17 May 2024

Cümə, 06:10

«DİNC AYRILIQ»DAN 30 İL SONRA

MDB postsovet məkanında ən geniş inteqrasiya meydanı mövqeyini qoruyub saxlaya bilir

Müəllif:

01.12.2021

2021-ci ilin dekabrında Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 yaşı tamam olacaq. Keçmiş Sovet İttifaqı respublikalarının əksəriyyətini özündə birləşdirən bu təşkilata yarandığı vaxtdan onların «dinc ayrılığı»nın aləti kimi baxılıb. Lakin ötən 30 ildə MDB-nin faktiki olaraq, üzv dövlətlər üçün yük olmadığı təsdiqlənib. O, postsovet məkanında dövlətlərarası dialoq və əməkdaşlıq meydanı, bu çərçivədə siyasi, iqtisadi, mədəni və humanitar sahələrə aid ən müxtəlif problemlərin müzakirə formatıdır.

 

Missiya həyata keçir

MDB-nin tarixi öz başlanğıcını Rusiya, Belarus və Ukrayna prezidentlərinin 1991-ci il sentyabrın 8-də imzaladıqları Belovej razılaşmasından götürür. SSRİ-nin mövcudluğuna son qoyulduğunu təsdiqləyən bu sənəd eyni vaxtda Müstəqil Dövlətlər Birliyinin yaradılmasını nəzərdə tuturdu. Buna əsas kimi, xalqların tarixi birliyi, dövlət suverenliklərinin qarşılıqlı tanınması, ona hörmət olunması şərti ilə münasibətlərin inkişaf etdirilməsi niyyəti göstərilirdi. Belovej razılaşmasının imzalanmasından sonrakı bir neçə gündə sənəd Belarus, Ukrayna və Rusiya parlamentləri tərəfindən ratifikasiya edilib. Bundan dərhal sonra MDB-nin yaradılması ideyası keçmiş Sovet İttifaqının Mərkəzi Asiya respublikaları tərəfindən də dəstəklənib. 13 dekabr 1991-ci ildə Aşqabadda Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan prezidentləri ölkələrinin bu təşkilata üzv olması haqda razılığa gəliblər, lakin bir şərtlə ki, bu zaman onlar da təşkilatın bərabərhüquqlu üzvləri sayılsın və ümumiyyətlə, bütün üzvlər MDB-nin təsisçiləri hesab olunsunlar.

Daha sonra MDB-nin genişlənməsi təşəbbüsünü Qazaxıstan prezidenti Nursultan Nazarbayev öz üzərinə götürüb. Onun təklifi ilə Qazaxıstanın ovaxtkı paytaxtı Alma-Atada 21 dekabr 1991-ci ildə 11 keçmiş Sovet respublikasının (Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna) rəhbərlərinin iştirakı ilə sammit keçirilib. Görüşün yekununda MDB-nin məqsəd və prinsiplərinin əks olunduğu Alma-Ata Bəyannaməsi imzalanıb. Sənəddə xüsusilə vurğulanırdı ki, bu Birlik dövlət və ya dövlətlərüstü qurum deyil və burada paritet əsasda formalaşan və Birlik üzvləri arasında razılaşmalarla müəyyən edilmiş qaydada fəaliyyət göstərən koordinasiya institutları vasitəsilə bərabərlik prinsipi əsas götürülür. Burada məqsəd əksər MDB üzvünün Rusiya Federasiyasının SSRİ-nin hüquqi varisi olaraq, vahid dövlət yaratmaq yolunu seçə biləcəyi ilə bağlı narahatlığının aradan qaldırılması idi.

15 keçmiş SSRİ respublikasından MDB-yə yalnız Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya qoşulmayıb. Gürcüstan əvvəlcə birlikdən kənarda qalsa da, sonradan MDB-yə üzv olub və bir də 2008-ci ilin avqust müharibəsindən sonra təşkilatın sıralarını tərk edib. Təsisçi ölkələrdən olan Ukrayna isə 2014-cü ildə Krım və Donbas uğrunda Rusiya ilə münaqişənin başlamasından sonra MDB-də iştirakını faktiki olaraq, dondurub. Nəzərə alsaq ki, Türkmənistan MDB-də assosiativ üzv statusunda olmağa üstünlük verir, bu gün təşkilatın 9 tamhüquqlu üzvünün olduğunu deyə bilərik.

