17 May 2024

Cümə, 06:29

TÜRK PERSPEKTİVLƏRİ SAMMİTİ

Türk Şurasının adının və quruluşunun dəyişdirilməsi onun intensiv inkişafına yol açacaq

Müəllif:

01.12.2021

Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Görüşü keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Qazağıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov və Macarıstanın baş naziri Viktor Orban iştirak ediblər. Əksər müşahidəçilərin fikrincə, sammit türk dövlətləri arasında əməkdaşlığın inkişafı baxımından yeni mərhələnin başlanğıcıdır.

 

«Yaşıl» texnologiyalar və «ağıllı şəhərlər» drayver kimi

Sammit rəsmən «Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər» mövzusuna həsr olunmuşdu. Maraqlıdır ki, mövzu Qarabağın bərpası strategiyasına tam uyğun idi – bu gün orada «ağıllı şəhərlər» və «ağıllı kəndlər» konsepsiyası tətbiq olunur, həmçinin «yaşıl» enerjinin inkişafı prioritet sayılır. Əsas mövzu kimi türk dövlətlərinin gələcək texnoloji inkişafı ilə əlaqəli məsələnin seçilməsi göstərir ki, iqtisadi mövzular türk dünyasının inteqrasiyasında prioritet olaraq qalacaq.

Bu gün praktik olaraq bütün türk dövlətləri «yaşıl» enerjini, eyni zamanda öz aralarında əməkdaşlığı, o cümlədən investisiyalar sahəsində əməkdaşlığı inkişaf etdirməyə çalışır. Hər kəs anlayır ki, bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi ümumilikdə iqtisadi əməkdaşlığı stimullaşdıra bilər.

Toplantıda şuranın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması isə heç də yalnız rəmzi məna daşımır. Bu, həm də türk dövlətləri arasında əməkdaşlıq keyfiyyətlərinin dəyişdiyini, əməkdaşlıq mexanizmlərinin möhkəmləndiyini, türk dünyasının inteqrasiyası üçün daha təkmil siyasi-hüquqi əsasların yarandığını göstərir.

Türk qrupuna aid dövlətlər arasında 2020-ci ilin yekunlarına görə ümumi ticarəğt dövriyyəsinin həcmi, təxminən, 21 milyard dollar təşkil edib. Bu sahədə lider Azərbaycanla Türkiyədir – 4 milyard dollardan çox. Sonrakı yerlərdə Qazaxıstanla Türkiyə (3 milyarddan çox) və Qazaxıstanla Özbəkistan (təxminən, 3 milyard) gəlir. Dövlətlər qarşıya iqtisadi-ticari əlaqələrin şaxələndirilməsi, ikitərəfli iqtisadi-ticari əməkdaşlığın investisiya istiqamətinin artırılması kimi hədəflər qoyublar.

Bu gün iqtisadiyyatı ənənəvi olaraq enerji daşıyıcılarının hasilatına əsaslanan ölkələr belə, daxili enerji balansını bərpa olunan enerji mənbələrinin xeyrinə dəyişməyə çalışır. Məsələn, Özbəkistan 2030-cu ilə ölkədə bərpa olunan enerjinin payını 25, Azərbaycan 30%-dək artırmağı planlaşdırır. Qazaxıstan onlardan xeyli geri qalır – 10%. Türk qrupuna aid dövlətlərdəki fosil enerji xammalından asılı olan Türkiyə artıq bir neçə il sonra hasil etdiyi enerjinin yarısını bərpa olunan mənbələr hesabına əldə etməyi planlaşdırır. 2030-ci ilədək isə bu göstəricinin 60%-ə çatdırılması nəzərdə tutulur.

Beləliklə, elektrik enerjisi istehsalında qabaqcıl texnologiyaların tətbiqinə dair təcrübə mübadiləsi türk dövlətlərinin iqtisadi-ticari münasibətlərində stimullaşdırıcı amilə çevrilə bilər.

 

Türk dünyasına baxış

Qazaxıstanın ilk prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayevin təşəbbüsü ilə hazırlanmış konsepsiya 2040-cı ilədək türk dövlətlərinin iqtisadi, siyasi və humanitar əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirən sənədə çevrilməlidir. «Türk dünyasına baxış-2040» adlanan bu strateji sənəd yaxın iki onillikdə türkdilli dövlətlərin prioritet sahələrdə əməkdaşlığı dərinləşdirmələri üçün «yol xəritəsi» olacaq. Məsələn, təhlükəsizlik, nəqliyyat və gömrük, informasiya-kommunikasiya texnologiyaları, enerji, turizm, səhiyyə, ətraf mühit, kənd təsərrüfatı, mədəniyyət, elm və təhsil, gənclər və idman, diasporlarla iş. Konsepsiyada iqtisadi və sosial xarakterli mövzular prioritetdir. Türk Şurası faktiki olaraq, yaxın gələcək üçün əsas inkişaf istiqamətlərini müəyyənləşdirib. İndi o, bir təşkilat kimi, iqtisadi məsələlərlə bağlı prioritet qərarlar qəbul edə bilər.

