölkə oldu.

Amma Fransa və Əlcəzair münasibətləri çox mürəkkəb oldu. Bir tərəfdən müstəmləkənin və azadlıq mübarizəsi zamanı baş verən qətliamların acı nəticələri, digər tərəfdə 130 illik tarixi bağlar, ortaq tarix və birgəyaşayış müstəqillikdən sonra da Əlcəzair və Fransa əlaqələrini labüd edirdi. Fransanın müstəqillik qazanmış Afrika müstəmləkələri üzərində hərbi-siyasi və diplomatik təsirini qoruyub saxlamağa çalışması vaxtaşırı iki ölkə münasibətlərində soyuqluğa və hətta gərginliyə səbəb olur.

Son illərdə isə Əlcəzairə Fransa təsirini azaltmağa yönəlmiş ciddi səylər var və bu, Parisdə narahatlıqla qarşılanır. Xüsusən də son illərdə Əlcəzairdə Fransanın təsir dairəsindən çıxmaq üçün cəhdlər artıb. Xüsusən də Əlcəzairdə Əbdüləziz Buteflikanın hakimiyyətinə qarşı baş vermiş kütləvi etirazlardan sonra hakimiyyətə gəlmiş hazırkı prezident Əbdülməcid Təbbun hökuməti Fransanın Əlcəzairdəki iqtisadi təsirini məhdudlaşdırmağa çalışır. Bir çox fransız şirkətinin Əlcəzairdəki işləri dayanıb. Bunların arasında Əlcəzairə metrosunu işlədən Fransa şirkətidir. Hökumət metronun yerli şirkət tərəfindən işlədilməsi tələbini qoyduqdan sonra şirkətlə əməkdaşlıq dayandırılıb. Amma sırada başqa şirkətlər də var.

Çünki bundan əvvəl Buteflikanın 26 illik hakimiyyəti dövründə Əlcəzairdə Fransa şirkətlərinə xüsusi imtiyazlar və güzəştlər tanınıb. Bu səbəbdən də ölkədə inşaat və istehsal sahəsi da dazil olmaqla bir çox sektorda fransız şirkətləri fəaliyyət göstərir. Hazırda Əlcəzairdə neft, içməli su, külək enerjisi, avtomobil nəqliyyatı kimi sektorlarda 40-a yaxın fransız şirkəti fəaliyyət göstərir. Ancaq onlar da anlayır ki, Təbbunun hökuməti yaxın zamanlarda onları ölkədən çıxaracaq və ya əvvəl verilən güzəştləri itirəcəklər.

 

Yeni müttəffiqlər

Və ən əsası Əlcəzair Çin və Rusiya ilə yanaşı Türkiyə ilə yaxınlaşır. Son illərdə hər 3 ölkə, yəni həm Çin, həm Rusiya, həm də Türkiyə Afrikada fəaliyyətlərini artırır. Çin Afrikanın əksər ölkələrində böyük yatırımlar həyata keçirib. Son iki ildə Çin və Əlcəzairə arasında əlaqələr inkişaf etdiyi müşahidə olunur. Maraqlıdır ki, Çinin Əlcəzairə böyük həcmdə koronovirus əleyhinə tibbi yardımları barədə “yanlış məlumat yaydığı” üçün Əlcəzair və Çin səfirləri Fransanın FR24 kanalını qınayan birgə bəyanat yayıb. Əlcəzair İpək Yolu layihəsinə qoşulub və Çinlə strateji müttəfiqlik münasibəti qurmağa çalışır.

Paralel olaraq bütün bunlar Fransa ilə əlaqələrin soyuması ilə paralel olaraq baş verir. Məsələn, Əlcəzair daha əvvəl buğda ehtiyacını əsasən Fransadan təmin etdiyi halda son illərdə Rusiyadan alınan buğdanın həcmini artırıb. Bundan başqa iki ölkə arasında təbii qaz və enerji sahəsində əməkdaşlıq genişlənib.

Türkiyə isə son illərdə Afrikanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirir. Şimali Afrikanın ən mühüm ölkələrindən olan və strateji əhəmiyyəti yüksək olan Əlcəzairlə əlaqələr Ankaranın marağındadır. Və bu qarşılıqlıdır. Bu ilin yayında Əlcəzair prezidentinin açıqlamasında Türkiyənin Əlcəzairdə 5 milyard dollar sərmayə yatırdığı qeyd olunur. Amma bu rəqəm sürətlə böyüyür. Təxminən bir o qədər də iki ölkənin ticarət həcmi var. Maraqlıdır ki, Buteflika dövründə Türkiyə ilə Əlcəzair əlaqələri xeyli zəif olub, Əlcəzair hökuməti Türkiyə ilə iqtisadi və ticari sahədə olan sənədləri rəsmiləşdirməyib. Lakin indi əlaqələr sürətlə inkişaf edir. Ən əsası Əlcəzair bunda maraqlıdır.

Bütün bunlar Fransa və Türkiyə arasında münasibətlərin kəskin olduğu dövrə təsadüf edir. Fransa Əlcəzair və digər keçmiş Afrika müstəmləkələrini özünü təsir dairəsi hesab edir. Bu səbəbdən də regiona yeni daxil olan oyunçular, xüsusən də Afrika və Yaxın Şərqdə Fransa ilə rəqabətdə olan Türkiyə kimi ölkənin Əlcəzairə obrazlı desək “geri dönüşü” Parisi əsəbiləşdirir.

Əlcəzair Şimali Afrikanın ərazisinə görə ən böyük ölkələrindən biri, eyni zamanda Aralıq dənizinin Afrika sahillərinin böyük bir qismi məhz Əlcəzair ərazilərinə düşür. Bundan başqa Əlcəzair Rusiya və Norveçdən sonra Avropa İttifaqının qaz ehtiyacını təmin edən 3-cü böyük ölkədir. Hazırda Əlcəzairin ixracatının 41 faizini xam neft, 18 faizini təmizlənmiş neft, 32 faizini isə təbii qaz təşkil edir. Və nəzərə almaq lazımdır ki, Əlcəzair Avropaya ən yaxın enerji ölkələrindən biridir. Başqa sözlə, ortada həm də geopolitik və iqtisadi maraqlar da var.

Göründüyü kimi, mövzu heç də tamamilə “tarixdən” ibarət deyil. Amma hər bir halda ortada acı tarixi miras və bu gün davam edən regional rəqabət var. Fransanın tarixi həqiqətlərlə üz-üzə gəlməsi, bunları etiraf edib keçmiş müstəmləkə ölkələri ilə tarixə obyektiv yanaşmağı və ən əsası keçmiş müstəmləkə ölkələri ilə bərabərhüquqlu əməkdaşlığa qayıtmalıdır. Əks təqdirdə keçmiş müstəmləkə dövrünün ağır “yükü” ilə müasir dövrün yeni və güclü oyunçuları ilə rəqabət aparmaq xeyli çətin olacaq.

Əlbəttə, bunları Fransada da görürlər. Prezident Makronun Fransanın tarixi xətaları barədə çıxışları, xüsusən də bu il oktyabrın 16-da 60 il əvvəl 1961-ci il oktyabrın 16-da Sena çayı sahilində 300 əlcəzairlinin ölümünə səbəb olmuş qətliamla bağlı çıxışları onu göstərir ki, Fransa hakimiyyəti yeni reallığı və tarixlə üzləşmə həqiqətini anlayır. Amma atılan addımların və üzrxahlıqların nə qədər təsirli olacağını zaman və siyasi şərtlər göstərəcək. Çünki regionun artıq yeni və iddialı oyunçuları var.



MƏSLƏHƏT GÖR:

147