Son illərin siyasi təlatümlərinə, iqtisadi çətinliklərinə baxmayaraq, MDB əsas vəzifəsinin öhdəsindən gələ bilib. Hər halda, SSRİ-nin dağılmasından sonra onun vaxtilə əhatə etdiyi coğrafiyanı «hər kəsin hər kəsə qarşı olduğu» müharibə bürüməyib, total savaş baş verməyib. Halbuki birliyin ayrı-ayrı üzvləri arasında ciddi fikir ayrılıqları, hətta münaqişələr bu perspektivi istisna etmirdi. 1990-cı illərin əvvəllərində dağılmış Yuqoslaviya ərazisində baş verənlər bunun təsdiqi idi. MDB isə bir sıra münaqişələrə – məsələn, Ermənistanla Azərbaycan arasında, Gürcüstanda, Moldovada – rəsmən, «sudan quru çıxa bilib». Buna necə nail olunduğu sualının cavabı da aydındır: bu təşkilat əvvəldən qarşısına reallığa uyğun olmayan vəzifələr qoymayıb. MDB-nin iddiasızlığı üzv dövlətlərin ona münasibətini formalaşdıran əsas amil idi. Hər halda, üzvlərin ən azı əksəriyyəti təşkilatı özü üçün geosiyasi və iqtisadi təhdid saymırdı. Bundan başqa, Birliyin fəaliyyəti artıq üzv dövlətlərin vətəndaşlarının da maraqlarına cavab verməyə başlamışdı. Onlar iştirakçı ölkələri sərbəst dolaşa bilir, təhsil haqda sənədlər qarşılıqlı olaraq tanınırdı və s. Bununla yanaşı, dövlətlər qarşılıqlı maraq doğuran məsələləri, inteqrasiya, qarşılıqlı səmərəli əməkdaşlıq məsələlərini MDB vasitəsi ilə qaldırır və təşkilat çərçivəsində müvafiq qərarların qəbuluna nail olublar.

Məsələn, MDB çərçivəsində qəbul olunmuş son əhəmiyyətli sənəd qurumun Dövlət Başçıları Şurasının 2020-ci il dekabrın 18-də qəbul etdikləri Birliyin gələcək inkişaf konsepsiyasıdır. Konsepsiyada əsas rol azad ticarət zonasının gələcək inkişafına, rəqəmsal iqtisadiyyata, informasiya təhlükəsizlyiinə verilir. Digər prioritetlər kimi humanitar, təhlükəsizlik sahələrində əməkdaşlıq, cinayətkarlıqla mübarizə, razılaşdırılmış miqrasiya siyasəti, ətraf mühitin mühafizəsində əməkdaşlıq məsələləri qeyd olunub.

MDB tarixində daha bir əlamətdar hadisə bu ilin oktyabrında təşkilatın 30 illiyi münasibəti ilə üzv dövlət başçıları səviyyəsində keçirilmiş vidokonfransda qəbul olunmuş bəyanatdır. Bəyanatda bildirilir ki, bu gün MDB üzvlərinin səmərəli əməkdaşlığını təmin edən lazımi hüquqi baza var. Bu əməkdaşlığın əsasını isə iqtisadi əlaqələr, hərtərəfli ticarət təşkil edir və MDB ölkələri vətəndaşlarının rifahı bundan asılıdır. Bununla yanaşı, hədəf qabaqcıl texnologiyaların tətbiqi, «yaşıl» iqtisadiyyatın inkişafı ilə əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır. Bu vəzifələr MDB-nin 2030-cu ilədək olan dövr üçün qəbul etdiyi iqtisadi inkişaf strategiyasında da əksini tapıb.

Humanitar əlaqələrdən danışarkən ümumi tarixi yaddaşın qorunması istiqamətindəki əməkdaşlıq xüsusi vurğulanmalıdır. Söhbət, ilk növbədə, 1941-1945-ci illərin Böyük Vətən müharibəsindən və bu savaşda qazanılmış ümumi Qələbədən gedir. Bu üzdən dövlət başçılarının bəyanatında tarixin saxtalaşdırılması, İkinci Dünya müharibəsinin nəticələrinə yenidən baxılması, nasizmin qəhrəmanlaşdırılması kimi hallarla mübarizənin vacibliyi xüsusi qeyd olunur.

Həqiqətən də, postsovet respublikalarının bəzilərində, o cümlədən MDB üzvü olan Ermənistanda faşizmin qəhrəmanlaşdırılması Birliyin qarşısında duran ciddi siyasi və ideoloji xarakterli çağırışdır. Lakin bütün postsovet məkanında sülh və təhlükəsizliyin təmini üçün Birlikdən yalnız bu çağırışlara cavab verməsi tələb olunmur. Aydındır ki, MDB miqyasında isə sabitliyə, təhlükəsizliyə və dayanıqlı inkişafa yalnız konkret hədəflərin elan edilməsi ilə nail olmaq mümkün deyil.