Türk dövlətləri iqtisadi əməkdaşlığın əsası kimi, kommunikasiyaların inkişafını, ilk növbədə, dəmir yolu əlaqələrini vacib sayır. Hesab olunur ki, yük tədarükçüləri üçün məhz dəmir yolu ilə daşımalar ciddi üstünlükdür. Üstünlük dedikdə, yüklərin daha qısa müddətdə daşınması, daşımaların müntəzəmliyi və yüklərin son ünvana çatdırılması nəzərdə tutulur. Türk dövlətləri arasında dəmir yolu daşımalarının intensivləşdirilməsi üçün daşıma tariflərinin aşağı salınması, ölkələr arasında nəqliyyat siyasətinin beynəlxalq koordinasiyası nəzərdə tutulur. Bundan başqa, nəqliyyat və logistika infrastrukturunun «zəif» hissələrinə investisiyaların yatırılması da planlaşdırılır (əlavə dəmir yollarının tikintisi, dəmir yolu hissələrinin elektrikləşdirilməsi, dartı qüvvəsinin, ixtisaslı hərəkət qatarlarının yenilənməsi və müasirləşdirilməsi, nəqliyyat-logistika mərkəzlərinin inşası, sərhəd keçid infrastrukturunun təkmilləşdirilməsi və s.).

Şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması məhz bu nöqteyi-nəzərdən vacib şərtdir. O, türk dövlətlərinin nəqliyat strategiyasının və demək, həm də iqtisadi əlaqələrinin effektivliyini artıracaq. Bu isə «Türk dünyasına baxış-2040» konsepsiyasında prioritetlər sırasındadır.

 

Azərbaycanın uğurları layiqli qiymətini alır

Sammitdə yalnız türk dünyası üçün deyil, həm də konkret Azərbaycan üçün son dərəcə vacib sayılacaq daha bir önəmli hadisə Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi olub. Buna yalnız bu çərçivədə vacib inteqrasyia layihələri təşəbbüsü ilə çıxış etmiş İlham Əliyevin bu xidmətinin etirafı kimi baxılmamalıdır. Azərbaycan Prezidentinin bilavasitə iştirakı ilə qəbul olunmuş və türk əməkdaşlığının hazırkı formatının əsasını qoymuş Naxçıvan Bəyannaməsini xatırlamaq kifayətdir. Amma bu təltif həm də İ.Əliyevin Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsindəki xidmətlərinə verilən qiymətdir.

Postsovet məkanında, bəlkə də, nəinki bu məkanda, ümumiyyətlə «soyuq müharibə»nin başa çatmasından sonrakı müasir tarixdə ilk dəfədir ki, kiçik bir ölkə qüdrətli fövqəldövlətlərin maraqlarının ziddinə olaraq, öz ərazi bütövlüyünü bərpa edib və buna regionda qüvvələr balansını pozmadan nail olub. O, bir fövqəldövlətin əlində digərinə qarşı alətə çevrilməyib, davamlı nüfuz savaşı aparan fövqəlgüclərin əlində itaətkar alət rolu oynamayıb. Əksinə, o özü hansısa dərəcədə bu dövlətlərin maraqlarına qarşı çıxmaqla hər kəsə göstərib ki, iradə və xalqın qeyd-şərtsiz dəstəyinin olduğu ən qiymətli hədəflərə nail olmaq mümkündür – bəzən o, mümkünsüz görünsə belə.

Məhz İlham Əliyev uca türk əcdadlarının, bütün dünyada şöhrət qazanmış türk sərkərdələrinin ənənələrinə sadiq qalaraq, Azərbaycan xalqını Qələbəyə aparıb. Bu, bütün türk dünyasının nüfuzuna müsbət təsir göstərən Qələbədir.

Uzun illər türk dövlətlərinin vahid siyasi və iqtisadi məkanda birləşməsinə mane olmuş Zəngəzur bu müharibə nəticəsində türk birliyinin möhkəm bəndinə çevriləcək. İlham Əliyev Zəngəzur (türk) dəhlizini «yarmış» şəxsdir. Bu tarixi nailiyyətin türk dünyası liderləri tərəfindən qiymətləndirilməsi əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qoyduğu kursun nə qədər doğru olduğunu bir daha təsdiqləyib.

 

Türk Şurası təşkilata çevrilir

Sammitin əsas qərarı, şübhəsiz ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsidir. Burada söhbət heç də yalnız hansısa «lövhə dəyişikliyi»ndən getmir. Bu addım indiki mərhələdə təşkilatın öz coğrafiyası hüdudlarında miqyaslı nəqliyyat habı yaratmaq məqsədi ilə bilavasitə bağlıdır. Bu habın öz yük daşımaları proseduru, ümumi investisiya qaydaları, ümumi mal və xidmətlər bazarı yaratmaq imkanları olacaq. Təşkilatın hədəfi vahid əlifba, gələcəkdə isə vahid dildə vahid humanitar məkanın yaradılmasıdır.

Sammitə ev sahibliyi edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, təşkilatın adının və strukturunun dəyişməsi onun daha intensiv inkişafına yol açacaq. Ərdoğan deyib ki, türk dövlətləri minilliklər boyu «mədəniyyət və sivilizasiya mərkəzi olaraq qalıb» və «Günəş yenidən Şərqdən doğmağa başlayacaq».

Yeni Türk Dövlətləri Təşkilatında konkret əməkdaşlıq mexanizmlərinin yaradılması, qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinin effektivliyinin artırılması nəzərdə tutulur. Bu isə türk qrupu ölkələri arasında ticarət dövriyyəsinin artımından asılıdır. Hələliksə obyektiv səbəblərdən iqtisadi əməkdaşlığın lokomotivi Türkiyədir. Onun digər dövlətlərlə ticarət dövriyyəsinin həcmi çox yüksəkdir və yaxın perspektivdə bu vəziyyət dəyişməyəcək. Bununla yanaşı, Mərkəzi Asiya ölkələrinin dinamik inkişafı, Qarabağın bərpası investisiya sahəsində əməkdaşlıqda katalizator rolu oynaya bilər. Bu isə öz növbəsində, qardaş ölkələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək, onları, həqiqətən, vahid, sərhədsiz məkana çevirəcək.



MƏSLƏHƏT GÖR:

111