Birliyin ayrı-ayrı üzvləri arasında qarşıdurmalar onun uzunmüddətli perspektivlərini içəridən zədələyir. Söhbət heç də yalnız hələ MDB-nin yaradılmasınadək dövlətlərarası səviyyədə düşmənə çevrilmiş Ermənistanla Azərbaycandan getmir. Bu, Qırğızıstanla Tacikistanın sərhədindəki münaqişəyə də, Rusiya-Moldova münasibətlərindəki problemlərə də, eyni zamanda Moskvanın hələ də MDB-nin formal üzvü olaraq qalan Ukrayna ilə münasibətlərinə də aiddir. Birliyin gələccək taleyi üçün yalnız iqtisadi problemlərin həlli, humanitar əməkdaşlığın möhkəmləndirilməsi deyil, həm də təhlükəsizliklə bağlı problemlərin aradan qaldırılması vacibdir. MDB SSRİ-nin dağılmasından keçən 30 ildə mövcudluğunu davam etdirirsə, demək, təşkilatın üzvləri hələ də onu sadəcə prezidentlərin müzakirələr apara biləcəyi platforma yox, postsovet məkanının əhəmiyyətli hissəsində əsas inteqrasiya strukturu sayır.

 

Azərbaycanın prioritetləri

Azərbaycan MDB-yə qarşılıqlı səmərəli əməkdaşlıq meydançası, bir vaxtlar Sovet İttifaqına daxil olmuş xalqlar və ölkələr arasında tarixi əlaqələrin dəstəklənməsi və inkişaf etdirilməsi müstəvisi kimi baxır. 1991-ci ildə Alma-Ata Bəyannaməsini imzalamış dövlətlər arasında Azərabaycan olub. Lakin o, təşkilatın tamhüquqlu üzvünə sonradan – 1993-cü il sentyabrın 24-də çevrilib. Bu, Heydər Əliyevin prezidentliyi dövründə baş verib. Başqa sözlə, Heydər Əliyev özünəməxsus uzaqgörənliyi sayəsində belə qərara gəlib ki, MDB-yə üzvlük dövlət müstəqilliyinin möhkəmləndirilməsinə heç bir halda mane olmayacaq. Əvəzində, təşkilatın işində iştirak Azərbaycanın MDB-nin digər üzvləri ilə bərabərhüquqlu və qarşılıqlı səmərəli münasibətlərinin inkişafına kömək edib.

Bakı MDB çərçivəsində iqtisadi əməkdaşlığı və təhlükəsizlik sahəsində əməkdaşlığı prioritet sayır. Bununla yanaşı, təşkilat çərçivəsində qəbul olunan, lakin onun milli maraqlarına cavab verməyən qərarlara qoşulmur. Məsələn, Azərbaycan BMT çərçivəsində azad ticarət zonasına qoşulmağı məqsədəuyğun hesab etməyib. Eyni zamanda o, Birlik çərçivəsində humanitar layihələrin icrasına ciddi töhfələr verir. Məsələn, Bakının fəal iştirakı ilə həyata keçirilən «Birliyin mədəniyyət paytaxtları» proqramı Azərbaycanın Qəbələ (2013) və Gəncə (2017) şəhərlərini bu ada layiq görüb.

Azərbaycan üçün MDB-də iştirakı cəlb edən daha bir vacib məqam var: təxminən, 30 il ərzində MDB Bakının Ermənistanla münaqişəyə dair ədalətli mövqeyinin dünya ictimaiyyətinin nəzarətinə çatdırması üçün daha bir beynəlxalq tribuna olub. Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin çoxsaylı sammitlərindəki çıxışlarına nəzər salmaq kifayətdir ki, böyük siyasi, informasiya-təbliğat əhəmiyyətli bu faktı görəsən.

MDB Dövlət Başçıları Şurasının 2020-ci il dekabrın 18-də videokonfrans formatında təşkil olunmuş sammitindəki çıxışında İlham Əliyev Azərbaycanın qələbəsi ilə bitmiş 44 günlük müharibənin nəticələrindən danışıb. Son belə sammitdə isə o, həmkarlarının diqqətini postmünaqişə dövründə qarşıda duran vəzifələrə çəkib. Bu çıxışında «müharibə və münaqişənin tarixdə qaldığını» deyən İ.Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlamağa hazır olduğunu deyib. O, Bakının ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına da hazır olduğunu söyləyib.

Azərbaycanın regionda uzunmüddətli sülhə nail olunması ilə bağlı prinsipial mövqeyi onun ümumilikdə sülhsevər siyasətinin təsdiqidir. Bakının siyasəti bütün dövlətlərlə sivil münasibətlərin, qarşılıqlı səmərəli əməkdaşlığın qurulmasına yönəlib. İlk növbədə, söhbət əlbəttə ki, qonşu ölkələrdən, həmçinin münasibətlərin tarixinin əsrlərə uzandığı dövlətlərdən gedir. Bu üzdən də, Azərbaycanın MDB çərçivəsindəki fəaliyyəti, onun üzv dövlətlərlə münasibətləri istər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, istərsə də Bakının Avrasiya məkanında baş verən siyasi və iqtisadi proseslərdəki rolu baxımından xüsusi əhəmiyyət daşıyır.



MƏSLƏHƏT GÖR:

116